Korrupsiya ilə mübarizə üzrə beynəlxalq təcrübə öyrənilir

 

Məhkəmə fəaliyyətində korrupsiyaya qarşı səmərəli mübarizədə təcrübə mübadiləsi üçün ölkəmizə dəvət edilmiş türkiyəli hakimlər - Engin Durnagöl və Seyfullah Çakmah səfər çərçivəsində Məhkəmə-Hüquq Şurasının (MHŞ) və Hakimlərin Seçki Komitəsinin (HSK) üzvləri ilə görüşmüşlər.

Məhkəmə-Hüquq Şurasının Aparatından AzərTAc-a bildirmişlər ki, görüşdə dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə məhkəmə sisteminin təkmilləşdirilməsi üzrə həyata keçirilən məqsədyönlü tədbirlər, o cümlədən hakimliyə namizədlərin ən mütərəqqi üsullarla seçimi və tədrisinin təşkili barədə məlumat verilmiş, dost və qardaş Türkiyə ilə hüquqi sahədə əməkdaşlığın inkişafı üçün geniş perspektivlərin olduğu vurğulanmışdır.

Azərbaycana səfərlərindən, o cümlədən hakimlər və prokurorlar üçün korrupsiyaya qarşı mübarizə üzrə keçirilən təlimlərdə iştirak etmələrindən məmnunluqlarını bildirən qonaqlar, ölkəmizdə məhkəmə sisteminin davamlı inkişafına nail olunduğunu qeyd etmiş, qarşılıqlı əlaqələrin hər iki tərəf üçün əhəmiyyətini vurğulamışlar.

Tədbirdə məhkəmə fəaliyyətində korrupsiyaya şərait yaradan hallar və onlarla mübarizə, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, onların seçimi proseduru və digər məsələlərlə bağlı faydalı təcrübə mübadiləsi aparılmış, konkret əməkdaşlıq tədbirləri barədə razılıq əldə edilmişdir.

Səfər çərçivəsində qonaqlar, həmçinin Ali Məhkəmənin fəaliyyəti ilə tanış olmuş, məhkəmənin binasının Avropanın ən gözəl məhkəmə binalarından biri olmasını və belə bir ədalət sarayının inşasının ölkəmizdə məhkəmə hakimiyyətinə verilən böyük əhəmiyyətin təzahürü olduğunu vurğulamışlar.

 

 

Azərbaycan.- 2011.-18 mart.- S. 3.