SİYASİ DÜŞÜNCƏSİZLİK
"İzvestiya Soveta Raboçix i Voennıx Deputatov" ("Fəhlə və hərbçi deputatları sovetinin xəbərləri") qəzetinin az qala hər nömrəsində baş məqalələr müsəlmanlara həsr olunur. Bu məqalələrin müəllifi müsəlman ictimai təşkilatları və müsəlman millətçiliyinin ziyanı haqqında danışır. O, müsəlman milliyyətçiliyindən tədricən xristianlığa qənim kəsilmiş "panislamizm" düzəltmiş və nəhayətdə müsəlmanları ümumən azadlığın və xüsusilə də içində olduğumuz inqilabın düşməni kimi qələmə vermişdir. Nəticədə o, "müsəlman millətçiliyini inlilabi iradə qarşısında, onun tələbləri qarşısında baş əyməyə məcbur etdirməyi" inqilabi demokratiyaya tövsiyə edir. Təvazökarlıq xatirinə o, sonuncu məqaləsində millətçilik barəsində bunu da əlavə edir ki, "digər xalqların millətçiliyinə bizim mənfi münasibətimiz heç də bundan əskik deyil". Bu sözdə təvazökarlıq isə müəllifin öz istəyindən irəli gəlmir. Bu, "Bakinskiy raboçiy" ("Bakı fəhləsi") qəzetinin istehzalı iradı ilə əlaqədardır.
Şəxsən mənim heç vaxt yuxarıda göstərilən məqalələrin müəllifi ilə polemikaya girmək istəyim olmamışdır və indi də yoxdur. Ona görə istəməmiş və istəmirəm ki, o, polemikasız da hədsiz hərtərəflilik nümayiş etdirir. Polemika olarsa, onda müzakirə olunan məsələ onun qələmi altında qeyri-adi dərəcədə şişər və öz "məhvərindən" çıxmaq təhlükəsi yaradardı. Çünki polemika zamanı hisslər qızışır və bir çox hallarda kifayət qədər qərəzsiz olan insan obyektivlik zəminindən ayrılıb birtərəflilik meydanına düşmüş olur.
Yerli demokratiya orqanının daimi yazarının "Siyasi düşüncəsizlik" adlandırdığı məqaləsi heç də onun müəllifi ilə polemika aparmaq deyil, daha çox yerli demokratik mətbu orqanında belə məqalələrin verilməsinə qarşı etiraz ifadə etmək niyyəti bizi bu çıxışa vadar edir.
"Siyasi düşüncəsizlik" məqaləsinin müəllifi Ümumrusiya Müsəlmanları Şurasının İtaliyanın Albaniya üzərində öz protektoratlığını bəyan etməsinə qarşı etirazına dair çağırışını buna heç bir zərurət duyulmadığı halda özünəməxsus qərəzli şəkildə müzakirə edərək haray salır: "Nə üçün "Avropa əyaləti"nə qarşı etiraz səsini qaldıran müsəlman şurası "Asiya ədalətsizliyi" nümunələrini unudur? Axı bu ədalətsizliyi təkcə yada salanda adamın tükləri biz-biz olur. Nəhayət, siyasi partiyalar hər hansı ədaləti yaymaq üçün deyil, cari siyasi və sosial şəraitlərdə həll oluna bilən məsələləri həyata keçirmək üçün mövcud olurlar".
"Siyasi düşüncəsizlik" məqaləsinin müəllifi menşeviklərə xas çılğınlıqla Asiya materikində təzahür edən ədalətsizlik hallarına əsaslanaraq İtaliyanın "dinc işğal" siyasətini müdafiə edir. Rusiyanın bəyan edilmiş prinsiplərə qoşulmaq çağırışına Albaniya üzərində öz protektoratlığını elan etməklə cavab verən İtaliyanın əməllərindən rus demokratiyasının hiddətləndiyi bir zamanda yerli demokratik qəzetin bu daimi yazarı müsəlman şurasının üzərinə var qüvvəsilə düşür ki, bəs onun etiraz çağırışı nə isə xoşagəlməz bir şeydir. İngiltərə və Fransanın qeyzli imperialist hökumətləri demokratik Rusiya ilə birgə İtaliyanın bu xoşagəlməz hərəkətinə qarşı etirazlarını bəyan etdikləri bir zamanda özünü demokrat sayan birisi, "Siyasi düşüncəsizlik" məqaləsinin müəllifi Asiya ədalətsizliyi nümunələrini unutduqlarını müsəlmanlara xatırlatmaq naminə İtaliyanın davranışına haqq qazandırır.
Müsəlman millətçiliyinə qarşı çoxlu sayda məqalə həsr etmiş həmin müəllif "Siyasi düşüncəsizliy"ini yaradarkən özünə hesabat verə bilmir ki, bu "ölməz əsəri" acınacaqlı Veliçko dövrünün millətçiliyi ruhundan yoğrulubdur. Və ümumiyyətlə, bu məsələdə onun tutduğu mövqe mətbu orqanın səhifələrindən xalq kütləsini tərbiyə etmək kimi şərəfli missiyanı üzərinə götürmüş demokratiyanın siyasi proqramı çərçivəsinə heç cür sığmır.
Nəticə olaraq, inqilabi demokratik orqanın bir daimi yazarının hər hansı ədaləti yaymaq "heç də həmişə demokratik partiyanın vəzifəsi deyilmiş" bəyanatını həqiqət kimi qəbul etməliyikmi?
B.Şahtaxtinski,
"Kaspi" qəzeti, 10 iyun 1917-ci il, № 127
Azərbaycan.- 2011.-19 mart.- S. 6.