Kəlbəcərlilərin Novruz
tonqalı ürəklərdə qalanır
...Torpaq ətri, çay şırıltısı, göy gurultusu, ildırım şaqqıltısı... yazın gəlişini hiss etdirir. Baharın ilk dəfə dağlarda duyulması da məhz bununla bağlıdır.
Hər şeyin təzələndiyi bahar donlu günlərdə Novruz sovqatlı bayramın necə gəldiyini görmək və hiss etmək üçün uşaq olmaq istərdim. Çünki bu bayramın gəlişi uşaqların yaddaşına daha yaxşı yazılır.
Uşaqlıq illərimin xatirə kələfinin dolaşıq ucundan tutub yol başladım. Kəndimizin ağsaqqal və ağbirçəklərinin od-ocağını qoruyanların, on doqquz ildir ki, Kəpəzin, Murovun qucağına sığınanların yanına yollandıq. Dağlarda dünyaya göz açmış, Kəlbəcər 99 nömrəli orta məktəbin dil-ədəbiyyat müəllimi İqbal Çəpli qənşərimizə ilk gələnlərdən oldu. Bu el ağsaqqalı rayonun işğalından sonra Hacıkənddə məskunlaşıb. Bahar donlu günlərdə çəmən-çiçəklə qucaqlaşmaq, ötənlərə qayıtmaq isitəyini poetik dillə belə ifadə edir:
Bir də uşaq olaydım, amma kəndimizdə kaş,
Gör kəndimiz nə vaxtdan qalıbdı tamam
bomboş.
Yağılar ayaqlayıb gülünü-çiçəyini,
Gözəllər gözəlini, göyçəklər göyçəyini...
Torpağı qanla yoğrulmuş, ev-eşiyi yağmalanmış soydaşlarımızın, yenə kövrək günləridir. Həyət-bacalarda işin qaynayan günlərində dönüb on doqquz illik dünəndə qalan, novruzgülü bitirən bayramımıza boylanırıq. Elə bil ki, yox imiş o bəxtəvərli günlərimiz...
Təkcə bizim deyil, millətimiz və xalqımız üçün yeni il Novruzdan - bahar donlu bayramdan başlayır. Neçə illərdir ki, hər Novruz bayramı gələndə gözlərim yol çəkir. İnsanları, hətta dağ-daşları, qardaşları, bəzən də bağrıdaşları bir-birinə qovuşduran yollar bizi Kəlbəcərdən ayırdığı vaxtdan çox keçib. Bu zaman məsafəsində illər ömrümüzdən su içib, gözümüzə köçürüb, bahar özünə gül-çiçəklərdən don biçib. Kəndimiz yadıma düşüb. Fikrimdə, duyğumda yenə də bayaqkı şeirin misraları dağ çayına və göz yaşına dönüb süzülür:
Bir də uşaq olsam, onda nə
dərdim vardı?
Bir də kəndimiz olsa,
atam, anam olardı.
Bircə yol da girərdim
anamın qucağına,
Bir kösöv də
qoyardım atamın ocağına...
Qarı düşmən Kəlbəcərə
şığıdı. Dağların zirvəsində hər
il qalanan Novruz tonqalları yaz yağmuruna sönməzdi.
Onları düşmən mərmiləri, "qrad
yağışı" yerlə-yeksan elədi.
Ocaqlarımız, bax, beləcə söndürüldü.
Həmişə təbiətin
oyanmasına xalq səadət və xoşbəxtlik rəmzi
kimi baxıb. Bu sevinc milli bir bayramın yaranmasına səbəb
olub. Xalqımız bu bayrama Novruz (təzə gün)
adını təsadüfi verməyib. Novruz xalqın həyata
nikbinliklə baxmasının, təbiətin
oyanışının, sevinməsinin bayramıdır. Kəlbəcərdə
Novruz bayramını necə keçirməyimizə gəlincə
deyim ki, rayonun bütün kəndlərində o,
özünün milliliyini və
uzunömürlülüyünü həmişə göstərib.
Əsrlərin, minilliklərin yaşıdı Novruz
bayramının əsas xüsusiyyətlərindən biri və
ən vacibi insanları birləşdirmək, əməyə
alışdırmaq, qəlblərdə paklığı qorumaq,
bədbinliyi atmaqdır. Kəlbəcərlilər də daim
bu ənənəyə sadiq qalmışlar. Doğrudur, on
doqquz ildir ki, Kəlbəcərdə Novruz tonqalları
qalanmır, qulaq falına çıxılmır, yumurta
boyanmır, qız-gəlinlərimiz suyun təzələnmə
anlarını gözləri ilə görmək
üçün "sübhü dirigözlü
açmır", Marsla Veneranın vüsal dəqiqələrinin
şahidinə çevrilmirlər, amma gələcəyə
nikbinlik burada da bizi bayramımızdan uzaq salmayıb. Ölkə
başçısı İlham Əliyevin işğal
altında qalan torpaqlarımızın,
dağıdılmış yurd-yuvalarımızın
düşmənlərdən təmizlənməsi istiqamətində
var gücünü əsirgəməməsi bu nikbinliyə əsas
səbəbdir. Ötən il yeni salınan qəsəbələrdə
və çoxmərtəbəli yaşayış
binalarında mənzil alan kəlbəcərli məcburi
köçkünlərlə dəfələrlə
görüşən Ali Baş Komandanın o torpaqlara
qayıdacağımızı qətiyyətlə bildirməsi
xəyalən bizi doğma yerlərə bir qədər də
tez qaytarır. Kəpəzin ətəyindən Kəlbəcərə
cəmi iki-üç saatlıq yol var. Biz o torpaqlarda
söndürülmüş ocaqlarımızı yenidən
qalayacağıq. Biz o yerlərə mütləq
qayıdacağıq.
Bir də uşaq olaydım, qaytaraydım
illəri,
Olaydım kəndimizin bir
balaca əsgəri.
Duraydım keşiyində,
lap qocalıb ölüncə,
Ataydım gözlərindən,
ona düşmən baxınca.
Qoruyaydım gözlərim,
bəbəklərim kimi mən,
Qoruya bilməsəm də,
şəhid olardım hökmən.
Hacıkənddə axşam
düşür, qonşular bir-biri ilə görüşə
tələsir. Sacda qovrulmuş küncütlü qovurğadan
tutmuş növbənöv şirniyyat dolu qablarda bayram
payı yollanır. Axırıncı çərşənbədə
bir nəfər də küsülü qalmamalıdır, -
deyir ağbirçək Pəri nənə. Anası şairə
Güllər nənənin Kəlbəcər həsrətli misralarından
zümzümə edir. Bacıları Minayə, Zöhrə və
Qətibəylə oğlu İsmət müəllimin
ömür-gün dostu Ayna xanıma bayram payı
hazırlayır. Ulu babasının adını daşıyan
balaca Ələkbər həmişəki kimi,
şıltaqlığından qalmayıb hazırcavablıq
edir:
- Əmi, gələn Novruz
bayramında Kəlbəcərdə olarıq, inşallah.
Axı, deyirlər ki, bayramda edilən diləklər tez qəbul
olunur. Niyə dilək diləmirsiniz? Əsgər olub gedib kəndimizi
- Otaqlını ermənilərdən alıb qoruyacağam...
Həmid Bayram oğlu Novruzov
balaları Fəxrəddinə, İlahə və anasının
adını daşıyan Gülüstana niyə təzə
paltar geyinmədiklərini irad tutur. Anaları Minayə
bacı da həyat yoldaşının sözünə
qüvvət verir. Bir himə bənd imiş kimi, uşaqlar
onlardan ayrılıb təzə paltar geyinərək həyətdə
qalanmış tonqalın yanına qaçırlar. Evin
ağbirçəyi qardaşı İbrahim müəllim və
bacısı Zöhrəgilə bayram sovqatını
hazırlayır və Kəlbəcərdə keçirdikləri
günləri xatırlayır:
- Novruz bayramında süfrəyə
müxtəlif naz-nemət qoyulmasının rəmzi mənaları
var. Ən kasıb ailələr belə
çalışardılar ki, bayram süfrəsinə
buğda, arpa, darı, qarğıdalı, küncüt və
ya lobya qoyulsun. Bunlardan savayı, "yeddi
löyün"ün də süfrəyə düzülməsi
bu bayramı digərlərindən fərqləndirirdi.
Süfrənin ortasına yeddi ağacın zoğunu, yeddi
ağ piyalə, ağ dirhəm və ya dinar (bunlar hər bir
xalqın özünəməxsus pul vahidi ilə əvəz
edilirdi) qoyulardı. Bayram süfrəsini bəzəyən
şəkərbura, paxlava, əyirdək, qatlama, qoğal,
duzlu kömbə, sonralar isə səməni aşının
dadı uzun müddət damaqlardan getməzdi. Əvvəllər
Axır çərşənbədə südlü aş
bişirilərdi. Süfrələrin bəzəyi bayram
aşı isə əsasən martın 21-22-də dəmlənərdi.
Aşın altına qoyulan qazmaq yumurtalı və
südlü xəmirdən, aşqarası isə təkcə
kişmiş və qoyun ətindən yox, müxtəlif
növ meyvələrin qurusundan və çərəzlərdən
hazırlanardı. Yumurtanın boyanmasında son illərə
kimi soğan qabığından istifadə edilərdi.
- Kəndin ağsaqqalları
bir il ərzində dünyasını dəyişənlərin
ailəsinə birlikdə baş çəkər,
"Yasin" oxutdurar və baryam aşı bişirmələri
üçün ocağın üstünə özləri
qazan asardı. Qız-gəlinlər çərşənbələrin
dördündə də bir yerə yığışar, yelləncək
asar, şənlənər, tale söhbətləri edər və
qulaq falına çıxardılar. Torba atmaq, papaq tullamaq
uşaqların oaxşamkı qazancları üçün
deyil, xalqımızın qədim el adətlərinin
qorunması deməkdir. Sübh tezdən bulaqdan təzə su
gətirmək, həyət-bacanı sulamaq da onların
işi idi. Şəkərburanı hazırlamaq
üçün onlar qohumların birinin evinə
yığışar və dan yeri ağarana kimi "kirpik
çalmazdılar". Bayramlarımız beləcə
yaddaqalan, milli adət-ənənələrimizə sadiqlik səviyyəsində
keçirilərdi...
Hacıkəndin zülmət
gecələri bəlkə də neçə illərdir belə
işığa, nura qərq olmamışdı. Bu nikbin əhval-ruhiyyəni
yaradan səbəblər vardır: doğma yerlərə
qayıtmaq ümidinin bu baharda səməni kimi daha tez cücərib
boy atması...
Novruz tonqallarının ətrafında halay tutan yeniyetmələr, Kəlbəcərdə doğulan və doğulmayan o yerlərə ürəkdən bağlılardır: Sənan, Xətai, Kənan, Fəxrəddin, Murov, Ramin, Xəqani, Amil, Güllər, Ələkbər, Bayram, Əliqulu, Zülfiyyə, Ülviyyə, Gülanə, Əminə, Xəyalə, Səxavət, Afət, Nadir, Fərid, Səid, Zamin, Zamiq, Elvin, Murad, Məhəmməd, Xalidə, Ağaxan...
Fərid babasının şeirinin sonuncu bəndini onlarla söhbətimizin yekunu olaraq söyləyir:
Bir də kəndimiz olsa, mən də uşaq olardım,
O kəndə gedə bilsəm, başına dolanardım.
Körpə uşaq da olsam, ölüb orda qalardım,
Bax, onda mən Vətənə əsl oğul olardım!
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.- 2011.-17 mart.- S. 7.