Narkomaniya ilə mübarizə Azərbaycan
dövlətinin prioritet vəzifələrindəndir
Cəmiyyəti
düşündürən ciddi problemlərdən biri də
narkokorrupsiyanın qarşısına etibarlı sipər
çəkilməsidir
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyun tarixli sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram"ın (2007-2010-cu illər) icrası ilə bağlı 2010-cu ildə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, müvafiq nazirlik, komitə və təşkilatlar tərəfindən nəzərəçarpan işlər görülmüşdür. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsi Dövlət Komissiyası ilə birlikdə ötən ilin may ayında Lənkəran şəhərində "Cənub rayonlarında narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin vəziyyətinə dair" konfrans keçirmişdir. Konfransda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin genişləndirilməsi, habelə bu maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısının alınması geniş müzakirə edilmiş, konkret vəzifələr müəyyənləşdirilmişdir.
Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının martın 16-da keçirilən iclasında bu qurumun ötənilki fəaliyyətinə geniş spektrdə işıq salınmış, komissiyanın və problemin həlli ilə məşğul olan digər qurumların gördüyü işlər müzakirə olunmuşdur. Dövlət Komissiyasının sədri, Baş nazirin müavini Əli Həsənov narkomaniyanı demokratiyaya və iqtisadi inkişafa ən çox ziyan vuran amillərdən biri kimi dəyərləndirmiş, dünyada ən gəlirli sahənin məhz narkoticarət olduğunu xatırlatmışdır. Natiq güclü korrupsiya şəraitində narkomaniyaya qarşı mübarizənin daha da çətinləşdiyini bildirmiş, bununla bağlı xarici ölkələrdəki şəraiti əks etdirən misallar səsləndirmişdir: "Son illər dünya təcrübəsində belə bir termin formalaşmışdır - narkokorrupsiya. Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi və korrupsiya - bu iki element vahid bir orqanizm kimi ortaya çıxır. Bu iki bəla müharibələrdən və qarşısıalınmaz təbiət hadisələrindən də betərdir. Bunların ikisinin cəmiyyətə birgə nüfuzu dəhşətli sonluqla nəticələnir. Məlumdur ki, ölkə Prezidenti cənab İlham Əliyev korrupsiyaya qarşı ciddi mübarizəyə start vermiş, mübarizənin dönməz olduğunu bəyan etmişdir. Son çıxışlarında dövlət başçısı qətiyyətlə vurğulamışdır ki, korrupsiyaya qarşı mübarizə kampaniya xarakteri daşımır, bu bəla ilə axıradək mübarizə aparılacaq. Məhz bu prizmadan yanaşaraq biz narkomaniyaya və korrupsiyaya qarşı vahid cəbhədə mübarizəni genişləndirməliyik. Dövlət Komissiyası bununla bağlı ictimaiyyətə müraciət də ünvanlamaq fikrindədir. Narkobiznes, narkobaronlar məhz vəzifəli şəxsləri, imkanlı adamları öz dairələrinə çəkirlər. Bundan sonra korrupsiyaya uğramış şəxslər narkomafiyanı himayə edirlər. Biz hesab edirik ki, korrupsiyaya qarşı olduğu kimi, narkomafiyaya qarşı da ciddi, dönməz mübarizə aparılmalıdır. Ölkə başçısının qəbul etdiyi proqram və qərarlar hüquq-mühafizə orqanlarının, digər qurumların, qeyri-hökumət təşkilatlarının, medianın qarşısında narkokorrupsiya ilə mübarizədə geniş perspektivlər açır".
Əli Həsənov ölkədə narkomanların sayının dəqiqləşdirilməsi, onların reabilitasiyası, cəmiyyətə qaytarılması istiqamətində hələ çox iş görülməli olduğunu diqqətə çatdırdı. O, paytaxtda yeni narkoloji dispanserin tikilməsi zəruriyyətini önə çəkdi. Bildirdi ki, müalicə sonuncu tədbirdir, narkomaniyanın qarşısının alınması üçün profilaktik tədbirləri genişləndirmək lazımdır.
Qarşıda qoyulan vəzifələrin yerinə yetirilməsini həmişə ön plana çəkən Dövlət Komissiyası cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərər vuran, insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan bu amilin respublikamızda yayılmaması üçün ardıcıl iş aparır, problemə dair aktual məsələləri vaxtaşırı müzakirə edir, müvafiq qurumların hesabatlarını dinləyir və hər birinin qarşısında konkret vəzifələr qoymaqla aşkarlanmış nöqsanların aradan qaldırılması istiqamətində əməli kömək göstərir. Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi H.Aslanov, təhsil nazirinin müavini E.Qasımov, səhiyyə nazirinin müavini E.Ağayev, Dövlət Gömrük Komitəsinin baş idarə rəisi G.Muradlı çıxışlarında təmsil etdiyi qurumların narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə sahəsində gördükləri işlər barədə məlumat verdilər, qarşıdakı dövrdə həyata keçiriləcək tədbirləri açıqladılar. Konfransda vurğulandı ki, erməni silahlı qüvvələri tərəfindən ölkə ərazisinin 20 faizdən çox hissəsinin işğal edilməsi və İran İslam Respublikası ilə 132 kilometrlik dövlət sərhədinin nəzarətdən kənarda qalması ölkədə narkotik cinayətkarlığın artmasının və narkoişbazlar üçün əlverişli şərait yaranmasının başlıca səbəblərindəndir. Əfqanıstandan gətirilən narkotik vasitələrin nəzarətsiz ərazilərdən keçirilərək MDB ölkələrinə və Avropaya daşınmasında ölkəmizin işğal altındakı ərazisindən tranzit kimi istifadə olunur. Bu barədə dəfələrlə beynəlxalq tədbirlərdə məsələ qaldırılsa da, təəssüf ki, hələ də real nəticə yoxdur. Dövlət Komissiyasının sədri, Baş nazirin müavini Əli Həsənov təəssüflə bildirdi ki, Narkotiklər Üzərində Beynəlxalq Nəzarət Komitəsi Ermənistan və Azərbaycana çoxşaxəli standartla yanaşmışdır: "Onların son məlumatında qeyd olunur ki, Ermənistan BMT-nin qəbul etdiyi üç konvensiyanın icrasına yüksək səviyyədə riayət edib. Bu, ümumiyyətlə, qeyri-obyektiv bir fikirdir, necə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələrdə bu sayaq yozumu çətin olan rəy və fikirlər söyləyirlər. Azərbaycanı isə bir tranzit ölkə kimi, narkotik vasitələrin yetişdirildiyi bir məkan kimi göstərirlər. Ancaq bircə sətir də yazmırlar ki, Azərbaycanın işğal olunmuş ərazisində ermənilər narkotik maddələr yetişdirir və digər ölkələrə satırlar. Bundan alınan gəlir isə Azərbaycanın əleyhinə yönəldilir. İşğal altındakı ərazilərimizdə cinayətkar qrupların formalaşdırıldığı barədə də müəmmalı şəkildə susurlar".
Narkomanlığın yayılması və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın rolu danılmazdır. Bu məqsədlə müvafiq qurumların əməkdaşları bir sıra beynəlxalq tədbirlərdə iştirak edir, qabaqcıl iş təcrübəsini öyrənərək gündəlik fəaliyyətlərində tətbiq olunmasına səy göstərirlər.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və xarici işlər nazirinin müavini Xələf Xələfov isə çıxışlarında Dövlət Komissiyasının fəaliyyətinə yüksək qiymət verdilər və bu sahədə tədbirlərin səmərəsini artırmaq üçün dövlət qurumları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri arasında koordinasiyanı daha da təkmilləşdirməyin, beynəlxalq təşkilatlarla əməkdaşlığın intensivləşdirilməsinin zəruriliyini önə çəkdilər. "Narkotiklərə Qarşı Milli Təbliğat" ofisinin rəhbəri Məzahir Əfəndiyevin bu barədə təklifi də konfrans iştirakçıları tərəfindən razılıqla qarşılandı.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının iclasının yekunlarına dair qərar qəbul edildi.
Akif CABBARLI
Azərbaycan.- 2011.-17 mart.- S. 5.