Ukraynanın müdafiə naziri
Milli Məclisdə olmuşdur
Azərbaycanda səfərdə olan Ukraynanın müdafiə naziri Mixail Yejel martın 17-də Milli Məclisin Sədri Oqtay Əsədovla görüşmüşdür.
O.Əsədov demişdir ki, Azərbaycan ilə Ukrayna arasındakı dostluq əlaqələrinin qədim tarixi vardır. Ölkələrimiz müstəqilliyini bərpa etdikdən sonra münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Əlaqələrimizin yüksək səviyyəyə çatmasında dövlətlərimizin başçılarının rolunu xüsusi vurğulayan Milli Məclisin Sədri demişdir ki, ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün möhkəm hüquqi baza vardır. Ümid edirik ki, dost ölkənin müdafiə nazirinin Bakıya bu səfəri də münasibətlərimizin dərinləşməsində mühüm rol oynayacaqdır.
Dövlətlərarası əlaqələrin inkişafında parlamentlərin rolunu xüsusi qeyd edən O.Əsədov demişdir ki, deputatlarımız beynəlxalq təşkilatlarla çox səmərəli əməkdaşlıq edirlər.
Milli Məclisin Sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat vermiş, BMT Baş Məclisində bu məsələ ilə bağlı sənədin qəbulu zamanı nümayiş etdirdiyi mövqeyə, eləcə də problemin həlli ilə əlaqədar Azərbaycanın haqq səsini müdafiə etdiyinə görə Ukrayna tərəfinə minnətdarlıq etmişdir.
Mixail Yejel demişdir ki, Ukrayna dost Azərbaycan ilə əlaqələrin inkişafında maraqlıdır. Nazir demişdir: "Bakıda olduğum müddətdə keçirdiyim görüşlərdə hərbi-texniki və hərbi əməkdaşlığa dair çox səmərəli müzakirələr aparmışıq".
Ukraynanın müdafiə naziri demişdir ki, Azərbaycanın iqtisadi inkişafını və ölkəmizdə həyata keçirilən islahatları diqqətlə izləyirik. Dost ölkənin əldə etdiyi uğurlar bizi çox sevindirir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
AzərTAc
Azərbaycan.- 2011.-18 mart.- S. 1.