Coşdu sular, çağladı, torpağa can gəldi,
can
Üzü Novruza sarı
Yumurtanı göyçək
güllü boyardıq,
Çaqqışdırıb
sınanların soyardıq.
Oynamaqdan bircə məgər
doyardıq?
Əli mənə
yaşıl aşıq verərdi,
İrza mənə
Novruzgülü dərərdi.
Şal istədim, mən də
evdə ağladım,
Bir şal alıb tez belimə
bağladım.
Qulamgilə qaçdım,
şalı salladım,
Fatma xala mənə corab
bağladı,
Xan nənəmi yada salıb
ağladı.
Böyük Azərbaycan
şairi Məhəmməd Hüseyn Şəhriyar
uşaqlığında keçirdiyi Novruz bayramını belə
xatırlayıb, rəssam kimi o xoşbəxt günlərin
tablosunu yaradıb. Doğrudan da, Novruz bayramı
uşaqların yaddaşında daha çox iz salır. Tonqal
qalayır, üstündən atlanır, yumurta
döyüşdürür, dirədöymə oynayır,
papaq atır, yazın ilk müjdəçisi
bönövşəni, novruzgülünü də uşaqlar
kol dibindən üzüb analarına, nənələrinə
gətirirlər. Ən imkansız ailələrdə belə
bayram günü uşaqlara təzə paltar alınır,
valideynlər onları sevindirirlər. Böyük
şairimizin misralarındaki xoşbəxt Novruz mənzərəsini
hər birimiz uşaqkən yaşamışıq.
Novruz bayramı qədimlərdən
dostluq, birlik, bərabərlik xarakteri daşıyır.
Qışın qarlı-boranlı çağlarında evlərə
çəkilən, isti soba ətrafına toplaşan insanlar
yazı qarşılamaq üçün çölə-bayıra
çıxır, bir yerdə tonqal üstündən
atlanır, bir yerdə yaz, əkin-biçin nəğmələri
oxuyur, sonra da evlərində bişirdiklərindən bir-birinə
pay aparırlar. Onların oxuduqları mahnılarda xalqın
dünyagörüşü, psixologiyası və mənəvi
həyatı, fikirləri, arzuları, tarixi taleləri parlaq
şəkildə əks olunur. Bu mahnılar səmimi, ürəkdəngəlmə
hisslər olduğundan günümüzədək
yaşayır. Onların bir hissəsi qədim əmək nəğmələridir.
Bundan başqa, birlikdə şənlənmə zamanı
müxtəlif personajlar səhnələşdiriblər.
Kosa-keçəl, qodu-qodu, qışla yazı bənzədən
obrazlar döyüş-vuruş səhnələri
teatrlaşdırır və sonda, əlbəttə, Günəş,
istilik qalib gəlir. Bu qələbədən sonra insanlar
birlikdə rəqs edir, halay tutur, haxıştalar oxuyur və
qələbə münasibətilə şirnilər, kömbələr
bişirirlər.
Novruz bayramı özündə
türk xalqlarının əski çağlarının izlərini
yaşadır. İnsanların torpağa sevgisini və
inancını. Ona görə də bu bayramı insanların
torpaqla ünsiyyətinin bayramı kimi də dəyərləndirirlər.
Məhz Novruz bayramından sonra insanlar əllərində bel,
dırmıq və başqa əmək alətləri
torpağa üz tutur, əkib-becərir, dən səpir, onunla
dostlaşırlar.
Cavan qız-gəlinlər
Novruza ayrı bir zövqlə hazırlaşırlar.
Güllü donlarını geyinir, bəzənib-düzənir,
biş-düşdə ana və nənələrinə
kömək edirlər. Ev-eşiyi təmizləyir,
yorğan-döşək üzünü yuyurlar. Balaca
qızlarının saçlarına al rəngli lent
bağlayıb, təptəzə geyindirirlər. Bişirilən
şirnilər Aya, Günəşə, ulduzlara bənzədilir.
Nənələr ocaq qalayıb sac üstündə qorğa
qovururlar. Buğdalar isti sacın dövrəsinə
töküldümü qızlar əllərindəki işi
atıb yığışırlar ocaq başına. Ürəklərində
niyyət tutub hərəsi bir buğdanı nişanlayır.
Kimin buğdası tez çırtlasa, deməli, gələn
Novruzu "ollarda" keçirəcək. Bundan sonra əl-ayağı
bir yerdə durarmı?! Sevindiklərindən hər diringiyə
qol götürürlər.
Novruz bayramı qədimdən
ellərimizdə müxtəlif ayin və mərasimlərlə
qeyd olunur. Ulu yurdumuz Ordubadda xanbəzəmə mərasimi
keçirərmişlər. Üç gün, üç
gecə qeyd edilən bayramda bir nəfər "padşah"
seçilər, bu "padşah" da ağıllı, tədbirli,
hökmranlıq etməyi bacaran olmalıdır. Onun yanında
vəzir-vəkilləri, əyanları, təlxək və cəlladları
da olurmuş. O, qırmızı geyinməli, başına tac
qoymalıdır. Oyunun qaydalarına görə, xalq öz
seçdiyi padşahın əmirlərinə tabe olur. Bu dəfə
"padşah" çox ədalətli olarmış,
xalqı vergi yığımından azad edər,
qanlıları barışdırar, həbs olunmuş
adamların törətdiyi cinayətlə maraqlanar, onların
zindandan azad edilməsinə çalışarmış.
Üçüncü gün bayramın əsas, həm də
zirvə nöqtəsi olur. "Padşah"ın
hüzurunda hamı halay çəkər, məzəli oyunlar
göstərər, nəğmələr oxuyar, şənlik
edərlər, padşaha xələt-barat gətirərlər.
Kosa ilə keçəl və təlxək məclisin
yaraşığı olar, pəhləvanlar güləşər,
hoqqabazlar məzəli oyun çıxardarlar. Həmin gün
hamı da "padşah"dan adına layiq hədiyyə
alarmış.
Oyun adları da müxtəlifdir.
Şatır yazağzı oyun mərasimidir. Daha çox
Qarabağ tərəfdə icra olunub. Bu oyun yazla
qışın mübarizəsini təsvir edir. İki
dövrə qurulur, biri nəmişlik, biri də istilik
adlanır. İştirakçılar da iki qrupa
ayrılır. Nəmişlik dövrəsinə toplananlar
qışın, istilik ətrafına yığışanlar
isə yazın təmsilçiləri olur. Mübarizə
başlanır. Hakimiyyətini itirmək istəməyən
"qış" əvvəlcə yerə-göyə
hökm edir, qoyun-quzunu tövlədə acından
öldürür, təknədəki dəni havaya sovurur,
qarının keçilərini dondurur. Onun bu hərəkəti
göylər səltənətinin hakimi istiliyin
acığına gəlir. Bundan sonra çarpışma
başlayır. İstiliyin-yazın ifadəçisi olan
dövrədəkilər guya torpaq üzərindəki nəmişliyi
qurudur, torpaq isinməyə başlayır. Göylər getdikcə
aydınlaşır. Mərrix (Mars) və Zöhrə (Venera)
göyün ənginliyində görüşürlər. Bu
rolları adətən qızlar ifa edirlər.
Görüşün sevincindən doğan gur işıq yerə
yayılır, təbiət dirilir, həyat təzələnir.
Başqa bir oyunda isə Dərya tanrısı Tiamat göylər
səltənətinə doğru irəliləməyə
başlayır. Ağ tanrılar onu görüb dəhşətə
gəlir, ancaq qorxularından onun qarşısına
çıxa bilmirlər. Bundan ürəklənən Tiamat
daha da qəzəbli şəkildə irəliyə cumur. Bu
vaxt külək tanrısı Marduk (Yupiter) görünür.
O, Tiamata qəzəblənir və "döyüşlər"
başlayır. Bu oyunu isə oğlanlar ifa edirlər. Gərgin
"döyüşlər"dən sonra Marduq - xeyir Tiamata -
şərə qalib gəlir. El-oba bu qələbəni bayram
edir. Mütəxəssislər bəzi mənbələrdə
Şatır sözünü Çadır sözü ilə
bağlayırlar. Çadır göy qübbəsi,
böyük Yaradan kimi qəbul edilir.
"A
teşti-teşti-teşti" də qədim Novruz
oyunlarından günümüzə qədər gəlib
çatan çox dəyərli mədəni miraslarımızdandır.
Bu nəğmələrin bir neçəsi indii də sevilə-sevilə
oxunur. Qeyd edək ki, bütün oyunlar kollektiv şəkildə
ifa olunub. "Qodu-qodu", "Gün çıx, gün
çıx", "Üşüdüm", "Səməni",
"Haxışta", "Yel baba", "Xıdır
İlyas" və başqaları. "A
teşti-teşti-teşti" qədim dövrlərdə
yağış tanrısı Tir-Tiştrinin (Tiştar-tir)
şərəfinə oxunurmuş. Sonralar qeyd etdiyimiz son
varianta düşmüşdür. Əsatirə görə,
yağış mələyi Tiştar quraqlıq divi
Apauşla vuruşur, qalib gələrək insanlara su, dirilik,
həyat bəxş edir. Bayram edən insanlar Tiştarın
şərəfinə alqış nəğmələri
oxuyur, onu "iki xoruz dalaşdı" kimi də ifa edirlər.
Bu nəğmə o qədər ritmik və oynaqdır ki,
sonralar böyük sənətkarımız Bülbül bu qədim
el havasını məharətlə ifa etmişdir:
A teşti-teşti-teşti,
Atım Gilanı keçdi.
İki xoruz dalaşdı,
Biri qana bulaşdı və
s.
"Məsmayıl" oyun
mərasimi də bu qəbildəndir. Bu oyun əski inanclarla
bağlıdır.
Novruz axşamı bir yerə toplaşan gənc qızlar yelləncək qurarlar. Əlində çubuq tutan nərbud qadın qızları bir-bir yelləncəyə mindirər, sevdiyi oğlanın adını boynuna almayanadək əlindəki çubuqla onları "çırpar", sürətlə yelləyərmiş. Bunlara dözə bilməyən qız tezliklə ürəyindəki oğlanın adını uca səslə deyər, bundan sonra növbə başqa qıza çatarmış. Beləcə, gecə yarıdan keçənədək oyun davam edərmiş.
Novruz səhəri yuxudan duran kimi hamı obaşdan axar su üstünə qaçar, üstündən hoppanar, ovcunu doldurub, içər bir cürdək də gətirib dirilik, təzə həyat rəmzi kimi qapı-bacalarına, evin günclərinə səpərlər.
Üzümüz ümidlə dolu yazadır. İşimiz avand olsun, biləklərimiz yorulmasın, axar sularımız çağlasın, dağlarımız gül-çiçəkdən, yamaclarımız qoyun-quzulardan, çoban səsindən əskik olmasın, ağaclarımız bar versin. Bizə həsrət Qarabağa bu yaz yolumuz düşsün. Amin!
Rəsmiyyə RZALI
Azərbaycan.- 2011.-18 mart.- S. 7.