Behbudağa Şahtaxtinskinin xidmətləri
və aqibəti
Siyasi görüşlərinin səviyyəsi
etibarilə də Behbudağa Şahtaxtinski XX əsrin əvvəllərinin
bolşevik dövlət xadimləri arasında fərqlənmişdir.
Rəsmi dövlət orqanlarına təqdim etdiyi hesabatlarda və
məktublarda onun analitik siyasi təfəkkürünün
üstün imkanları qabarıq şəkildə diqqəti
cəlb edir. Bu cəhətdən Behbudağa Şahtaxtinskinin
Rusiya bolşevik dövlətinin rəhbəri Vladimir
İliç Leninə göndərdiyi məktublar xarici siyasəti
və ölkədaxili vəziyyəti dərindən bilib
yüksək nəzəri səviyyədə təhlil etmək
qabiliyyətinə malik, müstəqil düşüncə
sahibi olan dövlət xadiminin konseptual
baxışlarının ifadəsi kimi mühüm əhəmiyyət
daşıyır. Məktublarda Azərbaycanla yanaşı,
Ön Qafqazda gedən proseslərin, habelə Türkiyə və
İranla münasibətlərin dərin, əhatəli və
əsaslandırılmış təhlilləri Sovet dövlətini
düşündürməyə və müvafiq qərarlar qəbul
etməyə, tədbirlər həyata keçirməyə
sövq etmişdir.
Behbudağa
Şahtaxtinskinin müəmmalı şəkildə qətlə
yetirilməsi məsələsi də dərindən və əsaslı
şəkildə yenidən öyrənilməlidir. Hələlik
bu məsələ xüsusi olaraq
araşdırılmamışdır. Yazılanlarda isə
Behbudağa Şahtaxtinskinin ailə münaqişəsi zəminində
qətlə yetirilməsi motivi diqqət mərkəzinə
çəkilmişdir. Doğrudan da Behbudağa
Şahtaxtinskinin həyatında ikinci dəfə ailə həyatı
qurduğu Ayna Əhmədbəyova ilə xoşagəlməz
münasibətləri müəyyən gərginlik
yaratmışdır. Bu barədə süni surətdə
yayılan və formalaşdırılan ictimai rəyə
aydınlıq gətirmək üçün Behbudağa
Şahtaxtinski "Bakinskiy raboçiy" qəzetinin 22 iyun
1923-cü ildə çıxan 137-ci sayında "Müsəlmanların
yaşayış ənənəsini kim
dağıdır" adlı məqalə yazıb çap
etdirməli olmuşdu. Lakin maraqlı qüvvələrin təsiri
ilə məsələ daha da
qızışdırılmış, Ayna Əhmədbəyovanın,
guya, məqalədən hiddətlənərək yuxarı təşkilatlara
şikayət məktubları yazıb göndərməsinə
nail olunmuşdur. Bu hadisədən və yaranmış
söz-söhbətdən bezən Behbudağa Şahtaxtinski cəmi
altı-yeddi ay birlikdə yaşadığı Ayna Əhmədbəyova
ilə bağlı bütün materialları "Bakinskiy
raboçiy" qəzeti redaksiyasına göndərməklə
həmin məsələyə son qoymağa səy göstərmişdir.
Deməli, həqiqətən də ortada ailə
münaqişəsi, qadın problemi olmuşdur. Lakin bu fakt
Behbudağa Şahtaxtinskinin özünü öldürməsi
üçün səbəb ola bilməzdi. Əvvəla,
Behbudağa Şahtaxtinski həyatın bərkindən-boşundan
keçərək gəlmiş, möhkəm iradəyə
malik olan bir şəxsiyyət idi. Onun güclü siyasi iradəsi
də, fiziki hazırlığı da dəfələrlə
cəmiyyətin çətin sınaqlarından uğurla
çıxmışdı. İkincisi, Behbudağa
Şahtaxtinski hələ 1922-ci ildə diş həkimi Ayna Əhmədbəyovanı
rəsmi olaraq boşamışdı. Üçüncüsü
isə, Behbudağa Şahtaxtinskinin vəfat etdiyi 30 may
1924-cü ilədək o artıq bir ilə yaxın idi ki,
Bakıda yaşamırdı, Tiflisdə yerləşən Ali
Arbitraj Komissiyasının üzvü kimi fəaliyyətini
davam etdirirdi.
Deməli, ailə
münaqişəsi Behbudağa Şahtaxtinskinin həyatına
qəsd etməsi üçün əsas faktor sayıla bilməzdi.
Hətta Behbudağa Şahtaxtinskinin vəfatı ilə əlaqədar
Tiflisdə çıxan "Zarya Vostoka" qəzetində
kiçik də olsa xüsusi bir məqalə çap
etdirmiş D.Rəsulzadə adlı müəllif də
ölümlə bağlı formalaşdırılmış
motivə şübhə ilə yanaşdığını
gizlədə bilməmişdi: "Behbud müəyyən
müddətə fəal işdən uzaqlaşmağa məcbur
edilmişdi... Təsəvvür etmək çətindir ki, zəruri
inqilab yolunda kifayət qədər bərkimiş və təcrübə
toplamış bir insan ani ümidsizlik halında belə bir
addım atmış olsun".
Bizim fikrimizcə, əsas
məsələ bundan ibarətdir ki, mövcud hakimiyyət
böyük etibar, möhkəm əqidə üstündə
köklənmiş Behbudağa Şahtaxtinski-Nəriman Nərimanov
münasibətlərinə qısqanc
yanaşmışdır. Başlıca məqsəd Nərimanov
Azərbaycandan Sovetlər İttifaqının rəhbərliyinə
aparıldıqdan sonra Behbudağa Şahtaxtinskinin siyasi
mühitdə imkanlarının genişləndirilməsi
ehtimalının qarşısını almaqdan ibarət idi. Bu
işdə nəinki ölkənin birinci şəxsi olmaq niyyətinə
düşənlər, faktiki olaraq Bakıda siyasi hakimiyyətdə
böyük yer tutan erməni qruplaşması da maraqlı
idilər. Onlar Behbudağa Şahtaxtinski kimi öz ölkəsinə
və xalqına bağlı təcrübəli bir şəxsiyyətin
siyasi mövqeyinin artırılması ilə barışa
bilməzdilər. Bundan başqa, Nəriman Nərimanov Azərbaycandan
kənarlaşdırıldıqdan sonra Xalq Komissarları
Soveti sədrinin müavini Behbudağa Şahtaxtinskinin
mövqelərinin daha da möhkəmləndirilməsi
respublikada nərimanovçuluğun davam etdirilməsi demək
idi. Bunu isə nə Moskvada Stalin, Qafqazda Orconikidze, nə də
Bakıda Mikoyan, Sərkis və Mirzoyan heç cür istəməzdilər.
Azərbaycan Sovet Respublikasında mötəbər siyasi vəzifələrdə
çalışan antinərimanovçu qrup - Mirzə Davud
Hüseynov, Ruhulla Axundov, Əliheydər Qarayev
üçün də Behbudağa Şahtaxtinskinin Bakıda
siyasi hakimiyyətdən uzaqlaşdırılması arzuolunan
hal idi. Azərbaycan Respublikası Prezidentinin İşlər
İdarəsi yanında Siyasi Sənədlər Arxivində
Behbudağa Şahtaxtinskiyə dair saxlanılan materiallarda Mirzə
Davud Hüseynovun onun əleyhinə donos xarakterli məlumatlar
toplaması faktı öz əksini tapmışdır. Hətta
bəzi nərimanovçu qüvvələrin, o cümlədən
Həmid Sultanovun da vəzifə qısqanclığı zəminində
bu məsələdə antinərimanovçularla səsləşən
addımlar atdığına dair sənədlər
mövcuddur. Behbudağa Şahtaxtinskinin 29 iyun 1923-cü ildə
Rusiya Kommunist Partiyası Zaqafqaziya Diyar Komitəsinə və
surəti Azərbaycan Kommunist Partyası Mərkəzi Komitəsinə
göndərdiyi məktubdan aydın olur ki, onun ailəsinin
uzun müddət mənzillə təmin edilməməsində,
nüfuzdan salınması məqsədilə haqsız mənzil
qalmaqalı yaradılmasında Həmid Sultanovun da əli
olmuşdur. Yaxud əsassız yerə Behbudağa
Şahtaxtinskinin partiya sıralarından
çıxarılması məsələsi
qaldırılanda Bakı komitəsindəki erməni
qruplaşması ilə antinərimanovçu azərbaycanlı
qüvvələr eyni mövqedən çıxış
etmişdilər. Beləliklə, Behbudağa Şahtaxtinski məsələsi
- siyasi hakimiyyətdə nərimanovçuluğa
qarşı mübarizənin tərkib hissələrindən
biri idi. Keçən əsrin iyirminci illərinin əvvəllərində
siyasi hakimiyyətdəki nərimanovçu qüvvələr
Rusiya Federasiyası daxilində olsa da, Azərbaycanın
müstəqilliyini saxlaması ideyasını müdafiə
edənlər, antinərimanovçular isə ölkənin
sovet dövlətindən çoxcəhətli
asılılığına tərəfdar olanlar idilər. Behbudağa
Şahtaxtinskinin siyasi hakimiyyətdən
uzaqlaşdırılması da, həyatının faciəli
sonluğu da bolşevik rejimi çərçivəsində
olsa da, Azərbaycanın müstəqilliyi düşüncəsi
ilə bağlı hadisə idi. Bütün bunlara görə
hələ Nəriman Nərimanovun Bakıda hakimiyyəti illərində
ona sadiq olan Behbudağa Şahtaxtinskinin nüfuzdan salınması
üçün müəyyən təbliğat planları
düşünülmüş şəkildə həyata
keçirilmişdi. Bu məqsədlə istifadə olunan
motivlərdən biri də ailədaxili münaqişə
faktoru idi. Azərbaycandakı antinərimanovçu qüvvələr
və hakimiyyətdə təmsil olunan erməni
qruplaşması üçün Behbudağa Şahtaxtinskinin
təsadüfi ailə münaqişəsi çox arzuolunan,
göydən ələ düşmüş bir amil
olmuşdu. Bütövlükdə antiazərbaycançı
qüvvələr birləşərək Behbudağa
Şahtaxtinski haqqında şayiələr yaymaqda davam edirdi. Diş
həkimi Ayna Əhmədbəyovanın Behbudağa Şahtaxtinskidən
ayrıldıqdan sonra da onun haqqında dalbadal rəsmi dairələrə
şikayət ərizələri yazması onun öz arzusu ilə
deyil, Azərbaycanın və Nəriman Nərimanovun əleyhinə
olan qüvvələrin ailə münaqişəsi kimi o zaman
üçün əlverişli sayılan amildən faydalanmaqda
davam etməkdə olduqlarını göstərir. Bu qüvvələr
həmin işi böyütmək məqsədilə Ayna Əhmədbəyovanın
özündən başqa, qonşularının da
imkanlarından istifadə edirdilər. Belə ki,
özünü, guya, Ayna Əhmədbəyovanın
qonşuluğunda yaşayan sakin kimi təqdim edən Azərbaycan
Kommunist Partiyasının üzvü D.Ağazadə adlı
bir şəxsin 5 dekabr 1921-ci il tarixdə Partiyanın təmizlənməsi
üzrə Mərkəzi Komissiyaya göndərdiyi şikayət
məktubu da həmin məkrli məqsəd nəticəsində
yazdırılmışdı. Dəqiq adını və
ünvanını göstərməyən müəllifin məktubunda
deyilirdi: "Yoldaşlar! Artıq bir neçə
gündür ki, Fəhlə-kəndli Müfəttişliyi
komissarı Behbud bəy Şahtaxtinski bizim həyətdə
bir qadınla evlənibdir. Nişan günü o, bir qoyun kəsdirdi
ki, təamın ləzzətli iyi adamı ət alıb yeməyə
sövq edirdi (Lakin biz bunu istənilən halda edə bilmərik).
Şahidi olanlar deyirlər ki, komissar qonaqlıq
üçün qoyun kəsdirirsə, bəs onda bərabərlik
harada qaldı? Bundan başqa, demək olar ki, artıq 10
gündür adıçəkilən komissar
sürücünü giriş qapısının
ağzında onu gözləməyə məcbur edir, bu zaman
özü isə şəxsi yaşamını
sürdürür. Bu hadisəni göz önünə alarkən
belə bir sual verirsən: məgər inqilab onun
üçündür ki, Volqaboyunda milyonlarla yoxsul aclıq
çəkərkən bir neçə komissar öz şəxsi
həyatı ilə məşğul olsun?! Biz əminik ki,
komissiya səhvliyə yol verməyəcək, belələrini
partiyadan kənara atacaqdır ki, başqalarına da dərs
olsun.
Sürücü soyuqda
titrəyərkən yoldaş Şaxtaxtinski isti otaqda kabab
yeyir və təzəcə evləndiyi xanımla
vaxtını keçirir. Biz demirik ki, komissar maşın minməsin.
Maşından dövlət işi xeyrinə istifadə edilməlidir.
Lakin qətiyyən şəxsi işlər üçün
- təzəcə evləndiyi xanıma baş çəkmək
üçün yox".
Göründüyü kimi, diş həkimi Ayna Əhmədbəyova məsələsi Behbudağa Şahtaxtinskinin siyasi imicinə zərbə vurmaq, ona ləkə gətirmək, nəticə etibarilə bu görkəmli və təcrübəli dövlət xadimini hakimiyyətdən uzaqlaşdırmaq üçün düşünülmüş vasitə idi. Və həmin qüvvələrin əli ilə Nəriman Nərimanov Azərbaycandan Tbilisiyə - Zaqafqaziya Sovet Respublikaları Federasiyasına aparılandan sonra Behbudağa Şahtaxtinskinin Azərbaycan SSR Xalq Komissarları Soveti sədrinin müavini vəzifəsindən çıxarılması qurulmuş tələnin baş tutduğunu göstərir. Bu, Azərbaycan Kommunist Partiyası Bakı Komitəsi ətrafında cəmləşmiş daşnakyönlü ermənilərin və Nəriman Nərimanovun hakimiyyətdəki opponentlərinin qələbəsi idi. Bununla Azərbaycanda hakimiyyətin antinərimanovçu və ermənipərəst qüvvələrin əlinə keçməsi yolunda mühüm addım atıldı. Sovet hakimiyyətinin daxildən çürüməsi prosesi də həmin vaxtdan başlandı.
Azərbaycanda siyasi hakimiyyətdən uzaqlaşdırılması, əslində, həm də bir qədər əvvəl Moskva ilə razılaşdırılmadan, hətta Bakıdan da rəsmi icazə alınmadan Naxçıvanın Ermənistan SSR-ə verilməyərək Azərbaycanın tərkibində qalması üçün yerli əhalini referenduma təhrik etmək üstündə fürsət düşən kimi Kremlin Behbudağa Şahtaxtinskini cəzalandırması demək idi. Bu, ölkədə nərimanovçuluğa - azərbaycançılığa vurulan ağır zərbə idi. Bununla belə, Behbudağa Şahtaxtinskinin cəzalandırılması o vaxtlar Bakıda siyasi fəaliyyətlə məşğul olan, rəsmi vəzifə daşıyan Anastas Mikoyanın və müttəfiqlərinin Naxçıvanın Ermənistana verilməsi fürsətini itirməsinə qarşı həyata keçirilmiş cavabın ifadəsi kimi də səslənir.
Bütün bunlara görə, bizim fikrimizcə, Behbudağa Şahtaxtinskinin 1924-cü ildə qətlə yetirilməsi süni şəkildə ailə münaqişəsi faktorundan istifadə etmək fonunda hakimiyyətin həyata keçirdiyi siyasi qəsd hadisəsi idi.
Aşkar görünür ki, Behbudağa Şahtaxtinskinin ailə münaqişəsi zəminində özünə qəsd etməsi motivi uydurulmuş əhvalatdır. Fikrimizcə, Behbudağa Şahtaxtinski Zaqafqaziya hakimiyyətində, o cümlədən Azərbaycan rəhbərliyində yerləşdirilmiş antinərimanovçu qüvvələrin, xüsusən də bu işdə daha çox maraqlı olan bolşevik cildinə girmiş erməni bolşeviklərinin əli ilə qətlə yetirilmişdir. Bu zaman Nəriman Nərimanovun keçmiş SSRİ hakimiyyətində Mərkəzi İcraiyyə Komitəsinin həmsədri vəzifəsində işləməsi sayəsində təcrübəli dövlət xadimi və bacarıqlı diplomat Behbudağa Şahtaxtinskinin gələcək perspektivinin ola bilməsi ehtimalı həmin qüvvələri narahat etməyə bilməzdi. Bundan başqa, Behbudağa Şahtaxtinskiyə qarşı ədalətsiz mövqe tutaraq onu Azərbaycandakı yüksək dövlət vəzifəsindən uzaqlaşdırıb Tiflisdə Zaqafqaziya Ali Arbitraj Komissiyasının üzvü kimi sıravi bir işə "yola salanlar" nə vaxtsa haqsız münasibətin müqabilində cəza alacaqlarını da düşünməmiş deyildilər. Həmçinin Behbudağa Şahtaxtinskiyə sui-qəsd edilməsi onun apardığı düşünülmüş iş sayəsində Naxçıvan məsələsində uduzmuş Bakı Partiya Komitəsindəki erməni qruplaşmasının qisasçılıq niyyətinin də əməli ifadəsi idi. Bütövlükdə Behbudağa Şahtaxtinskinin qətlə yetirilməsi baş verə biləcək bütün gərginliklərin aradan qaldırılması üçün siyasi hakimiyyətin seçdiyi yol idi.
İrəli sürdüyüm versiyanı təsdiq edən bir neçə dəlil-sübut da mövcuddur. Əvvəla, hər hansı bir şəxsin özünə sui-qəsd məqsədilə dörd dəfə atəş açması mümkün deyildir. Ən uzağı ikinci atəşdən sonra onun bu prosesi davam etdirməyə şəxsən fiziki imkanı çata bilməzdi. Rəsmi qəzetlərdəki məlumatlarda isə Behbudağa Şahtaxtinskinin özünü öldürmək üçün dörd dəfə atəş açdığı yazılmışdır. "Bakinskiy raboçiy" qəzetində verilmiş cəmi iki cümlədən ibarət olan rəsmi məlumatın sanki əsas məqsədi Behbudağa Şahtaxtinskinin özünü öldürməsini ictimaiyyətə çatdırmaqdan ibarət idi. Qəzetin "Şahtaxtinskinin özünə qəsd etməsi" adlandırdığı məqalədəki qısa məlumatda deyilirdi: "Tiflis, 31 may. May ayının 30-da Behbudağa Şahtaxtinski axşam Tiflisdəki mənzilində özünə qəsd etmişdir. Dörd revolver atəşi ilə yoldaş Şahtaxtinski özünə ağır yara vurmuşdur və xəstəxanada ölmüşdür".
Bundan başqa, Zaqafqaziyanın rusdilli mətbuatında və Azərbaycan qəzetlərində Behbudağa Şahtaxtinskinin vəfatı ilə əlaqədar bir neçə kiçik başsağlığı məlumatlarından əlavə onun tərcümeyi-halını, xidmətlərini əks etdirən heç bir nekroloq xarakterli yazıya rast gəlinmir. Bu da rəsmi dövlət orqanlarının Behbudağa Şahtaxtinskiyə münasibətini açıq göstərir. Həmçinin Tiflisdə Behbudağa Şahtaxtinski ilə heç bir vidalaşma mərasimi də keçirilməmişdir. Onun cənazəsi vəfat etdiyi Tiflisdəki Mixaylovski xəstəxanasından qaldırılaraq müsəlman qəbiristanlığında torpağa tapşırılmışdır. Sovet hakimiyyətinin qurulması və möhkəmləndirilməsi uğrunda böyük xidmətlər göstərmiş görkəmli dövlət xadiminin dəfn mərasiminin belə sönük və sükutla təşkili Zaqafqaziya hökumətinin və Azərbaycanın rəsmi dövlət orqanlarının Behbudağa Şahtaxtinskinin qətli hadisəsini ört-basdır etmək səyləri kimi təəssürat yaradır. Hətta sonralar Behbudağa Şahtaxtinskinin büsbütün unutdurulması, haqqında heç bir söz-söhbət açılmaması, xatirəsinin əbədiləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməməsi də Behbudağa Şahtaxtinskinin ölümündə o zamankı dövrün dövlət sifarişinin əsas faktor olduğunu düşünməyə əsas verir. Əslində, hakimiyyətdaxili çəkişmələrin və qruplaşmaların da ideyası və sxemi Kreml rəsmilərindən gəldiyi üçün Behbudağa Şahtaxtinskinin qətlə yetirilməsi nəticə etibarilə bolşevizmin məkrli və çirkin niyyətlərini əks etdirir. Məhz həmin bolşevik texnologiyası az sonra Behbudağa Şahtaxtinskinin qətlə yetirilməsini təşkil edənlərin özlərini də faciəvi şəkildə məhvə məhkum etdi. Son nəticədə bolşevizmin özünün də dövranı uzun sürə bilmədi...
Görkəmli dövlət xadimi və böyük diplomat Behbudağa Şahtaxtinskiyə yenidən qayıdış yalnız Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra başlanmışdır. Yaxın tariximizdə əhəmiyyətli yer tutan məşhur Moskva və Qars müqavilələrinin tam mətninin müstəqillik illərində nəşr edilməsi və həmin tarixi dövr haqqında ilkin tədqiqatların aparılması ilə Behbudağa Şahtaxtinskinin adı və fəaliyyətinə nisbətən geniş planda diqqət yetirilməsi sahəsində birinci addımlar atılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə siyasi-tarixi hadisələrin və proseslərin öyrənilib araşdırılması və obyektiv qiymətləndirilməsi sahəsində formalaşdırdığı sağlam mühit Behbudağa Şahtaxtinski kimi görkəmli şəxsiyyətlərin xidmətlərinin geniş şəkildə xalqa çatdırılmasına münbit şərait yaradır. Bu mənada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun "Görkəmli dövlət xadimi və diplomat Behbudağa Şahtaxtinskinin 130 illik yubileyinin keçirilməsi haqqında" 21 fevral 2011-ci il tarixli sərəncamı bu böyük tarixi şəxsiyyətin zəngin tərcümeyi-halının və çoxcəhətli ictimai-siyasi fəaliyyətinin daha əhatəli və sistemli şəkildə tədqiq edilib ümumiləşdirilməsinə, yeni nəsillərin formalaşdırılmasında bu nümunədən örnək kimi istifadə olunmasına geniş imkanlar açır.
Azərbaycan xalqının vətənpərvər oğlu Behbudağa Şahtaxtinskinin haqqında olan zəruri tərcümeyi-hal sənədlərinin, onun epistolyar irsinin və publisistikasının toplanılıb nəşr edilməsi, dövlətçilik sahəsindəki böyük xidmətlərinin, habelə unudulmuş "Baraban" jurnalının geniş şəkildə ictimaiyyətə tanıdılması qarşıda duran əsas vəzifələrdəndir.
İSA HƏBİBBƏYLİ,
Naxçıvan Dövlət
Universitetinin
rektoru, Milli Məclisin
deputatı, akademik
Azərbaycan.- 2011.-19 mart.- S. 6.