Bakı Metropoliteninin perspektiv
inkişafı ilə bağlı əlavə tədbirlər
haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini rəhbər
tutaraq "Bakı Metropoliteninin perspektiv inkişafı ilə
bağlı bəzi tədbirlər haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2008-ci il 10 noyabr tarixli 34 nömrəli
sərəncamına uyğun olaraq Bakı şəhərinin
sosial-iqtisadi həyatında müstəsna əhəmiyyətə
malik olan Bakı Metropoliteninin daha da inkişaf etdirilməsini,
yeni metropoliten xətlərinin və stansiyalarının
tikintisini, əhalinin metro nəqliyyatı xidmətlərinə
olan tələbatının ödənilməsini,
qatarların hərəkətinin və sərnişindaşımanın
təhlükəsizliyini, onun maddi-texniki bazasının
gücləndirilməsini və infrastrukturunun yenidən
qurulmasını, digər sərnişin nəqliyyatı
növləri ilə müqayisədə rəqabət qabiliyyətinin
yüksəldilməsini təmin etmək məqsədilə qərara
alıram:
1. "Bakı Metropoliteni Xətlərinin
Konseptual İnkişaf Sxemi" təsdiq edilsin.
2. "Bakı Metropoliteninin
2011-2015-ci illərdə inkişafına dair Dövlət
Proqramı" təsdiq edilsin.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki:
3.1. Bu sərəncamın 2-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Proqramına uyğun olaraq tikiləcək yeni metro stansiyaları və elektrik depoları üçün tələb olunan torpaq sahələrinin ayrılması və bu torpaq sahələrində yerləşən obyektlərin köçürülməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Metropoliteni və digər əlaqədar təşkilatlarla birlikdə qanunvericiliyin tələblərinə uyğun zəruri tədbirlərin görülməsini təmin etsin;
3.2. Bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin və onun icrasının gedişi barədə hər ilin yekununa görə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 18 mart
2011-ci il
Azərbaycan.- 2011.-19 mart.- S. 1.