Bakıda II Beynəlxalq muğam
müsabiqəsi davam edir
Martın
18-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət
Filarmoniyasının kamera və orqan musiqisi zalında II Beynəlxalq
muğam müsabiqəsi öz işini davam etdirmişdir.
AzərTAc xəbər
verir ki, "Muğam aləmi" II Beynəlxalq muğam
festivalı çərçivəsində keçirilən
müsabiqənin ikinci günündə Azərbaycan, Özbəkistan,
Çin və İordaniya musiqiçiləri
çıxış etmişlər.
Özbəkistanlı Camaləddin Avazovun ailə qrupunun və iranlı Əhməd Səttarinin ifalarında "Bayatı-şiraz" təsnifi və "Qarabağ şikəstəsi" dinlənilmişdir.
Azərbaycanlı ifaçılar Babək Niftəliyev "Cahargah", Aytən Məhərrəmova isə "Şahnaz" muğam dəstgahlarını oxumuşlar.
Çin Xalq Respublikasının Urumçi şəhərindən olan musiqi qrupu və İordaniyanın "Şərq-bənd" ansamblı isə qədim xalq mahnılarını ifa etmişlər.
Bir-birindən fərqli və gözəl ifalar II Beynəlxalq muğam müsabiqəsinin münsiflər heyəti tərəfindən qiymətləndirilir. Münsiflər heyətinə Azərbaycanın xalq artistləri Siyavuş Kərimi, Ramiz Zöhrabov, Arif Babayevlə yanaşı, YUNESKO-nun nümayəndəsi, Paris Milli Elmi Araşdırmalar Mərkəzinin professoru Jan Dürinq, türkiyəli musiqişünas Ozan Yarman, amerikalı alim Uilyam Samits və iranlı bəstəkar Ehsan Xezrlou daxildirlər.
Martın 19-da isə eyni məkanda səhnəni Azərbaycan, Hindistan, Mərakeş, Türkiyə və Küveyt musiqiçiləri bölüşəcəklər.
Muğam
ifaçılarının Beynəlxalq müsabiqəsi
martın 20-dək davam edəcəkdir.
Azərbaycan.- 2011.-19 mart.- S. 7.