Bakıda Novruz bayramı
münasibətilə ümumxalq şənliyi
Azərbaycan Prezidenti İlham Əliyevin nitqi
- Əziz dostlar, hörmətli xanımlar və cənablar!
Mən sizi və
bütün Azərbaycan xalqını Novruz bayramı
münasibətilə ürəkdən təbrik edirəm, hər
bir Azərbaycan vətəndaşına bu bayram günlərində
xoşbəxtlik, cansağlığı arzulayıram.
Novruz bizim sevimli
bayramımızdır. Əsrlər boyu Azərbaycan xalqı
bu bayramı qeyd etmiş, bu bayramı öz qəlbində
yaşatmışdır. Biz 20 ildir ki, bu bayramı dövlət
bayramı kimi qeyd edirik. Azərbaycan müstəqilliyini bərpa
etdikdən sonra Novruz bayramını çox geniş şəkildə
- rəsmi dövlət bayramı kimi qeyd edir. Son illərdə
biz Novruz bayramını bir neçə gün ərzində
qeyd edirik. Bu il isə 9 gün istirahət günüdür. Mən
əminəm ki, hər bir Azərbaycan ailəsi bu günlərdən
səmərəli şəkildə istifadə edəcək,
hər bir ailə bu gözəl bayramı bir yerdə qeyd edəcəkdir.
Azərbaycan xalqı milli dəyərlərə,
milli ənənələrə sadiqdir. Bu gün Azərbaycan
dövləti bu dəyərlər üzərində
qurulubdur. Biz müstəqilliyi bərpa etdikdən sonra birinci
iki ili istisna şərti ilə uğurlu inkişaf yolu
keçmişik. Müstəqilliyimizin birinci illəri ölkəmiz
və xalqımız üçün çox ağır
keçmişdir. O illər xaos, böhran, anarxiya illəri
kimi yadda qalmışdır. O illərdə Azərbaycanın,
ümumiyyətlə, gələcək inkişafı və
müstəqil ölkə kimi mövcudluğu sual altında
idi. Yalnız 1993-cü ildə xalqın tələbi ilə
ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə
qayıdışından sonra ölkədə vəziyyət
sabitləşdi, vətəndaş müharibəsinə son
qoyuldu, inkişaf və tərəqqi yolu başlandı.
Bu gün biz bu yola sadiqik. Bu
gün Azərbaycan sözün əsl mənasında öz
inkişaf dövrünü yaşayır, ölkəmiz
sürətlə irəliyə gedir. Şübhə etmirəm
ki, bundan sonrakı illərdə də Azərbaycanda
bütün müsbət meyillər daha da güclənəcəkdir.
Bu il biz müstəqilliyimizin
bərpasının 20 illik yubileyini qeyd edirik. 20 il həm tarix
baxımından qısa bir müddətdir, eyni zamanda, 20 il ərzində
çox iş də görmək olar. Azərbaycanın
bugünkü reallıqlarına nəzər salaraq görmək
olar ki, bu gün Azərbaycan sözün əsl mənasında
müstəqil dövlət kimi dünya xəritəsində
öz yerini tuta bilmişdir.
Biz bütün regional məsələlərdə
fəal iştirak edirik. Azərbaycan regional sabitlik və
inkişaf amilinə çevrilibdir. Bizim təşəbbüslərimiz
həm ölkəmizi gücləndirir, həm də regionda
gedən proseslərə çox müsbət təsir
göstərir.
Biz müasir dövlət
qururuq. Dövlət quruculuğu Azərbaycanda əslində,
1993-cü ildən sonra başlamışdır. Dövlətçiliyin
əsasları qoyulmuşdur, Azərbaycanda hüquqi dövlətin
yaradılması istiqamətində çox önəmli
addımlar atılmışdır, islahatlar aparılmışdır.
Bu gün bu islahatlar davam etdirilir. İstər siyasi sahədə,
istərsə də iqtisadi sahədə islahatların davam
etdirilməsi hər bir cəmiyyət üçün
inkişafa gedən yoldur. Azərbaycan dövləti
müasirliyə, inkişafa sadiq olduğunu islahatların davam
etdirilməsində nümayiş etdirir.
Biz elə etməliyik ki,
ölkə qarşısında duran bütün vəzifələr
öz həllini tapsın, insanlar daha da yaxşı
yaşasınlar, ölkəmizdə qanunun aliliyi tam şəkildə
bərqərar olunsun. Azərbaycanda xoşagəlməz hallara
qarşı çox ciddi mübarizə aparılır və
biz bu mübarizənin gözəl nəticələrini
görürük. Qanunun aliliyi, sosial ədalət prinsiplərinin
tətbiq olunması, korrupsiyaya, rüşvətxorluğa
qarşı geniş mübarizə öz bəhrəsini
verir. Təbii sərvətlərimizi və ölkədə
çox düşünülmüş iqtisadi siyasəti nəzərə
alaraq Azərbaycan dövləti və Azərbaycan cəmiyyəti
yalnız və yalnız inkişaf və tərəqqi yolu ilə
gedə bilər.
Hazırda əldə
edilmiş uğurlarla kifayətlənməməliyik. Biz bu
uğurları həm statistik rəqəmlərdə, həm
də gözəlləşən şəhərlərimizdə
görürük. Azərbaycan son illərdə sözün əsl
mənasında intibah dövrünü yaşayır.
İqtisadi və maliyyə böhranına baxmayaraq, həm
iqtisadiyyatımız artıb, həm də insanların sosial
vəziyyəti yaxşılaşır, uğurlu sosial siyasət
aparılır.
Ancaq əldə edilmiş
uğurlar, sadəcə, bizim üçün gələcək
addımların atılması üzrə bir stimul
olmalıdır. Həyat yerində durmur, ölkə
qarşısında yeni vəzifələr çıxır,
yeni çağırışlarla üzləşirik və
biz hazır olmalıyıq. Bunu etmək üçün
güclü iqtisadiyyat və güclü siyasi sistem
olmalıdır.
Azərbaycanda vətəndaş
cəmiyyətinin formalaşması prosesi uğurla gedir, xalqla
iqtidar arasında birlik vardır. Bütün təşəbbüslərimiz
xalq tərəfindən dəstəklənir, əks təqdirdə,
biz bu inkişafa nail ola bilməzdik.
Biz gələcəyimizi
çox açıq və aydın şəkildə
görürük. Biz hara gedirik, gələcəkdə bizi nələr
gözləyəcək?! Yəni, bütün bu məsələləri,
ölkə qarşısında duran vəzifələri
uğurla həll etmək üçün, əlbəttə,
biz çalışmalıyıq ki, gələcəyi də
proqnozlaşdıra bilək. Bir daha demək istəyirəm
ki, bu məqsədlə aparılan və aparılacaq islahatların
xüsusi əhəmiyyəti vardır.
Bu gün Azərbaycan regionda
iqtisadi cəhətdən aparıcı dövlətdir. Cənubi
Qafqaz iqtisadiyyatının 75 faizi Azərbaycanda
formalaşır. Azərbaycanda iqtisadi sahədə, enerji sahəsində
atılan addımlar nəinki ölkənin
inkişafını şərtləndirir, regional proseslərə
də çox güclü təsir göstərir. Getdikcə
regiondakı rolumuz artacaqdır. Artıq Azərbaycan tərəfindən
icra edilən layihələr hətta region müstəvisindən
çıxıbdır və o layihələrin, təşəbbüslərin
böyük beynəlxalq əhəmiyyəti vardır.
Biz, bir daha demək istəyirəm
ki, müasir dövlət quruculuğunda ilk növbədə,
milli dəyərlərimizə arxalanırıq. Bu dəyərlər
bizim üçün ən vacib dəyərlərdir. Təbii
ki, biz ümumbəşəri dəyərləri
bölüşürük, Avropa dəyərlərinə
hörmətlə yanaşırıq, ancaq bizim
üçün əsas dəyərlər Azərbaycan dəyərləridir.
Biz elə etməliyik ki, gənc nəsil də milli ruhda
böyüsün, tərbiyə alsın. Gənc nəsil vətənpərvər
olsun, Vətəni sevsin, Vətənə ləyaqətlə
xidmət etsin, peşəkar, bilikli, savadlı olsun. Bu məqsədlə
ölkəmizdə aparılan işlər artıq öz nəticəsini
verir. Gələcəkdə biz bu nəticələri daha da
geniş şəkildə görəcəyik.
Ölkə
qarşısında duran vəzifələr icra edilir. Bir daha
demək istəyirəm ki, biz siyasi və iqtisadi islahatları
davam etdirəcəyik. Sosial sahədə siyasətimizi daha da
gücləndirəcəyik və beləliklə, biz
müasir dövlətin yaradılması üçün
uğurla irəliyə gedəcəyik.
Şəhərlərimiz
gözəlləşir, abadlaşır, regionlarda işlər
yaxşı gedir, regional inkişaf proqramı uğurla icra
edilir. Biz proqramın ikinci mərhələsinin
yekunlarını bu yaxınlarda müzakirə etmişik və
görürük ki, hər bir vəzifə öz həllini
tapır, qarşıya qoyulmuş hər bir məsələ
həll olunur.
Bu yaxınlarda
Bakının, şəhərətrafı kənd və qəsəbələrin
sosial-iqtisadi inkişafı proqramı qəbul ediləcəkdir.
Bir neçə gün bundan əvvəl bu məsələ ilə
bağlı geniş müşavirə keçirilmişdir.
Bu il və gələn illərdə Bakıətrafı qəsəbələrin
inkişafı üçün əlavə vəsait nəzərdə
tutulacaqdır. Beləliklə, kəndlərin sosial və
iqtisadi məsələlərinin həlli üçün bu
yaxınlarda çox geniş və müfəssəl proqram qəbul
ediləcəkdir.
Yəni, hər bir sahə
diqqət mərkəzindədir. Ölkədə elə bir məsələ
yoxdur ki, orada irəliləyiş, inkişaf olmasın.
Bütün bu müsbət meyillərlə yanaşı, bir
də demək istəyirəm ki, hər bir yerdə
bütün vəzifəli şəxslər, bütün məmurlar
vətəndaşlara ləyaqətlə xidmət etməlidirlər,
vətəndaşlara kömək göstərməlidirlər,
onların qayğıları ilə yaşamalıdırlar.
Biz elə etməliyik ki, ölkədə yaranan hər bir məsələ
tezliklə həllini tapsın və beləliklə, Azərbaycan
xalqı daha da yaxşı və firavan yaşasın.
Ölkə
qarşısında duran vəzifələrdən ən
başlıcası Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin həllidir. Bu məsələ
ilə bağlı bildiyiniz kimi, Azərbaycan öz siyasətini
aparır, həm danışıqlar prosesində konstruktivlik
göstərir, eyni zamanda, ölkəmizin güclənməsi
və regionda təsir dairəmizin genişlənməsi əlbəttə
ki, mövqeyimizi daha da gücləndirir. Hamımız
yaxşı bilirik ki, bütün beynəlxalq təşkilatların
qərarları, qətnamələri Azərbaycanın
mövqeyini dəstəkləyir. Hüquqi cəhətdən
bu məsələ ilə bağlı həll yolları
hamımız üçün aydındır. Bu məsələ
ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində
həll oluna bilər. Məsələnin başqa həll
variantı yoxdur və mən şübhə etmirəm ki, Azərbaycan
öz ərazi bütövlüyünü bərpa edəcəkdir.
Biz çalışırıq ki, bunu sülh yolu ilə həll
edək. Amma eyni zamanda, ordu quruculuğumuza da böyük diqqət
göstəririk. Bəzi hallarda bu, bəzi xarici dairələri
narahat edir. Hesab edirəm ki, narahatçılığa
heç bir əsas yoxdur. Əgər məsələ öz həllini
sülh yolu ilə taparsa, əlbəttə ki, hərbi
variantdan söhbət gedə bilməz. Ancaq artıq 20 ildən
çoxdur ki, Azərbaycan torpaqları işğal
altındadır. Azərbaycan vətəndaşları bu
işğaldan, etnik təmizləmə siyasətindən əziyyət
çəkirlər. Bu gün güclənən Azərbaycan
tam əmindir ki, bu məsələ istənilən yolla öz
həllini tapa bilər.
Ordu quruculuğumuza göstərdiyimiz
diqqət, hərbi xərclərin artırılması, yeni hərbi
texnikanın Azərbaycanda istehsal olunması əlbəttə,
məsələnin ədalətli həlli üçün
hesab edirəm ki, əlavə imkanlar yaradacaqdır. Bu gün
Azərbaycanda ən müasir döyüş texnikası
istehsal olunur. Artan iqtisadi imkanlarımız, enerji layihələrinin
icrası nəticəsində əldə ediləcək əlavə
gəlirlər əlbəttə ki, Azərbaycanı bu cəhətdən
daha da gücləndirəcəkdir.
Biz hələ ümid edirik
ki, məsələ həllini sülh yolu ilə tapa bilər.
Bunu etmək üçün sadəcə olaraq, Ermənistan
tərəfi beynəlxalq təşkilatların, o cümlədən
BMT Təhlükəsizlik Şurasının qətnamələrini
qeyd-şərtsiz icra etməlidir, işğal olunmuş
torpaqlardan çıxmalıdır, Azərbaycan vətəndaşları
öz doğma torpaqlarına qayıtmalıdırlar. Ondan
sonra bölgədə sülh və sabitlik yarana bilər.
Hazırda Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi bölgə
üçün ən böyük təhlükə mənbəyidir.
Hamı yaxşı bilir ki, bu təhlükəni biz
yaratmamışıq və bu münaqişədən ən
çox əziyyət çəkən Azərbaycan tərəfidir.
Mən ümid edirəm və əminəm ki, məsələ
öz həllini tapacaq, biz ərazi
bütövlüyümüzü bərpa edəcəyik. Bu məsələnin
həlli üçün başqa yol yoxdur, ola da bilməz. Azərbaycan
xalqı və Azərbaycan dövləti öz tarixi
torpaqlarında ikinci erməni dövlətinin yaranmasına
heç vaxt icazə verməyəcəkdir. Heç vaxt
Dağlıq Qarabağa müstəqillik verilməyəcəkdir.
Dağlıq Qarabağda hazırda yaşayan insanlar və
oraya mütləq qayıdacaq azərbaycanlılar muxtariyyət
şəraitində yaşamalıdırlar. Bu, dünya
praktikasında bəlli olan yanaşmadır və bütün
məsələlər vahid Azərbaycan dövləti çərçivəsində
öz həllini muxtariyyət statusu ilə tapmalıdır.
Bir də demək istəyirəm ki, Azərbaycan bu prinsipial
mövqedən dönməyəcəkdir.
Bu məsələdən
başqa digər məsələlər, bir də demək istəyirəm
ki, Azərbaycanda uğurla icra edilir. Biz gələcəyə
çox böyük ümidlərlə və nikbinliklə
baxırıq. Biz elə etməliyik ki, ölkəmiz daha da
güclənsin, daha da qüdrətli olsun. Biz öz müstəqil
həyatımızı qoruyuruq və qoruyacağıq. Bizim
üçün müstəqillik ən böyük sərvətdir,
ən böyük nemətdir, ən böyük dəyərdir.
Əsrlər boyu Azərbaycan xalqı müstəqillik
arzuları ilə yaşamışdır. Bu gün müstəqil
ölkə kimi biz müstəqil siyasət aparırıq və
bu siyasət Azərbaycan xalqının maraqlarına tam şəkildə
cavab verir. Biz müstəqil seçimimizi, həyat tərzimizi
qorumalıyıq. Bir də demək istəyirəm ki, Azərbaycan
cəmiyyəti möhkəm milli, mənəvi dəyərlər
üzərində qurulubdur. Eyni zamanda, Azərbaycan dövləti
müasir, dünyəvi dövlətdir və dünyada gedən
bütün müsbət proseslər Azərbaycana da müsbət
təsir göstərir.
Biz gələcəkdə də
bu siyasəti davam etdirəcəyik. Bir daha demək istəyirəm
ki, müstəqilliyimiz bizim üçün ən
böyük dəyərdir. Bu müstəqilliyi gücləndirmək
üçün biz hər gün, hər an işləməliyik
və işləyirik. Bu məsələdə cəmiyyətdə
tam şəkildə həmrəylik vardır. Biz bilirik hara
gedirik, bilirik gələcəyimiz necə olacaqdır. Bizim gələcəyimiz
öz əlimizdədir. Azərbaycanın gələcəkdə
hansı yollarla inkişaf edəcəyi bizdən asılı
olacaqdır.
Mən hesab edirəm ki, son
illər, son 17 il ərzində ölkəmizdə dövlətçiliyin
əsasları o qədər möhkəm qoyulmuşdur ki, gələcək
illərdə də bu yoldan dönmək mümkün
olmayacaqdır. Bu, yeganə seçimdir və bu gün Azərbaycanın
uğurlu inkişafı bunu bir daha sübut edir. Yəni,
1993-cü ildə ölkəmizin inkişafı müxtəlif
istiqamətlərdə gedə bilərdi. Yalnız bu yol,
inkişaf yolu, müstəqillik yolu, öz gücümüzə
arxalanmaq əzmimiz bugünkü reallıqları bizim
üçün yaradıbdır. Son illər ərzində Azərbaycan
dünya miqyasında ən sürətli inkişaf yolu
keçmişdir. Bunu bütün statistik göstəricilər
də göstərir.
Azərbaycan iqtisadiyyatı
böhran illərində də artır, Azərbaycan gözəlləşir,
abadlaşır, möhkəmlənir. Bu gün Azərbaycana gələn
hər bir xarici vətəndaş, hər bir qonaq, - əgər
o qərəzsizdirsə, - bu reallıqları görür, təqdir
edir və qiymətləndirir.
Bu əziz gündə,
hamımız üçün əziz Novruz bayramı ərəfəsində
bir daha bütün Azərbaycan xalqını ürəkdən
təbrik etmək istəyirəm, hər bir Azərbaycan vətəndaşına
cansağlığı, xoşbəxtlik və yeni uğurlar
arzulayıram!
Bayramınız mübarək
olsun!
* * *
Sonra Azərbaycan Prezidenti və
xanımı Dənizkənarı Milli Parka gəldilər.
Dövlətimizin başçısı İlham Əliyevi və
xanımı Mehriban Əliyevanı Novruz bayramının əsas
personajları olan Kosa və Keçəl
qarşıladılar.
Kosa və Keçəl
Prezidenti və xanımını bayram münasibətilə təbrik
etdilər, dövlətimizin başçısı ilə
yumurta döyüşdürdülər.
Azərbaycanın müxtəlif
bölgələrini təmsil edən özfəaliyyət
kollektivlərinin çıxışları maraqla
qarşılandı. Prezident İlham Əliyev və Mehriban Əliyeva
aşıqların, muğam ifaçılarının
çıxışlarını dinlədilər.
Milli parkda təşkil edilən
"Şərq bazarı" bayram şənliyinə
xüsusi çalar qatırdı. Burada ölkəmizin
müxtəlif bölgələrində hazırlanmış
sənətkarlıq nümunələri nümayiş
olunurdu.
Dövlətimizin
başçısına və xanımına hədiyyələr
təqdim edildi.
Bir tərəfdə isə
gənc pəhləvanlar xalça üzərində
qurşaq tutur, idmançılar məharətlərini
göstərirdilər.
Prezident İlham Əliyev,
xanımı Mehriban Əliyeva və şənliyin digər
iştirakçıları bu səhnələri maraqla izlədilər,
qədim el sənətlərinin nümunələrinə
baxdılar.
Dövlətimizin
başçısı və xanımı bərəkətli
Azərbaycan torpağında yetişdirilmiş məhsulların
bayram şənliyi çərçivəsində təşkil
edilmiş sərgisi ilə
Azərbaycan Prezidenti və
xanımı manqalda bişirilən kababın dadına
baxdılar. Ulu babalarımızdan bugünkü nəslə
yadigar qalan qədim el sənətlərinin nümayiş
olunduğu mərasimdə, həmçinin Novruz
bayramının rəmzi olan müxtəlif şirniyyat
nümunələri də təqdim edilirdi. Prezident İlham Əliyev
və Mehriban xanım Əliyeva bayram şirniyyatları ilə
çay içdilər.
Dövlətimizin
başçısı və xanımı, həmçinin gənc
rəssamların, modelyerlərin və el sənətkarlarının
əl işlərinə tamaşa etdilər. Mehriban xanım Əliyevaya
üzərində portreti toxunmuş xalça hədiyyə
edildi.
İncəsənət
ustaları, meyxanaçılar, aşıqlar, kəndirbazlar,
nağaraçılar xalqımızın adət-ənənələrini,
qədim el sənətlərini nümayiş etdirirdilər.
Milli parkda təşkil
edilmiş "Şərq bazarı"nda, həmçinin Azərbaycanın
müxtəlif bölgələrində yetişdirilən və
istehsal olunan ərzaq məhsulları da sərgilənmişdi.
Bu sərgi bir daha təsdiqləyir ki, Azərbaycan Prezidentinin
ölkədə ərzaq təhlükəsizliyinin təmin
olunması ilə bağlı verdiyi tapşırıqlar
uğurla icra olunur.
Azərbaycan Qol Güləşi
Federasiyasının üzvlərinin
çıxışları diqqətlə izlənildi. Prezident
İlham Əliyev pəhləvanlardan biri ilə qol güləşdirdi.
Mehriban xanım da qadın qol güləşçilərinin
təklifi ilə mübarizəyə qoşuldu. Pəhləvanlar
və güləşçilərlə xatirə şəkli
çəkdirildi.
Bahar qız Prezident İlham Əliyevə
və Mehriban xanıma bayram xonçası təqdim etdi.
Müxtəlif rayonlardan gətirilmiş
Novruz mətbəxinin nümunələri də şənlik
iştirakçılarında maraq doğurdu. Mehriban xanım Əliyevaya
milli geyim dəsti hədiyyə olundu.
Sonra Prezident İlham Əliyev və
xanımı Mehriban Əliyeva Dənizkənarı Milli Parkdan
şəhərin mənzərəsini seyr etdilər.
Dövlətimizin
başçısı onun pişvazına və bayram gəzintisinə
çıxmış Bakı sakinlərinə və
paytaxtımızın qonaqlarına Novruz münasibətilə
bir daha xoş arzularını yetirdi.
Novruz bayramı münasibətilə
keçirilən şənliklərdə Baş nazir Artur
Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident
Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər
rəsmi şəxslər iştirak edirdilər.
Bayram şənliyi incəsənət
ustalarının, el sənətkarlarının ifasında rəngarəng
konsert proqramı ilə axşamdan xeyli keçənədək
davam etdi.
AzərTAc
Azərbaycan.- 2011.-20 mart.- S. 1, 2.