Novruz ulu tariximiz, müqəddəs
ənənəmizdir
Hava soyuq keçsə də, yavaş-yavaş baharın ətri duyulur. Evlərdə, könüllərdə isə çoxdan bahardır. Neçə gündür həyətlərdə, ev-eşikdə yır-yığış gedir, səliqə-sahman işləri görülür. Səmənilər göyərdilir, şəkərbura, paxlava, qoğal bişirilir.
Gəncə əsilli, köklü diyardır. Bu yerlərdə Novruz bayramı ta qədimdən qeyd olunur. Nə vaxt, necə?.. Ötənlərə, keçənlərə nəzər salaq. Mənbələri, məxəzləri araşdıraq. Əvvəlcə Xıdır Nəbi təntənələri gəlir. Gəncəlilər bu bayramı hər il kiçik çillənin onuncu günü qeyd edərdilər. Deyirlər, Xıdır yaşıllığın, təbiətin oyanmasının rəmzidir. Bu bayramdan üç gün sonra yel əsir. Ona Xıdır Nəbi yeli deyirlər. Bayram günü bütün evlərdə buğda qovrulur, xəşil, plov bişrilir, qovut çəkilir, yumurta boyanır, yeddi cür nemətdən qovurğa hazırlanır, gözəl süfrə açılır. Qohum-əqrəba, məhəllə əhli bir yerə yığışar, deyib-gülər, bayram nemətlərindən qismət kəsərdilər. Qəriblər, imkansızlar, yol ötənlər süfrənin ən əziz qonaqları sayılardı.
Novruzun isə bir özgə yeri var idi. Ta qədimdən Gəncə məhəllələrində çərşənbələri xüsusi təmtəraqla keçirərdilər. Hər çərşənbə tonqal qalanar, "Ağırlığım, uğurluğum, qada-balam, get" deyib tonqal üstündən atılardılar. Axır çərşənbə istisna olmaqla, əvvəlki üç çərşənbədə əgər tonqal qalanırsa, ocaq boş yanmamalıdır, mütləq plov dəmlənməlidir. Hər ailə öz imkanına, gücünə görə süfrə açar, yeddi adda naz-nemətlə süfrəni bəzəyərdi.
Əzəl çərşənbədə hamı səhər tezdən su üstünə gedərdi. Hər məhəllənin öz bulağı, kəhrizi var idi. Həmin bulaqdan su götürər, arxın üstündən atıla-atıla şən nəğmələr oxuyardılar. Qızlar əllərinin baş barmaqlarını iplə bağlayar, arxın üstündən bir neçə dəfə tullandıqdan sonra ipi kəsib suya atardılar ki, bəxtləri açılsın.
"Məzar üstü" adəti ikinci çərşənbədə - yəni, Od çərşənbəsində icra edilərdi. İli çıxmayan mərhumlara "Qara bayram" keçirərdilər. Ehsan verilər, "Yasin" oxunar, səmənini, bayram xonçasını mərhumun qəbri üstünə düzərdilər.
İlin Axır çərşənbəsi Gəncədə xüsusi təntənə ilə qeyd olunardı: belə düşünürdülər ki, Axır çərşənbənin ovqatı bütövlüklə gələcək ilə sirayət edir. Hər yanda ən ləziz xörəklər hazırlanar, gözəl süfrə açılardı.
Gəncə paxlavasının bişirilməsi əməli-başlı bir mərasimdir. Gərək hamının süfrəsində şəkərbura, paxlava, badambura, şəkərçörəyi, qoz, fındıq, püstə, badam, kişmiş və s. olsun. Bayram xonçası üçün qırmızı, sarı rəngdə yumurtalar boyanar, axşamüstü tonqal qalanar, uşaqlar qapı-qapı gəzib papaq atar, bayramlıq toplayardılar.
Qızlar dan yeri ağaran kimi bulağa gedər, su götürər, əl-üzlərini yuyardılar. Bulağın gözündən götürüb səhəngin dibinə yeddi balaca daş salardılar. Oğlanlar üç ədəd böyürtkən qanadını gətirib qapının başına və astanasına vurardılar.
İlin Axır çərşənbəsi axşamı "Dan atmaq", yəni, gecəni oyaq keçirmək, ayini də icra olunardı. Kimi fal açar, kimi qapıları pusar, kimi mövsüm-ayin mahnıları ifa edərək dan sökülənə kimi yatmazdı. Yatanın paltarını palaza tikər, onu oxutmaqla, yaxud oynatmaqla cərimə edərdilər. Dan ulduzunun çıxmağını birinci kim görürdüsə, onun arzusunun həyata keçməsi "təmin olunurdu".
Gəncədə məhəllələrə "basalax" deyilir. Bir çox məhəllələrdə, məsələn, Şahsevən, Səfərabad, Toyuqçu, Tatabad, Əttarlar kimi qədim, köklü məhəllələrdə Novruz bayramı xüsusi təntənə ilə keçirilərdi. Novruza iki həftə, on gün qalmış hər kəs öz imkanına görə hazırlıq görərdi. Qapı-baca əhənglə ağardılar, bayır-baca tərtəmiz süpürülər, xalça-palaz çırpılıb təmizlənər, ev-eşik səliqəyə salınardı.
Əttarlar məhəlləsində Şeytanbazar deyilən yerdə zəfəran, sarıkök, istiot, darçın, sumax, zəncəfil, zirə, mixək, hil, xaş-xaş, lumu cövhəri və s. ədviyyat malları satılan ticarət mağazaları var idi. Baqqallar bu dükanlarını güzgülərlə, ağ parça üstündə çəkilmiş cürbəcür şəkillərlə, kağız rəsmləri ilə bəzəyərdilər.
Bayram günlərində həyətlər, küçələr baxça-bağ adamla dolu olardı. Böyüklü-kiçikli hamı Cıdır meydanına yığışardı. Cıdır meydanı Gəncə şəhərinin ortasındakı Şah Abbas məscidinin yanında idi. Çaparlar gələnə kimi hər yanda koma-koma uşaqlar, gənclər yığışar, yumurta döyüşdürər, oynayar, gülər, şənlənərdilər. Meydanın başından zurna-balaban səsi gələn kimi hamı atlıları görməyə çalışardı.
Bellərində oxları, çiyinlərində aynalı tüfəngləri qıvraq geyimli bığıburma minicilər ikibir, üçbir meydanın ortasında ağır-ağır at oynatmağa başlardılar. Cıdır qızışdıqca, kimi kəhər atı, kimi boz atı, kimi kürəni tərifləyər, hərdən mərc gələr, qaliblərə nəmər verərdilər.
Axşamüstü məhəllə əhli boş düzənliyə toplaşar, böyük tonqal qalayardı. Bütün məhəllə cavanları, qızlı-oğlanlı hər kəs öz lopası ilə gələrdi. Bu lopalar qabaqcadan hazırlanardı. Yoğun bir budağı götürərək ona xeyli köhnə parça dolayıb məftillə bağlayardılar. Sonra onu bir həftə neftin içərisində saxlayardılar ki, parça nefti canına çəkib yaxşı yansın.
Ailədə neçə uşaq var idisə, hərəsinin öz lopası olardı. Bayram axşamı bütün uşaqlar öz lopaları ilə tonqalın ətrafına toplaşardılar. Burada çalğıçılar da, xanəndələr də, nağılçılar da olardı. Hamı əylənər və məzəli oyun göstərilərdi.
Yaxşı rəqs bacaran bir uşağın əyninə tərsinə çevrilmiş kürk geydirər, üzünə kağızdan düzəldilmiş üzlük taxıb başına kəlləqənd şəkilli uzun şişpapaq qoyar, belinə zınqırovlu kəmər bağlayardılar. Ən çevik Kosa uşaqları başına yığıb, həyətləri gəzib xorla oxuyardı:
A kosa-kosa, gəlsənə,
Gəlib salam versənə,
Çömçəni
doldursana,
Kosanı yola salsana.
Gəncənin Novruz ənənələri
çox zəngindir. Hazırda Regional Elmi Mərkəzin
mütəxəssisləri bu sahədə mövcud
materialları toplayaraq oxuculara çatdırılması kimi
dəyərli bir işlə məşğuldur.
Əhməd İSAYEV
Azərbaycan.- 2011.-20 mart.- S. 6.