Bir sıra qanunlara əlavələr və dəyişikliklər edildi

 

Milli Məclisin iclasında

 

Martın 18-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Deputatları salamlayan spiker Oqtay Əsədov onları Novruz bayramı münasibətilə təbrik etdi. Sonra gündəlikdəki məsələlərin müzakirəsi başladı.

İlk olaraq İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklər edilməsi haqqında məsələyə baxıldı. Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirdi ki, "İctimai televiziya və radio yayımı haqqında" qanuna uyğun olaraq İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasına Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Milli Elmlər Akademiyası və Mətbuat Şurası tərəfindən irəli sürülmüş namizədlərin altı illik səlahiyyət müddəti başa çatmışdır. Bununla əlaqədar olaraq həmin qurumlar yeni namizədlərini irəli sürüblər.

Bundan sonra səsvermə keçirildi. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından Aqil Dadaşov, Azərbaycan Milli Elmlər Akademiyasından Muxtar İmanov, Mətbuat Şurasından isə Cahangir Məmmədli İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasına üzv seçildilər.

Gündəlikdəki ikinci məsələ "Elektroenergetika haqqında" Azərbaycan Respublikasının Qanununa, "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununa və "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə" qanun layihəsi idi. Layihə ilə bağlı Milli Məclis Sədrinin müavini, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov məlumat verdi. "Elektroenergetika haqqında" qanunun 3-cü maddəsinin 3-cü hissəsinə əlavə olunan 2-ci cümlədə deyilirdi: "Elektrik və istilik enerjisi istehlakçısının enerji təchizatı şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alınması üçün texniki şərtlərin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir". "Qaz təchizatı haqqında" qanunun 13-cü maddəsinin 3-cü hissəsinə də bu məzmunda 2-ci cümlə əlavə olunur: "İstehlakçılara qazın verilməsi üçün qazpaylayıcı şəbəkəyə qoşulmanın texniki şərtlərinin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir". "Su təchizatı və tullantı suları haqqında" qanunun 13-cü maddəsinin 2-ci bəndi çıxarılıb, 23-cü maddənin 1-ci bəndinin "b" yarımbəndi "qoşulma, fiziki şəxs olan istehlakçılar istisna edilməklə digər istehlakçı qruplar üzrə istehlakçının hesabına aparılsın" redaksiyasında verilib. Bu maddənin 2-ci bəndinin "b" yarımbəndi çıxarılıb, aşağıdakı məzmunda isə 5-ci bənd əlavə edilib: "İstehlakçının su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulması üçün texniki şərtlərin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir". Qanunun 30-cu maddəsinə isə aşağıdakı məzmunda 3-cü bəndin əlavə edilməsi təklif olunurdu: "Fiziki şəxs olan istehlakçıların sayğaclarla (suölçən cihazlarla) təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi su təchizatı müəssisəsinin hesabına həyata keçirilir".

Qanun layihəsi qəbul olundu.

Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" qanun layihəsini müzakirəyə təqdim etdi. Dəyişikliklərə əsasən dövlət rüsumunun məbləğləri barədə məlumat lövhə şəklində müvafiq xidmət göstərən hər bir dövlət orqanının yerləşdiyi binanın (otağın) görünən yerində asılmalıdır. Ziyad Səmədzadə digər dəyişikliklər barədə məlumat verdi. Qanun layihəsi təsdiq olundu.

Gündəlikdəki digər məsələlər - "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə", "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanun layihələri ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi. İlk iki qanuna təklif olunan dəyişikliklər hakimlərin sosial müdafiəsini özündə ehtiva edir. Bu dəyişikliklər hakimlərin ailə üzvlərinin də pensiya təminatının "Əmək pensiyaları haqqında" qanuna uyğunlaşdırılmasını nəzərdə tutur. Əli Hüseynlinin sözlərinə görə, "Əmək pensiyaları haqqında" qanuna təklif olunan dəyişiklik də digər iki qanuna nəzərdə tutulan dəyişikliklərin məntiqi davamıdır. Hər üç qanun layihəsi təsdiq olundu.

Əli Hüseynli "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" və "Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" qanun layihələrini də müzakirəyə təqdim etdi.

"Əməliyyat-axtarış fəaliyyəti haqqında" qanunvericiliyə görə əməliyyat-axtarış fəaliyyətini Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş təhqiqat orqanları həyata keçirirlər. Bunlar hüquq-mühafizə orqanlarıdır. Təklif olunan dəyişiklik isə ondan ibarətdir ki, korrupsiya ilə bağlı cinayətlər üzrə əməliyyat-axtarış tədbirlərini isə yalnız korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanı, yaxud həmin prokurorluq orqanının yazılı tapşırığı əsasında təhqiqat orqanları həyata keçirsinlər. Əli Hüseynlinin sözlərinə görə, bu, bizim qanunvericiliyimiz üçün müəyyən mənada yenilikdir. Komitə sədri bu dəyişikliyin "Prokurorluq haqqında" qanuna təklif olunan dəyişikliklə üzvi surətdə bağlı olduğunu diqqətə çatdırdı.

İclasda iştirak edən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev görülmüş işlər barədə məlumat verdi. Bildirdi ki, ümumilikdə idarə yaranandan bu günə kimi 385 cinayət işi üzrə ibtidai istintaq aparılıb, 698 şəxs barəsində cinayət işi məhkəmələrə göndərilib. Cari ilin əvvəlindən bu günə kimi 30 şəxs barəsində 16 cinayət işi tamamlanıb məhkəmlərə verilib. Hal-hazırda idarənin icrasında 70 cinayət işinin istintaqı aparılır. İdarənin "qaynar xətt"inə ilin əvvəlindən bu günə kimi 747 müraciət daxil olub. Onların bir neçəsi barəsində məlumatlar üzrə artıq cinayət işləri başlanıb.

Müzakirələr zamanı deputatlar dəyişiklikləri yüksək qiymətləndirdilər və yekunda qanun layihələri təsdiq olundu. Bununla da, Milli Məclisin iclası başa çatdı.

 

 

Azərbaycan.- 2011.-19 mart.- S. 2.