Bakı-İzmir-Bakı aviareysi açılmışdır

 

Martın 18-də "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti (QSC) Bakı-İzmir-Bakı marşrutu ilə ilk sərnişin aviareysini yerinə yetirmişdir.

Bakıdan uçan ilk təyyarədə olan 117 sərnişini və "Azərbaycan Hava Yolları" QSC-nin nümayəndəsini İzmirin "Adnan Menderes" Beynəlxalq hava limanında aeroportun rəhbərliyi qarşılamışdır.

Hava limanında Bakı-İzmir-Bakı aviareysinin açılışı ilə bağlı mərasim keçirilmişdir.

Tədbirdə çıxış edən "Azərbaycan Hava Yolları" QSC prezidentinin köməkçisi, xidmət rəisi Məhərrəm Səfərli son illər ölkəmizdə digər sahələrdə olduğu kimi, mülki aviasiyanın da sürətli inkişafı barədə məlumat vermişdir. Bildirilmişdir ki, Bakı-İzmir-Bakı marşrutu üzrə müntəzəm reyslər "Boeing" və "Aerobus" təyyarələri ilə yerinə yetiriləcəkdir. Bu təyyarələr müasirliyi və komfortu ilə seçilir. QSC hazırda İzmir şəhəri də daxil olmaqla, dünyanın 24 iri şəhərinə birbaşa uçuşlar təşkil edir. Cari ilin may ayında Türkiyənin digər şəhərlərinə - Antalya, Bodrum və Trabzona müntəzəm reyslər açılacaqdır.

Qeyd olunmuşdur ki, QSC həm də təhlükəsiz uçuşlar baxımından digər şirkətlərdən irəlidədir. Qurum beynəlxalq uçuşların təhlükəsizliyinə əməl edərək gələcək üçün güclü zəmin yaratmışdır. Təsadüfi deyil ki, xidmət keyfiyyətini yaxşılaşdırdığına görə QSC Avropa İqtisadiyyat, Sənaye və Ticarət Palatasının Direktorlar Şurasının qərarı ilə Qızıl dərəcəli Avropa Xidmət Standartına layiq görülmüşdür.

İzmirin "Adnan Menderes" hava limanının baş direktoru Erkan Balcı aviareysin açılışının əhəmiyyətindən danışaraq qeyd etmişdir ki, son illər həm İzmirdən Bakıya, həm də əks istiqamətdə turistlərin sayının artımı müşahidə olunduğundan bu reysə tələb artmışdır. Bakı-İzmir-Bakı aviareysinin açılışı hər iki ölkə vətəndaşlarının daha rahat gediş-gəlişini təmin edəcəkdir.

Həftənin I və V günləri reallaşacaq Bakı-İzmir-Bakı aviareysi üzrə uçuşların bir tərəfə qiyməti 182 manat, iki tərəfə isə 352 manatdır. Uçuş müddəti 3 saatdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-19 mart.- S. 6.