HƏYATIN ƏKS-SƏDALARI

 

 Saysız-hesabsız miqdarda faktlar belə deməyə əsas verir ki, vuruşan ölkələrin əhval-ruhiyyəsində dünya faciəsinin aradan götürülməsi istiqamətində psixoloji dönüş baş vermişdir. Böyük müharibənin tezliklə başa çatacağına heç bir şübhə yoxdur. Lakin gələcəkdə onun daha dəhşətli özünüməhvetmə vasitələrilə yenidən başlanılması imkanı, bəlkə də qaçılmazlığı aradan qaldırılmayıbdır. Biz yeni, daha dəhşətli müharibənin başlanması imkanını nəzərə almalıyıq və bununla əlaqədar olaraq bütün cəhdlərimizi geniş anlamda milli və dövlət maraqlarımızı təmin etməyə yönəltməliyik. Hədsiz insani imkanlara malik Rusiyanın aldığı amansız dərs bizi qəti şəkildə inandırmalıdır ki, insani və bənzər ehtiyatların zənginliyi müasir müharibədə həlledici əhəmiyyət kəsb etmir. Çünki böyük müharibə açıq-aşkar sübut etdi ki, xalqların mübarizəsində daha yüksək mədəniyyət, sivilizasiya və elmi gücə malik olanlar qalib gəlirlər. Sadalananlar təkcə bir xalqın digər xalq üzərində qələbəsinin deyil, həm də həmin xalqın əsl xoşbəxtliyinin rəhnidir. Mənəvi, intellektual və elmi gücə malik millət kənardan cəlb olunduğu müharibənin şərait və vəzifələrinə həmişə daha yaxşı uyğunlaşır. Döyüş meydanlarında mədəniyyət və elmin yaratdığı texnika hər yerdə millətin səcdəyəlayiq igidliyi və inanılmaz qəhrəmanlığı üzərində parlaq qələbə çalır.

Müsəlmanlar bütün bunlardan nəticə çıxarmalı və dərk etməlidirlər ki, bizim mədəniyyətimiz özünəməxsusluğu ilə seçilir, elm isə demək olar ki, bizə yaddır. Sivilizasiyamız da özünəməxsusluğu ilə seçiləndir, köhnəlmişdir, həyatımıza heç də bütövlükdə və hər zaman tətbiq edilən deyil. Sivilizasiyamız müasir bəşəriyyəti düşündürən bütün məsələləri özündə təcəssüm etdirmir və buna görə də bizim milli tərəqqimizin düzgün gedişatını təmin etməyə qadir deyildir.

İndi deyil, lap çoxdan biz möhkəm şəkildə əxz etməliydik ki, müasir həyat şəraitini taqətsiz keçmişin çərçivələrinə sığışdırmaq olmaz. İndi belə vəziyyət yaranıbdır ki, əgər tərbiyə və təhsil işi lazımi səviyyəyə dərhal qaldırılmasa, millətin nəinki siyasi, həm də fiziki mövcudluğu təhlükə altına düşə bilər. Bu, aydın və açıq-aşkardır. Aydın və açıq-aşkarlığın isə şərhə ehtiyacı olmur.

Məktəb işinin düzgün təşkili ilə bərabər, mətbu orqanlarının yaradılmasına da ən ciddi diqqət yetirmək lazımdır. Çünki cəmiyyət həyatında aşkarlıq ictimai fikrin ən yaxşı mühərrikidir, milli yetkinliyin sınaqdan çıxmış əlaməti və rəhnidir. Mətbuat ictimai həyatı canlandırır, ictimai rəy yaradır, sonuncunu təmizləyir, ona qəti olaraq kristallik forma verir. Mətbuatın qurucu və tərbiyəedici əhəmiyyəti artıq çoxdan hamı tərəfindən, bizdən başqa hamı tərəfindən və həm də çoxdan etiraf olunubdur ki, ona layiq olduğu yer ayrılıbdır.

Mətbuatın əhəmiyyəti bununla tükənmir, o, xarici, bəzən isə daxili düşmənlərlə mübarizə aləti kimi zəruridir. Əbəs yerə deyil ki, mətbuat mədəni xalqlar tərəfindən altıncı iri dünya dövləti adlandırılır. Bunu üç milyonluq erməni xalqına rəhbərlik edən daşnaklar çox gözəl nəzərə alıblar. Mətbuat işinin düzgün tətbiqi sayəsində daşnaklar yarım əsr müddətində üç yüz milyonluq müsəlman dünyasına qarşı hücum müharibəsi aparmış və onu daim Avropanın gözündən salmışlar. Bizdə mətbuat orqanlarının olmaması elə vəziyyət yaradıbdır ki, Avropa və Amerikanın ictimai rəyi bizi həmişə bizsiz mühakimə edir. Biz heç vaxt üzərimizə atılan böhtanları təkzib etmək iqtidarında olmamışıq.

Daşnaklar dörd il müddətində meydanlarda müsəlmanlara qarşı apardıqları döyüşləri yenidən bir sıra mətbuat orqanlarının səhifələrinə daşıdıqları indiki zamanda, "məgər bundan sonra da biz indiyə qədər olduğumuz kimi sükunətli və hərəkətsiz olacağıqmı" sualı üzərində düşünəsi olduqda bizi dəhşət bürüyür. Əgər biz bir millət kimi mövcud olmaq istəyiriksə, bu cür vəziyyətə birdəfəlik son qoymalıyıq.

Özünəməxsus mədəniyyətə malik olmadan millət müstəqil ola bilməz!

 

 

B.Şahtaxtinski,

"Azərbaycan" qəzeti, 31 oktyabr 1918, № 23

 

Azərbaycan.- 2011.-  18 mart.- S. 6.