Ali Məhkəmədə
görüş
Azərbaycanda səfərdə olan Mərakeşin ədliyyə naziri Məhəmməd Nəsirinin başçılıq etdiyi nümayəndə heyəti martın 18-də Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.
Ali Məhkəmənin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə R.Rzayev Azərbaycanın məhkəmə sistemi, Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə qonağa məlumat vermişdir. Son illər respublikamızda məhkəmə hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində görülən tədbirlərdən, eləcə də ədalət mühakiməsini həyata keçirmək, qanunun aliliyini təmin etmək məqsədilə Ali Məhkəmənin qarşısında duran vəzifələrdən danışmışdır.
Ali Məhkəmənin sədri Mərakeşin ədliyyə nazirinin ölkəmizə səfərinin ədliyyə və məhkəmə orqanları arasında əməkdaşlığın inkişafına xidmət edəcəyinə əminliyini bildirmişdir.
Mərakeş Krallığının məhkəmə sistemindən söz açan ədliyyə naziri Məhəmməd Nəsiri iki ölkə arasında qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını, əlaqələrimizin bundan sonra da inkişaf etdiriləcəyini vurğulamışdır.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Mərakeşli qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olmuşlar. Məhkəmə tarixi muzeyinə baxan Mərakeşin ədliyyə naziri Xatirə kitabına ürək sözlərini yazmışdır.
Sonda Ali Məhkəmənin
sədri Azərbaycanın məhkəmə orqanlarına
xüsusi maraq və diqqət göstərdiklərinə, həmçinin
əhəmiyyətli görüşə görə Mərakeşin
ədliyyə nazirinə və nümayəndə heyətinin
üzvlərinə minnətdarlığını
bildirmiş, gələcək işlərində uğurlar
arzulamışdır.
Azərbaycan.- 2011.- 19 mart.- S. 5.