Novruz bayramı tarixi mənbələrdə
Azərbaycan xalqı özünün erkən əkinçilik, maldarlıq təsəvvürləri ilə bağlı rəngarəng bayramlarını yaratmışdır. Ulu qaynaqlardan süzülüb gələn, yaddaşlara yoldaş olan bu bayramları xalqımız bir-birindən oynaq, şirin və lətafətli nəğmələr, erkən təsəvvürlərlə bağlı miflər, ayin, etiqad, ənənə və mərasimlərlə bəzəmişdir. Yüzilliklər dolabında bu xalq bayramlarının nəğmə və sözünün nəqşi pozulanı da olub, bəndi unudulanı da… Ancaq xalq coşqun bir yaradıcılıqla bu nəğmələrin pozulmuş ahəngini, el sözünün unudulmuş bəndini cilalamış, onu özünün qüdrətli mənəvi dünyasını əks etdirən çeşidli yallılar, rituallar, ayinlər, mərasimlər, coşqun rəqslər, rəngarəng oyunlar və açıq havada keçirilən meydan tamaşaları ilə bəzəmişdir.
Xalqımızın belə böyük bayramlarından biri də Novruzdur. Bu bayram hər il mart ayının 20-21-22-də (köhnə təqvimlə martın 7-8-9-da) keçirilmişdir.
Novruz
haqqında məlumat verən tarixi və ədəbi mənbələr
geniş və çoxsaylıdır. Onlardan ən qədiminə
Azərbaycan miflərində rast gəlirik: "Oğuz
oğlu zağada yaşayanda qışdan yaman qorxardı. Ona
görə də ilin üç fəslində qışa tədarük
görər, dünyanın naz-nemətini zağaya
yığıb gətirərdi. Bir il qış uzun çəkdi.
Oğuz oğlunun azuqəsi qurtardı. Çarəsiz qalan
Oğuz oğlu Böyük çillənin otuzuncu
günü zağadan bayıra çıxdı ki, yeməyə
bir şey tapıb gətirsin. Nə qədər gəzdi,
dolandı, heç nə tapmadı. Saqqalı buz
bağladı, əli-ayağı dondu. Kor-peşiman evə qayıdanda yolda
bir qurd balasına rast gəldi.
- Oğuz oğlu, bu
qarda-boranda haradan gəlirsən, - deyə qurd balası
soruşdu. Oğuz oğlu başına gələn əhvalatı
danışdı. İlin aylarından gileyləndi. Dedi ki, elə
ay var yaxşı dolanırıq, elə ay da var ki, acından
qırılırıq. Oğuz oğlu ayları təriflədi,
ayları yamanladı.
Qurd balası dedi:
- Ey Oğuz oğlu, qabaqdakı
yolayrıcında səni bir sürü qoyun, bir qucaq
sünbül, bir cəhrə, bir də əl dəyirmanı
gözləyir. Onları alıb zağana apararsan. Qoyunu kəsib
ətini yeyərsən. Yunundan cəhrədə ip əyirər,
özünə paltar tikərsən, dərisini əyninə
geyərsən. Sünbülün dənini də əl dəyirmanında
çəkər, unundan çörək bişirərsən.
Yaza çıxarsan. Ancaq sənə verdiyim əmanətlərdən
gərək muğayat olasan, sünbülü və qoyunu
özün artırasan. Quzuları əlinin üstündə
saxlayıb böyüdəsən. Sünbülün dənini
yerə səpib onu alnının təri ilə suvarasan. Dediklərimə
əməl eləyə bilməsən, yaşamaq sənin
üçün çətin olacaq.
Oğuz oğlu
yolayrıcına gəldi. Qurd balasının dediklərini
götürüb zağaya gətirdi. Qışı
kefikök dolandı. Yazda sürünü dağlara yaydı,
sünbülü torpağa səpdi, gecə-gündüz
sürülərin, sarı sünbülün qulluğunda
dayandı. Oğuz oğluna bir bolluq üz verdi ki, gəl
görəsən. O gündən bütün ili işlədi.
Qurd balasına rast gəldiyi Böyük çillənin
otuzuncu günündən isə bayrama hazırlaşmağa
başladı. İlin beş gününü yedi, içdi,
çaldı, çağırdı, qohuma-qardaşa bayrama
getdi. Həmin ildən Oğuz oğlu ilinin
başlanğıcını o gündən hesabladı. O
günə Novruz adı verdi. Novruzu bayram etməyə adət
elədi. Novruz ona uğur gətirdi".
Həmin vaxtdan Novruz müxtəlif
dinlərin kitablarına, əsərlərinə, risalələrə
və səyahətnamələrə düşdü. Onu
geniş ərazilərdə bayram etməyə
başladılar. Mənbələrdə göstərilir ki, Əhəmənilər
dövründə (Miladdan əvvəl 558-330) Novruzu bayram etmək
xalq arasında adət olmuşdur. Həmin bayramın
keçirilməsi insanın yaşayışı, təminatı,
həyatını qoruyub saxlaması, əmək vərdişlərinə
yiyələnməsi, əkinçiliyin və
maldarlığın əsasını qoyması ilə əlaqələndirildi.
Novruzun bayram edilməsi nisbətən
sonralar mifoloji təsəvvürlərdən real zəminə
köçürülmüşdür. Bayramı xalq
arasında sabitləşdirmək üçün müxtəlif
təriqətlər və dinlər, şahlar və
hökmdarlar müxtəlif cidd-cəhdlər göstərmişlər.
Zərdüştilər Novruzu öz adət və ənənələri
ilə bağlamağa çalışdıqları kmi,
sonralar da belə təşəbbüslər olmuşdur.
Novruzu İran hökmdarları Cəmşidin və
Keymurasın adı ilə bağlayan rəvayətlər də
yaranmışdır.
İslam dini xadimləri də
Novruza öz rəngini vurmağa cəhd göstərmiş, həmin
gün xəlifəni taxta çıxarmışlar. Lakin
Novruz nə zərdüştiliyin, nə də islamın təsiri
altına düşməmiş, özünün humanist mahiyyətini
yaşatmışdır. Xalqın təsəvvüründə
bütün dinlərdən və təriqətlərdən,
siyasi baxışlardan uzaq ümumxalq bayramı kimi
yaşamışdır.
Novruz haqqında daha mükəmməl
təsvirlər, məlumatlar tarixlərin yaddaşında
yaşamaqdadır. XI əsr ərəb tarixçisi Əbu
Reyhan əl-Biruninin (973-1048) "Qədim xalqlardan
qalmış yadigarlar", "Qanuni-məsudi", "Ət-təfhim"
əsərlərində, Ö.Xəyyamın (1045-1131)
"Novruznamə" risaləsində, XI əsr ərəb
tarixçisi Nizamül-Mülkün "Siyasətnamə"sində
Novruz barədə geniş məlumatlar vardır.
Ömər Xəyyam
"Novruznamə"sində yazırdı: "Cəmşid
bu günü (Fərvərdin - mart ayının əvvəlini
- A.N.) Novruz adlandırmaq barədə fərman verdi. Hər il
fərvərdinin başlanğıcını bayram eləməyi,
yeni ili həmin gündən hesablamağı əmr etdi".
Novruzun qədimdən bayram
kimi keçirilməsi Şərqin mötəbər ədəbi
mənbələrində də öz əksini tapmışdır.
Ə.Firdovsinin "Şahnamə"sində bayramın
İran təqviminin ilk ayı olan fərvərdinin - mart
ayının əvvəlində qeyd olunduğu göstərilir.
N.Gəncəvinin
"İsgəndərnamə"sində, Ə.Nəvainin
"Səddi-İsgəndər"ində bizim eradan 350 il əvvəl
Novruzun böyük xalq bayramı kimi keçirildiyi qeyd edilir.
Təsadüfi deyil ki, Nizamidə İsgəndərin Bərdə
hökmdarı Nüşabəyə qonaq gəldiyi gün elə
Novruz bayramı günü idi.
Tarixi mənbələr
Novruzun, eyni zamanda, təqvim bayramı olduğunu da əks
etdirməkdədir. Yerin Günəş ətrafında hərəkəti
ilə fəsillərin dəyişməsi, qışın
keçib yazın gəlməsi, yeni əmək
mövsümünün başlanması ilə əlamətdar
idi. İnsanlar yeni günü həm də yeni fəslin gəlməsi,
yeni əmək mövsümünün başlanması kimi
başa düşür və bu günü bayram kimi təntənə
ilə qeyd edirdilər.
Göründüyü kimi, əkinçilik
təsəvvürləri ilə bağlı yaranan Novruz
özünün sonrakı inkişafında həm müxtəlif
dinlər tərəfindən mənimsənilməyə məruz
qalmış, həm də astronomik təsəvvürləri əks
etdirən təqvim bayramı adı ilə
yaşamışdır. Xalq həmişə Novruz
bayramına böyük hazırlıq görmüş, onu təntənə
ilə keçirmişdir. Bu gün Azərbaycanda Novruz
bayramı özünün yarandığı tarixi yetkin
formasını qoruyub saxlamışdır. Qışın gəlməsi
ilə başlayan Böyük çillə ilə Kiçik
çillə şənliklərindən sonra fevralın 20-dən
Su, Od, Yel və Torpaq etiqadlarına tapınma görüşlərini
əhatə edən İlaxır çərşənbə
şənlikləri başlayır. Bayramsevər
xalqımız onu çeşidli şənliklər silsiləsi
ilə keçirir, Novruzu bolluğa, firavanlığa, sülhə
və əmin-amanlığa aparan yüksək ideallarla
qarşılayır.
Bayrama qırx gün
qalmışdan Novruza hazırlıq görülərdi.
Hazırlıq Şum, Saya və torpağa istilik gətirəcək
"Xıdır Nəbi" mərasimlərinin keçirilməsi
ilə başlardı. Çünki ibtidai insanın
yaşayışı əkinçilik və maldarlıqla
sıx bağlı idi. Ona görə də Novruz
etiqadının özündə qüdrətli bir bolluq,
firavanlıq istəyi dayanırdı. Bu dəyərlərdə
insanları torpağa məhəbbət, əməyə
bağlanmağa güclü çağırış
vardı. Eyni zamanda, həmin etiqadlarda belə bir inam əks
olunurdu ki, insan bolluq və firavanlığını yalnız
öz alın təri, zəhməti ilə yarada bilər.
Novruza qədər
keçirilən mərasimlərdə məhsul bolluğu istəyi
başlıca cəhət idi. İnsanda belə bir inam
vardı ki, nə qədər bolluq arzulasan, onu
çağırsan, o, sənə daha tez yavuq düşər.
Hər iki mərasimin başqa bir qayəsi isə yoxsullara, əlsiz-ayaqsızlara,
məhsulunu çəyirtkə vuranlara, sürüsünə,
zəmisinə qəza üz verənlərə kömək
etmək istəyi ilə bağlı idi. "Saya mərasimi"ndə
qoyunsuz evlərə qoyun verən sayaçının məramı
nə qədər ülvi idi:
Qoyunsuz evlərə saya
verdi,
Fatıya, Mahıya maya verdi.
Qoyunsuz evlərdə sayalar
saylandı,
Sayaçı say alıb,
say verib
Obanı, ulusu aylandı.
Xalq Novruz bayramı ilə
bağlı silsilə nəğmələr
yaratmışdır. Bu nəğmələrdə bayram
gününə qədər şumun başa çatması,
qoyun-quzunun yaza salamat çıxarılması, dölün
uğurlu keçirilməsi, dələmənin, südün,
ətin, yağın, pendirin bol olması və s.
arzulanmışdır.
Bayramqabağı günlərdə
qız-gəlinə bayram donluğu üçün ip əyirən
cəhrəyə, evdə güzəranlıq rəmzi olan nəhrəyə,
"qonça güllü, xonça güllü"
xalılar toxuyan hanaya nəğmələr qoşulmuşdur.
Dəyirman və dəyirmançı ilə bağlı nəğmələrdə
bayram məqamları yüksək poetik ifadəsini
tapmışdır.
Novruz nəğmələrində
təbiət varlıqlarını insan cildində təsəvvür
etmək kimi animist baxışlarda, antropomorfik
görüşlərdə özünü göstərir.
Novruzda oxunan "Duman,
qaç, qaç..." nəğməsində insanla duman
arasındakı mükalimə, əslində, qüvvəsini
özünə tabe etmək istəyənlə tabe olmayan
arasındakı mükalimədir. Burada yenə İnsan təbiət
qüvvəsi üzərində hökmran olur. İnsan
dumanı qorxudur ki, çəkilib getməsə, onu cəzalandıra
bilər.
Mətnin
çağırış və mükalimə sistemi Günəşi
insan cildində təsəvvür edən, onu
çağıran "Gün çıx, gün
çıx" nəğməsinin məzmunu ilə analoji
uyğunluq doğurur.
Bayramın bütün
etnoqrafik cizgiləri Novruz nəğmələrində öz əksini
tapmışdır. "Səməni", "A Yel baba, Yel
baba". "İldə göyərdərəm səni",
"Qodu-qodu", "Yağış gəlir",
"Yatdı dəyirman daşım" və s. kimi nümunələr
bayramı şux keçirmək istəyən xalqın
arzusunu ifadə edirsə, "Həcələr, hücələr"
nəğməsində bayram detallarının bütöv
lövhələri əks olunur:
Həcələr, hücələr,
Uzanar gündüzlər.
Qısalar gecələr,
Sallanar torbalar.
Bacadan,
Uşaqlar pay istər
Ucadan:
- Xanım bacı, dursana,
Torbanı doldursana...
Novruz nəğmələri
içərisində qışın qurtarmasını,
yazın gəlməsini arzulayan nəğmələr
xüsusi yer tutur. "Qarı ilə Martın deyişməsi"ndə
isə bütövlükdə iki rəmz - Qışla Yaz
qarşı-qarşıya dayanmışdır. Qış nə
qədər sərt, amansız olsa da, Yazın iradəsi
qarşısında məğlub olur.
Yazla qışın bir-birinə
zidd xarakteri "Kosa-kosa" tamaşasında daha səciyyəvi
şəkildə əks olunur. Erkən təsəvvürlərlə
bağlı yaranmış bu tamaşada mifoloji elementlər fəaldır.
Kosa ömrü başa
çatmaqda olan kasıblıq, yoxsulluq rəmzidir, heç də
o, "yazı doğmur". Türk xalqlarının
mifologiyasında Kosa qışı təmsil eləmir. Yaz isə
doğulmur, "dirilir". Yazın gəlişi doğumla
yox, daha erkən təsəvvürlərdən olan
"ölüb-dirilmə" motivi ilə
bağlıdır. Yaz qarımamışdır. O,
qışın rəmzi olan Qarının qılıncı
ilə öldürülmüşdü. Torpaq isinəndə,
zalım qarının qılıncı gücdən
düşəndə Yaz dirilir, öz dirilməsi ilə də
dünyanı sevindirir.
Qıtlıq, yoxsulluq, xəsislik
rəmzi olan Kosa isə qarı qışın
zülmkarlığından istifadə edib insanları hələ
ehtiyac içində saxlayır. "Kosa
ikicanlıdır" ifadəsi ölümə məhkum olan
qıtlığa acı bir istehzadır.
Novruz bayramında xalq
arasında bir-birindən rəngarəng oyun və tamaşalar
göstərilir. Bunlar içərisində atçapma,
qılıncoynatma, kəməndatma, zorxana, əyləncə,
kəndirbaz, sim pəhləvanı, masqara və fərdi
tamaşalar xüsusi yer tutur. Həmin tamaşalarda oxunan nəğmələr
özünəməxsus oynaq ritmə malikdir.
Xalq özünün həyat,
sağlamlıq, təmizlik, əmək vərdişi və s.
bağlı bir çox ayin, etiqad və mərasimlərini
Novruzla bağlamış, beləliklə də onların el
içərisində geniş yayılmasına və kütləviləşməsinə
nail olmuşdur. Novruz başdan-başa ruh yüksəkliyi, əmək
coşqunluğu, torpağa, insana məhəbbət
bayramıdır. Elə bu məhəbbətlə
bağlı yaranmış Novruz tapmaca, atalar sözü, məsəl
deyimi və adətlərində ulu babalarımızın
müdrik dünyagörüşü, humanist
baxışları, həlim, qayğıkeş təbiəti
özünü göstərir. Bu nümunələrdə
xalq gigiyenasının əhəmiyyəti, onun təbliği,
yaxşılıq, xeyirxahlıq, Vətəni sevmək,
dostluq, həmrəylik, tolerantlıq və s. kimi yüksək
mənəvi-əxlaqi keyfiyyətlər əks olunmuşdur.
Novruz etnoqrafik həyatı
Azərbaycan xalqı üçün səciyyəvi olan
sırf milli elat həyatıdır. Bu həyat bütövlükdə
Azərbaycan xalqının torpağı sevməyə, onu əzizləməyə,
torpaqdan daha bol nemət götürməyə
çağıran əməkçi xalqın dünyəvi
yaz bayramıdır.
Bu gün bizimlə birlikdə
Novruzu Arazın o tayında qalan Cənubi Azərbaycan, Orta
Asiya, Türkiyə, İran, Əfqanıstan, Pakistan,
Çin, Albaniya, Makedoniya, Hindistan və başqa ölkələrdə
yaşayan üç yüz milyondan artıq toplum ən əziz
bayram kimi qeyd edir. Novruz Kanadada, Amerikada, Fransada və başqa
ölkələrdə yaşayan həmvətənlərimiz
arasında da unudulmur. Novruzun sorağı dünyanı
dolaşır, Novruz dünyanı bəzəyir.
Azad NƏBİYEV,
BDU-nun professoru
Azərbaycan.- 2011.-20 mart.- S. 8.