Bahar nə xoş gəlir...
21 mart Beynəlxalq Novruz
Günüdür
Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyinin birgə əməyi sayəsində Novruz bayramı və Azərbaycan aşıq sənəti 2009-cu ildə YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildi. Ötən ilin fevralında BMT Baş Məclisinin 64-cü sessiyasında martın 21-i Beynəlxalq Novruz Günü elan edildi. Əslində, Novruz elə sülh və barışıq bayramıdır. Əgər bir millət söyləyirsə ki, Novruzda heç kəs bir-biri ilə küsülü qalmasın, nəhs sözlər danışmasın, qalmaqala, dava-dalaşa yol verilməsin, süfrəsi bərəkətli, ömrü şən, ruzisi bol olsun, bu, Novruzun bəşəriliyinə nümunə deyilmi? İndi bizim bu milli və qədim bayramımızın beynəlxalq aləmdə qeyd edilməsi Azərbaycan dövlətinin bütün xalqlarla həmrəylik, dostluq və anlaşma şəraitində yaşamaq istəyinin əks-sədasıdır.
İllərin sınağı təsdiqlədi ki, təbiətlə insan ruhunun oyandığı gün eyni vaxta təsadüf etdiyindən xalqımız həmişə bu mübarək məqamı - yəni, Novruzu xüsusi məhəbbətlə qarşılayıb, əsl bayram ovqatı ilə qeyd edib. Əslində, Xeyirlə Şərin mübarizəsi üzərində qurulmuş bu qədim el bayramının kökü çox əski zamanlara gedib çıxır. Yazın gəlişini fərəhlə qeyd etmək üçün "Novruz adlandırılan bu təntənəli günlərin varlığı haqqında ilk yazılı məlumat eradan əvvəl 505-ci ilə aiddir. Bu bayramla bağlı məlumat verən orta əsr müəllifləri göstərirlər ki, islamdan sonra da insanlar Novruzu yenə təntənə ilə qeyd ediblər. Qədim zamanlarda Novruz bayramı günü süfrələrə mütləq buğda, arpa, qarğıdalı, noxud, mərcimək, düyü, küncüt, paxla və lobya unundan bişirilmiş şirniyyatlar düzülərdi. Süfrənin ortasında müxtəlif ağaclardan kəsilmiş 7 budaq qoyulardı.
Novruzun xalq bayramı olduğu haqda fikirlərə Nizam əl-Mülkün "Siyasətnamə"sində də rast gəlirik. Zərdüştlük dövründə də qeyd olunan bayramın ən maraqlısı məhz Novruz imiş. Ömər Xəyyam (1048-1131) "Novruznamə" adlı əsərində astronomik tədqiqatlara əsasən, elmi surətdə göstərmişdir ki, Novruzun yaranması Günəş təqvimi ilə bağlıdır. Novruz həqiqətən də ilin dəyişməsi deməkdir.
XVII əsrdə yaşamış fransız səyyahı Jan Şardən Şərq ölkələrini səyahətə çıxır. Gəncədə, Naxçıvanda, Tiflisdə, İrəvanda, Təbrizdə, İsfahanda olur... Vətəninə qayıtdıqdan sonra "Səyahətnamə" adlı kitab yazır. Maraqlıdır ki, onun səfərlərindən biri mart ayına düşdüyündən, o, Şərqdə qeyd edilən Novruz bayramında iştirakçısı olub. Həmin bayramla bağlı "Səyahətnamə"sində bildirib ki, Səfəvilərdə dini və mülki bayramlar lap çoxdur. Bu bayramlardan üçü təntənəli surətdə qeyd edilir: Orucluq, Qurban və Yaz bayramı. Yaz bayramı əslində Yeni il bayramı deməkdir. Həmin gün gecə ilə gündüz bərabərləşir. Fransız səyyahını heyrətə gətirən yumurtaların qızıl suyuna boyanması və insanların bir-birlərinə nadir tapılan, həm də bahalı əşyalardan - cəvahiratdan, qızıldan, gümüşdən, parçadan, ətriyyatdan, daş-qaşdan hədiyyə verməsi olub. Bu cür bayramlaşmanın əkinçidən şaha qədər davam etməsi avropalı səyyahı daha çox heyrətləndirib. Xüsusilə də İrəvan bəylərbəyliyində keçirilən Novruz bayramı Jan Şardəni valeh edib. Səyyahı təəccübləndirən amillərdən biri də insanların bayramın birinci günü Allaha dua etmələri olub. Jan Şardən yazırdı: "Onlar sübh çağı bütün bədənlərini su ilə yuyurlar. Sonra tərtəmiz paltar geyinirlər, xoş sözlər danışırlar, bir-birləri ilə mehribançılıq edirlər. Bu ovqat onlarda Yeni ilin xoş keçəcəyinə, xoşbəxtlik gətirəcəyinə inam yaradır".
Əlbəttə, fransız səyyahının kitabında xoşagəlməyən məqamlar, yanlış fikirlər də var. Amma bununla bərabər avropalı səyyahın Novruzu bəşəri bayram kimi dəyərləndirməsi təqdirəlayiqdir. Novruz xalqımızın intellektual səviyyəsindən, təfəkküründən xəbər verir. Bu bayram həmişə eyni vaxta düşür. İlin uzun və qısalığından asılı olmayaraq, Novruz həmişə martın 21-i və 22-si qeyd edilir.
Mətbuatımızın cəfakeşi Həsən bəy Zərdabi "Quyruq doğdu, çilə çıxdı" adlı məqaləsində yazırdı: "Təəccüblüdür ki, bizim heç bir yerdə oxumamış kəndli nə filan ayın neçəsi olduğunu, hətta ayların adını belə bilməyib. Amma onunla belə, təsbehini alaraq Novruzdan tutub hesab çəkib ki, quyruq doğmağa neçə gün qalıb və filan gün çillə çıxacaqdır. Bundan belə məlum olur ki, bu hesab çox doğru və asan hesabdır və bunun belə olmağına səbəb hesabın Novruzdan çəkilməyidir. Novruz ki, o vaxtda gün - bahar nöqtəsindən keçir, heç vaxt dəyişmir".
Orta əsrlərdə Azərbaycanda xüsusi şəxslər - astroloqlar Günəşin hərəkətini izləyər, bu barədə əhaliyə ətraflı məlumat verərdilər. 1637-ci ildə alman səyyahı Adam Olearin Şamaxıda azərbaycanlıların Yeni il mərasimini - Novruzu necə qarşılamalarının şahidi olmuş və bu barədə yazmışdır: "Astroloq tez-tez stolun arxasında durur, xüsusi alətlər vasitəsilə Günəşi müşahidə edir, saata baxır, beləliklə, Günəşin gecə ilə gündüzün bərabərlik nöqtəsinə çatacağı anı müşahidə edirdi. Elə ki, gözlənilən məqam çatdı, astroloqun xəbəri ilə əlaqədar şəhərdə yaylım atəşləri açıldı. Şamaxı şəhərinin qala divarları boyunca təbillər döyüldü, xalq şənliyə başladı". Bu faktlar göstərir ki, Novruz kor-koranə qəbul edilməyib. Onun kökündə elmi əsaslar dayanıb. Yeni ilin məhz martın 21-də başlanması tam elmi təsdiqini tapmışdır. Novruzun heç bir dinlə əlaqəsi yoxdur. O, xalqımızın məişəti, adət-ənənəsi, gün-güzəranı, həyat tərzi, təfəkkürü, intellektual səviyyəsi ilə qırılmaz tellərlə bağlı olub. Novruz nəsildən-nəslə, əsrdən-əsrə keçərək milli bayram və xalq mərasimi kimi yaşamaqdadır.
Doğrudur, sovet hakimiyyəti illərində bizim bir çox milli dəyərlərimizə qarşı səlib yürüşü yeridildi. İnsanları dinindən, imanından, adət-ənənəsindən, soykökündən, milli mənsubluğundan qoparmaq üçün baş alıb gedən qadağa və təzyiqlərin bir zərbəsi də təbii ki, Novruza dəydi. Qəribədir, bir çox diktələrə boyun əymək məcburiyyətində qalan xalqımız nə dinindən, imanından ayrı düşdü, nə də Novruzu qəlbindən çıxarıb atdı. Acılı-ağrılı zamanın vahiməsinə baxmayaraq, Novruz yaşadı. Rəsmi tədbirlərdə, radio və televiziya verilişlərində onun adını dəyişdirib gah "Yaz bayramı", gah "Bahar" bayramı, gah da yaz-tarla işlərinin başlanğıcı hesab etsələr də, xalq öz Novruzunu məhəbbətlə qarşılayıb ehtiramla keçirirdi. Şəkərbura, paxlava bişirilirdi, bayram plovu süzülürdü, səməni göyərdilirdi, həyətlərdə tonqal yandırılırdı. Qohum-əqrəba bir-birinin qapısını döyərək bayramlaşırdı. Amma bütün bunlar sanki bir örtük, bir pərdə arxasında həyata keçirilirdi. Radio və televiziyalarda baharın gəlişi ilə əlaqədar konsertlər verilir, yazla bağlı mahnılar oxunurdu. Hər kəs öz imkanı və səlahiyyəti daxilində bu qədim bayramın əbədiyaşarlığına xidmət edirdi. Heç kim Novruzun adını çəkmirdi. Amma həmin əziz günlər şən ovqatla qeyd edilirdi.
Əlbəttə, Novruzun üzərindəki qadağaları götürmək üçün Azərbaycan ziyalıları uzun müddət çarpışdılar. Şıxəli Qurbanovdan başlamış neçə-neçə işıqlı şəxsiyyət Novruzun həyata qaytarılması yolunda fədakarcasına mübarizə apardı.
Xalqımızın bir xoşbəxtliyi də onunla bağlıdır ki, 1969-cu ildə ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbər seçildi. Məhz ulu öndərin diqqəti və qayğısı sayəsində bayram günlərində Bakı küçələrində insanlar kütləvi şənliyə başladılar. Bahar qızı peyda oldu. Biz nəslin yadından çıxmayıb ki, yataqxanada yaşayan tələbələr Novruzu qeyd etmək üçün hansı qadağaların üstündən keçməli oldular. Otaqlarda göyərdilən səmənilər pəncərələrdən atılır, Fəxri xiyabana bayram xonçası aparan tələbə həbs edilirdi. Bizi bu əzabdan qurtaran məhz Heydər Əliyev oldu. Yaxşı yadımdadır, Şıxəli Qurbanovun qəbrini ziyarət edərkən əlində səməni tutan tələbə yoldaşımızı milislər apardılar. Müəllimlərimizdən biri söyləyirdi ki, Heydər Əliyev universitetin rektoruna irad tutaraq deyib: "Yaşıllığın nəyi pisdir ki, sən onu pəncərədən atırsan? Rəhmətə gedənləri ziyarət etmək kimə ziyan gətirir?" Məhz bu təpkidən sonra biz növbəti Novruzu təbii ki, Bahar bayramı adı ilə daha təntənəli qeyd etdik. Nə xoş ki, dövlət müstəqilliyimizi qazandıqdan sonra Novruzun həqiqətən büsatlı günləri başladı. Ümummilli liderdən müsahibə alan bir jurnalistin "Sevdiyiniz bayram hansıdır" - sualına Heydər Əliyev "Novruz" demişdi. Ömrümüzün ən fərəhli günlərindən biri idi ki, Novruz şənliklərində ulu öndər Heydər Əliyev şəhər sakinləri ilə görüşər, onları bayram münasibətilə təbrik edər, yumurta döyüşdürər, öz xeyir-duaları ilə hər kəsdə xoş ovqat yaradardı.
İndi Novruz rəsmi bayramların sırasında əzəmətlə dayanıb. Onu layiqincə qeyd etmək üçün ölkə başçısı İlham Əliyevin sərəncamı ilə bir neçə gün insanlar işdən ayrılıb öz bayramlarını qeyd edəcəklər. Həqiqətən də bu bayram istirahətini, mənəvi rahatlığı bizə bəxş etdiyi üçün ölkə Prezidentinə minnətdarıq.
Nədənsə həmişə Novruz bayramı gələndə yadımıza Şəhriyarın, Səməd Vurğunun şeirləri düşür. "Bayram idi gecə quşu oxurdu..." Bu elə bir xəfif ahəngli misradır ki, adamın xəyalından nələr keçmir? Xüsusilə də Səməd Vurğunun poeziyasında ruh oxşayan, Novruzun özəlliklərini xatırladan elə şeirlər var ki, hələ də bizimlə yol gedir. Şairin öz səsi ilə lentə yazılmış belə unudulmaz məqamlardan biri:
Bahar, istəklimsən, başdan-binadan,
Ən gözəl qızısan sən təbiətin,
Xoşbəxt yaranmısan, xoşbəxt anadan,
Gözünün odusan şeirin, sənətin,
Ən gözəl qızısan sən təbiətin...
Başqa bir şeirində isə yaşıl köynəyini geyinən meşələrə, daşların dibinə quş kimi qonan bənövşəyə, dağ döşünə çıxan qıvırcıq quzulara, bütövlükdə təbiətin özünə, Novruzun gəlişinə şair belə deyib:
Bahar nə xoş gəlir,
ruha dad verir,
Xəyala, duyğuya qol-qanad
verir.
Bu mənzərələrin
şair qəlbində yaratdığı kövrək xatirələrin
poetik əks-sədası genişdir:
Göylərə baş
çəkir, Göyəzən dağı,
Axşam açıq olur
Ayın qabağı,
Bizim gəlinlərin
bayramqabağı,
Fəsəli yaymağı
yadıma düşdü...
Ruhu şad olsun Səməd
Vurğunun! O bu şeirləri sovet dövründə
yazıb. Repressiyaların at oynatdığı illərdə.
Elə həqiqətlər var ki, onları etiraf etmək Allaha
da xoş gedər. Qoy Novruzun suları gurhagur axsın. Torpaqda
sünbüllər göyərsin, xoş sorağımız
eldən-elə yayılsın. Şair demişkən,
torpağa, daşa, təzə nəfəs gəlsin, hər
şey dəyişsin, həyat təzələnsin. Təbiətdəki
zümrüdlük insan ömrünün rənginə yeni
çalarlar gətirsin.
Qoy 21 martda bütün
dünya Novruzun gözəlliyinə, sülhsevərliyinə
heyrət kəsilərək onu yaşadan xalqın qədimliyinə,
əzəmətinə, böyüklüyünə bir daha əmin
olsun. Ötən əsrin sonlarında - Novruz günlərində
Azərbaycanda olan xarici ölkə səyyahlarının birinə
bayram sovqatı olan xonça bağışlayıblar. O,
xonçanın qarşısında diz çökərək
heyrətlə deyib: "Siz bunu necə bacarmısınız?
Bu ki, dünyanın bəzədilmiş simvoludur". Bu,
Novruzumuzun qüdrətidir! Bütün bəlalardan,
qadağalardan, təzyiqlərdən, quruluşlardan qalibiyyətlə
çıxdı. Bu, ölkə rəhbərinin nailiyyətidir.
Novruz sərhədləri aşdı, coğrafiyası
genişləndi. Şairlərimizin arzuları çiçək
açdı. Xalqımızın duaları eşidildi. Həqiqətən
də ruha nə xoş gəlir ki, qürurla, iftixarla, bəlkə
də daha ucadan deyəsən:
- 21 mart Beynəlxalq Novruz Günüdür! Bayramınız mübarək həmvətənlər! Bayramınız mübarək Azərbaycanı sevənlər!
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2011.-20 mart.- S. 6.