Vətən sevgisindən doğan qəhrəmanlıq

 

...Onu xoş həyatından, min bir zəhmət hesabına qurduğu rahat işindən Vətən sevgisi ayırdı. Əbədi bir qəlb oduna çevrilən bu sevgisi qərib ölkədə rahat ömür sürməsinə imkan vermədi. Daha doğulduğu torpaqdan, elindən-obasından ayrı dura bilmirdi. Vətəninin dar günündə olması doğma yurda dönmək qərarını daha da tezləşdirdi.

Ayağı yenidən doğulub boya-boşa çatdığı Xocavəndin Muğanlı kəndinə dəyəndə sanki ruhu yerindən oynadı. Kəndin ovuc içi kimi göründüyü təpənin başında dayanıb havasını doyunca ciyərlərinə çəkdi. Nə qədər qəribsəmişdi bunun üçün.

Özü də inana bilmirdi ki, Muğanlısından bu qədər müddət ayrı qalaraq Ukraynada yaşaya bilib. İlk baxışda kənddə hər şey qaydasında görünsə də, əslində, Muğanlı da Dağlıq Qarabağın digər bölgələri kimi, taleyin ümidinə buraxılmışdı. İndi İlyasın dünyaya göz açdığı kəndin aqibəti onun sakinlərindən asılı idi. Amma iş elə gətirdi ki, sonradan bütün bir rayonun, cəbhənin Ağdam istiqamətində gedən döyüşlərin taleyində Muğanlı mühüm rol oynadı. Muğanlının Qarabağ döyüşlərində adının belə yüksək bir zirvədən tez-tez anılmasında əsas səbəbkarı isə İlyas və qardaşları oldu.

İlyas Ukraynaya yollananda Ermənistan hələ Azərbaycanın yeni ərazilərinə göz dikdiyini açıq bəlli etmirdi. 70 il boyunca SSRİ adlanan, zaman-zaman dünyanı titrədən nəhəng bir imperiyanın tərkibinə qatılan ölkələrdən birinin digərinin ərazisinə belə açıq iddia ilə çıxış edə biləcəyinə əslində inananların sayı da elə çox deyildi. Ölkənin ovaxtkı rəhbərliyinin də "xidmətləri" sayəsində xalq başının üzərində cəmləşməkdə olan qara buludların ötəri bir payız yağışı olaraq keçib gedəcəyini düşünürdü. Yaşanacaq müsibətlərdən, dəhşətlərdən, xəyanətlərdən xəbərsiz bir şəkildə hamı hadisələrin tezliklə normal axarına qayıdacığına ümid edirdi...

Ukraynada olan İlyas burada böyük bir fermer təsərrüfatı yaratmışdı, bu qərib ölkəyə üz tutan həmvətənlərindən bir çoxunu da yanına işə götürmüşdü. Bütün işləri qaydasında gedirdi. Amma ölkəsində yaşananlar daha səbir tutub qalmasına imkan vermirdi. Bu səbəbdən topladığı var-dövlətini dəyər-dəyməzinə satıb Muğanlıya dönmüşdü. 1990-cı ilin sonuna təsadüf edən bu qayıdış Azərbaycanın inzibati ərazi bölgüsü kimi yeni yaranmış Xocavənd rayonunun Muğanlı kəndinə çox şey verdi. Burada kənd ağsaqqallarından olan Mövsüm kişinin oğulları tərəfindən yaradılan ilk özünümüdafiə dəstəsinin silah-sursatla, xüsusən də müharibənin "allahı" sayılan topla təminatında İlyas əsas rol oynadı. Hərbi xidmətini sovet ordusunun artilleriya bölməsində keçən İlyas döyüşün taleyinin müəyyən olunmasında artilleriyanın hansı əhəmiyyətə malik olduğunu yaxşı bilirdi. Elə buna görə də Ukraynadan gətirdiyi pulları böyük səxavətlə həmin dövrdə Azərbaycanda olan rus hərbçilərinə verib onlardan müəyyən silah-sursat alırdı. Bununla da həmin vaxt həm ermənilərdən götürülən qənimət silahlarla, həm də İlyasın aldığı sursatla özünümüdafiə dəstəsinin cəbbəxanası formalaşdırılırdı.

Ölkənin ovaxtkı rəhbərliyindən isə yenə də bir xəbər yox idi. Sanki hakimiyyətdəkilər Qarabağda yaşananları görməzlikdən gəlir, ermənilərin burada Azərbaycan ərazilərinin yağmalanmasında ən azı ermənilər qədər rol oynamış 366-cı alayın birbaşa köməyi ilə hansı oyunlardan çıxdığını diqqətə belə almaq istəmirdilər. Elə bu səbəbdən təpədən dırnağa qədər silahlanmış erməni cəlladları qarşısında Qarabağ camaatı köməksiz, əliyalın buraxılmışdı. Belə vəziyyət əzəldən qəsbkarların hədəfi olan Azərbaycanın bu dilbər guşəsinin digər yerləri kimi, Muğanlının da düşmən tərəfindən yağmalanmasını asanlaşdırırdı. Hərb elminə yaxşı bələd olan İlyas isə kənddə mümkün qədər çox silah cəmləşməsinin vacibliyini yaxşı bildiyindən əlində olan bütün pulları silah alınmasına xərcləmişdi. Hətta iş o yerə çatmışdı ki, daha filtrli siqaret belə almırdı, ömründə birinci dəfə idi ki, filtri olmayan papirosların dadını hiss edirdi.

Amma əvəzində qardaşları ilə birgə kəndin pis-yaxşı özünümüdafiə dəstəsini yarada bilmişdi. Dəstənin ixtiyarında olan toplar isə sözün əsl mənasında, ermənilərə qan uddururdu. Bu toplarla İlyas ermənilərə hansı dərslər vermədi?! Əvvəlcə, ermənilərin bir zirehli transpartyorunu içində olan yaraqlılarla birgə cəhənnəmə vasil etdi. Bunun ardınca içində xeyli erməni yaraqlısı olan "KamAZ" maşını İlyasın mərmisinə tuş gəldi. Artıq canlarına vəlvələ düşən ermənilər daha Muğanlı tərəfdən hərəkət edə bilmirdilər. Düşmənin Martuni adlandırdığı Xocavənd rayonu ilə əlaqəsində Muğanlıda olan özünümüdafiə dəstəsi üzündən ciddi problemlər yaşanırdı. Elə ermənilərin əlində olan bu rayonda da İlyas, onun döyüş yoldaşları düşmən üçün əsl cəhənnəm yaratmışdı. Rayonun bütün giriş və çıxışı İlyasın ixtiyarında olan topların nəzarətində idi. Xocavənd ətrafında yerləşən dağlara belə ermənilər ancaq səngər vasitəsilə gedib-gələ bilirdilər. Əks təqdirdə, rayona yaxın olan Muğanlıdan atılan top atəşləri düşmənin texnikasını da, canlı qüvvəsini də yerindəcə məhv edirdi.

İlyas üçün ya hədəfin gözlə görünməsi, ya da dəqiq koordinatlarının verilməsi kifayət edirdi. Adətən atılan ilk mərmi bəs idi ki, hədəf məhv olsun. İlyas bircə ona heyfislənirdi ki, kənddə daha uzaqvuran, çapı daha iri olan top yoxdur. Əks halda, özgə torpağına tamah salmağın nəticəsinin nə olduğunu düşmənə daha yaxşı başa salardı. Amma əlində olanlarla da ermənilərə pis dərs vermirdi. Hətta bir dəfə ermənilərin Xocavənddə yerləşən mənzil-qərargahı da İlyasın mərmisinə tuş gəlmişdi. Tutulan radiotelefon danışıqlarından aydın olurdu ki, bundan sonra gəbərmiş ermənilərin cəsədlərini daşımaq üçün bir neçə yük maşını lazım olub. Ermənilərin dağ yüksəkliyində yerləşdirdiyi və Ağdam, Füzuli, Ağcabədini atəş altında saxladığı bir neçə top da İlyasın dəqiq zərbəsinə tuş gəlib məhv edilmişdi.

Artıq "Aka" ləqəbli İlyas ermənilərin kabusuna çevrilmişdi. Bu ləqəbi Ukraynada olanda almışdı. Hər dəfə radiotelefon danışıqlarında "Aka" adı eşidəndə erməniləri bir vahimə basırdı, nəsə böyük bir zərbə aldıqlarını və ya alacaqlarını yaxşı bilirdilər.

Amma hadisələrin inkişafı İlyası heç cür qane etmirdi. Axı, doğma Qarabağı hissə-hissə ermənilərin əlinə keçirdi, Bakıda isə hakimiyyətdə olanlar, deyəsən, heç buna fikir vermək istəmirdilər, əsas diqqət kreslo davasına yönəlmişdi. Bir tərəfdən düşmənin sovet hərbçilərinin köməyi ilə edilən aramsız hücumları, bir tərəfdən xəyanətlər nəticəsində yaşayış məntəqələri bir-bir itirilirdi. Düşmənə layiqli müqavimət göstərəcək, onu yerində oturdacaq oğlanlar isə silah təminatından korluq çəkirdilər, adətən ov tüfəngləri ilə kifayətlənməli olurdular. Bəzən heç o da tapılmırdı. Elə İlyas özü də çox vaxt toplarına mərmi tapmaqda çətinliklər yaşayırdı. Hətta dəfələrlə olmuşdu ki, mərmi dalınca gedib əliboş qayıtmışdı. Muğanlı ətrafında yerləşən yaşayış məntəqələrinin də bir-birinin ardınca düşmən nəzarətinə keçməsi artıq İlyasın da doğma kəndi üzərində qara buludları getdikcə sıxlaşdırırdı. Mərkəzdən isə heç bir kömək yox idi və sonluq Muğanlının da itirilməsi ilə nəticələndi. Bu, bütün kənd camaatı kimi, İlyas üçün nə qədər ağır olsa da, onun döyüş əzmini qıra bilməmişdi. Əksinə, düşməndən qisas yanğısı birə beş artmışdı.

1993-cü ilin ortalarından isə həm cəbhə, həm də Bakıda, bütün Azərbaycanda vəziyyət dəyişməyə başladı. Xalqının və Azərbaycanın xilaskarı olan ümummilli liderin yenidən hakimiyyətə qayıtmasından sonra artıq peşəkar ordu formalaşmağa başladı. Həm bu ordunun formalaşmasında, həm də döyüşlərdə İlyas yenə öndə gedənlər sırasında idi. Müdafiə Nazirliyində də onu yaxşı tanıyırdılar. Elə bu səbəbdən idi ki, bir tərəfdən Füzuli, bir tərəfdən Ağdamacan çox nəhəng ərazidə, çöllükdə müdafiə mövqeyi tutmaq tapşırığı məhz ona verildi, Ağdamın itirilmiş kəndlərini düşmənlə müqayisədə o qədər də böyük olmayan qüvvə ilə geri almaq tapşırığı ona həvalə edildi. Yusifcanlı, Suma, Tağıbəyli, Şıxlar, Güllücə kimi kəndləri düşməndən təmizləməklə İlyas Ağcabədi, Bərdə, Tərtər rayonlarına gedən əsas yola ermənilərin çıxışını kəsdi. Düşmənə yeni böyük zərbələr vurdu, onun neçə-neçə canlı qüvvəsini, texnikasını məhv etdi. Dəhşətli itkiyə məruz qalan düşmən ölkəmizin hərb tarixinə qızıl hərflərlə yazılan 1994-cü ilin aprelində iki həftədən çox davam edən Güllücə döyüşlərindən sonra Azərbaycanın içərilərinə doğru irəliləmək məqsədindən birdəfəlik əl çəkməli oldu.

1994-cü ilin mayında atəşkəs müqaviləsinin imzalanmasından sonra İlyas daha iki il ordu sıralarında qulluq etdi. Lakin döyüşlərdə aldığı yaralar, yenə bu döyüş yolunun ona bəxş etdiyi xroniki başağrıları üzündən səhhətində yaranan problemlər hərbi xidmətini davam etdirməsinə imkan vermədi. Bakıda onun üçün hər bir şərait yaradılsa da, burada duruş gətirə bilmədi. Doğma Muğanlısına yaxın olan Nərgiztəpədə böyük bir fermer təsərrüfatı yaratdı, qazandığı pulların demək olar ki, hamısını təsərrüfatında çalışanlara, köməyə ehtiyacı olanlara, təsərrüfat qurmağa çalışanlara xərclədi. Əsas niyyəti də cəbhə zonasında insanları yaşamağa, qurub-yaratmağa həvəsləndirmək idi.

Yeganə sakitlik, rahatlıq tapdığı yer də Nərgiztəpə idi. Axı, buradan Muğanlısı görünür, onun ətri duyulurdu. Elə bu ətri duya-duya sakit bir gecədə beyninə qan sızmasından ömrünün 46-cı baharında dünyaya əbədi göz yumdu. Yeganə nisgili isə Muğanlının, bütöv Qarabağın düşmən işğalından azad olduğunu görmədən dünyadan köç etməsi oldu. Vidasına sıravi əsgərdən generaladək, kiçikdən böyüyədək, yaxından uzağadək kimlər yığışmamışdı? Bu itki hamını yandırır, hamını göynədirdi. Axı, əsl qəhrəman onları əbədi olaraq tərk edirdi. Amma bu qəhrəman həm də onların qəlbində, xatirələrində əbədi yaşayacaqdı və necə ki yaşayır. Bax, belə bir ömür yaşadı İlyas Hüseynov. Bu gün doğmaları, dostları, cəbhə silahdaşları onun 50-ci ildönümünü İlyasın işıqlı xatirəsini anmaqla qeyd edirlər. Qısa həyat yolunda Vətənini əsl məhəbbətlə sevən insanın hansı qəhrəmanlıqlar edə biləcəyini göstərdi İlyas! Çünki o, əsl vətənpərvər, əsl igid, əsl kişi idi!..

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2011.-18 mart.- S. 7.