Azərbaycanın aqrar sektoru daxili
bazarı ərzaqla tam təmin etmək imkanlarına malikdir
Azərbaycan torpaq-iqlim şəraitinə görə kənd təsərrüfatı üçün əlverişli ölkədir. Hələ qədim zamanlardan burada yaşayan əhali taxılçılıq, üzümçülük, meyvəçilik, tərəvəzçilik, pambıqçılıq və heyvandarlıqla məşğul olub. Daxili və xarici bazarların genişləndirilməsi, nəqliyyat sistemlərinin inkişafı Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalını artırmağa təkan verib. Məsələn, 1896-1898-ci illərdə Azərbaycanda illik taxıl istehsalı 1 milyon tondan artıq olmuşdur. Bu, adambaşına 580 kiloqram taxıl demək idi.
Həmin dövr Azərbaycanda heyvandarlıq da güclü inkişaf etmişdi. Artıq XX əsrin əvvəllərində əhalinin hər 100 nəfərinə düşən mal-qaranın sayına görə Azərbaycan dünya üzrə göstəricini 2,3 dəfə üstələyirdi. Lakin dünyada gedən proseslər (müharibələr, təbii fəlakətlər və s.) Azərbaycandan da yan ötmədi. Nəticədə istehsalın səviyyəsi aşağı düşdü.
XX əsrin birinci yarısında, daha dəqiq desək, keçmiş SSRİ zamanı mərkəzləşdirilmiş planlı təsərrüfat sistemi ordunu və əhalini ərzaq məhsulları ilə təmin etmək istiqamətində inkişaf etdirilirdi. 1943-cü ildə Azərbaycanda taxıl əkini sahəsi 1940-cı ilə nisbətən 150 min hektar genişləndirilmişdi. Həmin dövrdə dənli və dənli-paxlalıların istehsalı 541 min tona, pambıq 65 min tona, tütün 4 min tona, kartof 81 min tona, meyvə və giləmeyvə 30 min tona, üzüm istehsalı 44 min tona çatmışdı.
Müharibədən sonrakı dövrdə də əkin sahələri genişləndirilir, məhsul istehsalı ilbəil artırdı. 1966-69-cu illərdə respublika üzrə orta hesabla ildə 707 min ton taxıl, 326 min ton pambıq, 353 min ton tərəvəz, 120 min ton kartof, 64 min ton meyvə, 202 min ton üzüm, 9 min ton yaşıl çay yarpağı istehsal edilmişdi.
Amma Azərbaycanda aqrar sektorun kompleks inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən aqrar siyasət nəticəsində respublikada kənd təsərrüfatı elmi əsaslarla inkişaf etdirilərək böyük aqrar-sənaye potensialı yaradıldı. Təkcə 1971-75-ci illərdə kənd təsərrüfatının inkişafına dövlət tərəfindən 1 milyard 390 milyon manat vəsait ayrıldı. Qısa müddətdə 234 min hektar sahədə torpaqların meliorasiyası aparıldı, 3 min hektarda suvarma şəbəkəsi yenidən quruldu, təsərrüfatların maddi-texniki bazası genişləndirildi. Nəticədə məhsulların xammal və emal olunmuş şəkildə istehsalı artdı. Kənd təsərrüfatının ümumi məhsullarının dəyəri 1969-cu ildə 1 milyard manat idisə, 1975-ci ildə 1 milyard 573 milyon manata çatdı. Xüsusən 1981-ci ildə rekord nəticələr əldə olundu. Həmin il respublikada 1 milyon 150 min ton taxıl, 831 min ton pambıq, 1 milyon 707 min ton üzüm, 850 min ton tərəvəz, 96 min ton bostan bitkiləri, 26 min ton yaşıl çay yarpağı, 147 min ton mal-qara və quş əti, 836 min ton süd, 772 milyon yumurta və 11 min ton yun tədarük edildi. O dövr həm də Azərbaycan kəndinin sosial siması dəyişdi, kolxozçuların və sovxoz işçilərinin orta aylıq qazancları artdı.
Lakin Sovet İttifaqının dağılması nəticəsində bütün keçmiş respublikalarda, o cümlədən Azərbaycanda iqtisadiyyat, xüsusilə aqrar sektor böhran vəziyyətinə düşdü. Müstəqilliyin ilk illərində hakimiyyətdə olan naşı rəhbərlərin apardığı siyasət bütün sahələrdə olduğu kimi, aqrar bölmədə də bu böhranı daha da dərinləşdirdi. 1990-95-ci illərdə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı bir çox əsas sahələr üzrə hətta 2-3 dəfə aşağı düşmüşdü. 1994-cü il martın 4-də kənd təsərrüfatı problemlərinin həllinə həsr olunmuş müşavirədə Heydər Əliyev həmin vəziyyəti belə xarakterizə etmişdir: "Bildiyiniz kimi, respublikamız ağır iqtisadi-sosial böhran içərisindədir. Respublikanın iqtisadiyyatının və sosial həyatının bütün sahələrini bürüyən bu böhran, təəssüf ki, ilbəil dərinləşir, ölkənin həyatına mənfi təsiri güclənir. Bu vəziyyət əhalinin həyat tərzinə mənfi təsir edir və ümumiyyətlə, respublikanın bugünü və gələcəyi üçün çox böyük çətinliklər yaradır. Ancaq eyni zamanda xalqımız bilməlidir ki, Azərbaycanın daxili imkanları çox böyükdür, böhran vəziyyətindən çıxmaq üçün mümkünatlar var. Biz bu imkanların hamısını işə salmalı, onlardan səmərəli istifadə etməli və respublikamızı bu ağır vəziyyətdən çıxarmalıyıq".
Beləliklə, ulu öndərin rəhbərliyi ilə iqtisadi inkişafın strategiyası hazırlandı və 1995-2004-cü illərdə aparılan aqrar islahatlar nəticəsində böyük işlər görüldü. İlk növbədə dövlət aqrar sektorun inkişafı üçün stimullaşdırıcı tədbirlər görməyə başladı. Məsələn, ulu öndər Heydər Əliyevin 22 mart 1999-cu il tarixli fərmanına əsasən Nazirlər Kabineti kənd təsərrüfatı məhsulu istehsalçılarına dövlət büdcəsi hesabına güzəştli pərakəndəsatış qiyməti ilə neft məhsullarının (benzin, dizel, yanacaq və motor yağları) satılması barədə qərar qəbul etdi. Milli Məclis isə kənd təsərrüfatı məhsulları istehsalçılarının torpaq vergisi istisna olunmaqla, digər vergilərdən azad edilməsi barədə qanun qəbul etdi.
Bu siyasətin davamı olaraq dövlət başçısı İlham Əliyevin 2003-cü il 24 noyabr tarixli "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" fərmanında və 2004-cü il 11 fevral tarixli "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı"nda aqrar sahəyə diqqət daha da artırıldı. Nəticələr özünü çox gözlətmədi. Azərbaycan hazırda daxili istehsal hesabına özünü dənli bitkilərlə 76 faiz, quş əti ilə 74 faiz, ətlə 94, kərə yağı ilə 83 faiz, süd məhsulları və südlə 85 faiz, unla 94 faiz, şəkərlə 150 faiz, tərəvəzlə 102 faiz, meyvə ilə 127 faiz təmin edir. Ölkəmiz kənd təsərrüfatı məhsulları idxalçısından tədricən ixracçısına çevrilir. İxracın coğrafiyası, həcmi və çeşidi də genişlənir. Ölkəmiz bu gün 85 ölkəyə 25-30 adda bitki mənşəli ərzaq və qida məhsulları satır.
Prezident İlham Əliyevin 25 avqust 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" isə qarşıdakı illərdə ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından böyük əhəmiyyətə malikdir. Bu proqram aqrar sahənin strateji xəttini müəyyənləşdirib. Sənəddə 2015-ci ilədək dənli bitkilərin əkin sahələrini 900 min hektara, məhsuldarlığı 32 sentnerə, ümumi istehsalı 2,8 milyon tona, ət istehsalını 340 min tona, süd və süd məhsulları istehsalını 2,4 milyon tona, sənaye üsulu ilə illik quş əti istehsalını 80 min tona, tərəvəz və bostan bitkiləri istehsalını 1,72 milyon tona, meyvə istehsalını 800 min tona, çay yarpağı istehsalını 3 min tona, yumurta istehsalını 1,12 milyon ədədə, yağlı bitkilərin əkin sahəsini 135 min hektara, şəkər çuğundurunun əkin sahəsini 20 min hektara, yem bitkilərinin əkin sahələrini 500 min hektara çatdırmaq nəzərdə tutulub.
Bu vəzifələrin həyata keçirilməsində Kənd Təsərrüfatı Nazirliyinin də üzərinə məsul vəzifələr düşür. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, tədbirlər planının 104 bəndində bu və ya digər formada Kənd Təsərrüfatı Nazirliyinə müvafiq göstərişlər verilib. Bütün bu tədbirlərin həyata keçirilməsi istiqamətində daim ciddi işlər görülür.
Bundan əlavə, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda da iqtisadi regionlarda aqrar sektor üzrə bir sıra vacib tədbirlərin görülməsi nəzərdə tutulub. Proqrama görə, kənd təsərrüfatında ənənəvi sahələr olan taxılçılığın, üzümçülüyün, meyvəçiliyin, pambıqçılığın, tütünçülüyün, çayçılığın, ipəkçiliyin və digər sahələrin inkişafı prioritet vəzifə olaraq qalır.
Artıq adları çəkilən sənədlərin qəbulundan 2 ildən çox vaxt keçir və müəyyən dərəcədə görülən işlər barədə hesabat vermək mümkündür. Bu dövrdə, o cümlədən 2010-cu ildə kənd təsərrüfatı sahəsində dinamik inkişaf əldə olunub. Hava şəraitinin qeyri-sabit keçməsinə baxmayaraq, keçən il bitkiçilik sahəsi üzrə 1583 min hektardan çox sahədə (çoxillik əkmələrsiz) əkin aparıldı (onun 966 min hektardan çoxunu payızlıq və yazlıq dənli paxlalılar təşkil edirdi) və həmin sahələrdən qarğıdalı da daxil olmaqla 2 milyon ton, hər hektardan isə 20,7 sentner məhsul götürüldü. Eyni zamanda, ötən il ölkə üzrə 37,3 min ton pambıq, 15,7 min ton günəbaxan, 256,5 min ton şəkər çuğunduru, 953,7 min ton kartof, 1 milyon 181 min ton tərəvəz, 433,5 min ton bostan məhsulları, 3,2 min ton tütün yarpağı, 545 ton yaşıl çay yarpağı, 129,5 min ton üzüm və 729,3 min ton meyvə istehsal edildi.
Bir məsələni
də vurğulamaq yerinə düşərdi. Məlum
olduğu kimi, regional inkişaf proqramının 2-ci ilinin
yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev
ərzaq təhlükəsizliyinin təmin edilməsi
üçün toxumçuluq təsərrüfatlarının
genişləndirilməsinin vacibliyini xüsusi qeyd etmişdir.
Həqiqətən bu, çox önəmli sahədir. Biz də
bu işin yüksək səviyyədə həyata
keçirilməsi üçün bütün tədbirləri
görməyə çalışırıq. Son illər toxumçuluqda xeyli
artım olub. Amma potensial imkanlar daha çoxdur. Respublikada
toxumçuluq və tinglik sahəsinin tənzimlənməsi,
toxumçuluq bazasının möhkəmləndirilməsi
işlərini daha geniş miqyasda həyata keçirməyə
imkan var.
Hazırda Azərbaycanda 683
özəl toxumçuluq subyekti fəaliyyət göstərir
ki, onun da 597-si taxıl toxumçuluğunun payına
düşür. Dövlət və özəl toxumçuluq
təsərrüfatlarında 2010-cu ildə 111438 ton
kondisiyalı taxıl toxumu, o cümlədən 89031 ton
buğda, 22407 ton arpa toxumu, fiziki və hüquqi şəxslərdə
isə 38760 ton taxıl, o cümlədən 30290 ton buğda,
8470 ton arpa toxumu, eləcə də Aqrar Elm Mərkəzinin təcrübə
təsərrüfatlarında 1945 ton orijinal, superelit və elit
taxıl toxumu istehsal olunub. Ümumilikdə, keçən il
152143 ton kondisiyalı taxıl toxumu istehsal olunaraq 2011-ci ilin əkininə
ayrılıb. Artıq subsidiyalaşmış toxum ümumi
toxum istehsalının 30 faizini təşkil edir.
Yeri gəlmişkən qeyd
edək ki, sözügedən konfransda dövlət rəhbəri
ölkə əhalisinin çörək və çörək
məhsulları ilə tələbatını daxili istehsal
hesabına təmin etmək məqsədi ilə iri
taxılçılıq təsərrüfatlarının
yaradılması barədə tapşırıq vermişdir.
Artıq bununla bağlı Nazirlər Kabinetində əlaqədar
qurumların iştirakı ilə qərar qəbul olunub,
icraçılar müəyyənləşdirilib. İri
taxılçılıq təsərrüfatlarının əsasən
dövlət torpaq fondu hesabına yaradılması nəzərdə
tutulur. Bu məqsədlə Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinə və "Azmelsutəsərrüfat" ASC-yə
203129 hektar torpaq sahəsində meliorativ tədbirlərin
aparılması və əkinə yararlığının
müəyyən edilməsi tapşırığı
verilib. Torpaqların əkinə yararlı və suvarma suyu ilə
təminatı vəziyyəti tam öyrənildikdən və
əkin dövriyyəsinə daxil edildikdən sonra Kənd Təsərrüfatı
Nazirliyi əlaqədar yerli icra orqanları ilə elmi əsaslandırılmış
tədbirlərlə taxıl və digər məhsulların
istehsalını tənzimləyəcək. Hazırda bu
torpaqlarda yeni texnologiyalar və növbəli əkin sistemi tətbiq
olunmaqla buğda istehsalının iqtisadi cəhətdən səmərəliyi
barədə təkliflər hazırlanır.
Prezidentin diqqət mərkəzində
saxladığı mühüm məsələlərdən
biri də ölkədə ərzaq təhlükəsizliyinin
təmin edilməsidir. Aqrar sahənin dinamik inkişafı
istehsalın artırılması ilə yanaşı, həm
də onun maliyyə nəticələrinin
yaxşılaşdırılmasından xeyli dərəcədə
asılıdır. İstehsalçıların maliyyə vəziyyətinə
məhsulun maya dəyəri, onun orta satış qiyməti,
yanacağın və enerji
daşıyıcılarının qiymətləri təsir
göstərir. Kənd təsərrüfatı məhsullarının
maya dəyəri isə əsas etibarilə nəqliyyata,
toxuma, yanacağa və enerji daşıyıcılarına sərf
olunan məsrəflərin artımı nəticəsində
yüksəlir. Bu isə son nəticədə fermerlərin
maliyyə durumuna mənfi təsir göstərməklə
aqrar sahənin davamlı inkişaf imkanlarını məhdudlaşdırır.
Fikrimizcə, xüsusilə əkinçilikdə
texnologiyanın təkmilləşdirilməsi intensivləşmənin
başlıca amilidir. Odur ki, bir sıra tədbirlərin
(aqrotexniki tədbirlərin həyata keçirilməsinin
keyfiyyətinin yüksəldilməsi və gübrələnmənin
səviyyəsinin yüksəldilməsi; kənd təsərrüfatı
bitkilərinin yüksək məhsuldar sortlarından istifadə
edilməsi; bitkilərin, eləcə də torpaqların və
texnikanın səmərəli istifadə edilməsi ilə
bağlı istehsalın yeniləşdirilməsinin səmərəli
sxeminin tətbiq olunması; kənd təsərrüfatında
məhsul istehsalının bütün mərhələlərində,
o cümlədən məhsul istehsalı ilə bağlı
aqrotexniki tədbirlərin həyata keçirilməsi və məhsul
yığımı ilə bağlı bütün hallarda
texnologiyanın idarə olunmasının təkmilləşdirilməsi)
dörülməsi zəruridir. Ona görə də hesab
edirik ki, aqrar sahənin davamlı inkişafına nail olmaq
üçün problemlərin həllinə kompleks şəkildə
yanaşılmalıdır. Xüsusən bu problemlərin həlli
istiqamətində hazırda dövlət tərəfindən
aparılan məqsədyönlü tədbirlərlə
yanaşı, məhsul istehsalı və emalı sahələrinə
güzəştli kreditlər verilməli, investisiyalar cəlb
edilməli və dövlət dəstəyi daha da
artırılmalıdır. Eləcə də ölkənin
torpaq-iqlim şəraitinə uyğun bölgələr
üzrə istehsal sahələri kompleks inkişaf etdirilməlidir.
Bunun üçün sənaye əhəmiyyətli sahələrin
yaradılması və inkişafına dəstək verilməlidir.
Xüsusən pambıqçılıq,
üzümçülük, çayçılıq,
tütünçülük, baramaçılıq sahələrinin
inkişafına diqqət artırılmalıdır. Çayçılığın
inkişafı üçün sahibkarlara uzunmüddətli
güzəştli kreditlər verilməli, çay toxumu və
şitili torpaq mülkiyyətçilərinə dövlət
vəsaiti hesabına güzəştlə verilməlidir. Toxumçuluq
sisteminin müasir tələblərə uyğun qurulması,
seleksiya, toxumartırma işlərinin xüsusi təsərrüfatlarda
aparılması da vacibdir.
Aslan ASLANOV,
kənd təsərrüfatı nazirinin müavini
Azərbaycan.- 2011.-19 mart.- S. 3.