Bir memarın töhfələri

 

Dövlət mükafatı laureatı, Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının və Beynəlxalq Ekologiya Akademiyasının akademiki, memarlıq doktoru, professor Ramiz Əbdülrəhimov çoxşaxəli fəaliyyəti, səmərəli yaradıcılığı ilə seçilən görkəmli memardır. Onun hazırladığı layihələrin ünvanı çox geniş bir coğrafi ərazini əhatə edir: Azərbaycan, Türkiyə, Kipr, Rusiya, Qazaxıstan, Özbəkistan, GürcüstanE O, çalışdığı bu ölkələrdə təkcə layihəçi-memar kimi deyil, həm də inşaatın bir sıra mühüm məsələlərinin həllində aparıcı mütəxəssis kimi fəaliyyət göstərib. Maraqlıdır ki, Ramiz Əbdülrəhimov respublikamızda akustika sahəsində çalışan ilk memardır. Bu istedadlı layihəçi-memarı demək olar ki, dünyanın bir çox ölkəsində yaxşı tanıyırlar.

Vaxtilə Almaniyanın Berlin və Drezden şəhərlərində səmərəli elmi-tədqiqat təcrübəsi keçərək yüksək mütəxəssis kimi formalaşmış azərbaycanlı memarın işlərinə bu gün də dünya ölkələrində böyük maraq göstərirlər. Almatı, Daşkənd, İstanbul, Trabzon, Qroznı, Soçi və başqa şəhərlərdə istifadəyə verilmiş bir çox binaların layihələri və akustikası məhz azərbaycanlı memarın layihəsi əsasında hazırlanıb.

Azərbaycan Dövlət Opera və Balet Teatrının yenidənqurma layihəsində yüksək fəaliyyətinə görə məhz Ramiz Əbdülrəhimov Dövlət Mükafatına layiq görülüb. Onun həyat və yaradıcılığı ilə bağlı memarlıq doktoru, professor, AMEA-nın müxbir üzvü Cəfər Qiyasinin hazırladığı "Memar Ramiz Əbdülrəhimov" adlı kitabı "Azərbaycan" nəşriyyatında çapdan çıxmışdır. Nəfis şəkildə tərtib olunmuş kitabın Azərbaycan Memarlar İttifaqında təqdimatı keçirildi. Kitabın müəllifi Cəfər Qiyasi tədbiri açaraq bildirdi ki, yeni topluda Ramiz Əbdülrəhimovun memar kimi göstərdiyi fəaliyyət geniş şərh edilmişdir. Milli Məclisin deputatı, memarlıq doktoru, kitabın elmi redaktoru Gülçöhrə Məmmədova çıxışında bildirdi: "Ramiz Əbdülrəhimov hələ sovet dövründən yaxşı tanınmışdır. O bu gün də memarlıq və inşaatın inkişafına töhfələr verir. Memarlıq üzrə elmi seminarın rəhbəri kimi gənc alimlərin formalaşmasında da böyük zəhmət çəkir".

Müəllifi və həmmüəllifi olduğu 50-dən çox layihəsi həyata keçən Ramiz Əbdülrəhimovun səmərəli fəaliyyəti ilə bağlı AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru, professor Ertəkin Salamzadə, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Rizvan Bayramov, professorlardan Nizami Nağıyev, Ramiz Hümbətov, Yaşar Bağırlı və başqaları çıxış edərək parlaq və peşəkar memar kimi şöhrət qazanmış azərbaycanlı alim haqqında xoş sözlər söylədilər.

Ramiz Əbdülrəhimovun böyük məhəbbətlə tərtib etdiyi və həyata keçməsini gözlədiyi işlərdən biri də Türkdilli Dövlətlər Birliyi Mərkəzinin yerləşəcəyi kompleksin layihəsidir. Mərasimin sonunda çıxış edən Ramiz Əbdülrəhimov bu layihə ilə bağlı öz fikrini belə əsaslandırdı: "Belə bir mərkəzin türkdilli xalqların ən böyük dövləti olan, Avropanı Asiya ilə birləşdirən Türkiyənin İstanbul şəhərində yerləşdirilməsi məqsədəuyğun sayıla bilər. Türk dünyasının hərtərəfli inkişafında böyük rolu olacaq bu mərkəzin inşası çox gərəklidir.

Bu layihənin çox qiymətli məqamları barədə söylənilən fikirlərdən bəlli olur ki, belə bir mərkəzin tezliklə həyata vəsiqə alması həqiqətən məqsədəuyğundur.

Mərasimdə Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov, Bakı şəhərinin baş memarı Akif Abdullayev, o cümlədən bir sıra nazirliklərin elmi-tədqiqat institutlarının əməkdaşları da iştirak edirdilər.

 

 

F.XƏLİLZADƏ

 

Azərbaycan.- 2011.- 18 mart.- S. 6.