Azərbaycanın sığorta-pensiya sistemi dünyada mütərəqqi model kimi qəbul olunur

 

Müstəqil Azərbaycanın beynəlxalq səviyyədə böyük maraqla qarşılanan milli inkişaf modelinin ən səciyyəvi xüsusiyyətlərindən biri hökumətin fəaliyyətində sosialyönümlülüyün prioritetə çevrilməsidir. Konstitusion təminatı olan, insan amilinin yüksəlişinə - vətəndaşların maddi, intellektual və mənəvi tələbatlarının dolğun şəkildə ödənilməsinə, cəmiyyətdə sosial ədalət meyarının bərqərar olmasına xidmət edən bu inkişaf strategiyasının uğurları isə, ilk növbədə, şəffaflığa və hesabatlığa əsaslanır. Respublikada modern təcrübə, çevik və şəffaf mexanizmlər üzərində gerçəkləşdirilən sığorta-pensiya islahatlarına nəzərən bunu əminliklə demək olar.

Azərbaycanın heç bir ölkədə oxşarı olmayan, bir çox üstünlükləri ilə seçilən milli inkişaf yolunu uzaqgörənliklə müəyyənləşdirən ümummilli lider Heydər Əliyev dövlətin sosialyönümlü siyasətinin yüksək səmərəliyinin və ünvanlığının təmini məqsədilə sığorta-pensiya sistemi və dövlət sosial yardımlarının ayrı-ayrılıqda - beynəlxalq standartlar əsasında fəaliyyət göstərmələrini vacib saymışdır. 2001-2005-ci illəri əhatə edən "Azərbaycan Respublikasında Pensiya İslahatı Konsepsiyası" əsasında həyata keçirilən islahatlarla respublikada dünyada analoqu olmayan sığorta-pensiya sisteminin formalaşdırılması tədbirlərinə start verilmişdir. 2003-2005-ci illərdə prosesə müəyyən hazırlıq işləri aparılmış, pilot layihələri həyata keçirilmiş, nəhayət, 2006-cı il yanvarın 1-dən sığorta-pensiya sistemi ilə dövlət sosial yardım sistemlərinin bir-birindən ayrılması təmin edilmişdir. Həmin tarixdən qüvvəyə minmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, baza, sığorta və yığım hissələrindən ibarət yeni - üçpilləli pensiya sistemi formalaşdırılmışdır. Sözügedən qanuna əsasən, əmək pensiyalarının baza hissəsi birinci pillə kimi əmək pensiyaçılarının sosial müdafiəsinin dövlət təminatıdır. Və bu hissə dövlət tərəfindən mütləq rəqəmlə təyin olunur. Sığorta hissəsi fərdi hesabda şərti olaraq uçota alınan, real pul kütləsi olmayan pensiya kapitalına əsasən hesablanır. Yığım hissəsi isə fərdi hesabda real olaraq toplanan pensiya kapitalına görə təyin olunur.

Bu mütərəqqi islahat nəticəsində əmək pensiyalarının baza və sığorta hissələrinin təyini və artırılması mexanizmlərinin təkmilləşdirilməsi dövlətin vətəndaşların sosial müdafiəsinə necə böyük dəyər verdiyinin əyani göstəricisidir. Fərdi uçota əsaslanan, həmrəylik prinsipləri ilə yanaşı, yığım komponentinin də önəmli rolunu nəzərdə tutan üçpilləli pensiya sistemi müasir, çevik və şəffaf idarəetməyə imkan yaratmaqla yanaşı, dövlətin sosial müdafiəedici rolunun güclənməsini də təmin etmişdir. Bu modelin ədalətliyi, səmərəliyi və şəffaflığı, ilk növbədə, pensiyaların məbləğinin hər kəsin sistemə verdiyi paya - ödənişə adekvat şəkildə müəyyənləşdirilməsi ilə ölçülür.

Müasir dövrün çağırışlarına çevik reaksiyası ilə seçilən Dövlət Sosial Müdafiə Fondunun ötən illərdə uğurla gerçəkləşdirdiyi islahatlar nəticəsində hər bir sığortaolunanın sığorta haqqı ilə onun pensiya təminatı arasında birbaşa əlaqənin təmini pensiyaların hesablanmasında daha müasir, yeni və ədalətli qayda müəyyənləşmişdir. Hər bir sığortaolunanın internet vasitəsilə müvafiq avtomatlaşdırılmış sistemə daxil olaraq pensiyasını dəqiq şəkildə hesablaya bilmək imkanına malik olması isə şəffaflığa xidmət edən mütərəqqi islahatların ən mühüm uğuru sayıla bilər.

Azərbaycanın sığorta-pensiya modelinin səmərəliyinin təmini istiqamətində atılan uğurlu addımlardan biri də Dövlət Sosial Müdafiə Fondunda müasir informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi, ödəniş sisteminin təkmilləşdirilməsidir. Qeyd etmək zəruridir ki, dövlət başçısı cənab İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bu məsələyə bir daha toxunmuş, qeyri-nağd ödəniş sisteminin inkişafı ilə bağlı əlavə tədbirlərin görülməsi üçün hökumətə tapşırıq vermişdir. DSMF isə "Azərbaycan Respublikasında Milli Ödəniş Sisteminin İnkişafı üzrə 2005-2007-ci illər üçün Dövlət Proqramı"na müvafiq olaraq respublikada qeyri-nağd ödəniş sisteminə uğurla keçən ilk dövlət qurumlarından olmuşdur. Hazırda şəhərlərdə yaşayan pensiyaçıların 100 faizi, kənd əhalisinin isə 98 faizinin pensiyaları plastik kartlarla ödənilir. Şəffaflığın əyani nümunəsi olan bu göstərici üzrə Azərbaycan dünyada ən qabaqcıl yerlərdən birini tutur.

Bundan başqa, fərdi uçotun aparılması üçün fonda "Mərkəzi server"in yaradılması nəticəsində 1 milyon 800 mindən çox sığortaolunana sosial sığorta nömrəsi və dövlət sosial sığorta şəhadətnaməsi verilmiş, onlar üçün fərdi hesab açılmışdır. Fərdi uçot sisteminin tətbiq dairəsinin genişləndirilməsi işi 2010-cu ildə də davam etdirilmiş, fondun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 9,79 faiz, yaxud 160 523 nəfər artmışdır. Sığortaedənlərdən 2006-2009-cu illər üçün məcburi dövlət sosial sığorta haqları üzrə sığortaolunanlar haqqında məlumatların qəbulu prosesi isə artıq yekunlaşmışdır. Hazırda sığortaolunanlara fondun saytına daxil olmaqla öz şəxsi hesablarına nəzarət etmək imkanı verən avtomatlaşdırılmış proqramın sınaq işləri aparılır.

Azərbaycanın milli sığorta-pensiya modelinin insanpərvər və humanist səciyyə daşıması özünü həm də pensiyaların artırılması mexanizminin bazar iqtisadiyyatının tələbləri ilə uzlaşdırılmasında qabarıq göstərir. 2006-cı il yanvarın 1-dən tətbiq edilən sığorta-pensiya sisteminə əsasən, pensiyaların baza hissəsinin artırılması zamanı istehlak qiymətləri indeksinin illik səviyyəsinın nəzərə alınması, habelə sığorta hissəsinin istehlak qiymətləri indeksinə uyğun indeksləşdirilməsi mövcud maliyyə resurslarının əmək pensiyaçıları arasında ədalətli bölgüsü məqsədinə xidmət edir. Son 5 ildə Azərbaycan Respublikası Prezidenti yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması ilə bağlı 7, sığorta hissəsinin artırılması ilə bağlı 5 sərəncam imzalamışdır. Prezident İlham Əliyevin 2011-ci il 15 fevral tarixli "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında" sərəncamı əsasında Azərbaycanda ilk dəfə olaraq istehlak qiymətləri indeksinin illik səviyyəsinə, yəni, inflyasiyaya uyğun indeksləşdirmənin aparılması təmin edilmişdir. Artımlar pensiyaların sığorta hissəsinin məbləği əsasında hesablanmaqla 617 min 347 nəfər pensiyaçıya şamil olunmuşdur.

Fəaliyyətini modern iş üsul və vasitələri əsasında qurmağa çalışan Dövlət Sosial Müdafiə Fondu dövlət başçısının əmək pensiyalarının istər baza, istərsə də sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı sərəncamlarının icrasını avtomatlaşdırılmış qaydada həyata keçirir. Bu artımların hansısa subyektiv yanaşmalarla deyil, Dövlət Sosial Müdafiə Fondunda yaradılmış mükəmməl sistem əsasında dəqiq hesablanması da şəffaflığın təmini istiqamətində mühüm addımlardan biridir.

2011-ci ilin martından "SMS İnfo xidməti"nə start verilməsi əsasən ahıl insanlar olan pensiyaçıların rahatlığının təminatına yönəlmişdir. Bundan sonra pensiyaçıların hesabına pul köçürülən kimi onların özünün və yaxud yaxınlarının mobil telefonuna bununla bağlı xəbərdarlıq mesajı göndəriləcək. Bu mütərəqqi yenilik DSMF-də qeydiyyatda olanların əmək pensiyalarını almaq üçün dəfələrlə bankomatlara üz tutmalarının qarşısını alacaq. Tətbiq olunan digər mühüm yeniliklərdən biri də pensiyaya çıxanlar üçün internet vasitəsilə müraciət etmək imkanının yaradılmasıdır. Pensiya yaşına çatan və 12 illik sosial sığorta stajı olan vətəndaşlar DSMF-nin elektron ünvanına daxil olub pensiyaya çıxmaqla bağlı müraciət edə biləcəklər. Bu zaman vətəndaş heç bir əlavə sənəd təqdim etmədən, sadəcə, yaşadığı yeri və rayonu göstərəcəkdir.

Prezident İlham Əliyevin 2008-ci il 30 dekabr tarixli sərəncamı ilə təsdiq olunmuş "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı" əsasında tətbiq edilən yeniliklər respublikanın sığorta-pensiya sisteminin şəffaf, çevik və səmərəli fəaliyyətini təmin edir. DSMF-nin son illərdə təbliğat və maarifləndirmə işini gücləndirməsi - televiziya kanallarında sosial çarxlar yerləşdirməsi, bukletlər nəşr etməsi, internet səhifəsi vasitəsilə məcburi dövlət sosial sığorta haqlarının yığımına, işləyən əhalinin sosial sığortaya cəlb olunması məsələlərinə, fərdi uçotun təşkilinə, informasiya texnologiyalarının tətbiqinə dair məlumatlandırmaya geniş yer ayırması da müsbət nəticələrini verir. Bundan başqa, "Call center" - "Mərkəzləşdirilmiş Çağrı Sistemi" vətəndaşların məcburi dövlət sosial sığortasına, fərdi uçotun təşkilinə, pensiya məsələlərinə aid suallarının operativ cavablandırılmasına imkan yaradır.

Şəffaflığın təminatına xidmət edən bu islahatlar, DSMF-nin sədri Səlim Müslümovun da vurğuladığı kimi, Azərbaycanın sığorta-pensiya sisteminin dünyada mütərəqqi model kimi qəbulunu şərtləndirmişdir. Aparıcı maliyyə institutları, beynəlxalq təşkilatlar bu modeli digər ölkələrə də örnək göstərir, onun öyrənilməsi və tətbiqi ilə bağlı dəyərli tövsiyələr verirlər. Misal üçün, Dünya Bankı 2007-ci ilin iyun ayında Azərbaycanın sığorta-pensiya sistemində aparılan islahatları və qurulan modeli müsbət təcrübə kimi dəyərləndirmişdir. Əfqanıstan, Türkmənistan və Monqolustanın müvafiq qurumları isə Azərbaycanın təcrübəsindən yararlanmaq üçün DSMF-yə rəsmi məktubla müraciətlər etmişlər. Bundan başqa, fond 2007-ci ildə Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvü seçilmişdir.

Ümumilikdə Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı fərman və sərəncamları, dövlət proqramlarını rəhbər tutan fond şəffaflığın təminatına çalışır, hüquqazidd hallara qarşı barışmaz mövqe tutur, vətəndaşların ərizə və şikayətlərini operativ şəkildə araşdırır. Davamlı şəkildə həyata keçirilən islahatlar isə dövlətin sığorta-pensiya sahəsində qarşıya qoyduğu hədəflərin uğurla gerçəkləşdirilməsinə geniş imkanlar açır.

 

 

Samir MUSTAFAYEV

 

Azərbaycan.- 2011.-18 mart.- S. 5.