Şam işığında
Bəzən xatirələr də şam kimi alışa bilirmiş. Alovun dilinin kövrək titrəyişləri musiqi kimi səslənərək ömrü şəkil-şəkil geriyə vərəqləmək gücünə qadir imiş. Zaman sabitdir, dəyişmir, keçib gedən bizik. İbn Sinanın arxasınca müdriklərin oxşar kəlamını xatırlayıram: eyni sulara iki dəfə girmək olmur, çünki həmişə sular axıb gedir, yeniləri gəlir. Lakin insan təfəkkürü eyni sulara, xatirələrin eyni dənizlərinə yorulmadan dəfələrlə baş vura bilir.
1975-ci il. Moskva. Lefortov
valı, Energetika İnstitutu (MEİ). Tələbə şəhərciyi
və onun arxasında Lefortov siyasi həbsxanası. Yanından
keçib gedərdik, sakit və pəncərələrinə
gül dibçəkləri düzülən bir bina idi.
Bütün bu siyasətlərin bizə heç bir dəxli
yox idi. İttifaq da bizim üçün mənalı
görünərdi, Lefortovda da pəncərələ
düzülən gül dibçəklərindən
savayı heç nə görməzdik.
Azərbaycanın milli
kadrları kimi MEİ-nin tələbələri idik.
Bakıda qəbul imtahanlarını bir qismimiz Azərbaycan
dilində verdiyimizdən rus dilini yaxşı bilmirdik və
başımıza addımbaşı dil ilə bağlı
min oyun gəlirdi. Amma ruhdan düşmürdük. Artıq
onda milli kadr kimi orada oxuyan azərbaycanlı tələbələrin
sayı 60 nəfərdən çox idi. Bakıda əla
oxusaq da, yüksək qiymətlərlə MEİ-yə qəbul
olsaq da oxumaq çətin idi. Dərslər isə getdikcə
çətinləşirdi və dəqiq elmləri qavramaq
üçün yüksək dil bilgiləri tələb
olunurdu. Hərə gücü çatan səviyyədə
çalışırdı. Biz yeni insani münasibətlər,
yeni qaydalar və davranış tərzi ilə
rastlaşmışdıq. Dəyişirdik. Gitaradan dünən
zəhləsi gedən bu gün gitaranı
dınqıldadır, notları öyrənirdi. Stoliçni
salatdan, saladan, rus borşundan əti ürpəşənlər
də bu yeməklərə vərdiş edirdilər. Kimisini
paytaxt həyatı çaşdırırdı, milli kadr
olmağı da yadından çıxırdı, kimisi də
Şirməmməd kimi necə tərbiyə olunmuşdusa, eləcə
də təzadlar arasında sərbəst və asan
yaşamağa hamıdan tez alışırdı,
yaxşı oxuyurdu. Azərbaycanda rus dilində təhsil alan
uşaqlar isə Moskvada öz ana dillərini öyrənməyə,
bu dildə danışmağa cəhd edirdilər. Ləzgi
Keçibekov yataqxanadan qaça-qaça çıxanda
uşaqlar soruşmuşdu ki, hara cumursan? "İndi
qayıdıram, corablarım pəncərədən
yıxılıb, gedim onları qaldırım gəlim" -
deyə bizə Azərbaycan dilində qürurla cavab
vermişdi. Mənim otaq yoldaşım Yuri Samaxvalov isə
artıq Azərbaycan dilində kəlmə kəsirdi, hal-əhval
tuturdu. Moskva mühitinə alışmaqla yanaşı,
öz kökümüzə qayıdırdıq. Elə bu əhval-ruhiyyə
ilə də 1975-ci ildə Novruz bayramını keçirməyə
qərar verdik. Mənə bayramın ssenarisini yazmaq
tapşırıldı. Lomonosov Universitetində oxuyan
Tünzalə adlı azərbaycanlı tələbə Bahar
qız oldu. O gəlirdi, yazdıqlarımıza baxırdı,
təəccüblənirdi ki, Texniki İnstitutda oxuyan tələbələr
bayrama necə məhəbbətlə hazırlaşırlar.
Tünzalə yazılan bütün ssenarini şeirləri ilə
birlikdə əzbərləmişdi. Moskvada qar
yağırdı, soyuq idi, amma hamımıza bahar əhval-ruhiyyəsi
sirayət etmişdi. Sevinirdik və
hazırlaşırdıq. Pul yığırdıq. Aş
bişirməyə qərar verdik, Bakıdan novruz gülü
gətirtdik.
Ən çətini tədbir
üçün yer tapmaq idi. Bunu da Xosrov asanlıqla həll
etdi, tələbə yeməkxanalarından birində bayram tədbiri
üçün yer aldı.
Bayram axşamı tələbə
yeməkxanasını bəzəmişdik. 10-na yaxın
institutda təhsil alan azərbaycanlı tələbələri
dəvət etdik. Yeməkxananın zalı ağzına kimi
dolmuşdu. 100-dən artıq tələbə tədbirdə
iştirak edirdi, rusları da
çağırmışdıq. Zalda işıqları
söndürmüşdük. Bütün stolların
üstündə şamlar yanırdı. Bütün
masaları Bakıdan gətirdiyimiz novruz gülləri ilə
bəzəmişdik. O bayram süfrəsi Moskvanın ən
bahalı restoranlarından dəbdəbəli
görünürdü.
İnana bilmirdik ki, Moskvada
Novruz bayramı keçirmək olar. Sevincimizdən
hamımız qanad açmışdıq. 1975-ci ilin Novruz
bayramı Moskvada tələbə yeməkxanasında bu
sözlərlə başladı:
"Gəlin uzaq edək
qüssəni qəmi,
Biz insan qəlbinin dərinliyindən!
Dostlarım, ürək də
fikir çəkərmi,
Bizim ellərə bahar gələrkən!"
Əfsus ki, o vaxtkı bayram
ssenarisindən yadımda yalnız bircə bənd qalıb.
Rusları da çağırmışdıq. Otaq
yoldaşım Yuri Samaxvalov bayramdan zövq alsa da bir onu dedi ki,
Bahadur, bəlkə yadınızdan çıxıb, biz adam
öləndə onun ruhuna təskinlik vermək
üçün bir iki qədəh içirik. Bayramda isə
şənlənmək xətrinə süfrəyə
içki qoyuruq. Bizim Yeni ildə hamınız vururdunuzsa, sizin
Yeni ildə mən niyə içməli deyiləm? Bunu mənə
izah edin.
Hamımız da
gülürdük. Aradan 35 il keçib. Çox şeyi yada
salmaq, xatırlamaq da çətindir. Bayram tədbirini zalda
bitirib bayıra çıxdıq. Bakıdan da
qonaqlarımız gəlmişdi. Bir də gördük ki,
uşaqlar haradansa böyük məşəlləri
çıxarıb yandırdılar. Lap bizim kəndlərdəki
kimi. Onda milislər saxladılar ki, bu nə məsələdir?
Tələbə şəhərciyi bizim olduğundan milisləri
də rahat başa saldıq ki, məşəllər milli
bayramın sonuncu ritualıdır, dekanatlıq da icazə
verib. Aramızda sərxoş yox idi, icazəmiz də var idi.
Milislər gülərək dedilər ki, ehtiyatlı olun,
şəhərciyi yandırmayın və çıxıb
getdilər.
İndi biz - o bayramın
iştirakçıları artıq nənələr və
babalarıq. Aramızda dünyasını dəyişənlər
də var, dəyişməyənlər də. Amma 36 il əvvəlki
bayramla içimizdə vətən sevgisi yandı,
alışdı. Biz o bayramda Azərbaycanın milli
kadrları kimi çox xoşbəxt idik. Sanki ən əlçatmaz
zirvəni fəth etmişdik. Sonralar elə alındı ki,
4-5 il ən böyük Novruz bayramları MEİ-də
keçirilirdi. Hətta mən institutu atıb əsgər gedəndə
belə uşaqlar Novruz bayramına dəvət etmək
üçün arxamca hərbi hissəyə gəlmişdilər.
Aradan 36 il keçir, amma biz bu
gün də bir-birimizi axtarırıq, oturub söhbət
edirik, o Novruzu tələbəliyimizin və gəncliyimizin ən
müqəddəs bayramı kimi xatırlayırıq.
Bahadur İMANQULİYEV
Azərbaycan.- 2011.-20 mart.- S. 12.