Azərbaycan ziyalıları Prezident İlham Əliyevin böyük diqqət və qayğısını ölkəmizdən kənarda da hiss edirlər

 

Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il 15 mart tarixli sərəncamı ilə mədəniyyətimizin inkişafındakı xidmətlərinə görə əməkdar incəsənət xadimi fəxri adı almış professor Əflatun Nemətzadə AzərTAc-a bildirmişdir ki, dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin layiqli davamçısı kimi təkcə ölkəmizdə yaşayıb-yaradan mədəniyyət xadimlərinə deyil, həmçinin Azərbaycanın hüdudlarından kənarda yaşayan ziyalılarımıza da daimi diqqət və qayğısını əsirgəmir.

Prezidentimizin böyük diqqət və qayğısına görə dərin minnətdarlığını bildirən Türkiyənin Qazi Universitetinin professoru Əflatun Nemətzadə vurğulamışdır ki, ona verilən bu fəxri ad qardaş ölkədə fəaliyyət göstərən bütün ziyalılarımızın əməyinə verilən qiymətin təzahürüdür.

Professor Əflatun Nemətzadə qardaş Türkiyədə jurnalist və ictimai xadim kimi də tanınır. Onun rəhbərlik etdiyi "Yeni Azərbaycan Yardımlaşma və Kültür Dərnəyi" Azərbaycanın haqq səsinin Türkiyədə daha geniş yayılması sahəsində fəaliyyət göstərir. O, 1996-cı ildə Türkiyə Mədəniyyət Nazirliyinin sifarişi ilə Rəşad Nuri Güntəkinin "Dodaqdan qəlbə" romanı əsasında hazırlanan operanın, Mesopotamiya tarixindən bəhs edən "İnanna" və digər operaların librettosunu yazmışdır. 2010-cu ildə TÜRKSOY təşkilatının layihəsi ilə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "Koroğlu" operasının səhnələşdirilməsi də Əflatun Nemətzadəyə həvalə olunmuşdur. Bu tamaşa Türkiyə, Azərbaycan və Orta Asiya respublikalarında böyük uğurla nümayiş etdirilmişdir.

Qazi Universitetinin professoru kimi qələmə aldığı "Opera rejissorluğu", "Opera sənəti", "Aktyorluq sənətinin tədrisi" kitabları Türkiyə universitetlərinin incəcənət fakültələrində dərslik kimi istifadə olunur.

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

Ankara

 

Azərbaycan.- 2011.-18 mart.- S. 2.