Ömrün fəsilləri
Mənalı ömür yaşamış, əsərləri zamanın bütün dönəmlərində öz aktuallığıını qoruyub saxlayan görkəmli ədib İlyas Əfəndiyevin yaradıcılığına qələm və söz adamlarının söylədiyi fikirlərdən ibarət "İlyas Əfəndiyev. Şeirə sığmayan ömür" toplusunun Muzey Mərkəzində təqdimat mərasimi keçirildi.
Tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev xalq yazıçısı İlyas Əfəndiyevin eyni zamanda teatr sahəsindəki xidmətlərindən də danışıdı.
"Təhsil" nəşriyyatında olduqca nəfis şəkildə tərtib edilmiş, Mədəniyyət və Turizm Nazirliyinin yeni nəşrlərindən olan kitab ümummilli lider Heydər Əliyevin ədib barəsində söylədiyi dəyərli fikirlərlə açılır. Nasirin nəvəsi, tərtibçi-redaktor Günay Əfəndiyevanın ön sözü, xalq yazıçısı Elçinin "Şeirə sığmayan ömür" məqaləsi, S.Rüstəm, Qabil, N.Həsənzadə, F.Qoca, Z.Yaqub, R.Rövşən, A.Həsənli, Tofiq Nurəli və digər şairlərin ədibə həsr etdikləri şeirlərin toplandığı kitabın məziyyətləri barədə ətraflı söz açılan tədbirdə tanınmış elm, ədəbiyyat və mədəniyyət xadimləri, ziyalılar və mətbuat nümayəndələri iştirak etdilər.
Milli Məclisin deputatı, professor Nizami Cəfərov İlyas Əfəndiyev yaradıcılığının bənzərsizliyini xüsusi qeyd etdi: "Bəlkə də bu kitabı hansısa peşəkar ədəbiyyatşünas, yazıçı yazsaydı, peşəkar dizayner tərtibatında çıxsaydı, bu qədər səmimi olmazdı. Günay xanım babasını hamıdan yaxşı tanıdığı üçün bu kitabın tərtibatında da səmimilik və doğmalıq hiss olunur".
Bakı Bələdiyyə Teatrının direktoru, xalq artisti Amaliya Pənahova dramaturq İlyas Əfəndiyevin yaradıcılıq ampluasının özünəməxsusluğundan söz açaraq, ədibin 18 səhnə əsərinin 14-də baş rolların ifaçısı olduğunu qeyd etdi. Onun əsərləri ilə Azərbaycan teatrında üç böyük aktyor nəsli yetişdi.
Gecənin sonunda söz kitabın tərtibçisi və redaktoru Günay Əfəndiyevaya verildi. O, haqqında çox səmimi sözlər söylənilən kitabın ərsəyə gəlməsində Mədəniyyət və Turizm Nazirliyinə, "Təhsil" nəşriyyatının kollektivinə, həmçinin iştirakçılara təşəkkürünü bildirdi.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.- 2011.-19 mart.- S. 6.