Tanınmış türk bəstəkarı Əhməd Şəfəqin mətbuat konfransı olmuşdur

 

Martın 18-də Beynəlxalq Mətbuat Mərkəzində tanınmış türk bəstəkarı Əhməd Şəfəqin mətbuat konfransı olmuşdur.

AzərTAc xəbər verir ki, "Kaspi" qəzetinin təşkilatçılığı ilə keçirilmiş mətbuat konfransında tanınmış ziyalılar, Türkiyədən gəlmiş jurnalistlər və KİV təmsilçiləri iştirak etmişlər.

Mətbuat konfransında çıxış edən "Kaspi" qəzetinin baş redaktoru, filologiya elmlər namizədi Sona Vəliyeva Əhməd Şəfəqin həm bəstəkar, müğənni kimi yaradıcılığından, həm də ədəbi fəaliyyətindən söhbət açaraq demişdir: "Mən Əhməd Şəfəqi müğənnilikdən əlavə, çox gözəl yazar, iti qələmə sahib olan duyğulu insan kimi tanıyıram. Onun bütün kitablarını oxumuşam. İnsanın savadı, istedadı ola bilər, amma milli qeyrəti, təəssübkeşliyi, düşüncəsi yüksək olanların istedadı daha da nəzərə çarpır. Ə.Şəfəq bütün sadaladıqlarımın fövqündə duran bir sənətkardır".

Ümummilli lider Heydər Əliyevin Azərbaycan və Türkiyə xalqları arasında dostluq və qardaşlıq əlaqələrinə daim üstünlük verərək, bu əlaqələri bir millətin iki dövləti kimi qiymətləndirdiyini bir daha xatırladan S.Vəliyeva bu əlaqələrin bundan sonra da möhkəmlənəcəyini bildirmişdir.

Sonra vətənpərvər mahnıları, gözəl səsi ilə Türkiyə və Azərbaycanda sevilən müğənni Əhməd Şəfəq mətbuat konfransının təşkilatçılarına təşəkkürünü bildirmiş, Azəri-Türk Qadınlar Birliyinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında "Çanaqqala savaşı"nın ildönümü münasibətilə verəcəyi "İki bədəndə bir can" adlı konsertin möhtəşəm, tarixi və yaddaqalan olacağını, Türkiyə kanalları ilə canlı yayımlanacağını qeyd etmişdir.

Mətbuat konfransında iştirak edən Türkiyənin nüfuzlu telekanallarının və qəzetlərinin əməkdaşları Mətin Özkan, Nuriyyə Atabəy, Doğan Şəntürk, Murat İde, Mehmet Müftüoğlu konfransı yüksək səviyyədə təşkil etdiyinə görə S.Vəliyevaya təşəkkürünü bildirmiş, xalqımıza olan sevgilərindən, Azərbaycan gerçəkliklərini beynəlxalq aləmə çatdırmaq üçün daim çalışdıqlarından söhbət açmışlar.

Konfransın sonunda Əhməd Şəfəq jurnalistlərin suallarını cavablandırmışdır.

 

 

Azərbaycan.- 2011.-19 mart.- S.5.