Xalq yaradıcılığı
bayrama yeni rəng gətirib
Milli-mənəvi dəyərlərimizin qorunmasında və inkişaf etdirilməsində böyük və əvəzsiz xidmətləri olan ümummilli lider Heydər Əliyev çıxışlarının birində Novruzun yaranma tarixinə toxunaraq deyib: "Bu bayram çox qədim tarixə malikdir və əcdadlarımızın bizə töhfəsi onlardan qalmış mirasdır". Heç bir tarixi hadisə, yaxud şəxsiyyətin adı, onun fəaliyyəti ilə bağlı olmayan Novruz təbiətin, kainatın qanunları ilə idarə olunan bir bayram olub.
Ulu öndər onu da bildirirdi ki, "Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır". O, xalqımıza məxsus yaradıcı düşüncənin məhsulu olub.
Bəşər sivilzasiyasının ilkin yaşayış məskənlərindən biri sayılan Naxçıvanda da bu bayram qədim zamanlardan qeyd olunur. Novruz şənliklərində qədim adət-ənənələrə, etiqadlara ciddi əməl olunur. Baharın gəlişi ilə icra olunan çoxlu xalq oyunları, meydan tamaşaları, adətlər indi də yaşadılır. "Kosa-kosa", "Qodu-qodu", "Qəzmədaş", "Siçan-pişik", "Dizədöymə", "Gizlənpaç", "Gözbağlayıcı", "Bənövşə-bəndə düşə", "Topaldıqaç", "Qayışagirmə", "Cingilixatın", "İki qardaş" və sair oyunları buna misal göstərmək olar.
Bu bayramın rəmzlərindən biri səmənidir. Bayram ərəfəsində elə bir ev, təsərrüfat tapmaq olmaz ki, orada səməni göyərdilməsin. Səməni ilə bağlı maraqlı bir adət isə səməni bişirməkdir. Bunun xüsusi tələbləri olduğu üçün hər adam onu bişirə bilmir. Ordubad şəhər sakini 68 yaşlı Şərqiyyə xanım deyir ki, səməni bişirmək üçün buğda köklərinin suyu bir neçə dəfə sıxılır və unla qarışdırılır.
Şərqiyyə xanım onu da bildirir ki, səməninin bişirilməsi çox zəhmət tələb edir. Səkkiz saat ərzində ocaq üzərində olan səməni dayanmadan qarışdırılmalıdır. Buna görə də səməni bişirilərkən bir neçə adamın köməyinə ehtiyac duyulur. Bişirilən səməni isə qohum-qonşulara paylanılır. O xeyir-bərəkət rəmzi hesab olunur.
Səməni halvası bişirmək də geniş yayılmışdı. Bu adət indi də muxtar respublikanın bir sıra kəndlərində, xüsusən, Ordubad rayonunda yaşamaqdadır. Sarımtıl rəngdə olan səməni cücərtiləri maşından keçirilir, şirəsinə un əlavə edilib xəmir yoğrulur. Xəmir yağlanmış mis tavaya qoyulur, yanmasın deyə, zəif alov üzərində arabir çevirməklə dörd saat ərzində bişirilir. Hər dəfə xəmiri çevirəndə altına azacıq yağ tökülür. Axırda külçəyə xırdalanmış qoz ləpəsi, ədviyyat (cirə, darçın, istiot, razyana və bəhməz) vurulub möhkəm qarışdırılır. Hazır halvadan iri şirniyyatlar formasında paylar düzəldilir.
Novruzda bişirilən şirniyyatlar içərisində Ordubad paxlavasının, şəkərburasının, öz yeri və tamı var. El arasında sucuq kimi tanınan şirniyyat növü bağlar diyarında daha gözəl bişirilir. İçərisinə qoz, yaxud badam ləpəsi qoyulan bu şirniyyatlara indi Azərbaycanın müxtəlif yerlərində rast gəlmək olar.
Ordubadda yaşanan Novruz adətlərindən biri də "Xan bəzəmə"dir. "Xan bəzəmə" mərasimi hər il Novruz bayramı günü keçirilir. Üç gün dalbadal "Xan" bəzəyirlər. Bir nəfəri "Xan" seçirlər. Onu əməlli-başlı "əsl" xan kimi geyindirirlər. Başına tac qoyurlar. Meydanda hündür bir taxt düzəldib "Xan"ı oturdurlar. İki nəfər balaca uşaq "Xan"ı yelpiklə yelləyir. Kim istəyir könüllü ona nökər, qulluqçu olur. Qız-gəlinlər, qonaqlar meydanın dövrəsinə düzülüb tamaşa edirlər. Xanın yanına bəzənmiş xonçalar, səmənilər düzürlər. "Xan" əmr verir. Hamı çalıb-oynayır. Hərə öz qabiliyyətini nümayiş etdirir. Burada "Təlxək"lər də olur. Onlar "Xan"ı güldürməyə çalışırlar. "Xan" isə gərək gülməsin. Əgər gülsə, onu suya basırlar, təzə "Xan" seçirlər. Meydanda bir qab qoyurlar. Hamı ora xələt atır. Əgər "Xan" üç gün vəzifəsinin öhdəsindən yaxşı gəlsə, bu xələtlər ona çatar.
Bayramda ağsaqqalları, ağbirçəkləri görmək adəti uzun illərdir yaşamaqdadır. Muxtar respublikanın bir çox kəndlərində bu adət-ənənə son çərşənbə günü olur. Səhər tezdən qız-gəlinlər axar su üstünə, bulaq başına gedər, evə su gətirərlər, həmin suyu həyət-bacaya səpərlər. Sonra yaşca balaca olanlar bir alma ilə də olsa qonşuları, ağbirçəkləri yad edər, onların bayramını təbrik edərlər. Bayram süfrəsi arxasında kəsilən bir tikə çörək, yaxud içilən bir stəkan çay da adamlarda xoş təbəssüm və ovqat yaradır.
Çərşənbə günü hər evdə çoxlu yumurta boyayarlar. Həmin yumurtaları bayramlıq kimi qonşu uşaqlarına verərlər. Həmin gün plov bişirmək də bir çox yerlərdə dəbdədir. Plovun "üz-gözünü" isə hər yerdə bir cür hazırlayarlar. Kimisi əti göy-göyərti ilə bişirib plovun yanına qoyar, kimisi də ətin yanına qovrulmuş, bişirilmiş ərik, almaxara, xurma, şabalıd və sair qoyar.
Çərşənbə günü Naxçıvan şəhərində, digər yaşayış məskənlərində gün batanda tonqal qalamaq adəti var.
Ordubadın dağ kəndlərində isə bu ənənə xüsusi təmtəraqla keçirilir. Kəndin cavanları əvvəlcədən hazırlıq işləri görər, lazım olan yanacaqları dağın zirvəsinə qaldırarlar. Gün batana yaxın tonqallar alovlanar, qonşu kəndlərin uşaqları da öz tonqallarını çatarlar. Bütün dağların zirvələrində ulu Dədə Qorqudun söylədiyi kimi, bayram, şənlik tonqalları el bayramından soraq verər.
Bir sıra kəndlərdə isə çərşənbə axşamı Xıdır bayramında olduğu kimi, qapılardan şal və papaq atmaq adəti indi də yaşayır. Uşaqlar, yeniyetmələr axşam qonşuların və yaxın adamların evlərinə şal, papaq atarlar. Ev sahibləri həmin yaylıqlara, papaqlara pay qoyarlar. Bayram şirniyyatı, qoz, fındıq, şabalıd, alma və sair olar.
Xalqda belə bir inam var ki, Novruzda il təzələndiyi kimi, hər şey təmiz olmalıdır. Elə buna görə də bayram ərəfəsində hər bir uşağa təzə paltar alınır, uşaqlar bir dəsmalla, köynəklə, corabla olsa belə, sevindirilir. Gənc qızlar çərşənbə axşamı qonşu evlərə gələr, əllərində bəzən iki stəkan, fincan gətirərlər. Ancaq danışmazlar, ev sahibi onun niyyət tutduğunu bilib, o qabların birinə su tökər. Ondan sonra həmin qız danışar, niyyətinin baş tutub-tutmayacağını söyləyər.
"Naxçıvan Muxtar Respublikasında xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında" Ali Məclis sədrinin imzaladığı 7 fevral 2009-cu il tarixli sərəncam isə Novruza yeni rəng gətirib. Həmin sərəncama əsasən, üç ildir ki, Novruz bayramı günlərində muxtar respublika ərazisində xalq yaradıçılığı günləri keçirilir. Baharın gəlişi ilə ən böyük bayram təntənəsi Naxçıvan şəhərinin "Əcəmi seyrəngahı" mədəniyyət və istirahət kompleksinin ərazisində muxtar respublikanın bütün bölgələrinin iştirakı ilə keşirilən el şənliyi olur. On minlərlə adamın izlədiyi həmin mərasimdə xalq sənətkarlarının əl işləri, Azərbaycan xalqının tarixi dövrlərini özündə əks etdirən müxtəlif əşyalar, muzey eksponatları, milli mətbəx nümunələri nümayiş etdirilir, xalq oyunlarını və musiqisini, yallıları, xalq rəqslərini, süjetli rəqsləri, toy adətlərini, aşıq musiqisini repertuarına daxil edən folklor kollektivləri tərəfindən çıxışlar olur. İncəsənət ustalarının baharı, Azərbaycanı tərənnüm edən mahnılar hamıda xoş ovqat yaradır.
Tarixi-mədəni və bədii irsimizin daşıyıcısı olan xalq yaradıcılığı nümunələri doğma tariximizin doğru-dürüst öyrənilməsində əhəmiyyətli rol oynayır. Çünki bu sənət nümunələri əsrlər boyu formalaşaraq və inkişaf edərək bu günümüzədək gəlib çatıb. Bu sahə ilə məşğul olan tədqiqatçı alimlərin, mütəxəssislərin yekun rəyləri ondan ibarət olub ki, Naxçıvan torpağında yayılan el sənəti nümunələri böyük və zəngin bir tarixi mərhələni, inkişaf dövrünü əhatə edir. Qədim sivilizasiyaya və müasir mədəni inkişafa layiqli töhfə olan bu yaradıcılıq nümunələri xalqımıza məxsus milli xüsusiyyətləri və xarakteri, adət-ənənələri, həyat və məişət tərzini özündə cəmləşdirir. Ötən ilki bayram tədbirlərində xalq sənətinin ağacişləmə, misgərlik, zərgərlik, boyaqçılıq, papaqçılıq, dülgərlik, toxuculuq, xalçaçılıq sahələrini özündə əks etdirən sənət əsərləri şənlik iştirakçılarının böyük marağına səbəb olmuşdur. Babək rayonunun Kültəpə və Vayxır kənd sakinləri Zəhra Qasımova və Ruqiyyə Məmmədovanın hana dəzgahında toxuduqları xalı, cecim və kilimləri, Cəhri kənd sakini Teymur Səfərovun hazırladığı suvenir hədiyyələri, Ordubad şəhərində yaşayan dekorativ tətbiqi sənət ustası Cabir Cabbarovun, həmin rayonun Parağa kənd sakini ağac üzərində oyma ilə məşğul olan Maarif Rəsulovun, Ələhi kəndində dəmirçi Kəmənd Sadiyevin əl işlərini bu deyilənlərə misal göstərmək olar. Bu peşələrin gənclərə öyrədilməsi istiqamətində də ardıcıl tədbirlər görülür.
Naxçıvan ərazisində aparılmış arxeoloji qazıntılar burada xalq yaradıcılığının mühüm qolu olan el sənətinin bir neçə min illik tarixə malik olduğunu sübuta yetirir. Yəni, insanlar bu torpaqda yaşadıqca, məskunlaşdıqca gündəlik həyat tərzlərində bu sənət nümünələri ilə də məşğul olublar. Arxeoloqların fikrincə, qədim xalq sənəti sahələri olan dulusçuluq və daşişləmə insanlara neolit, metalişləmə isə enolit dövründən məlum olub. Sonrakı mərhələdə dulus çarxlarında gil qabların hazırlanması və xüsusi kürələrdə bişirilməsi də geniş yayılıb.
Xalqımızın qədim tarixini, etnoqrafik və bədii xüsusiyyətlərini özündə cəmləşdirən milli geyimlər və mətbəx nümunələri də bu gün maddi və mənəvi mədəniyyətimizin qaynaqları kimi qorunur və inkişaf etdirilir. Ötən il bayram tədbirlərində müxtəlif növ plov, küftə, dolma, çölmək yeməkləri, kükü, tərəh, qəysəva, ləvəngi və digər milli yemək və şərbət növləri "Milli mətbəximiz" adlı guşədə nümayiş etdirilmişdir. "Baqqal dükanı", "Milli papaq" guşələrində isə tamaşaçılar milli geyim və milli mətbəx nümunələri ilə ətraflı tanış ola biliblər.
Ölkəmizdə şifahi xalq yaradıcılığının yaranma tarixi də ilk insan məskənlərinin meydana gəlməsi dövrü ilə əlaqələndirilir. Xalqımızın həyatında da elə bir əhəmiyyətli hadisə yoxdur ki, o, şifahi xalq yaradıcılığında, aşıq poeziyasında, xalq musiqisində bu və ya digər şəkildə əksini tapmasın. Sərəncamdan irəli gələn vəzifələrin icrası ilə əlaqədar xalq mahnı və rəqslərinin sistemli şəkildə təbliği, unudulmuş mahnı və rəqslərin bərpa olunması, onların aşkar edilib nota köçürülməsi, həmin nümunələrin folklor rəqs qruplarının repertuarlarına daxil edilməsi və qədim xalq çalğı alətlərində ifalarının nümayiş etdirilməsi diqqət mərkəzində saxlanılmış, 50-yə yaxın yallı, aşıq havaları, Naxçıvanla bağlı xalq mahnı və rəqsləri toplanaraq nota köçürülmüşdür.
Son illər Novruz qabağı iməciliklərin keçirilməsi də artıq bir ənənəyə çevrilib. Həmin gün muxtar respublika sakinləri təmizlik işləri ilə yanaşı ağacəkmə kampaniyasına da qoşulurlar. Həmin gün start götürən bu kampaniya hər həftənin şənbə və bazar günlərini əhatə etməklə payızın ortalarınadək davam etdirilir. Təkcə ötən il muxtar respublika ərazisində 522,5 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmış, 585 mindən çox ağac və bəzək kolu əkilmişdir.
Məmməd MƏMMƏDOV
Azərbaycan.- 2011.-19 mart.- S. 7.