Əməkdar elm xadimi, akademik Fəraməz
Maqsudovun barelyefinin açılış mərasimi
olmuşdur
Səbail rayonu, Üzeyir Hacıbəyli 37/43 ünvanında əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Fəraməz Maqsudovun barelyefinin açılış mərasimi olmuşdur.
F.Q.Maqsudovun xatirəsinin əbədiləşdirilməsi barədə Prezident İlham Əliyevin 16 mart 2010-cu il tarixli sərəncamına əsasən qoyulan xatirə lövhəsi alimin yaşadığı evin binasının fasadına vurulmuşdur.
Barelyefin açılış mərasimində AMEA-nın prezidenti, akademik Mahmud Kərimov F.Maqsudovun həyatı və elmi fəaliyyəti haqqında ətraflı danışmışdır. O, istedadlı alimin riyaziyyat elmi sahəsində böyük işlər gördüyünü, uzun illər EA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, AMEA-nın prezidenti kimi fəaliyyət göstərdiyini, respublikada gedən ictimai-siyasi proseslərdə öz prinsipial mövqeyini bildirən insanlardan olduğunu vurğulamışdır.
AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Akif Hacıyev dəyərli ziyalı, görkəmli alim, unudulmaz insan F.Maqsudovun xatirəsinin onu tanıyanların qəlbində həmişə yaşayacağını bildirmişdir.
Barelyefin açılış mərasimində akademikin nəvəsi Elxan babası ilə bağlı xatirələrini bölüşmüş, göstərilmiş diqqətə görə Prezident İlham Əliyevə, tədbirin təşkilatçılarına ailəsi adından dərin minnətdarlığını çatdırmışdır.
AMEA prezidenti, akademik Mahmud Kərimov başda olmaqla, AMEA Rəyasət Heyətinin üzvləri, institut və təşkilatların rəhbərləri Fəxri xiyabanda alimin məzarını ziyarət etmiş, önünə tər çiçəklər düzmüşlər.
AzərTAc
Azərbaycan.- 2011.-18 mart.- S. 3.