Polis Akademiyasını bitirmiş
sıravi və kiçik rəis heyəti vəzifələrində
xidmət edən əməkdaşlara xüsusi rütbələr
verilmişdir
Martın 18-də Daxili İşlər Nazirliyində müxtəlif illərdə Polis Akademiyasını bitirmiş, sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət edən əməkdaşların zabit vəzifələrinə təyin edilmələrinə həsr olunmuş tədbir keçirilmişdir.
Daxili işlər naziri general-polkovnik Ramil Usubov təyinatın şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini xatırlatmış, bu üsulun təcrübədə özünü doğrultduğunu vurğulamışdır. Bildirilmişdir ki, sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət edən əməkdaşların orta rəis heyəti vəzifələrinə irəli çəkilməsi, onlara lazımi diqqət və qayğının göstərilməsi DİN rəhbərliyinin daim diqqət mərkəzindədir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a daxil olan məlumatda deyilir ki, Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru İsmət Əliyev növbəti belə tədbirdə iştirak etmək məqsədilə nazirliyə 24 əməkdaşın dəvət edildiyini bildirmiş, vakant vəzifələrin və namizədlərin siyahısını elan etmişdir. Daha sonra təyinat püşkatma yolu ilə həyata keçirilmiş, bu məqsədlə polisin orta rəis heyətinə vəzifələrinə iddiaçılar həmin vəzifələrin qeyd edildiyi xüsusi zərfləri çəkmişlər.
R.Usubov orta rəis heyəti vəzifələrinə irəli çəkilmələri münasibətilə əməkdaşları təbrik etmiş, çətin və şərəfli xidmətlərində onlara uğurlar, polisin adını və şərəfini daim uca tutmağı arzulamışdır.
Nazir ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin çıxışlarında Azərbaycanın parlaq gələcəyinin yüksək intellektə, sağlam dünyagörüşə, dərin biliyə və işgüzarlığa malik, mükəmməl təhsil almış, dövlətçiliyə sadiq, vətənpərvər gənclərdən asılı olduğunu dəfələrlə vurğuladıqlarını məmnunluqla xatırlamışdır. O demişdir ki, yüksək mənəvi və iş keyfiyyətlərinə malik şəxslərin dövlət idarəçiliyində, o cümlədən daxili işlər orqanlarında xidmətdə irəli çəkilməsi, onların ölkəmizin ictimai-siyasi həyatında daha geniş şəkildə təmsil olunmaları üçün bütün zəruri addımlar atılır. Hazırda daxili işlər orqanlarının sıralarında on mindən çox gənc əməkdaş dövlətə və dövlətçiliyə sədaqətlə xidmət edir. Bu istiqamətdə ulu öndərimizin və dövlətimizin başçısının müdrik tövsiyələri və göstərişləri layiqincə yerinə yetirilir. Gənclərə dövlət qayğısı davamlı olacaqdır.
Gələcək fəaliyyətlərində gənc zabitlərə uğurlar arzulayan, ekstremal hallarda müstəqil qərar qəbul edə bilməyi, bilik və təcrübələrini artırmağı, daim öz üzərlərində işləməyi, ən müasir informasiya texnologiyalarına yiyələnməyi tövsiyə edən nazir əmin olduğunu bildirmişdir ki, onlar qarşıya qoyulmuş tapşırıqları və vəzifələri yüksək məsuliyyətlə yerinə yetirəcək, dövlətçiliyə, anda sədaqətlə xidmət edəcəklər.
İnsan və vətəndaş hüquq və azadlıqlarının qorunmasının Azərbaycan polisinin fəaliyyətində prioritet istiqamətlərdən biri olduğunu diqqətə çatdıran R.Usubov vətəndaşlara xidmət etməyin həm şərəfli, həm də məsuliyyətli olduğunu, belə çətin vəzifələrin öhdəsindən layiqincə gələn hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının gərgin səyləri hesabına respublikamızda əmin-amanlığın yaradıldığını, son illərdə bütün sahələrdə müşahidə edilən hərtərəfli inkişafın əsasında ulu öndərin və ölkə Prezidentinin dəfələrlə qeyd etdikləri kimi, məhz sabitlik amilinin dayandığını vurğulamışdır.
Nazir tədbir iştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibətilə də təbrik etmiş, onları ölkəmizdə sabitliyin dönməzliyinə, cinayətkarlıqla qətiyyətli mübarizəyə öz töhfələrini verməyə çağırmış və əmin olduğunu bildirmişdir ki, gənc zabitlər bu yöndə öz səylərini əsirgəməyəcək, onlara göstərilmiş etimadı doğruldacaqlar.
Çevik Polis Alayının əməkdaşı Faiq Süleymanov gənc zabitlər adından çıxış edərək xüsusi diqqət, qayğı və yüksək etimada görə nazirliyin rəhbərliyinə təşəkkürünü bildirmiş və bunu gələcək fəaliyyətləri ilə doğrultmağa çalışacaqlarını qeyd etmişdir.
Püşkatmada iştirak etmiş bütün əməkdaşlar həmin gün daxili işlər nazirinin müvafiq əmrləri ilə "polis leytenantı" xüsusi rütbəsi verilməklə orta rəis heyətinə vəzifələrinə təyin olunmuşlar.
Azərbaycan.- 2011.-19 mart.- S. 2.