Əli Həsənov: "Radikal müxalifət partiyaları və dairələri Azərbaycan dövlətinin, millətinin maraqlarına dair məsələlərdə pozucu mövqedən çıxış edirlər"

 

Xalqın dəstəyindən tamamilə məhrum olan, nüfuzunu, sosial dayaqlarını və ictimai-siyasi proseslərə təsir imkanlarını tamamilə itirmiş radikal müxalifət partiyaları ənənəvi inkarçı və qərəzli mövqedən çıxış edirlər. Radikal müxalifətin hakimiyyətin nüfuzu qarşısında acizliyi, gücsüzlüyü və sivil rəqabət imkanına malik olmaması göz qabağındadır. Onlar yaxşı başa düşürlər ki, ictimai dayaqları güclənən, xalqın etimadını qazanan hakimiyyətin bütün seçkilərdə uğur qazanmaq şansı birmənalıdır. Xalqı indiki iqtidarı dəstəklədiyinə görə dəfələrlə açıq ittiham edən, hətta həqarətli ifadələr işlətməkdən çəkinməyən radikal müxalifət sivil, demokratik seçki yolu ilə hakimiyyətin namizədinə qalib gəlmək şansını birdəfəlik itirdiyini yaxşı başa düşür. 1992-ci ildə xalqı "demokratiya" hayqırtıları ilə, yalan vədlərlə aldadaraq silahlı yolla hakimiyyətə yiyələnən bu destruktiv qüvvələr yenə də "köhnə təfəkkürlə" siyasi mübarizə aparmağa cəhd edirlər. Ancaq bu destruktiv partiya rəhbərləri yanılırlar. Unudurlar ki, indi sivil rəqabət şəraitində, demokratik, azad seçki nəticəsində hakimiyyətə gəlmək mümkündür, bunda isə onların imkanları sıfıra bərabərdir.

 

Digər tərəfdən, 1992-1993-cü illərdə hakimiyyətdə olmuş bu qüvvələr ölkənin inkişafı naminə heç bir addım atmamış, yalnız şəxsi maraqları üçün çalışmışlar. Ağı-qaradan seçməyi yaxşı bacaran müdrik xalqımız aqressiv müxalifətin bu gün səsləndirdikləri sərsəm bəyanatların da cılız siyasi maraqlara xidmət etdiyini yaxşı başa düşür. Həmin xaos, anarxiya illərində respublikamızın müstəqilliyi şərti mahiyyət kəsb etmiş, xalqımız ədalətli, sivil və iqtisadi cəhətdən inkişaf edən dövlətdə yaşamaq arzusunu gerçəkləşdirə bilməmişdi. Həmin dövrdə Azərbaycanda cərəyan edən ağır və mürəkkəb proseslər göstərdi ki, milli dövləti yalnız qətiyyətli liderlərin, xalqına bağlı rəhbərlərin yüksək idarəçilik və liderlik keyfiyyətləri sayəsində hifz etmək olar. O illərdə Azərbaycanda hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı, daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermiş, qanunçuluğun və hüquq qaydalarının təminatı, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun, ən nəhayət, ictimai asayişin qorunması sahəsində əsaslı problemlər yaratmışdı.

O dövrdə AXC-Müsavat iqtidarının naşı və yarıtmaz fəaliyyəti nəticəsində hüquq-mühafizə orqanlarının üzərinə düşən qanuni vəzifələri həyata keçirə bilməməsi ictimai həyatın müxtəlif sahələrində hərc-mərcliyin baş alıb getməsinə, cinayətkar ünsürlərin mütəşəkkil fəaliyyətinə, silahlı qruplaşmaların cövlan etməsinə münbit şərait formalaşdırmış, daxildə qeyri-sabit və təhlükəli vəziyyətə səbəb olmuşdu. Respublikada qanunçuluğa, hüquq qaydalarına əməl olunmamasına, dövlət idarəçiliyinin iflic vəziyyətə düşməsi, ayrı-ayrı siyasətçilərin "könüllü döyüşçü" adı altında qanunsuz silahlı dəstələr yaratması nəticə etibarı ilə hakimiyyətdə olan qüvvələrin iflasını daha da sürətləndirirdi. Bir tərəfdən ayrı-ayrı məmurların "özfəaliyyət dərnəyi" yaradaraq dövlətin o zamankı rəhbərliyinə etinasız münasibəti nəticəsində hakimiyyət böhranının dərinləşməsi, digər tərəfdən isə ölkənin cənubunda və şimalında separatçıların məkrli niyyətlərlə baş qaldırması ölkədəki vəziyyəti dalana gətirib çıxarmışdı. Faktiki olaraq müəyyən xarici qüvvələrin dəstəklədiyi bu cinayətkar qruplar respublikamızın yenicə nail olduğu dövlət müstəqilliyinə ciddi təhlükə olmaqla yanaşı, silahlı vətəndaş müharibəsinə, Azərbaycanın ayrı-ayrı bölgələrə parçalanmasına zəmin yaratmışdı.

Belə bir böhranlı və ağır vəziyyətdə xalqın çıxış yolunu yenə də müdrik rəhbərinin - ulu öndər Heydər Əliyevin hakimiyyət sükanı arxasına keçməsində görməsi bir sıra obyektiv reallıqlarla şərtlənirdi. Əksəriyyət başa düşürdü ki, yaranmış ekstremal şəraitdə ölkədə ictimai-siyasi gərginliyi aradan qaldırmaq, qanunsuz silahlı qüvvələri zərərsizləşdirmək, dövlət təsisatlarının normal fəaliyyətini təmin etmək bacarığına malik yeganə - alternativsiz lider məhz Heydər Əliyev idi! Həmin dövrdə xalqın ulu öndərə olan böyük sevgi və inamını etiraf etmək məcburiyyətində qalan AXC-Müsavat iqtidarının Heydər Əliyevi acizanə şəkildə Bakıya dəvət etməsi də məhz bu reallıqla şərtlənirdi.

Əgər xalqın böyük təkidi ilə Heydər Əliyev yenidən hakimiyyətə gəlməsəydi, bugünkü müstəqil Azərbaycanın varlığından danışmaq çətin ki, mümkün olacaqdı. Bu böyük qayıdış ilk növbədə, Azərbaycanın varlığını, müstəqilliyini, dövlətçiliyini qoruyub saxladı, ölkəni parçalanmaqdan, vətəndaş müharibəsindən xilas etdi. Ermənistanın daha geniş ərazilərimizi işğal etməsinin, kütləvi qanlar axıdılmasının qarşısını aldı, atəşkəsin elan edilməsinə nail oldu. Bundan sonra ümummilli liderin rəhbərliyi altında ölkədə ictimai-siyasi sabitlik təmin olundu, qanunsuz silahlı birləşmələr zərərsizləşdirildi, özbaşınalığın, hərc-mərcliyin, qanunsuzluqların, kütləvi iğtişaşların, aclığın, səfalətin qarşısı alındı.

Xarici havadarlarının maliyyə dəstəyi ilə istənilən yola baş vurmağa, hətta iğtişaşlar törətməyə hazır olan ifrat radikal müxalifət dairələrinin iç üzünü artıq xalq yaxşı tanıyır. Bu destruktiv qüvvələrin antiazərbaycan dairələrin tapşırığı ilə yenidən fəallaşması onların Azərbaycanı ötən əsrin 90-cı illərinin anarxiya və xaos dövrünə sürükləmək niyyətindən əl çəkmədiklərini dir daha göstərir. Son günlər ifrat radikal müxalifət düşərgəsində belə bir absurd fikirlər özünə yer almışdır ki, guya bir sıra ərəb ölkələrində - Tunisdə, Misirdə yaşanan məlum hadisələr Azərbaycanda da təkrarlana bilər. Reallığa söykənməyən analogiyalar aparan radikal müxalifət təmsilçiləri nədənsə unudurlar ki, xaos və anarxiya, vətəndaş itaətsizliyi, siyasi, iqtisadi və mənəvi böhran dövrü kimi səciyyələnən "siyasi eksperimentlər" dövrü artıq başa çatıb.

Ərəb ölkələrində baş verən hadisələr müəyyən Qərb dairələrinin bütün müsəlman dünyasını qarışdırmaq, müsəlman cəmiyyətlərdə ciddi qarşıdurma yaratmaq niyyətindən xəbər verir. Ərəb ölkələrində baş verən hadisələrdən "ruhlanan" radikal müxalifət ictimai rəyi aldatmağa, eyni hadisələrin Azərbaycanda da təkrarlanacağı haqqında yanlış fikir formalaşdırmağa cəhd göstərsə də, bunun heç bir nəticəsi yoxdur və olmayacaqdır da. Əvvəla, ona görə ki, xalqımız bu dağıdıcı müxalifəti yaxşı tanıyır. Azərbaycan artıq öz inkişaf və qüdrətinin elə bir həddindədir ki, hər hansı kənar qüvvənin daxili işlərinə qarışmasına qətiyyən yol verməz. Buna cəhd edənlər hər zaman qanunun tələblərinə müvafiq cəzalarını alacaqlar. Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirmişdir: "Təəssüflər olsun ki, bəzi müxalifət partiyaları və dairələri bu gün Azərbaycan dövlətinin, millətinin maraqlarına dair məsələlərdə nəinki dialoqa hazır olmadıqlarını nümayiş etdirir, əksinə, pozucu mövqedən çıxış edirlər".

Müxalifətin son zamanlar radikal davranışlarına münasibət bildirən şöbə müdiri vurğulamışdır ki, biz müxalifətlə daim təmasda oluruq, daim onlarla bu və ya digər məsələlərin müzakirəsinə hazır olduğumuzu bəyan edirik. Dəfələrlə olub ki, ümummilli əhəmiyyət kəsb edən, Azərbaycan dövlətinin maraqlarına toxunan məsələlərin həlli ilə bağlı müzakirələrdə biz müxalifətlə bir araya gəlmişik. Biz bundan sonra da buna hazırıq.

Ulu öndər Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib dinamik inkişaf yoluna çıxardığı Azərbaycan hazırda onun layiqli davamçısı - Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında dünyanın ən sürətlə irəliləyən, müasirləşən, demokratikləşən dövlətinə çevrilmişdir. Respublikamız hələ də tam başa çatmayan qlobal böhran şəraitində belə, sürətli sosial-iqtisadi inkişafını qoruyub saxlayır, böyük infrastruktur layihələri, regional proqramlar həyata keçirir, Avropanın enerji təhlükəsizliyində sözünü deyir. Cəmiyyətin bütün sahələrində özünü göstərən dirçəliş, intibah meyilləri sosial-mədəni sferada da qabarıq büruzə verir. İndi hər bir Azərbaycan vətəndaşı bu inkişafı öz həyat səviyyəsində hiss edir. Ən başlıcası isə bu gün Azərbaycan cəmiyyətinin bütövlüyü və monololitliyi təmin olunmuş, insanlarda uğurlu gələcəyə nikbin baxış formalaşmışdır.

 

 

E.HACIALIYEV

 

Azərbaycan.- 2011.-19 mart.- S.4.