Korrupsiyaya qarşı mübarizə
sahəsində həyata keçirilmiş son tədbirlər
barədə Azərbaycan Respublikasının Korrupsiyaya
qarşı mübarizə üzrə komissiyasının məlumatı
2011-ci il yanvarın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin iclasında göstəriş vermişdir ki, ölkənin iqtisadi inkişafına mane ola bilən bütün mənfi hallar aradan qaldırılmalıdır. Cənab Prezident xüsusilə vurğulamışdır ki, "Biz biznes mühitinin yaxşılaşdırılması üçün əlavə tədbirlər görməliyik. Bürokratik əngəllər aradan qaldırılmalı, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə daha da ciddi aparılmalı, ictimai nəzarət gücləndirilməlidir. Bütün bunlar çox vacib məsələlərdir. Biz istədiyimizə nail olsaq, Azərbaycan iqtisadiyyatı daha da sürətlə inkişaf edəcək, ümumi daxili məhsulumuz daha da artacaq, vergilərdən daha da çox vəsait daxil olacaq və bunun nəticəsində Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlər də azalacaqdır".
Nazirlər Kabinetinin iclasından sonra 2011-ci il yanvarın 27-də Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə komissiyası bütün aidiyyəti dövlət orqanlarının iştirakı ilə xüsusi iclas keçirmişdir. Ölkədə inkişaf meyillərinə mane ola biləcək mənfi halların aradan qaldırılması, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi üçün dövlət orqanlarına ciddi tapşırıqlar verilmişdir.
Mənfi halların aradan qaldırılması, dövlət orqanlarının fəaliyyətində şəffaflığın və səmərəliliyin artırılması zərurəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən, həmçinin 2011-ci il fevralın 9-da Tovuz və Qazax rayon ictimaiyyətinin nümayəndələri ilə görüşlərində bir daha vurğulanmışdır.
Qazax rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Prezident İlham Əliyev bəyan etmişdir ki, sahibkarlığın inkişafına xüsusi diqqət yetiriləcəkdir və bunun üçün siyasi dəstək çox vacibdir. Prezident daha sonra bildirmişdir ki:
"Sahibkarlara qarşı ədalətsiz hərəkətlərin aradan qaldırılması üçün son zamanlar çox ciddi tədbirlər görülür. Bu tədbirlər mütəmadi qaydada görülür, amma mən hesab edirəm ki, biz bu sahədə səylərimizi daha da gücləndirməliyik. Əsassız müdaxilələrə, lazımsız yoxlamalara son qoyulmalıdır".
"Azərbaycanda böyük işlər görülür, hələ çox işlər də görülməlidir. Biz ölkəmizi müasirləşdirməliyik, bütün cəhətlərdən - həm siyasi islahatlar, həm də iqtisadi islahatlar baxımından inkişaf etmiş ölkələrin səviyyəsinə çatdırmalıyıq. Ölkədə ictimai nəzarət daha da güclü olmalıdır, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə daha da ciddi aparılmalıdır. Bu məsələlərin həlli ilə bağlı bu ilin əvvəlində Nazirlər Kabinetinin iclasında verdiyim tapşırıqlar yerinə yetirilir".
"Bizim qarşımızda çox böyük perspektivlər vardır. Azərbaycan, sözün əsl mənasında, inkişaf etmiş ölkəyə çevrilməlidir və bu, bizim məqsədimizdir. Mən bu barədə fikirlərimi dəfələrlə bildirmişəm. Baxmayaraq ki, dünyada inkişaf etmiş ölkələrin sayı çox deyil, hesab edirəm, bizim imkanımız var ki, biz bütün meyarlar üzrə o sıraya daxil olaq. Bunu etmək üçün təkcə iqtisadi uğurlar kifayət deyil. Ölkədə gərək bütün sahələr ən yüksək meyarlarla ölçülsün. Sosial təminat, infrastruktur layihələri, sosial ədalət prinsiplərinin bərqərar olması, məhkəmə-hüquq sistemində aparılan islahatlar və ədalətli qərarların çıxarılması, icra orqanlarında şəffaflığın təmin olunması, bütün maliyyə sistemimizdə şəffaflığın maksimum dərəcədə təmin olunması, ictimai nəzarət, demokratiyanın inkişafı - yəni inkişaf etmiş ölkələr bax bu sahələrdəki uğurlar hesabına inkişaf etmiş ölkələr hesab olunur".
Tovuz rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Prezident İlham Əliyev bildirmişdir: "Azərbaycanda görülən işlər dünyanın ən inkişaf etmiş ölkələri səviyyəsində olmalıdır. Biz o səviyyəyə qalxmalıyıq. Biz ona yaxınlaşmışıq, bir çox hallarda lap yaxınlaşmışıq. Amma hələ böyük işlər görülməlidir. Ölkəmizdə bütün işlər - iqtisadiyyat, sosial siyasət və bütün başqa məsələlər müasir səviyyədə olmalıdır. İnsanlar rahat yaşamalıdır, sosial ədalət prinsipləri tam şəkildə bərqərar olmalıdır. Nöqsanlarla çox ciddi mübarizə aparılmalıdır və aparılır. Bu sahədəki fəaliyyətimizi daha da gücləndirməliyik. Bu ilin əvvəlində mən bu məsələlərlə bağlı müvafiq göstərişlər vermişəm: Azərbaycanda rüşvətxorluğa, korrupsiyaya qarşı daha da ciddi mübarizə aparılmalıdır. Bu barədə kifayət qədər qanunvericilik bazası mövcuddur, göstərişlər verilmişdir, sərəncamlar imzalanmışdır. Elə etməliyik ki, Azərbaycanda bu xoşagəlməz halları aradan götürək. Bunu etmək üçün isə gərək biz hamımız - həm iqtidar, həm vətəndaşlar bir hədəfə vurmalıyıq".
Azərbaycan Respublikasının Prezidenti 2011-ci il martın 1-də regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda aşağıdakıları qeyd etmişdir:
"Ölkəmiz
üçün, o cümlədən sahibkarlığın
inkişafı üçün vacib olan məsələlərdən
biri də Azərbaycanda korrupsiya və rüşvətxorluğa
qarşı mübarizəni gücləndirməkdir. Bu barədə
mən öz sözümü ilin əvvəlində Nazirlər
Kabinetinin iclasında demişəm, müvafiq göstərişlər
verilibdir. İndi deyə bilərəm ki, ölkəmizin
bütün yerlərində bu məsələ ilə
bağlı ciddi proseslər gedir. Biz ilkin müsbət nəticələri
görürük və elə etməliyik ki, bu nəticələr
daha da gözə görünən, daha da təsirli olsun. Bu proses birillik, ya ikiillik
proses deyil və bu, kampaniya deyil, bizim şüurlu
seçimimizdir. Əgər biz doğrudan da, Azərbaycanı
müasir ölkə kimi görmək istəyiriksə və
bütün sahələrdə inkişafı görmək
istəyiriksə, xoşagəlməz hallara qarşı
mütləq ciddi mübarizə aparmalıyıq. Korrupsiya və
rüşvətxorluq böyük bəladır, böyük
yaradır və bizim üçün böyük ləkədir.
Elə etməliyik ki, bütün sahələrdə şəffaflıq
təmin edilsin.
Burada, əlbəttə ki, həm
inzibati tədbirlər görülür və görüləcəkdir.
Cəza tədbirləri görülür və görüləcəkdir.
Eyni zamanda, biz struktur islahatlarını elə
aparmalıyıq ki, korrupsiya, rüşvətxorluq tamamilə
aradan götürülsün. Son müddət ərzində mənim
tərəfimdən imzalanmış sərəncamlar bu məqsədi
güdür. Yəni biz struktur islahatlarından, institusional
metodlardan korrupsiyaya, rüşvətxorluğa qarşı
mübarizəni gücləndirmək üçün istifadə
etməliyik. Ancaq əlbəttə ki, təkcə struktur
islahatları aparmaqla biz istədiyimiz nəticəyə nail
ola bilməyəcəyik. Ona görə bütün dövlət
qurumları, bütün dövlət şirkətləri,
yerli icra orqanları, mərkəzi icra orqanları bilməlidir
ki, hər bir məmur öz işində elə işləməlidir
ki, həmişə üzüağ olsun, alnıaçıq
olsun".
Dövlət
orqanlarının fəaliyyətində şəffaflığın
və səmərəliliyin artırılması məqsədi
ilə Azərbaycan Respublikasının Prezidenti 2011-ci ilin
fevral və mart aylarında bir sıra fərmanlar
imzalamışdır.
"Azərbaycan
Respublikası Daxili İşlər Nazirliyinin yol patrul xidməti
əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi
və yol hərəkətinin tənzimlənməsi sahəsində
bəzi tədbirlər haqqında" Azərbaycan
Respublikası Prezidentinin Fərmanı 2011-ci il fevralın 25-də
imzalanmışdır.
Fərmana əsasən, yol hərəkəti
qaydalarının pozulmasına görə ödənilən
cərimələrdən daxil olan vəsaitin 25 faizi yol patrul
xidmətini həyata keçirən və yol hərəkətinin
tənzimlənməsinə cəlb olunan əməkdaşların
aylıq vəzifə maaşlarına əlavənin verilməsi
üçün istifadə olunacaqdır. Həmçinin yol
hərəkəti qaydalarının pozulmasına görə
cərimələrin yalnız bank və ya plastik kart vasitəsilə
ödənilməsi nəzərdə tutulmuşdur. Daxili
İşlər Nazirliyinə
tapşırılmışdır ki, sürücülük
vəsiqələrinin vətəndaşlardan alınması
yalnız İnzibati Xətalar Məcəlləsində nəzərdə
tutulmuş istisna hallarda həyata keçirilsin. Həmçinin
nazirliyə tapşırılmışdır ki, yol hərəkəti
təhlükəsizliyinin təmin edilməsi sahəsində
xidmət edən əməkdaşlar tərəfindən
qulluq vəzifələrinin icrası və inzibati xətalara
baxılması zamanı qanunvericiliyin tələblərinə
ciddi riayət olunmasına nəzarəti gücləndirsin.
"Azərbaycan
Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının
sosial müdafiəsinin gücləndirilməsi, gömrük
işi sahəsində prosedurların sadələşdirilməsi
və şəffaflığın artırılması ilə
əlaqədar bəzi tədbirlər haqqında" Azərbaycan
Respublikası Prezidentinin Fərmanı 2011-ci il fevralın 25-də
imzalanmışdır. Fərmana əsasən, gömrük
sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin
25 faizi Dövlət Gömrük Komitəsinin əməkdaşlarının
aylıq vəzifə maaşlarına əlavənin verilməsi
üçün istifadə olunacaqdır. Həmçinin
Dövlət Gömrük Komitəsinə, Daxili İşlər
və Ədliyyə nazirliklərinə
tapşırılmışdır ki, Azərbaycan
Respublikası ərazisinə idxal edilən nəqliyyat vasitələrinin
gömrük rəsmiləşdirilməsi, dövlət
qeydiyyatının aparılması, daimi uçota
alınması, nəqliyyat vasitəsinin dövlət qeydiyyat
şəhadətnaməsinin və dövlət qeydiyyatı
nişanının verilməsi, habelə nəqliyyat vasitələrinə
sahiblik, istifadə və sərəncam hüquqlarının
verilməsi ilə əlaqədar prosedurların "bir pəncərə"
prinsipi əsasında sadələşdirilməsini
üç ay müddətində təmin etsinlər.
Dövlət Gömrük
Komitəsinə bütün gömrük ödənişlərinin
yalnız bank və ya plastik kart vasitəsilə
alınması tapşırılmışdır. Fərmanla,
həmçinin gömrük orqanlarında göstərilən
xidmətlərin operativliyini və şəffaflığını
artırmaq məqsədi ilə şəxslərin qəbul
edilməsinin elektron idarəetmə sistemi ("elektron növbə")
əsasında həyata keçirilməsi nəzərdə
tutulur. Bununla yanaşı, Dövlət Gömrük Komitəsinə
tapşırılmışdır ki, əməkdaşları
tərəfindən qulluq vəzifələrinin icrası
zamanı qanunvericiliyin tələblərinə ciddi riayət
edilməsinə nəzarəti gücləndirsin.
Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinin
tətbiqi ilə əlaqədar 2011-ci il martın 3-də Azərbaycan
Respublikasının Prezidenti tərəfindən 3 fərman
imzalanmışdır. Fərmanlar Dövlət Gömrük
Komitəsinin, Nəqliyyat Nazirliyinin və Daxili İşlər
Nazirliyinin fəaliyyətində şəffaflığı və
səmərəliliyi artırmaq məqsədi
daşıyır:
- Nazirlər Kabinetinə
tapşırılmışdır ki, Daxili İşlər
Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən
xidmətlərin göstərilməsi və sənədlərin
verilməsi, həmçinin dövlət qeydiyyatına
alınmış nəqliyyat vasitəsi icarə müqaviləsi
və ya etibarnamə əsasında başqa şəxsə
verilərkən qeydiyyatın aparılması prosedurunun sadələşdirilməsinə
dair təkliflərini hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin. Həmçinin
Nazirlər Kabineti tərəfindən nəqliyyat vasitəsinin
dövlət qeydiyyat nişanının verilməsinə
görə tutulan dövlət rüsumunun məbləğinin
dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin
və ya hərflərin kombinasiyası üzrə diferensiasiya
edilməsinə dair təkliflərin hazırlanması nəzərdə
tutulmuşdur;
- Dövlət Gömrük
Komitəsinə və Dövlət Sərhəd Xidmətinə
tapşırılmışdır ki, gətirilməsi və
aparılması qadağan edilən və ya məhdudlaşdırılan
əşyaların siyahısı, dövlət rüsumu, bu
sahədə müvafiq qanunvericilik aktları barədə məlumatı
dövlət sərhədinin buraxılış məntəqələrində
hər kəsin yaxşı görə biləcəyi lövhələrdə
yerləşdirilməsini təmin etsinlər. Bununla
yanaşı, gömrük rüsumuna cəlb olunan malların
adları, həm də kodlar üzrə axtarışın həyata
keçirilməsinə, gömrük ödənişlərinin
məbləğlərinin öyrənilməsinə imkan verən
və istifadəsi sadə olan elektron avadanlıqları
altı ay müddətində dövlət sərhədinin
buraxılış məntəqələrində hər kəsin
yaxşı görə biləcəyi yerdə yerləşdirmək
Dövlət Gömrük Komitəsinə həvalə
edilmişdir;
- Nəqliyyat Nazirliyinə
tapşırılmışdır ki, qanunsuz olaraq nəqliyyat
vasitələrinin dövlət nömrə
nişanlarının açılması hallarını
araşdırsın, təqsirli bilinən şəxslərin
məsuliyyətə cəlb edilməsi və gələcəkdə
belə halların baş verməməsi üçün zəruri
tədbirlər görsün.
2011-ci il martın 11-də
"Azərbaycan Respublikasının Baş prokuroru yanında
Korrupsiyaya qarşı Mübarizə İdarəsinin fəaliyyətinin
təkmilləşdirilməsi məqsədi ilə bir sıra
tədbirlər haqqında" fərman
imzalanmışdır. Sənədə əsasən, Azərbaycan
Respublikasının Baş prokuroru yanında Korrupsiyaya
qarşı Mübarizə İdarəsinin prokurorluq
işçilərinin ümumi say tərkibi 60 ştat vahidi
artırılaraq 40 nəfərdən 100 nəfərə
çatdırılmışdır. Həmçinin, Nazirlər
Kabinetinə tapşırılmışdır ki, bir ay
müddətində Korrupsiyaya qarşı Mübarizə
İdarəsinin işçilərinin aylıq vəzifə
maaşlarının artırılmasını təmin etsin,
o cümlədən idarənin fəaliyyətinin maddi-texniki təminatının
yaxşılaşdırılması ilə bağlı digər
zəruri tədbirlər görsün.
Korrupsiyaya qarşı
mübarizənin gücləndirilməsi və dövlət
orqanlarının fəaliyyətində şəffaflığın
artırılması üçün Azərbaycan
Respublikasının Prezidenti tərəfindən bir neçə
qanun layihəsi Milli Məclisə təqdim edilmişdir.
Azərbaycan
Respublikasının Prezidenti tərəfindən bu ilin mart
ayında Milli Məclisə təqdim edilən qanun layihəsində
miqrasiya sahəsinə qanunvericiliyin pozulmasına görə
toplanan cərimələrin 25 faizinin miqrasiya xidməti
işçilərinin aylıq vəzifə maaşlarına əlavə
olaraq verilməsi nəzərdə tutulur. Azərbaycan
Respublikasının Prezidenti tərəfindən bu ilin mart
ayında Milli Məclisə təqdim edilən digər qanun
layihəsində "Əməliyyat-axtarış fəaliyyəti
haqqında" Qanuna dəyişikliklərin edilməsi nəzərdə
tutulur. Layihəyə görə indiyə qədər
yalnız ibtidai istintaqı həyata keçirən Baş
Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə,
həmçinin əməliyyat-axtarış fəaliyyətini
həyata keçirmək səlahiyyətinin verilməsi nəzərdə
tutulur. Bununla yanaşı, korrupsiya cinayətləri ilə
bağlı əməliyyat-axtarış tədbirlərinin
yalnız bu idarə tərəfindən həyata keçirilməsi
təmin ediləcəkdir.
Azərbaycan
Respublikasının Prezidenti tərəfindən bu ilin fevral
ayında Milli Məclisə təqdim edilən qanun layihəsi
Cinayət Məcəlləsinə dəyişikliklərin
edilməsini nəzərdə tutur. Layihə korrupsiya cinayətləri
subyektlərinin dairəsini genişləndirməyi nəzərdə
tutur. Yeni layihəyə əsasən, "Dövlət
qulluğu haqqında" Qanunda nəzərdə tutulan
bütün dövlət qulluqçuları, bələdiyyə
üzvləri və bələdiyyə qulluqçuları, həmçinin
xarici ölkələrin dövlət orqanlarının vəzifəli
şəxsləri, xarici ölkələrin seçkili
dövlət orqanlarının üzvləri, beynəlxalq təşkilatların
vəzifəli şəxsləri və digər qulluqçuları,
beynəlxalq parlament assambleyalarının üzvləri, beynəlxalq
məhkəmələrin hakimləri və digər vəzifəli
şəxsləri və digər şəxsləri korrupsiya
cinayətlərinin subyektləri kimi tanınacaqdır. Həmçinin
rüşvət
2011-ci il Azərbaycan
Respublikasının Prezidenti tərəfindən "Turizm
ili" elan edilmişdir. Bununla əlaqədar turizmin daha da
inkişaf etdirilməsi, turistlərə vizaların verilməsi
qaydalarının sadələşdirilməsi və bu sahədə
şəffaflığın artırılması məqsədi
ilə müvafiq qanun layihəsi hazırlanmışdır. Sənədə
əsasən, bundan sonra turistlərin turizm şirkətləri
vasitəsilə viza alması daha da asanlaşacaqdır. Turizm
şirkətləri viza almaq üçün elektron qaydada
(internet vasitəsilə) birbaşa Azərbaycan
Respublikasının aidiyyəti səfirliklərinə və
konsulluqlarına müraciət edə biləcəklər. Səfirliklər
və konsulluqlar ən geci 15 gün müddətində
müraciətlərə baxaraq viza verilməsini təmin edəcəklər.
Vizalar elektron formada tərtib ediləcək və e-mail vasitəsilə
sorğu edən turist şirkətinə təqdim ediləcəkdir.
Bu qaydada verilən vizalar pasporta yapışdırılmır
və sərhəd nəzarət-buraxılış məntəqəsindən
keçərkən turist tərəfindən pasportla birgə
təqdim olunur. Viza verilməsi üçün tələb
olunan sənədlərin siyahısı, ərizə
formaları, dövlət rüsumu və digər zəruri məlumatlar
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və
xarici ölkələrdəki səfirlik və
konsulluqlarının internet səhifələrində yerləşdiriləcəkdir.
2011-ci il fevralın 16-da
qüvvəyə minən yeni "Normativ hüquqi aktlar
haqqında" Azərbaycan Respublikasının Qanunu
korrupsiyaya qarşı mübarizə ilə əlaqədar
normativ hüquqi aktların ekspertizasının
aparılması qaydasını müəyyən edir. 2011-ci
il martın 9-da Bakı şəhərinin və paytaxt ətrafı
qəsəbələrin sosial-iqtisadi inkişafına dair
müşavirədə Prezident İlham Əliyev Bakı
şəhərində evlərin qeydiyyata alınması
probleminin olduğunu vurğulamış və bu problemin həll
edilməsinin vacibliyini qeyd etmişdir. Bu prosesdə xoşagəlməz
və korrupsiya hallarının qarşısının
alınması üçün şəhər icra hakimiyyətinin
başçısına tapşırmışdır ki, həmin
evlərin qeydiyyata alınması probleminin həlli məqsədilə
onların qanunsuz tikilib-tikilməməsi məsələsi
araşdırılsın, qeydiyyatın şəffaf və səmərəli
mexanizmi hazırlansın və gələcəkdə
bütün məsələlərin qanun çərçivəsində
tənzimlənməsi və qanunsuz evlərin tikintisinin
qarşısının alınması üçün ciddi tədbirlər
görülsün.
2011-ci il martın 3-də
Baş Prokurorluq tərəfindən korrupsiya cinayətləri
ilə əlaqədar məlumatları qəbul etmək
üçün xüsusi "161" nömrəli
"qaynar xətt" təşkil edilmişdir. Asan istifadə
edilən və pulsuz olan "qaynar xətt"in məqsədi
korrupsiya cinayətləri barədə məlumatları və
müraciətləri birbaşa vətəndaşlardan qəbul
etməkdir. Yarandığı bir neçə gün ərzində
Korrupsiyaya qarşı Mübarizə İdarəsi "qaynar
xətt" vasitəsilə müxtəlif sahələrlə
bağlı şikayətlər qəbul etmişdir. Korrupsiyaya
qarşı mübarizə üzrə komissiyanın dəstəyi
ilə www.rusum.az saytı yaradılmışdır. Saytda
dövlət orqanları tərəfindən tətbiq edilən
rüsum və tariflər barədə məlumatlar, dövlət
orqanlarına müraciət üçün əlaqə
ünvanları, müxtəlif sahələr üzrə
rüsumların hesablanması üçün kalkulyatorlar
yerləşdirilmişdir. O cümlədən komissiyanın dəstəyi
ilə etik davranış qaydaları ilə bağlı
www.etika.az saytı yaradılmışdır. Sayt dövlət
qurumlarının nümayəndələrinin və vətəndaşların
münasibətlərinin etik davranışları çərçivəsində
tənzimlənməsinə dəstək vermək, bu sahədə
maarifçilik və məlumatlandırma məqsədi
daşıyır.
Son vaxtlar korrupsiyaya
qarşı mübarizə sahəsində
görülmüş praktiki tədbirlər nəticəsində
Azərbaycan Respublikası Prezidentinin ünvanına yüzlərlə
təşəkkür məktubları daxil olmuşdur. Təşəkkür
məktublarında korrupsiyaya qarşı mübarizə tədbirlərinin
nəticələri alqışlanır və Azərbaycan
Respublikasının Prezidenti tərəfindən həyata
keçirilən son təşəbbüslərin dəstəkləndiyi
bəyan edilir.
Azərbaycan.- 2011.-19 mart.- S. 3.