İfrat radikal müxalifət
ümummilli maraqlara zidd addımlar atır
Xarici antiazərbaycan dairələrlə
işbirliyinə gedən bu düşərgənin təmsilçilərinin
ölkədə iğtişaş yaratmaq cəhdlərinin
qarşısı qətiyyətlə alınmalıdır
Azərbaycanın son 8 ildə siyasi, sosial-iqtisadi, mədəni-humanitar, elmi-intellektual sahələrdə əldə etdiyi yüksək nəticələrin möhkəm təməl üzərində formalaşmış ictimai-siyasi sabitlik amili ilə şərtləndiyini, həmrəyliyə və vətəndaş sülhünə əsaslandığını xüsusi vurğulamağa ehtiyac yoxdur. İctimai-siyasi sabitlik amili eyni zamanda mürəkkəb geosiyasi məkanda yerləşən Azərbaycanın dünya miqyasında sivil, demokratik yolla inkişaf edən, beynəlxalq hüquq normalarına, prinsiplərinə hörmətlə yanaşan ölkə imicini daha da möhkəmləndirmişdir.
Dövlət başçısı İlham Əliyevin idarəçilikdə qazandığı böyük uğurların əsasında da məhz onun ulu öndərin prioritet elan etdiyi demokratikləşmə xəttinə sadiqliyi durur. Ötən illərdə bir sıra dövlətlərdə xarici qüvvələrin qeyri-qanuni müdaxiləsi yolu ilə həyata keçirilən "məxməri inqilab" ssenariləri təsdiqləmişdir ki, yeni müstəqil dövlətlərdə demokratik dəyərlərin kor-koranə transferi qətiyyən mümkün deyildir. Cənab İlham Əliyev də məhz bu qənaətdədir ki, hər bir ölkənin daxilində demokratik proseslərin getməsinə mütləq real zəmin yaradılmalı, tətbiq olunan yeniliklər ictimai şüurda mənimsənilməlidir.
Ötən 8 ilin təhlili göstərir ki, Azərbaycanda demokratik proseslərin dönməz xarakter almasında siyasi hakimiyyətin gücü və iradəsi həlledici rol oynayır. "Güclü iqtisadiyyat - müstəqil və liberal dövlət" prinsipini uğurla reallaşdıran respublikamızda kənar qüvvələrin təsiri ilə hansısa "inqilab ssenariləri"nin gerçəkləşdirilməsi nəinki mümkünsüzdür, ümumiyyətlə, siyasi müzakirə predmeti belə deyildir. Bir sıra dövlətlərdən fərqli olaraq, Azərbaycanda siyasi hakimiyyət sistemi sabit və uğurlu şəkildə idarə edilir. Azərbaycanda hakimiyyətin icra və qanunverici orqanları arasında konstruktiv əməkdaşlıq mövcuddur. Bütün bunlar güclü və səmərəli dövlətin əsas göstəriciləri olmaqla, ölkədə vahid dövlət siyasətinin həyata keçirilməsinin mühüm amili kimi qiymətləndirilir.
Respublikada demokratikləşmə proseslərinin dərinləşməsinə müsbət təsir göstərən mühüm amillərdən biri də qanunçuluğun bütün səviyyələrdə təminatına xidmət edən hüquqi islahatların uğurla davam etdirilməsidir. Əminliklə demək olar ki, dövlət başçısı İlham Əliyevin yürütdüyü çoxşaxəli siyasətin ölkə vətəndaşları tərəfindən birmənalı dəstəklənməsini təmin edən mühüm amillərdən biri də son 8 ildə ölkədə məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmini, ədalət mühakiməsinin çevik və səmərəli təşkili məqsədilə atılan addımlar olmuşdur.
Dövlət başçısı İlham Əliyevin idarəçilik keyfiyyətləri sırasında diqqəti çəkən ən mühüm məqamlardan biri də ictimai öhdəliklərə, xalq qarşısında verdiyi hər bir vədə yüksək sadiqlik göstərməsi, xalqın sosial rifahının yaxşılaşdırılması, ölkənin iqtisadi cəhətdən möhkəmlənməsi üçün davamlı tədbirlər həyata keçirməsidir. "Əsl siyasət konkret real iş görməkdir" devizinə sadiq qalan cənab İlham Əliyevin xalqa layiqli rəhbərlik missiyasının əsasında hər bir vətəndaşın maraq və mənafeyini maksimum dərəcədə təmin edən mükəmməl idarəetmə sisteminin yaradılması istəyi dayanır.
Ölkədə həyata keçirilən liberal iqtisadi siyasət makroiqtisadi və maliyyə sabitliyinin qorunmasının təmin edilməsi, dayanıqlı iqtisadi artım və iqtisadiyyatın modernləşməsinə dəstək verən siyasətin dərinləşdirilməsi, qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsi kimi yadda qalmışdır. Respublikanın əldə etdiyi uğurlar dünyanın ən nəhəng reytinq təşkilatları və maliyyə institutlarının hesabatlarında da əksini tapmışdır. Azərbaycanın adı son illərdə maliyyə təşkilatlarının qiymətləndirmələrində islahatçı və pozitiv dəyişikliklərə nail olan dövlətlər sırasında çəkilir.
Azərbaycanda bütün sahələrdə əldə edilmiş uğurlu nəticələrin beynəlxaq qurumlar tərəfindən də təqdir olunması sosial dayaqlarını itirmiş radikal müxalifət başçıları və onların azsaylı tərəfdarları tərəfindən son dərəcə əndişə ilə qarşılanır. İfrat radikal müxalifət dairələri Azərbaycanın hərtərəfli inkişafını görür və bu halın onların hakimiyyətə gəlmək perspektivlərinin üzərindən birdəfəlik xətt çəkdiyini dərk edirlər. 7 noyabr parlament seçkilərinin yekunları da bunu birmənalı deməyə əsas verir ki, Azərbaycan cəmiyyətinin siyasi nöqteyi-nəzərdən kifayət qədər yetkinləşməsi vətəndaşların düşüncə tərzində də kardinal dəyişikliklərə səbəb olmuş, seçki mübarizəsində populizm elementlərinə, irreal vədlərə hansısa yer saxlamamışdır.
Son parlament seçkilərinin yekun nəticələri göstərdi ki, seçki kimi mühüm siyasi prosesə hələ də "eksperiment" kimi yanaşan, imkanları ilə iddiaları tərs mütənasiblik təşkil edən, real situasiyanı dəyərləndirə bilməyən, hətta ciddilikdən uzaq olan insanlar var. Cəmi 23 gün davam edən təşviqat mərhələsi xalqın dəstəyindən tamamilə məhrum olmuş ifrat radikal müxalifətin ənənəvi dağıdıcı və inkarçı xislətdən azad olmadığı reallıq kimi üzə çıxdı. Gözləmək olardı ki, onlar uzun illər davam edən "məğlubiyyətlər seriyası"ndan sonra fəaliyyətlərində kardinal dəyişikliklər edəcək, yeniləşəcək, sivil mübarizə və təbliğat üsullarına üstünlük verəcəklər. Lakin həmin qüvvələrin son 5 ildə ideoloji-siyasi cəhətdən yetişməməsi, milli maraqlar qarşısında məsuliyyət hissi daşımaması, xalqdan və onun problemlərindən uzaq düşməsi, hakimiyyət naminə bütün müqəddəs dəyərləri ayaqlayıb keçməyə hazır olması, siyasi prinsipsizlik nümayiş etdirməsi, ucuz populizmə, şablon və primitiv təbliğat metodlarına üstünlük verməsi kimi mənfi məziyyətlər bir daha özünü qabarıq göstərdi. Parlament seçkiləri ərəfəsində cərəyan edən proseslər bu qüvvələrin meydan eyforiyasından, ictimai rəydə ikrah hissi doğuran ənənəvi təbliğat metodlarından əl çəkə bilmədiklərini təsdiqlədi. Bu qüvvələr seçkiqabağı ərəfədə alternativ ideya və proqramlarla çıxış etmək əvəzinə öz fəaliyyətlərini dağıdıcılıq planları üzərində qurmağa, ictimai-siyasi vəziyyəti süni şəkildə gərginləşdirməyə çalışdılar. Onlar uduzandan sonra müəyyən illüziyalara qapılaraq parlament seçkilərindən sonra ölkədəki proseslərin idarəolunmaz müstəviyə keçirilməsinə cəhd göstərməyə başladılar. Unutdular ki, "ənənəvi müxalifətçilik" - populizm, radikallıq, dağıdıcılıq, qaragüruhçuluq, qisasçılıq kimi naqis cəhətlərlə ictimaiyyətin diqqətini cəlb etməyə çalışmaq mərhələsi Azərbaycan siyasəti üçün aktuallığını tamamilə itirib.
Xarici antiazərbaycan dairələrin tapşırığı ilə ifrat radikal müxalifət ölkədə qarşıdurma yaratmaq, Azərbaycanı ötən əsrin 90-cı illərinin anarxiya və xaos dövrünə sürükləmək niyyətindən əl çəkmədiyini dir daha göstərməkdədir. Son günlər ifrat radikal müxalifət düşərgəsində belə bir absurd fikir özünə yer almışdır ki, guya, bir sıra ərəb ölkələrində - Tunisdə, Misirdə yaşanan məlum hadisələr Azərbaycanda da təkrarlana bilər. Reallığa söykənməyən analogiyalar aparan radikal müxalifət təmsilçiləri nədənsə unudurlar ki, xaos və anarxiya, vətəndaş itaətsizliyi, siyasi, iqtisadi və mənəvi böhran dövrü kimi səciyyələnən "siyasi eksperimentlər" dövrü artıq başa çatıb. Keçmişə dönmək, ağır faciələri, fəlakətləri həyatında bir daha yaşamaq istəməyən ölkə vətəndaşları, əslində, xaos və anarxiya ilə sabitlik, inkişaf və tərəqqi arasında prinsipial seçim etməli olublar. Təbii ki, bu müdrik seçim heç zaman diletantların, təsadüfi meydan qəhrəmanlarının, hakimiyyəti bəsit məqsədləri üçün bir vasitə hesab edənlərin xeyrinə olmayıb. Xalqımız onun rifahı, firavanlığı üçün çalışan, ölkəni inamla irəliyə aparan, vətəndaşların həyatında böyük irəliləyişlərə səbəb olan əməli, praktik siyasətə səs verib.
Bir məqamı da qeyd edək ki, ərəb ölkələrində baş verən hadisələr müəyyən Qərb dairələrinin bütün müsəlman dünyasını qarışdırmaq, müsəlman cəmiyyətlərində ciddi qarşıdurma yaratmaq niyyətlərindən xəbər verir. Ərəb ölkələrində baş verən hadisələrdən "ruhlanan" radikal müxalifət ictimai rəyi aldatmağa, eyni hadisələrin Azərbaycanda da təkrarlanacağı haqqında yanlış fikir formalaşdırmağa cəhd göstərir. Azərbaycan isə artıq öz inkişaf və qüdrətinin elə bir həddindədir ki, hər hansı kənar qüvvənin daxili işlərinə qarışmasına qətiyyən yol verməz. Buna cəhd edənlər hər zaman qanunun tələblərinə müvafiq cəzalarını alacaqlar.
Azərbaycanda əhalinin, ayrı-ayrı təbəqələrin narahatlığına və narazılığına, kütləvi aksiyalara cəbəb ola biləcək hal yoxdur. Bu cür uğursuz aksiyaların qarşısı qətiyyətlə alınacaqdır. Martın 12-də ifrat radikal müxalifət qüvvələri qeyri-qanuni mitinq keçirməyə cəhd göstərdilər. "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun 12-ci maddəsinin III hissəsinin tələbinə riyaət etməyən təşkilatçılar hakimiyyət orqanları ilə qarşıdurmaya getməkdə maraqlı olduqlarını növbəti dəfə nümayiş etdirdilər. Ümumi sayı təxminən 150 nəfərədək olan kiçik qruplarla şəhərin mərkəzi hissəsində, əsasən Nizami küçəsi və Fəvvarələr meydanı istiqamətində yürüş keçirməyə cəhd göstərdilər. Xidməti vəzifələrini yerinə yetirən daxili işlər orqanları əməkdaşlarının gördüyü tədbirlər nəticəsində qanunsuz aksiya keçirmək cəhdinin qarşısı alınaraq, asayişin kütləvi şəkildə pozulmasına imkan verilmədi.
Azərbaycan xalqı AXC-Müsavat cütlüyünün respublikaya rəhbərlik etdiyi ağır dövrləri yaxşı xatırlayır. Həmin dövrdə Azərbaycanda cərəyan edən ağır və mürəkkəb proseslər göstərdi ki, dövləti yalnız qətiyyətli liderlərin, xalqına bağlı rəhbərlərin yüksək idarəçilik və liderlik keyfiyyətləri sayəsində hifz etmək olar. O illərdə Azərbaycanda hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı, daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermiş, qanunçuluğun və hüquq qaydalarının təminatı, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun, ən nəhayət, ictimai asayişin qorunması sahəsində əsaslı problemlər yaratmışdı. Müdrik xalqımız ötən prezident seçkilərində Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevə səs verməklə bu siyasətə alternativin olmadığını bir daha təsdiqlədi. Mövcud imkanları ilə iddiaları tərs mütənasiblik təşkil edən "çayxana təfəkkürlü" radikal müxalifət isə tarixin arxivinə qovuşması ilə barışmalıdır. Onların qarşıdurma yaratmaq cəhdlərinin qarşısı isə qətiyyətlə alınmalıdır.
E.HACIALIYEV
Azərbaycan.- 2011.-18 mart.- S. 4.