Ermənistan soyqırımı
törədən və terrorçuluğu dəstəkləyən
dövlətdir
31 Mart Azərbaycanlıların
Soyqırımı Günüdür
Əsrlər boyu qonşu dövlətlərin ərazilərinə göz dikən ermənilər millətçiliyi və şovinizmi, qonşu xalqlara nifrət ideologiyasını rəhbər tutaraq son iki əsrdə "ictimai-mədəni", siyasi və hətta terrorçu təşkilatlar yaratmış, bu məqsədlə erməni diasporunun və lobbisinin imkanlarını səfərbər etmişlər. Bu mənfur siyasətin məqsədi, eyni zamanda, azərbaycanlıları qədim torpaqlarından sıxışdırıb çıxarmaq, bu ərazilərdə erməni tarixçilərinin və ideoloqlarının uydurduğu "dənizdən-dənizə böyük Ermənistan" dövləti qurmaqdır.
Düz 93 il əvvəl - 1918-ci ilin mart-aprel aylarında belə amansız cinayətə rəvac vermiş erməni qəsbkarları soyqırımını və terroru dövlət siyasətinə çevirdiklərini bir daha təsdiqləmişlər. Hər il mart ayının 31-nin dövlət səviyyəsində azərbaycanlıların soyqırımı günü kimi qeyd edilməsi də son yüz ildə Azərbaycan tarixində baş vermiş faciəli hadisələrin xalqın yaddaşındakı qanlı izlərini özündə əks etdirir. 1918-ci il martın 30-31-də Bakı Kommunası və erməni şovinistləri Azərbaycanda kütləvi qırğınlar, qətliamlar törətməklə bəşər tarixində misli görünməmiş soyqırımına imza atmışlar.
Uzun illər bağlı qalmış bu tarixi həqiqətlərə yalnız Azərbaycan müstəqillik qazandıqdan sonra hüquqi-siyasi qiymət vermək imkanı yaranmışdır. Ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli "Azərbaycanlıların soyqırımı haqqında" fərmanı erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymət olmuşdur. Sözügedən fərmanın tarixi əhəmiyyəti həm də onunla ölçülür ki, burada ilk dəfə olaraq ermənilərin qondarma "soyqırımı" iddiaları ilə dünya ictimaiyyətini çaşdırmaq cəhdlərinə konkret faktlar əsasında siyasi-hüquqi qiymət verilir. Erməni tarixçiləri 1915-ci ilin aprel-may aylarında Şərqi Anadoluda 1 milyon 500 min erməninin guya "türklər tərəfindən qətlə yetirildiyini" iddia etsələr də, tarixi faktlar göstərir ki, həmin vaxt bütün dünyada cəmi 1 milyon 200 min erməni yaşamışdır. Bu faktın özü də qondarma "erməni soyqırımı"nın reallıqdan uzaq, böhtan xarakterli iddia olduğunu təsdiqləyir. Eyni zamanda, dünyanın bir çox ölkələrinin arxivlərində qorunub saxlanan tarixi sənədlərdə ermənilərin hələ o zamandan qonşu xalqlara qarşı aşkar ərazi iddiaları ilə çıxış etmələri, onları kütləvi qırğınlara məruz qoymaları tam təsdiqini tapır.
Özlərini tarixən "məzlum", "soyqırımına məruz qalan" millət kimi təqdim etməyə çalışan erməni millətçilərinin 1918-ci ilin mart-aprel aylarında Bakıda azərbaycanlılara qarşı kütləvi qırğın - soyqırımı həyata keçirdiyini tarixi faktlar da birmənalı təsdiqləyir. Həmin il martın 30-31-də Stepan Şaumyanın başçılıq etdiyi erməni-daşnak birləşmələri Bakıda dinc əhaliyə qarşı qətliamlara başlamış, 12 min kişi, qadın və uşağı milli-etnik zəmində qətlə yetirmişlər. Şəhəri qarət edən erməni vandalları evləri, tarixi mədəniyyət abidələrini dağıtmış və od vurmuş, eyni zamanda, insanlığa zidd bu əməllərini Qarabağ, İrəvan, Zəngəzur, Quba, Şamaxı və digər bölgələrdə də davam etdirmişlər.
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusı diqqət yetirmiş, Nazirlər Şurası 1918-ci il iyulun
15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etmişdir. Komissiya ermənilərin törətdikləri mart soyqırımını, Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində həyata keçirdikləri ağır cinayətləri araşdırmış və bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün Xaricı İşlər Nazirliyi nəzdində xüsusı qurum yaradılmışdır. 1919-cu və 1920-ci illərdə mart ayının 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimı qeyd edilmişdir. Bu, azərbaycanlılara qarşı törədilən soyqırımına və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı prosesinə tarixdə ilk dəfə siyası qiymət vermək cəhdi olmuşdur.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və Azərbaycanda sovet rejiminin qurulmasından sonra ərazilərimizin hissə-hissə Ermənistana verilməsi, 1948-1953-cü illərdə hökumətin qərarı ilə soydaşlarımızın Ermənistandan deportasiyası vahid bir planın tərkib hissəsi kimi xüsusi ssenari ilə aparılmışdır. 1980-ci illərin sonunda isə Dağlıq Qarabağdakı erməni millətçilərinin Ermənistan və SSRİ rəhbərliyinin təhriki ilə qızışdırılan separatçı çıxışları, əsassız ərazi iddialarının irimiqyaslı müharibəyə çevrilməsi, bir milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, Azərbaycan Respublikası ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğalı - bütün bunlar "böyük Ermənistan" xülyası ilə yaşayan davakar erməni şovinistlərinin və onların himayəçilərinin Azərbaycan xalqına vurduğu yaraların hələ tam olmayan siyahısıdır.
1992-ci ilin fevralında Xocalı şəhərində törədilmiş dəhşətli qətliamı - soyqırımını törətmiş ermənilərin ərazi ilhaqına nail olmaq üçün dəhşətli cinayətlərə əl atdıqları bir daha təsdiqlənmişdir. BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 saylı qətnaməsində qeyd olunur ki, genosid insan qruplarının yaşamaq hüququnu tanımamaqla insan mənliyini təhqir edir, bəşəriyyəti insanlar tərəfindən yaradılan maddi və mənəvi dayaqlardan məhrum edir. Təşkilatın 9 dekabr 1948-ci il tarixli 260 saylı qətnaməsi ilə qəbul edilmiş və 1961-ci ildə qüvvəyə minən "Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyada genosid cinayətinin hüquqi əsası təsbit olunmuşdur. Konvensiyaya qoşulan dövlətlər sülh və yaxud müharibə dövründə törədilməsindən asılı olmayaraq, genosidin beynəlxalq hüquq normalarını pozan cinayət olduğunu təsdiq edərək onun qarşısının alınması və səbəbkarlarının cəzalandırılması üçün tədbirlər görməyi öhdələrinə götürmüşlər. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin Konvensiyada təsbit olunmuş genosid cinayətini təşkil edən bütün əməllər tətbiq olunmuşdur. Yəni, həmin gün ermənilər sırf milli, irqi, etnik və dini əlamətlərinə görə Xocalı sakinlərini son nəfərinədək məhv etməyi qarşıya məqsəd qoymuşlar.
Soyqırımı cinayətini təşkil edən əməllərdən hər biri şüurlu və əvvəlcədən düşünülmüş olur. Bu əməllər heç bir halda təsadüf və ya ehtiyatsızlıq nəticəsində törədilə bilməz. Eyni zamanda, belə bir hərəkətin törədilmə niyyətinin vaxtı və mümkün nəticələrinin ümumi dərki onların soyqırımı kimi tövsif olunması üçün kifayət deyildir. Burada hərəkətin mənfi nəticələri ilə bağlı cinayətkar qərəzin və ya konkret niyyətin xüsusi istiqamətini üzə çıxarmaq tələb olunur. Xilas olmağa can atan dinc sakinlərin əvvəlcədən xüsusi olaraq hazırlanmış pusqu yerlərindən gülləbaran edilməsi də soyqırımını törətmək niyyətini sübut edir. Bu amansız cinayətlərin məhz azərbaycanlı milli qrupuna qarşı yönəldiyi də göz önündədir.
Dünyada gedən qloballaşma prosesinin sivilizasiyalararası dialoqu zərurətə çevirdiyi bir vaxtda təcavüzkar Ermənistan dövləti beynəlxalq hüququn əsas norma və prinsiplərinə etinasızlıq göstərməklə özünü ifşa edir və strateji layihələrdən kənarda saxlayır. Dövlət başçısı cənab İlham Əliyevin bəyan etdiyi kimi, regionda milli düşmənçilik və ədavət yaradan Ermənistanın separatçı hərəkətlərinin, erməni diasporu və lobbisi tərəfindən irəli sürülən cəfəng iddiaların, tarixi saxtakarlıqların qarşısının alınması dövlətin diaspor və lobbi təşkilatlarının üzərinə düşən ən vacib vəzifələrdən biridir. "Vətəndaşlarımız, soydaşlarımız unutmamalıdır ki, erməni millətçilərinin antiazərbaycan təbliğatı getdikcə genişlənir, mənfur formalarda davam etdirilir. Ermənilər ərazi iddialarını əsaslandırmaq üçün yeni-yeni əsassız tezislər uydurur, məkrli siyasət aparır. Buna görə də biz belə ideoloji təxribatlara qarşı ayıq olmalı, onları vaxtında ifşa etməliyik", - deyə dövlət başçısı vurğulayır.
Son illərdə rəsmi Bakının diplomatik fəallığının güclənməsi ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində ardıcıl və sistemli fəaliyyətin həyata keçirilməsi ilə müşayiət olunur. Nəticədə Ermənistanın beynəlxalq hüquq norma və prinsiplərinə əməl etməyən təcavüzkar dövlət olması faktı indi bir çox dünya dövlətləri tərəfindən tanınır. Azərbaycan gerçəkliklərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlər Ermənistanın diplomatik mövqelərinin zəifləməsi ilə nəticələnir. Xüsusən də Heydər Əliyev Fondunun milli həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması yönümündəki fəaliyyəti ermənilərin apardığı məkrli təbliğatın qarşısını alır. Bu istiqamətdə sistemli və ardıcıl fəaliyyət göstərən fond Ermənistanın ölkəmizə qarşı təcavüzünün acı nəticələrinin dünya birliyinə çatdırılması üçün müxtəlif səviyyəli tədbirlər təşkil edir. Fondun dəstəyi ilə 2006-cı ildə Azərbaycan, fransız, alman, ərəb, ingilis və rus dillərində hazırlanmış "Qarabağ həqiqətləri" bukletlər toplusu və onların CD, DVD variantlarının bir sıra ölkələrdə paylanılması işğala məruz qalmış ölkəmizin üzləşdiyi fəlakətləri əks etdirən ən böyük təbliğat işlərindən biri olmuşdur. Eyni zamanda, Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr edilən "Qarabağın tarixi haqqında məlumat", "Qarabağ münaqişəsinin başlanması", "Xocalı soyqırımı", "Azərbaycana qarşı erməni təcavüzünün nəticələri", "Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti" kitabçalarının elektron variantları 2007-ci ildə Xocalı soyqırımının 15-ci ildönümündə təşkilatın təşəbbüsü ilə Avropanın 15 dövlətində keçirilən anma mərasimlərində xarici ölkələrin diplomatik korpuslarına, beynəlxalq təşkilatlara, kütləvi informasiya vasitələrinə, tanınmış ictimai-siyasi xadimlərə paylanmışdır. Zəngin faktlara və fotosənədlərə istinadla aparılan bu təbliğat kampaniyası yüz minlərlə avropalıya Qarabağ həqiqətləri, Xocalı soyqırımı, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar işğalçılıq siyasəti haqqında əsl həqiqətləri çatdırmışdır.
31 mart və Xocalı soyqırımlarının dünya ictimaiyyətinə çatdırılması üçün hər il hökumət səviyyəsində müəyyən tədbirlər həyata keçirilir. Eyni zamanda, Milli Məclisin dünya parlamentlərinə müraciətində soyqırımı aktının real mahiyyəti, onun soyqırımı kimi tanıdılmasını şərtləndirən amillər konkret faktlar əsasında əksini tapır. Ümummilli liderin siyasi kursunu inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev hər il bu soyqırımı ilə bağlı xalqımıza müraciət ünvanlayır, səbir diləyərək dərin hüznlə başsağlığı verir. Azərbaycan xalqı ürəkdən inanır ki, qətiyyətli rəhbərinin apardığı siyasət gec-tez üzləşdiyimiz münaqişənin beynəlxalq hüquq normaları əsasında ədalətli həllini təmin edəcəkdir.
Hikmət MİRZƏYEV,
Ali Məhkəmənin inzibati-iqtisadi
kollegiyasının sədri
Azərbaycan.- 2011.-17 mart.- S. 4.