Moskvada Azərbaycan və Rusiya iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 13-cü iclası keçirilmişdir

 

Moskvada Azərbaycan Respublikası və Rusiya Federasiyası iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın on üçüncü iclası olmuşdur. İclası komissiyanın Rusiya tərəfdən sədri, RF hökuməti sədrinin müavini, RF Prezidentinin Şimali Qafqaz federal dairəsində səlahiyyətli nümayəndəsi Aleksandr Xloponin açmışdır. O, xüsusi vurğulamışdır ki, komissiya iqtisadiyyatın əsas sahələri arasında qarşılıqlı əlaqələrin aktual məsələlərini nəzərdən keçirəcək, yanacaq-energetika kompleksi, kosmik sənaye, nəqliyyat, aqrar-sənaye kompleksi, elm və qabaqcıl texnologiyalar, regional və sərhədyanı əməkdaşlıq məsələlərinə dair mühüm qərarlar qəbul edəcəkdir.

Rusiyalı həmsədr demişdir ki, 12-ci iclasdan sonra keçən iki ildən artıq müddətdə kifayət qədər çox iş görülmüşdür. Lakin iqtisadi əməkdaşlığın potensialı qat-qat çoxdur və biz daha ciddi çalışmalıyıq. A.Xloponin vurğulamışdır ki, hər iki ölkənin prezidentləri komissiyanın fəaliyyətini gücləndirməyi qərara almışdır. Bununla əlaqədar qəbul edilmiş bütün qərarlar və əldə olunmuş razılaşmalar inventarlaşdırılmalı, görülmüş işə qiymət verilməli və Rusiya-Azərbaycan iqtisadi əməkdaşlığının daha da inkişaf etdirilməsi sahəsində əsas istiqamətlər müəyyənləşdirilməlidir.

Komissiyanın Azərbaycan tərəfdən sədri, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov da ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın inkişafından dərin məmnunluğunu bildirmiş, qeyd etmişdir ki, Azərbaycan bütün sahələrdə Rusiya ilə əməkdaşlığı öz siyasətinin prioritet istiqaməti hesab edir. Y.Eyyubov demişdir ki, ölkələrimizi sıx dostluq və əməkdaşlıq telləri bağlayır. Rusiya ilə Azərbaycan arasında münasibətləri strateji tərəfdaşlıq münasibətləri adlandıran Y.Eyyubov Aleksandr Xloponini Rusiya-Azərbaycan iqtisadi əməkdaşlıq komissiyasının həmsədri təyin edilməsi münasibətilə təbrik etmişdir.

O, iqtisadi münasibətlərin inkişaf perspektivlərinə toxunaraq xüsusi qeyd etmişdir ki, Rusiya Azərbaycan üçün əsas ticarət tərəfdaşıdır və əməkdaşlığın genişləndirilməsi, əmtəə dövriyyəsinin artırılması üçün çox böyük potensial imkanlar vardır.

Yaqub Eyyubov ölkələrimizin rəhbərləri arasında əməkdaşlığın yüksək səviyyədə olmasına, onların qarşılıqlı səfərlərinə, Rusiyanın bir sıra regionlarında Azərbaycanın ümummilli lideri Heydər Əliyevə abidələr ucaldılmasına da diqqəti cəlb etmişdir. O demişdir: "Bu, Azərbaycana verilən yüksək qiymət və müvafiq münasibət deməkdir. Heydər Əliyev təkcə Azərbaycan xalqının deyil, bütün sovet xalqının lideri idi".

Yaqub Eyyubov çıxışının sonunda vurğulamışdır ki, dövlətlərimizin liderləri bu əməkdaşlığın və qarşılıqlı münasibətləri necə qurmağın təməlini qoymuşlar. Azərbaycan Baş nazirinin birinci müavini demişdir: "Dövlətlərimizin rəhbərlərinin siyasi iradəsi, onların arasında yaxınlıq və qarşılıqlı hörmət vardır. Biz onlardan nümunə götürəcəyik. Komissiya öz işində MDB-nin üzvü olan başqa ölkələr üçün nümunə olmağa çalışacaqdır". O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Dmitri Medvedev başda olmaqla Rusiyanın fəal mövqeyinə görə Rusiya rəhbərliyinə təşəkkürünü bildirmişdir.

İclasda komissiyanın 12-ci iclasının RF və Azərbaycan arasında ticari-iqtisadi münasibətlərin vəziyyəti və əsas inkişaf istiqamətləri, nəqliyyat, rabitə və informasiya texnologiyaları, fövqəladə halların qabaqlanması və onların nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında qərarlarının yerinə yetirilməsi ilə əlaqədar məsələlərə baxılmışdır.

Hökumətlərarası komissiyanın işində Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov, iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov, rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, ADRNŞ-in vitse-prezidenti Elşad Nəsirov, səfir Polad Bülbüloğlu, müxtəlif idarə və nazirliklərin nümayəndələri iştirak etmişlər. Rusiya tərəfindən tədbirdə stats-sekretar, RF xarici işlər nazirinin müavini Qriqori Karasin, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, "Bank VTB" ASC-nin prezidenti və idarə heyətinin sədrinin müşaviri Aleksandr Budberq, Rusiyanın müxtəlif idarə və nazirliklərinin nümayəndələri iştirak etmişlər.

İclasın yekunlarına əsasən, Azərbaycan və Rusiya iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 13-cü iclasının protokolunu imzalamışlar.

 

 

Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan.- 2011.-19 mart.- S. 5.