Radikal müxalifət Azərbaycan gəncliyini çirkin məqsədlərinə cəlb edə bilməz

 

Əvvəllər yalnız seçkilər ərəfəsində ən müxtəlif hoqqalarla varlığını sübut etməyə çalışan radikal müxalifət deyəsən, antiazərbaycançı şəbəkədən yeni "tövsiyələr" alıb. Maraqlıdır ki, bir müddət əvvələ qədər radikal düşərgə Qərbin bəzi siyasi dairələrinin onlara diqqət yetirməməsindən gileylənirdi. Bu gün isə qarşısında diz çökməyə başlayıb. İki ərəb ölkəsində baş verən məlum hadisələr nədənsə sapı özümüzdən olan baltaları yamanca "ruhlandırıb".

Görünür, müxalifət təmsilçilərinin planetimizin siyasi mənzərəsi, dünyada cərəyan edən proseslər, ayrı-ayrı dövlətlərdəki idarəetmə barədə təsəvvürləri yoxdur. Çünki belə olmasaydı, ərəb dövlətlərində baş verənlərin Azərbaycanda da təkrarlanacağını iddia etməzdilər. Bu gün ən bəsit siyasi dünyagörüşünə malik insan belə, respublikamızla həmin ölkələr arasında heç bir istiqamət üzrə eyniləşdirmə aparmaz.

Azərbaycan dünyəvi, demokratik və hüquqi dövlətdir. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra respublikamız dünya birliyinin üzvü kimi demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu seçib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müasir inkişaf dövründə də cəmiyyətdə demokratik dəyərlərin möhkəmləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilib. Digər tərəfdən, Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində Azərbaycan son illərdə nəinki regionun, eləcə də dünyanın ən sürətlə və dinamik inkişaf edən ölkəsinə çevrilib. Respublikamızda insanların həyat səviyyəsi gündən-günə yüksəlir, əməkhaqları, pensiyalar, digər sosial ödəmələr artırılır. Bütün sosial təbəqələr dövlətin diqqət və qayğısı ilə əhatə olunub.

Bütün bünlar ondan xəbər verir ki, digər dövlətlərdə baş vermiş məlum hadisələrin Azərbaycanda təkrarlanması üçün heç bir əsas yoxdur və heç vaxt da olmayacaq. Buna baxmayaraq radikal müxalifət sərsəm iddialarla cəmiyyətdə müxtəlif rəylər formalaşdırmağa cəhd göstərir. Təbii ki, bu cür cəhdlərin heç bir səmərəsi olmayacaq. Çünki cəmi bir illik iqtidarları dövründə Müsavat və AXCP kimi partiyalar özlərini elə tanıdıblar ki, Azərbaycan cəmiyyəti bir daha onlara etimad göstərməyəcək. Bu partiyalar 1992-ci ildə qeyri-sivil metodlarla - topla-tüfənglə, zor yolu ilə iqtidara yiyələnmişdilər. Bir illik hakimiyyətləri dövründə xalqın başına açdıqları oyunlar barədə isə zənnimizcə, danışmaq artıqdır. Həmin bir il Azərbaycan xalqının yaddaşına qanlı izlərlə həkk olunub və bu, heç vaxt silinməyəcək. AXC-Müsavat cütlüyünün səriştəsiz hakimiyyəti, necə deyərlər, küçə ilə gəldiyi kimi, küçə ilə də getdi.

Odur ki, Azərbaycan cəmiyyətində radikal müxalifətə nə yer var, nə də inam. Ona görə də radikal düşərgə öz iddialarına çatmaq üçün antiazərbaycançı dairələrlə işbirliyinə girir, onlarla çox həvəslə əməkdaşlıq edir. Bu gün respublikamıza qarşı düşmən və bədxah mövqedə dayanan, uğurlu neft strategiyamızı, iqtisadiyyatımızın dinamik inkişafını, regionun lider, əsas söz sahibi olan dövlətinə çevrilməyimizi gözü götürməyən kifayət qədər xarici dairələr var. Sosial dayaqlarını itirmiş radikal müxalifət başçıları və onların azsaylı tərəfdarları iqtidarın uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycanın hərtərəfli inkişafını gördükləri və bu vəziyyətin onların hakimiyyətə gəlmək perspektivlərinin üzərindən birdəfəlik xətt çəkdiyini dərk etdikləri üçün antiazərbaycan, o cümlədən ermənipərəst dairələrlə işbirliyinə gedirlər. Bunun üçün isə həmin dairələr qarşısında müəyyən öhdəliklər də götürürlər. Bu öhdəliklərdən biri və ən əsası uğurlu daxili və xarici siyasət yeridən, erməni işğalına qarşı barışmaz mövqedə dayanan, Ermənistana bir qarış da torpağını güzəştə getməyəcəyini dəfələrlə bəyan edən, ərazi bütövlüyünün bərpası üçün bütün vasitələrə əl atmağa hazır olan Azərbaycan hakimiyyətinə qarşı birgə mübarizə aparmaqdır. Radikal müxalifətin xarici dairələr qarşısında ikinci öhdəliyi isə "hakimiyyətə gələcəyi təqdirdə" Dağlıq Qarabağ problemini Ermənistan dövlətinin maraqları çərçivəsində həllinə razılıq verməkdir. Biz AXCP gənclər təşkilatının sədri Ruslan Bəşirlinin Tbilisidə Ermənistanın xüsusi xidmət orqanları ilə apardığı danışıqları unutmamışıq. O cümlədən, Rəsul Quliyevin ABŞ-da ermənipərəst dairələrlə mütəmadi olaraq görüşlər keçirdiyi məlumdur. Yaxud da ötən il Müsavatın rəhbəri İsa Qəmbər Ermənistanın siyasi təşkilatı ilə sıx əməkdaşlıq və birgə fəaliyyətlə bağlı saziş imzaladı. Görünür, vaxtilə müxalifət təmsilçiləri "hətta şeytanla da əməkdaşlığa gedərik" deyəndə bunları nəzərdə tuturmuşlar.

Beləliklə, əsasən Avropadakı və Amerikadakı ermənipərəst dairələrlə marağı üst-üstə düşən radikal müxalifət əslində, iqtidara yox, xalqa, Azərbaycan dövlətinə, milli maraqlarımıza qarşı mübarizə aparır. Həmin dairələrdən aldığı, amma ictimaiyyətdən gizlətdiyi qrantlar hesabına isə qanunsuz mitinqlər keçirməyə cəhd göstərirlər. Əli Kərimli kimi müxalifət başçıları və onların ailələri həmin çirkli pullar hesabına Avropada dəbdəbəli həyat tərzi sürür, övladları mötəbər ali məktəblərdə təhsil alırlar. Bütün bunlar faktdır və gizlətmək mümkün deyil.

Radikal müxalifət son vaxtlar Qərbdəki ağalarının tapşırığı ilə yenə də fəallaşmağa cəhd edir. Əgər buna fəallaşmaq demək olarsa. Martın 11-nə və 12-nə təyin etdikləri mitinqin baş tutmaması da bu fəallaşmanın səviyyəsini göstərdi. Bir daha məlum oldu ki, insanlar radikal düşərgənin sərsəmləmələrinə reaksiya vermək həvəsində deyillər. Bir sözlə, radikal müxalifət xalqın etimadına doğurdan da, layiq olmadığını, bir siyasi düşərgə kimi ictimai maraq doğurmadığını bir daha təsdiqlədi.

Əslində, radikal müxalifətin sosial bazasının tamam tükəndiyi 2005-ci ildən bəllidir. Ötən 6 ildə isə onun sıraları əhəmiyyətli dərəcə seyrəlib. "Canlı meyit"ə çevrilmiş radikal düşərgənin perspektivsizliyi onun olan-qalan üzvlərində də şübhə doğurmur.

Radikal müxalifətin başbilənləri mitinqlərə adam toplamaq üçün indi başqa yol seçiblər. Sıralarında orta və yaşlı nəslin qalmadığını görən Müsavat və AXCP artıq gənclərdən yararlanmağa çalışır. Bunun üçün sosial şəbəkələrdən istifadə edirlər. Amma burada da radikal müxalifət xisləti özünü göstərməkdədir. Yəni, gənclər başqa adlar altında müzakirələrə cəlb olunurlar. Sonra isə həmin müzakirələrin təşkil olunduğu qrupların adı dəyişdirilərək mitinqlərə çağırışı əks etdirən ifadələrlə əvəz olunur. Zənnimcə, bu, riyakarlıqdan, ən əsası, insan hüquqlarının pozulmasından başqa bir şey deyil.

Mən Bakı Dövlət Universitetinin gömrük işinin təşkili fakültəsini bakalavr pilləsi üzrə bitirmişəm. Hazırda BDU-nun hüquq fakültəsində II ali təhsil alıram. Hər addımda ölkəmizdə gənclərə cəmiyyətdə özlərini təsdiq etmək üçün yaradılan şəraitlə rastlaşıram. Qiyabi təhsil müddətində hərbi xidmətə yollanaraq bütün gənclər kimi vətənə şərəflə xidmət etmişəm. Amma təəssüf ki, radikal müxalifət başçılarının yaxınları, o cümlədən sosial şəbəkələrdə antiazərbaycan təbliğatı aparan Bəxtiyar Hacıyev kimiləri hərbi xidməti özlərinə yaraşdırmır, əsgərliyə çağrılmağı siyasi təzyiq kimi qiymətləndirirlər. Hərbi xidmət keçmək hər bir gəncin konstitusion borcudur. Əgər kimsə bu borcu yerinə yetirmək istəmirsə, onun bu torpaqda yaşamağa da haqqı yoxdur.

Azərbaycan gəncləri dövlətimizin həyata keçirdiyi siyasəti ürəkdən dəstəkləyirlər. Çünki məhz bu dövlət hər bir gənc vətəndaşın maraqlarını ehtiva edən gənclər siyasəti həyata keçirir. Prezident İlham Əliyevin 2007-ci ili gənclər ili elan etməsi, dövlət hesabına gənclərin təhsil almaq üçün xaricə göndərilməsi, gənc ailələrə güzəştlərin edilməsi və digər tədbirlər bu siyasətin göstəriciləridir. Ona görə əminliklə deyə bilərik ki, radikal müxalifət Azərbaycan gəncliyini heç vaxt çirkin məqsədlərinə cəlb edə bilməz.

 

 

Vüqar ABDULƏZİMOV,

BDU-nun hüquq fakültəsinin

II kurs tələbəsi

 

Azərbaycan.- 2011.-19 mart.- S.4.