Bakının inkişafı
üçün hamı çalışmalıdır
Paytaxt şəhərlər həmişə izdihamlı, qonaqlı-qaralı olur. Hər hansı bir ölkəyə gələnlər çox zaman yalnız onun paytaxtında olmağa vaxt tapır və həmin şəhərdə gördüklərinə əsasən ölkə haqqında fikir yürüdürlər.
Paytaxt həm də ona görə diqqət çəkir ki, hansı bölgədə yaşamalarından asılı olmayaraq ölkənin bütün vətəndaşları onu əziz və doğma şəhər kimi sevirlər.
Deyilənlərin hamısını Azərbaycanın paytaxtı Bakı şəhərinə də şamil etmək olar. Bakı bənzərsiz şəhər olduğu üçün onu görməyə can atanların sayı heç vaxt azalmır. Coşqun Xəzərin sahilində yerləşməsi, qeyri-adi - amfiteatr quruluşunda inşa olunması, saysız-hesabsız tarixi-memarlıq abidələri və s. ona təkrarsız mənzərələr bəxş edir, insanların zövqünü oxşayır.
Son illərdə Azərbaycan iqtisadiyyatının dünyaya inteqrasiya etməsi, ölkəmizdə qlobal neft-qaz və ixrac layihələrinin həyata keçirilməsi, birgə müəssisələrin fəaliyyət göstərməsi Bakıda çoxsaylı xarici vətəndaşların yaşamasına da səbəb olub. Qısası, Bakı dünyanın böyük, gözəl və işgüzar şəhərlərindən biridir. Təbii ki, belə bir şəhərin problemlərinin də olması heç kəsi təəccübləndirməməlidir.
Bakıya qayğı Azərbaycan dövlətinin həmişə diqqət mərkəzində olub. Ümummilli lider Heydər Əliyevin hələ respublikaya rəhbərliyinin birinci dövründə Bakıda yeni yaşayış massivləri salınıb, nəhəng müəssisələr tikilib. Paytaxtın başdan-başa yaşıllaşdırılması kimi nəcib təşəbbüsün də müəllifi məhz ulu öndər olub.
Bu ənənələr indi
də davam edir. Prezident İlham Əliyevin sərəncamı
ilə Bakıda neçə-neçə infrastruktur layihələri
həyata keçirilib. Son bir neçə il ərzində
şəhərimizdə 23 yolötürücü,
körpülər, tunellər inşa edilib, yollar genişləndirilib,
yeni yollar salınıb, şəhərdə 32 piyada
keçidi istifadəyə verilib. Köhnə keçidlər
bərpa olunub. Bütün bunlar gündən-günə
böyüyən şəhərdə rahatlığın, təhlükəsizliyin
təmin olunmasına yönəldilmiş tədbirlərdir.
Ölkə
başçısı şəhərin yalnız mərkəzinin
abadlığının deyil, onun ərtaf qəsəbə və
kəndlərinin də qayğısına qalır. Son illərdə
bu məqsədlə imzalanan sərəncamları və
görülən tədbirləri xatırlamaq kifayətdir.
Bununla belə, Bakı daim
inkişaf edən, böyüyən, sakinlərinin sayı
artan şəhərdir. Odur ki, onun qayğıları da
böyüyür, yeni problemlər ortaya çıxır. Bu
mənada Prezident İlham Əliyevin sədrliyi ilə Bakı
şəhərinin və paytaxtətrafı qəsəbələrin
sosial-iqtisadi inkişafına dair müşavirənin
keçirilməsi xüsusi əhəmiyyət kəsb edib.
Paytaxt həyatının elə bir sahəsi yoxdur ki, həmin
müşavirədə ona toxunulmasın. Məsələn,
müşavirədə paytaxt yollarının abadlığı,
tıxac probleminin aradan qaldırılması, piyadaların və
sərnişinlərin rahat gediş-gəlişi
üçün görülən ardıcıl işlərin
böyük əhəmiyyət daşıması
vurğulanıb. Müşavirədə dövlət
başçısı bu barədə deyib: "Əlbəttə
ki şəhər böyüyür, Azərbaycan əhalisi
artır. Vaxtilə Bakıda infrastruktur layihələrinin həyata
keçirilməsi daha az əhaliyə
hesablanmışdır. Bu gün əhali artıb və biz elə
etməliyik ki, bütün infrastruktur, bütün kommunal xidmətlər,
bütün nəqliyyat imkanlarımız böyüyən
şəhərə uyğun olsun. Son illər ərzində
şəhərimizdə bu məqsədlə
genişmiqyaslı işlər aparılmışdır.
Xüsusilə yol-nəqliyyat sektorunda çox ciddi tədbirlər
görülmüşdür. O tədbirlər
vaxtlı-vaxtında görülmüşdür.
Çünki əgər o tədbirlər görülməsəydi,
bu gün Bakıda şəhər nəqliyyatı iflic vəziyyətə
düşə bilərdi. Biz bəzi böyük şəhərlərin
problemləri ilə tanışıq. Görürük ki, o
şəhərlərdə bəzi hallarda yol hərəkəti
dayanır, bir neçə saat iflic vəziyyətə
düşür. Bunun qarşısının alınması
üçün bir neçə il bundan əvvəl şəhərimizdə
geniş yol-tikinti layihələri icra edilməyə
başlanmışdır".
Keçən ilin sonunda
Oğuz-Qəbələ-Bakı su kəməri istifadəyə
verildi. Həmin vaxtdan paytaxtın su ilə təminatında əsaslı
dönüş yarandığı göz
qabağındadır. Yaxın vaxtlarda kəmər tam
gücü ilə fəaliyyət göstərəcək və
paytaxt əhalisinin 70 faizi keyfiyyətli su ilə təmin
olunacaq. Müşavirədə qeyd edilmişdir ki, şəhərin
qalan hissəsinin içməli su ilə davamlı surətdə
təmin edilməsi üçün əlavə tədbirlər
görülməlidir.
Paytaxtın istiliklə təmin
edilməsi məsələsi də gündəmdə
olmuşdur. Yaxın zamanlarda Bakının və şəhərətrafı
qəsəbələrin inkişafına dair qəbul ediləcək
yeni proqram çərçivəsində bu məsələlərin
də öz həllini tapacağı bildirilmişdir.
Müşavirədə Bakının köhnə, fəaliyyət göstərməyən sənaye müəssisələrinin yerində yeni parkların, yaşıllıq zonalarının salınması və onların insanların istifadəsinə verilməsi istiqamətində işlərin davam etdiriləcəyi vurğulanmışdır. İndi belə müəssisələr tədricən köçürülür. Çünki şəhərin mərkəzində sənaye müəssisələri olmamalıdır. Onların yerində yeni yaşayış binalarının, istirahət guşələrinin, ictimai binaların yaradılması prosesi davam etdirilir. Bu işlər növbəti illərdə də aparılacaq.
Bütün bunlar şəhərin ekoloji vəziyyətini yaxşılaşdırır. Təkcə keçən il Bakıda 3 milyon ağac əkilib. İndi əsas məsələ o ağaclara qulluq etmək, onları qorumaqdır. "Ekologiya ili" olan 2010-cu il başa çatsa da, şəhərdə yaşıllaşdırma işləri davam etdirilir. Dövlət başçısının göstərişinə əsasən, boş yerlərdə yeni ağaclar əkiləcək, Bayıl yamacında böyük bir meşə zolağı yaradılacaq. Beləliklə, Bakını əhatə edən quru dağlar meşə ilə örtülərək həm ətrafa gözəllik bəxş edəcək, həm də ekoloji vəziyyət yaxşılaşacaq.
Ölkə rəhbəri paytaxtın ətrafındakı qəsəbələrin inkişafı məsələsinə də ayrıca toxunaraq demişdir ki, onların inkişafı üçün nə lazımdırsa, ediləcəkdir: "Bakının ətrafında yerləşən qəsəbələrdə 800 mindən artıq əhali yaşayır. Bu, özlüyündə böyük bir şəhərdir və bu qəsəbələr şəhər səviyyəsinə gətirilməlidir. Bunu etmək üçün, yenə də deyirəm, maliyyə vəsaiti lazımdır - o, bizdə vardır. Siyasi iradə lazımdır - o da bizdə vardır. Artıq bizdə peşəkar kadrlar da vardır. Texnikamız, şirkətlərimiz vardır ki, bütün bu işləri onlar görə bilərlər".
Göründüyü kimi, sözügedən müşavirədə qaldırılan məsələlər, qarşıya qoyulan vəzifələr, verilən tapşırıqlar Bakının və Bakıətrafı qəsəbələrin sakinlərinin rahatlığı üçündür. Onları yerinə yetirmək üçün isə təkcə əlaqədar təşkilatlar, müvafiq qurumlar deyil, bütün sakinlər səy göstərməli, abadlıq və gözəllik naminə öz töhfələrini verməlidirlər.
F.SADIQLI
Azərbaycan.- 2011.-19 mart.- S. 1.