Behbudağa Şahtaxtinskinin xidmətləri
və aqibəti
Görkəmli dövlət xadimi, böyük diplomat Behbudağa Şahtaxtinski (1881-1924) Azərbaycan xalqının ictimai-siyasi həyatında və dövlətçilik tarixində mühüm rol oynamış, əhəmiyyətli tarixi xidmətlər göstərmişdir. O, sidq-ürəkdən hümmətçilik - bolşevizm ideallarına inanmış, bu siyasi təşkilatın elan etdiyi "fəhlə-kəndli hökuməti qurmaq" prinsiplərini Azərbaycanda əhalinin mütləq əksəriyyətini əhatə edən aşağı təbəqənin, hüquqları əllərindən alınmış savadsız kütlənin həyatında doğa biləcək günəş kimi qəbul etmişdir. Böyük siyasi xadim XX əsrin əvvəllərində Azərbaycanda müxtəlif partiyaların olmasına baxmayaraq, o zaman xalq həyatına daha yaxın göründüyü üçün hümmətçiliyə üstünlük vermiş, hələ 1905-1906-cı illərdən etibarən "Hümmət" bolşevik təşkilatına qoşularaq dövrünə görə cəlbediciliyi ilə nəzərəçarpan bolşevizm ideyaları uğrunda mübarizə aparmışdır. O, hətta 1918-ci ilin yanvar ayından etibarən "Hümmət" təşkilatı sədrinin müavini səviyyəsində siyasi mübarizədə fəal iştirak etmişdir. Görkəmli dövlət xadimi Nəriman Nərimanov müalicə olunmaq üçün Həştərxana getdiyi dövrdə Behbudağa Şahtaxtinski "Hümmət" təşkilatının sədri vəzifəsinə seçilmiş, bu siyasi təşkilatın idarə olunmasının çətin və məsuliyyətli vəzifələrini öz üzərinə götürmüş, Azərbaycan siyasi mühitində aparıcı partiyalardan birinin rəhbəri kimi əsas fiqurlardan birinə çevrilmişdir. Beləliklə, Nəriman Nərimanov - Behbudağa Şahtaxtinski məsləkdaşlığı
XX əsrin əvvəllərindən etibarən mürəkkəb ictimai-siyasi mühitdə formalaşıb möhkəmlənmişdir.
Behbudağa Şahtaxtinski, əgər belə demək mümkündürsə, nərimanovçu bolşevik idi. Görkəmli dövlət xadimi Nəriman Nərimanov kimi, o da gənc sovet dövlətinin müttəfiq respublikalara, ittifaq daxilində yaşayan xalqlara azadlıq və müstəqillik bəxş etmək haqqındakı vədlərinə və bəyanatlarına dərindən inam bəsləmişdi. Buna görə də şəxsi keyfiyyətləri ilə yanaşı, Behbudağa Şahtaxtinskinin möhkəm əqidəli nərimanovçu olması da bir müddət onun siyasi karyerasının yüksələn xətlə inkişafında başlıca faktorlardan biri olmuşdu. Behbudağa Şahtaxtinskiyə 1920-ci ilin iyun ayında Azərbaycan Xalq Komissarları Sovetinin Sədri, İnqilab Komitəsinin rəhbəri Nəriman Nərimanov tərəfindən Xalq Ədliyyə Komissarı vəzifəsinə etimad göstərilməsi, Kommunist İnternasionalının ikinci konqresinə nümayəndə seçilməsi bu iki böyük siyasi şəxsiyyət arasındakı qarşılıqlı münasibətlərin dərin əqidəyə əsaslandığını göstərir. Bundan başqa, siyasi proseslərdə meydana çıxan ciddi hərbi-siyasi mahiyyətə malik olan, mühüm dövlət əhəmiyyəti xarakteri daşıyan əsas məsələlərdə Nəriman Nərimanov məslək adamı kimi Behbudağa Şahtaxtinskiyə etibar etmişdi. Behbudağa Şahtaxtinski demək olar ki, ona tapşırılan bütün məsələlərin həllində yüksək məsuliyyət, böyük diplomatik bacarıq, milli mövqe nümayiş etdirmişdir. Buna görədir ki, gənc Azərbaycan dövlətinin Behbudağa Şahtaxtinskinin rəhbərliyi və iştirakı ilə həyata keçirilməsini nəzərdə tutduğu bütün məsələlər ölkənin və xalqın xeyrinə həll olunmuşdur. Azərbaycan Sovet Sosialist Respublikasının RSFSR-dəki fövqəladə və səlahiyyətli nümayəndəsi kimi o, 30 sentyabr 1920-ci ildə Moskvada Rusiya və Azərbaycan SSR arasında "Hərbi-siyasi ittifaq haqqında" müqaviləyə dövlət adından imza atarkən mürəkkəb vəziyyətdə mövcud şəraitin verdiyi imkanlardan bacarıqla istifadə edərək mümkün olduqca ölkəsinin müəyyən qədər geniş hüquqlara malik olmasının dövlətlərarası sənəddə öz əksini tapmasına nail olmuşdu. Bundan başqa, bütövlükdə Azərbaycan Sovet Respublikasının, o cümlədən Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın taleyində çox mühüm əhəmiyyətə malik olan 1921-ci ilin Moskva və Qars müqavilələrinin hazırlanması, müzakirəsi və imzalanması proseslərində Azərbaycan dövlətini ləyaqətlə təmsil edən Behbudağa Şahtaxtinski böyük diplomatik bacarıq nümayiş etdirərək ərazi və status məsələlərində mövcud reallıqların müdafiə olunması hesabına ölkəmizin xeyrinə əsas müddəaların qəbul edilməsini təmin edə bilmişdi. Etiraf etmək lazımdır ki, 1921-ci ilin beynəlxalq müqavilələrində Azərbaycanın qazandığı uğurlarda Behbudağa Şahtaxtinskinin siyasi ayıqlığı, diplomat kimi yüksək bacarığı, vətənpərvərliyi mühüm rol oynamışdı. Doğrudur, böyük Mustafa Kamal Atatürkün Azərbaycana müsbət münasibəti, Naxçıvana "türk qapısı" kimi dəyər verməsi və başqa amillər də bu məsələdə Azərbaycanın xeyrinə səy göstərməyə münasib imkanın yaranmasını şərtləndirmişdi. Lakin həmin dövrdə Rusiyanın Ermənistana xüsusi münasibət bəsləməsi, müqavilənin hazırlanması prosesində iştirak edən Rusiya və Ermənistanın təmsilçisi olan şəxslərin vahid mövqedən çıxış etmələri mövcud vəziyyətdə müəyyən gərginliyin yaranmasına səbəb olmuşdu. Buna görə də Qars müqaviləsinin imzalanma prosesi uzanmış, on gündən artıq davam edən çətin müzakirələrdən sonra yekun protokola imzalar atılmışdı. Müzakirələrdə Behbudağa Şahtaxtinskinin Türkiyə və Rusiya diplomatları ilə apardığı konstruktiv danışıqlar və prosesdə iştirak edən əsas tərəflərdən biri olan Gürcüstan tərəfinin təmsilçisi Şalva Eliavanın razılığını əldə edə bilməsi Qars müqaviləsinin bütövlükdə dövlətlərarası münasibətlərin inkişafında, o cümlədən Azərbaycanın haqlarının qorunub saxlanılmasında, Naxçıvanın muxtariyyət statusu qazanmasında həlledici əhəmiyyətə malik tarixi bir sənəd kimi qəbul edilməsində mühüm rol oynamışdır. Qars müqaviləsi Azərbaycan diplomatiyasının tarixinə Behbudağa Şahtaxtinskinin uğurlu hesabatı kimi daxil olan tarixi sənəddir.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın taleyi məsələsində Behbudağa Şahtaxtinski bir qədər müstəqil siyasət həyata keçirmişdir. O, hələ 1918-1920-ci illərdə Azərbaycanda mürəkkəb ictimai-siyasi mühitin mövcud olduğu ağır şəraitdə Naxçıvanda yaşayıb-işləməklə doğma torpağa özünün övladlıq borcunu layiqincə yerinə yetirmişdir. Naxçıvanda Qaçqınlara Kömək Komitəsinin sədri vəzifəsində onun həyata keçirdiyi genişmiqyaslı fəaliyyət faktiki olaraq regionda süni şəkildə ermənilərin siyasi təxribatları və şantajı sayəsində yaradılmış demoqrafik axının tənzimlənməsi və yaranmış boşluqdan istifadə etmək niyyətində olan Ermənistan tərəfinin bu diyara qarşı olan iddialarının həyata keçirilməsinə yol verilməməsi ilə nəticələnmişdi. O, qaçqınlıq nəticəsində sahibsiz qalmış uşaqları qoruyub saxlaya bilən uşaq evini yaratmaqla və bu barədə onların yaxında-uzaqda, müvəqqəti olaraq Arazın o tayında məskunlaşmağa məcbur edilmiş valideynlərinə xəbər çatdırmaqla əslində ciddi bir qayıdışa zəmin hazırlamışdır. Bundan başqa, 1920-ci ildə Moskvanın təzyiqi ilə Azərbaycan mərkəzi hökumətinin Naxçıvanın Ermənistana verilməsinə dair qərar qəbul etmək məcburiyyəti qarşısında qalarkən Behbudağa Şahtaxtinskinin regionda yerli əhali ilə apardığı gizli danışıqlardan sonra məsələ xalqın tələbi ilə referenduma çıxarılmış, Naxçıvan ərazisinin və əhalisinin Azərbaycanın tərkibində qalması məsələsi bu əsasda həll edilmişdi. Bu, XX əsrin əvvəllərində Moskvanın icazəsi olmadan və Azərbaycan bolşevik hökumətinin siyasi xəttinə uyğun gəlməyən birinci referendum idi. Bu referendumun ideya müəllifi və arxa planda qalaraq gedişata rəhbərlik edəni Behbudağa Şahtaxtinski idi. Yaranmış vəziyyətin gərginliyini, Moskvanın təzyiqlərini, Azərbaycan hökumətində yerləşdirilmiş və bu məsələdə maraqlı olan ermənilərin çoxluğunu, onların Mərkəzlə əlaqələrinin güclü olmasını, o zaman Nəriman Nərimanovun demək olar ki, təkləndiyini nəzərə alaraq Naxçıvanın Ermənistana verilməsi ideyası baş tutmasın deyə Behbudağa Şahtaxtinski Naxçıvana gələrək alternativ ideya həyata keçirməyə başlamışdır. Onun Naxçıvan əhalisi qarşısındakı çıxışında deyilmişdi: "Yoldaşlar! Azərbaycan İnqilab Komitəsi Sizi Ermənistana satmışdır. ...Təəssüf ki, mən orada olmamışam, yoxsa mane ola bilərdim... İndi Sizin xilasınız Türkiyədədir. Buna görə də Türkiyədən bərk tutun. Əks halda, Siz məhv olacaqsınız".
Naxçıvanın Türkiyəyə daxil edilməsi o zaman hətta Rusiya tərəfi üçün də əhəmiyyətli görünə bilərdi. Çünki Birinci Dünya müharibəsində uduzmuş, Antanta dövlətləri ilə gərgin münasibətləri olan Rusiya Şərqdə mövqelərini möhkəmlətmək üçün Türkiyəyə güzəştə getməyə hazır idi. Behbudağa Şahtaxtinskiyə görə, bu halda Naxçıvan regionu heç olmazsa Ermənistanın deyil, Türkiyənin tabeliyində olacaqdı. Bununla belə, təcrübəli diplomat Behbudağa Şahtaxtinskiyə yaxşı məlum idi ki, gənc sovet dövləti Rusiyanı Şərq ölkələri ilə əlaqələndirən Moskva-Bakı-Culfa-Təbriz və Şahtaxtı-Maku dəmiryollarına və sərhəd məntəqələrinə nəzarəti heç cür əlindən buraxmaq niyyətində olmadığı üçün Naxçıvanı Türkiyəyə vermək istəməzdi. Doğrudur, bir qədər əvvəl imzalanmış 2 dekabr 1920-ci il tarixli Gümrü müqaviləsinə əsasən, Naxçıvan ərazisində fəaliyyət göstərən dəmiryollarına nəzarətin həyata keçirilməsi Türkiyənin ixtiyarına verilmişdi. Lakin hələlik icrası təmin olunmayan bu məsələ Rusiyanın ürəyindən deyildi. Naxçıvan Türkiyəyə veriləcəyi təqdirdə isə Rusiya həmin dəmiryollarından birdəfəlik gözünü çəkməli idi. Bundan başqa, Naxçıvan əhalisi də illərdən bəri özünü mühafizə etmək üçün əleyhinə mübarizə apardığı, torpaqlarına qan tökmüş Ermənistanda yaşamağa razı ola bilməzdi. Naxçıvanın Ermənistana verilməsi Türkiyənin də ciddi təzyiqi ilə üzləşməyə səbəb olardı. Ona görə də mövcud mürəkkəb şəraitdə Behbudağa Şahtaxtinski Naxçıvanın Ermənistana verilməsi bəyannaməsinin müqabilində Türkiyə versiyasını irəli sürməklə mərkəzin planlarını pozmuş, Azərbaycan hökumətindəki erməni bolşeviklərini məyus etmiş, dilemma xarakteri almış vəziyyətdən çıxış variantı kimi referendum keçirilməsi yolunun seçilməsinə şərait yaratmışdı. Məhz həmin referendumda Naxçıvan ölkəsi əhalisinin yekdil rəyi əsasında bu diyar Ermənistanın tabeliyinə verilməkdən xilas edilmiş, həmişəlik olaraq Azərbaycanın tərkibində qalmaq hüququ qazanmışdır. Şübhəsiz ki, Azərbaycan hökumətinin referendumun keçirilməsinə ciddi bir maneçilik törətməməsi məsələsində də Nəriman Nərimanov - Behbudağa Şahtaxtinski münasibətlərinin rolu olmamış deyildi. Bütün bunlara görə Behbudağa Şahtaxtinskinin apardığı gizli fəaliyyət nəticəsində
1921-ci ilin mart ayında keçirilmiş referendum özünün hərbi-siyasi əhəmiyyətinə görə Qars müqaviləsinin müddəalarına bərabər əhəmiyyətə malik siyasi hadisədir. Əgər Naxçıvanın ərazi taleyinə dair 1921-ci ilin referendumu keçirilməsə idi, bəlkə də 1921-ci ilin Moskva və Qars müqavilələrinə heç ehtiyac da qalmayacaqdı. Bu, Azərbaycan diplomatiyası tarixində Behbudağa Şahtaxtinskinin adı ilə bağlı olan Mərkəzi hökumətlə razılaşdırılmamış nadir və uğurlu diplomatik gedişdir.
Behbudağa Şahtaxtinskinin Nəriman Nərimanovun sərəncamı ilə 23 aprel 1921-ci il tarixdə Naxçıvan Sovet Sosialist Respublikası Xalq Komissarları Sovetinin Sədri vəzifəsinə təyin olunması regionda siyasi sabitliyin qorunub saxlanmasına və Azərbaycan hökumətinin maraqlarına hesablanmış düşünülmüş qərar idi. Həm də Moskvanın və Bakıdakı erməni qruplaşmasının arzu etmədiyi referendum əhvalatından sonra Behbudağa Şahtaxtinskinin Naxçıvan SSR Xalq Komissarları Sovetinin Sədri vəzifəsinə irəli çəkilməsi Nəriman Nərimanov tərəfindən onu siyasi mühitdə baş verə biləcək sərt tədbirlərdən qoruyub saxlamaq niyyətinin ifadəsi demək idi. Behbudağa Şahtaxtinski Naxçıvan SSR-in Xalq Komissarları Sovetinin Sədri kimi regionda dövlətin və xalqın ortaq maraqlarına uyğun gələn düşünülmüş tədbirləri həyata keçirməklə yerli əhalini sovet hakimiyyətinin başlanğıc dövrünün kor-koranə şəkildə icra olunan yersiz və haqsız repressiyalarından qorumağı bacarmışdır. O, qaçqınlarla bağlı problemlərin həllinə nail olmuş, təsərrüfat həyatını bərpa edə bilmiş, yerlərdə təşkilatlanma işini möhkəmləndirmişdir. Bütün bunlara görə, görkəmli dövlət xadimi Nəriman Nərimanov ölkə partiya təşkilatının 1921-ci ilin noyabr ayında keçirilmiş birinci konfransında sınanılmış diplomat və böyük siyasətçi Behbudağa Şahtaxtinskini Azərbaycan SSR Xalq Komissarları Soveti Sədrinin müavini və Xalq Fəhlə-Kəndli Müfəttişliyi Komissarı vəzifəsinə irəli çəkmişdi. Bu, Azərbaycan Sovet Respublikasında milli kadrlar hesabına dövlət hakimiyyətinin daha da möhkəmləndirilməsi və siyasi hakimiyyətdə nərimanovçuluğun qüvvətləndirilməsi baxımından növbəti uğurlardan biri idi. Bunu yaxşı başa düşən Kreml tədricən öz maraqlarına uyğun gəlməyən Nəriman Nərimanovu Azərbaycandan uzaqlaşdırmaq planlarını hazırlayıb həyata keçirdi. Eyni zamanda, onun dönməz silahdaşlarının, ilk növbədə, Behbudağa Şahtaxtinskinin də respublikadan kənarlaşdırılması həmin prosesin davamından ibarət idi. "Hümmət" bolşevik təşkilatının timsalında kommunist partiyasının sıralarına hələ 1917-ci ildən etibarən daxil olmuş, Azərbaycanda sovet hakimiyyətinin qurulması və möhkəmləndirilməsində mühüm xidmətlər göstərmiş, böyük dövlət vəzifələrində çalışmış Behbudağa Şahtaxtinskinin 1923-cü ildə Tiflisdə fəaliyyət göstərən Zaqafqaziya Ali Arbitraj Komissiyasının üzvü vəzifəsinə göndərilməsi ona tətbiq olunan siyasi repressiyanın ifadəsi olmaqdan başqa, həm də nərimanovçuluğa qarşı hesablanmış sərt tədbir idi.
Təəssüf ki, görkəmli dövlət xadimi Behbudağa Şahtaxtinskinin çoxcəhətli fəaliyyəti Azərbaycan tarixşünaslığında hələlik az öyrənilmişdir. Tarix elmləri namizədi Füzuli İbrahimzadənin namizədlik dissertasiyası əsasında hazırlanmış yığcam monoqrafiya bu sahədəki ilk təşəbbüs, faydalı başlanğıcdır. Bununla belə, Behbudağa Şahtaxtinskinin tərcümeyi-halının və çoxcəhətli ictimai-siyasi, diplomatik fəaliyyətinin, publisistikasının geniş planda, ciddi arxiv sənədləri və dövri mətbuat materialları əsasında yenidən öyrənilib ümumiləşdirilməsinə ciddi ehtiyac var. Bu görkəmli şəxsiyyətin keçdiyi çətin, keşməkeşli və şərəfli ömür yolunun əsaslı şəkildə tədqiq edilib araşdırılması əslində həm də XX əsrin əvvəllərinin indiyə qədər öyrənilməmiş bir çox məqamlarının aydınlaşdırılmasına da çox kömək edər.
Behbudağa Şahtaxtinskinin ictimai-siyasi və dövlətçilik fəaliyyətindən az-çox bəhs edilsə də, onun publisistikası əsasən diqqət mərkəzindən kənarda qalmışdır. Fikrimizcə, "Behbudağa Şahtaxtlının jurnalistlik fəaliyyəti və publisistikası" xüsusi bir namizədlik dissertasiyasının və ya sanballı bir monoqrafiyanın mövzusu ola bilər. Ölkəmiz və elmimiz üçün əhəmiyyətli olan bu ciddi mövzu özünün vətənpərvər tədqiqatçısını gözləyir.
Bu istiqamətdə düşünərkən, ilk növbədə, nəzərə almaq lazımdır ki, Behbudağa Şahtaxtinski "Hümmət" təşkilatının və eyniadlı qəzetin ideya işığında ictimai-siyasi fəaliyyət yolunu seçmişdir. Bir müddət "Hümmət" təşkilatına rəhbərlik etdiyi üçün o, eyni zamanda, bu təşkilatın mətbu orqanı olan "Hümmət" qəzetinin də fəaliyyətini istiqamətləndirmişdir. Buna görə də Behbudağa Şahtaxtinskinin məqalələrini və onun haqqında məlumatları "Hümmət" qəzetindən axtarıb üzə çıxarmaq, elmi dövriyyəyə gətirmək lazımdır.
Bundan başqa, Behbudağa Şahtaxtinski Bakıda 1912-1913-cü illərdə İsabəy Aşurbəylinin mətbəəsində çap edilən "Baraban" adlı həftəlik yumoristik jurnalın redaktorluğu vəzifəsini həyata keçirmişdir. 1912-ci ildə 6, 1913-cü ildə isə 40 sayı çap edilən "Baraban" satirik-yumoristik ruhlu jurnal olub, Bakıda "Molla Nəsrəddin" jurnalının funksiyalarını rus dilində həyata keçirən mətbu orqanı idi. Jurnalda Azərbaycanda yaşayan rus ziyalılarının və rusdilli yerli müəlliflərin satirik üslublu bədii yazıları və məqalələri açıq, yaxud gizli imzalarla çap olunmuşdur. "Baraban"ın karikaturalarını əsasən böyük mollanəsrəddinçi, rəssam Əzim Əzimzadə çəkmişdir. Jurnalda Aslanov familiyalı rəssamın da karikaturaları vardır. Fikrimizcə, "Baraban" jurnalında adsız-imzasız getmiş yazıların əksəriyyəti Behbudağa Şahtaxtinskiyə məxsusdur. Beləliklə, "Baraban" Azərbaycanda rus dilində çıxan ilk satirik-yumoristik jurnal kimi də mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, bu jurnal Cəlil Məmmədquluzadənin və məşhur "Molla Nəsrəddin" jurnalının, sadəcə, ideyalarını rusdilli əhali arasında yaymaqla kifayətlənməmiş, o cümlədən öz səhifələrində "Poçt qutusu", "Atalar sözü" və sair kimi açdığı rubrikalarda verdiyi yazılarla mollanəsrəddinçi satirik mətbuat ənənələrinin daha da genişləndirilməsinə uğurla xidmət göstərmişdir. Məsələnin bu cəhəti Cəlil Məmmədquluzadə və Behbudağa Şahtaxtinski münasibətlərinin, "Molla Nəsrəddin" ilə "Baraban" jurnalının əlaqələrinin araşdırılıb öyrənilməsi zərurətini də meydana çıxarır.
Eyni zamanda, Behbudağa Şahtaxtinskinin Azərbaycanın rusdilli mətbuat orqanları ilə əlaqələrinin olduğu da müşahidə edilməkdədir. Onun digər rusdilli mətbuat orqanları ilə yanaşı, "Kaspi" qəzetində bir çox və əhəmiyyətli məqalələri çap olunmuşdur. Azərbaycan, hətta Zaqafqaziya rusdilli mətbuat orqanlarını diqqətlə öyrənməklə Behbudağa Şahtaxtinskinin xeyli məqalələrini üzə çıxarmaq mümkündür. Hətta Behbudağa Şahtaxtinski Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi mətbu orqanı olan "Azərbaycan" qəzeti ilə də əməkdaşlıq etmiş, bu qəzetin Şəfibəy Rüstəmbəyovla Ceyhunbəy Hacıbəyov tərəfindən nəşr edilmiş eyniadlı rusca əlavəsində də məqalələrini çap etdirmişdir. Behbudağa Şahtaxtinskinin rus dilində çapdan çıxan "Azərbaycan" qəzetində oxuculara çatdırılmış "Həyatın əks-sədaları" adlı məqaləsi dərin siyasi təhlil imkanlarına və praqmatik xarakterinə görə ictimai mühitdə müəyyən əks-səda doğurmuşdu. Müşahidələr göstərir ki, Behbudağa Şahtaxtinsi Bakıda və Naxçıvandakı Azərbaycan mətbuatında da təmsil olunmuşdur. Onun Bakıda çıxan "Nicat", Naxçıvanda çap edilən "Şərq qapısı" və sair qəzetlərdəki məqalələrinə müəyyən istinadlar edilmişdir.
Əldə etdiyimiz məqalələrdən aydın olur ki, Behbudağa Şahtaxtinskinin publisistikası onun geniş siyasi dünyagörüşünün, analitik təfəkkürünün və zəngin həyat təcrübəsinin üzvi sintezindən yaranmışdır. Bu məqalələr Azərbaycan siyasi publisistikasının orijinal və dəyərli nümunələri sayılmağa layiqdir. Bütün bunları bir yerə toplayıb, Behbudağa Şahtaxtinskinin publisistikasından ibarət bir cildlik kitab hazırlayaraq nəşr etdirməklə Azərbaycan elmini və ictimai fikrini daha da zənginləşdirmək mümkündür.
(Ardı var)
İSA HƏBİBBƏYLİ,
Naxçıvan Dövlət Universitetinin
rektoru,
Milli Məclisin deputatı, akademik
Azərbaycan.- 2011.- 18 mart.- S. 6.