O yurda dönə biləydik

 

Yurdumuza yaz gəlir, yenə də təbiət öz hüsnünü dəyişir. Çöllər, düzlər yaşıl örpəyə bürünməkdədir. Yerin üzündəki bu çağlayışa sanki göylər də tab gətirmir. Gecə-gündüz bulud göz yaşlarını torpağa ələyir. Beləcə, təbiətin naz vaxtı, yaz baxtı başlayır. Qışın buz bağrını öz zərif ləçəkləri ilə yarıb üzə çıxan boynubükük bənövşənin yuxuları çin olur. Ellər baharın pişvazına çıxır. Bu oyanış, təzəlik hər dəfə insan ürəyinin ən zərif duyğularını isidir.

Elə bil ki, baharın gəlişi bütün pislikləri, şər işləri buzun, qarın içinə qataraq əridib yox edir. Beləliklə, paklaşır, saflaşır, təzələşir insan. Bəlkə də ona görə deyirlər ki, Novruz bayramında bütün küsülülər barışmalı, insanlar bir-birilərini təbrikləməli, dostlar, qohumlar, hətta adi tanışlar belə bir-birilərini yoluxmalı, dünyasını dəyişənlərin qəbirləri ziyarət edilməlidir. Nə qədər pak və gözəl niyyətlərdir. Novruz gələndə bəlkə də ona görə sevinirik ki, bütün şər işlərin, xəbis əməllərin üstündən xətt çəkilməlidir.

Vaxt olub ki, min qovğanın, səddin, hədənin, qadağaların sərt üzləri ilə üzləşən, lakin heç bir zaman təzyiqlərə, təqiblərə, repressiyalara baş əyməyən Novruzu səbirsizliklə gözləmişik. Min arzu, min diləklə qarşılayıb ehtiramla mərasimlərini qeyd etmişik.

Deyirlər ki, Novruz bayramında hər kəs gərək doğma ocağının başında, öz el-obasında ola. Yoxsa illər boyu ora həsrət qalar. Kim bilir bəlkə bu da tarixin qarğışıdır ki, 23-cü Novruzdur Göyçə, Vedibasar, Sürməli, Qəmərli, Dərələyəz, Zəngəzur... mahalları bu təntənədən, bu əziz günlərdən uzaq düşüblər. 23 ildir ki, uca dağların başında tonqallar daha alışmır. Doğma yurda uzanan yolların qara bağrı yarılmır. Vətəndən qovulmuşların içinə bir od dolub.

Elə ki, yaz gəlir, adamın ruhu bədəndə oynayır. Gündüzlər harada olmağından asılı olmayaraq yuxularında doğulduğun yerdəsən. Novruz bayramı bütün xatirələri varlığımızdan soğan qabığı kimi soyur. Az qala üzünü küləyə tutub çox kövrək, zəif bir səslə pıçıldamaq, bəzən də lap haylamaq istəyirsən: "Bir uçaydım bu çırpınan yelinən. Bir görəydim bizim ellər yerindəmi?" Amma nə fayda, əlimiz heç nəyə çatmır. Novruzunku kənddir. O yerdəki təbiət var, yaşıllıq göz oxşayır, yazın gəlişini pıçıldayan qaranquşlar ötür, kol dibindən bənövşələr boylanır, elə Novruz da ilkin ora üz tutur. Novruz təbiət bayramıdır. İlaxır çərşənbələrin adına fikir verin: Su, Od, Yel, Torpaq. Bunların qovuşduğu məkan təbiətdir, həyatdır. Novruzun bütün mərasimləri də təbiətlə bağlıdır. Çeşmələrdən su gətirmək, su üstündən tullanmaq, həyətlərdə tonqal qalamaq, torpağın qayğısını çəkmək, bunlar hamısı kənddə gözəldir axı. Şəhərdə hansı çeşmədən su gətirəcəyik, bağlı qapılardan torbanı necə atacağıq, qulaqfalına necə çıxacağıq, hansı dağın başında tonqal alışdıracağıq?

Novruz həm də elə Vətən deməkdir. Nə qədər təmkinli, səbirli olsaq da, bu bayramın elə güclü təsiri var ki, mütləq xəyallarımız pərən-pərən düşür. Onun getdiyi yerlərə əllərimiz çatmır. Hanı o tanış cıgırlar, o doğma obalar... Nə çiçəyini üzə, nə həndəvərinə üzükə bilirik. Yenə ümidimiz Allahadır. Göyərmiş həsrətimizə bəlkə bu Novruzda son qoyula.

Novruz gələndə həmişə ellər baharın görüşünə tələsir. Bax onda didərginlərin, ev-eşiyindən ayrı düşmüşlərin ürəyi atdanar, xəyalımızdan nələr keçər? Yəqin ki, qədim Oğuz elləri doğma torpaqlarından, yurdlarından perik düşəndən sonra Novruz da o yerlərdən küskündür. Hərdən mənə elə gəlir ki, təbiət də hökmünü dəyişib, heç o yerlərə yaz da getmir. Bəlkə bənövşənin, sünbülün çiçəyi daha çırtlamır? Bəlkə qaranquşlar da obası dağılmış ellərin fərağına dözə bilməyərək heç oralara müjdə aparmırlar? Əlbəttə, bu yurd həsrətindən alışan ürəyimin cavabı bəlli, niskilli suallarıdır? Təbii ki, Günəş də çıxır, yağış da yağır, ağac da çiçəkləyir, sadəcə, bizsiz qalan doğma torpağın yaşantısına inanmaq istəmirik. Müəyyən mənada buna əsasımız da var. Soydaşlarımız o yurdlardan zorla qovulduqdan sonra onların yaşadıqları kəndlərin, kəsəklərin demək olar ki, əksəriyyəti xarabazara çevrilib. Hərdən ürəyimizdən bilirsiniz nə keçir? Yağıqarışıq hər şeyi toplayıb bir meydanda yandırasan. Qınamayın, bu bayram günlərində nə danışırıq. O müqəddəs yerləri murdarlıq basıb. Ya gərək sellər-sular yuyub təmizləyə, ya da gərək o viranəyə od düşə. Biri sülhdür, biri də savaş. Allah elə tədbir görsün ki, insanın savaş fərmanına ehtiyac qalmasın.

23 Novruzdur ki, öz yurdlarından didərgin düşənlər bir yerə yığışa bilmirlər. Doğma torpağın bənövşəsinə, buz bulaqlarına, düşmən gözü çıxaran bayram tonqallarına həsrət qalıblar. Ehey, qulağıma Dədə Qorqudun səsi gəlir: "Çıx, oğul, dağın başında üç tonqal yandır. Qurmaq, yaratmaq, tikmək vaxtıdır". Bəs əsarətdə qalan dağların başında o tonqallar nə vaxt yandırılacaq? Elə dərd də budur ki, dağlarımızın başı dumanlıdır. Doğulduğumuz yerlərə yollar bağlıdır, yurd yerlərimiz yağı pəncəsindədir.

Hərdən gözlərimizi yumub ötənləri vərəqləməkdə bir təskinlik tapırıq. Nəyisə yaşatmaq, qorumaq və gələcək nəslə ötürmək üçün təkrarlayırıq. Zəngəzurda Novruzu qarşılamağın və onu xoş ovqatla qeyd etməyin özəllikləri başqa idi. Bayrama on-on beş gün qalmış qız-gəlinlər ev-eşiyi tökər, xalı-xalçanı günə verər, təmizlik işləri ilə məşğul olar, həyət-bacanı əhənglə ağardar, bağ-bağçanı çör-çöpdən təmizləyər, yaşlılara kömək edərdilər. Oğlan uşaqlarının işi daha da artardı. Onlar təkcə arx təmizləyib çöl işlərində valideynlərinə kömək etməklə kifayətlənmirdilər. Hər gün dəstə ilə meşəyə gedib xüsusi kol qırardılar. Onun adına "İtdəyməz" deyərdilər. Novruz bayramında yalnız o koldan tonqal qalayardılar. Həm gec sönərdi, həm gur yanardı, həm də hisi olmazdı. Ağsaqallar söyləyirdilər ki, Novruz tonqalını hər koldan-kosdan yandırmazlar. Bu səbəbdən də uşaqlar o kolları hamının qapısına gətirərdilər. Kol yığmağa adamı olmayan da bayramda korluq çəkmirdi. Yeniyetmələr beş-on gün dağların başına rezin təkər daşıyardılar. Zirvədə alışan tonqallar bir həftə sönməzdi. Hər dəfə ora baxanda fərəhlənərdik. Bilirdik ki, qonşu kənddəki ermənilər o tonqalları gördükcə paxıllıqdan çatlayırlar. Nənələrin də işi çox olurdu. Boğçalar bağlanırdı, qonum-qonşuya, qohum-əqrəbaya sovqatlar tutulurdu. Bayram axşamı hamı təzə libas geyinərdi. Novruzda bütün həyətlərdən bihuşedici ətirlər gələrdi. Təndirlərdə nələr bişirilmirdi: çöçə (şəkərburaya oxşayır, içi ya qozdan, ya da lobyadan hazırlanır - F.X.) şirinçörək, həsti, qalın, əyirdək, fəsəli, qoğal... Soğan qabığından yumurta boyanardı. Bu da iki rəngdə olardı: ya sarı, ya da tünd qırmızı. Boşqablarda buğda cücərdərdilər. Buna biz tərəfdə "boşqabçəməni" (yəni səməni) deyərdilər. Xüsusi torbada qoz, fındıq, müxtəlif ləbləbi, şirniyyat yığılardı. Papaqatdıya (biz tərəflərdə buna "torbaatmaq" deyərdilər) gələnlərin sovqatı xüsusi hazırlanardı. Torbanı atdıqdan sonra oğlanlar qapını bayırdan elə möhkəm tutardılar ki, ev sahibi heç vaxt bilməzdi ki, ondan sovqat istəyən kimdir? Bütün evlərdə plov dəmlənərdi. Amma buna baxmayaraq yaxın qohum-qonşular bir-birilərinə bir boşqab plov göndərərdilər. Səbəbi də bu idiki hərəsinin öz dadı var.

Zəngəzurda Novruz hazırlığının bir özəlliyi də itburnudan düzəldilmiş turşu sayılır. Kənddə bunu bəzən beş-on ailə birlikdə hazırlayardı. Böyük qazanlarda bişirilən bu dadlı təamdan mütləq hamıya pay verilərdi. Adı turşu olsa da, özü şirin idi. Çünki içinə müxtəlif ədvalar, düyü və şəkər tozu vurulurdu. Novruzda qadınlar doşab halvası hazırlayardılar. Bayramdan qabaq hamı rəhmətə gedən doğmalarını yad edərdi, bu halva da orada paylanardı. Bayram çörəyinin hazırlanması tamam başqa cür olardı. Onun xəmirini su ilə yox, südlə yoğurardılar. Deyilənə görə, bunun da öz mənası var idi. Yeni başlanan il bərəkətli və uğurlu olsun.

Bayram axşamı kəndin özündə bir gözəllik olardı. Həm həyətlərdən xoş ətirlər gələrdi, həm də bayram ocaqlarının atəşi dağ başında ərşə ucalan tonqalların şəfəqlərindən nur içərək insanların simasına qəribə təbəssüm, ovqatına coşğunluq gətirərdi. Kənddə bir canlanma baş verirdi. Həmin axşam qulaqfalına çıxan qızların kefi pozulmasın deyə evlərdə nəhs sözlər danışılmazdı. Hamı bir-biri ilə mehriban rəftar edərdi. Aylarla küsülü olanlar barışardılar. Bayramı küsülü qarşılamaq günah sayılardı. Axır çərşənbənin sübhü qızlar səhəng götürüb bulağa gedərdilər. Sudan atlanar, əl-üzlərini yuyar, səhəngin dibinə bulağın gözündən yeddi kiçik daş seçib atardılar. Həyətə su səpilər, çay qoyulardı. Daşlar isə unluğa, bal, yağ qablarına, çörək tabağına, evin künc-bucağına atılardı ki, nə qədər bu daşlar tərpənmir, evin bərəkəti də o qədər ömürlük olsun. Balaca uşaqların sevinci lap aşıb-daşardı. Onlar əl-ələ tutaraq həyətləri gəzər, qapıları döyər və deyərdilər: "çərşənbə çəliyimi ver". Ev sahibi həmin uşaqlara mütləq ləbləbi, şirniyyat, meyvə verərdi. Əgər sovqatın içində boyanmış yumurta olmasaydı, onlar israr edib mütləq yumurta paylarını da alardılar.

Kənddə bir adət də maraqlı idi. Bayram axşamı gözaltı edilmiş qızların evinə elçi gedərdilər. Bunun da səbəbi var idi. Bayramda heç kim acıdil, sərt olmaz, qapıya gələni peşiman qaytarmazdı. Bu elə bir ənənə şəklini almışdı ki, hansı ailədən qız istəmək müşkül məsələyə dönsəydi, işi elə qurub düzərdilər ki, mütləq bayram axşamında elçi getsinlər. Qız evinə gəlmiş sovqat bağlamasını boş qaytarmazdılar. Nişanlı qızlar da öz istəklilərinə sovqat göndərərdilər. Burada bir özəllik də var idi: qız öz sevgilisinə mütləq toxuduğu naxışlı corabı və yaxud da başqa bir libas göndərərdi. Bu qayda idi. Oğlan evində həmin hədiyyəyə baxar, qızın əl qabiliyyətinə qiymət verərdilər. Bayram təntənəsi on günə kimi davam edərdi, ona həm də el arasında "əziz gün" deyilərdi. Məhz bu əziz gündə də heç kim heç kimin qanını qaraltmaz, kobudluğa, dava-dalaşa yol verilməzdi. Novruz sülh, barış bayramıdır.

Təəssüf ki, ağlı azmış ermənilərin günahı ucbatından bütün soydaşlarımız doğma ocağının başında hələ də bu bayramı qeyd edə bilmir. Biz gücümüzə, qüdrətimizə, ürəyimizə, təfəkkürümüzə arxayınıq. Torpaq eşqi ürəklərimizdə çiçək açıb. Könlümüzdə bitirdiyimiz bu çiçəklərin ətri qarşısıalınmaz bir qüvvətlə bizi o yurdlara çəkir. Təəssüf ki, ürəyimizin atdandığı yerə nə səsimiz yetişir, nə əlimiz çatır. Sellərin, suların şaqqıldayıb çağladığı bu vaxtlarda təkcə təbiətdə oyanış baş vermir ki, ruhumuz da qanadlanır. Qəlbimizin başı göynəyir. Xatirələr yaxamızdan yapışaraq bizi silkələyir. Küncütlü qovurğanın ətri, qapımızda alovlanan tonqalın şəfəqləri, təndir başından ətrafa yayılan bihuşedici rahiyələr, bir də anam yadıma düşür... Gəl əziz bayramım, bir də görüşək, bəlkə o yollara da bir iz düşdü. Kim bilir?

 

 

F.XƏLİLZADƏ

 

Azərbaycan.- 2011.-20 mart.- S. 5.