Azərbaycan cəmiyyətində radikal müxalifətə yer yoxdur

 

Martın 11-də mitinqin baş tutmamasından sonra Fəvvarələr meydanında icazəsiz aksiya keçirməyə cəhd edən Müsavat Partiyası ölkədə süni qarşıdurma yaratmaqda maraqlı olduğunu ortaya qoydu. Lakin hələ də meydan eyforiyası ilə yaşayaraq antikonstitusion vərdişlərindən əl çəkə bilməyən radikal müxalifət deyəsən, yanıldığının fərqində deyil. Çünki əgər yanılmasaydı, baş tutmayan mitinqi ilə və ya cəmi 25-30 nəfəri cəlb edə bildiyi qanunsuz aksiya ilə özünü biabır etməzdi. Söhbət etdiyimiz Milli Məclisin deputatları da müxalifətin süni gərginlik yaratmaq cəhdlərini pisləməklə yanaşı, hər hansı mitinqin keçirilməsi üçün əsasın olmadığını bildirdilər.

 

Hadi Rəcəbli, Milli Məclisin Sosial siyasət komitəsinin sədri:

 

- İğtişaşlar, qarşıdurmalar yaratmaq kimi qeyri-sivil və antikonstitusion əməlləri hər zaman özünə əsas mübarizə vasitəsi seçən radikal müxalifət bütün dövrlərdə utopik arzularına çatmaq üçün bu metodlardan yararlanmağa cəhd göstərib. Əgər tarixə nəzər yetirsək, ötən illərdə keçirilmiş əksər seçkilər ərəfəsində radikal müxalifət partiyalarının ölkədə süni gərginlik yaratmağa çalışması barədə kifayət qədər faktların şahidi olarıq. İndiki radikal düşərgə 1992-ci ildə məhz qeyri-sivil metodlardan yararlanaraq zorla iqtidara yiyələnmişdi. Ona görə də iqtidarda çox qala bilmədi. Radikal müxalifətin 1998-ci ilin sentyabrında, prezident seçkiləri ərəfəsində Bakının mərkəzində törətdiyi iğtişaşlar nəticəsində şəhərə milyonlarla manat zərər vurmasını, 2000-ci ilin noyabrında törətdiyi Şəki hadisələri, nəhayət, 2003-cü ilin 15-16 oktyabr iğtişaşları, eləcə də 2005-ci ildə bu düşərgənin əsl mahiyyətini xatırlayanda onun iç üzü bir daha görünür. Xalq bunları yaxşı tanıyır. Destruktiv metodilardan başqa hansısa mübarizə üsulunu özləri üçün prioritet seçməyi ağıllarına belə, gətirmək qabiliyyətində olmayan AXCP və Müsavat kimi partiyaların başçıları bu cür hadisələrin törədilməsinə rəvac verməklə məqsədlərinə çatmaq üçün bütün qeyri-qanuni əməllərdən yararlanmağa hazır olduqlarını ortaya qoyurlar.

Hakimiyyətdə olduğu məlum keçmişi ilə xalqın etimadından birdəfəlik məhrum olan, əsl müxalifət imicini itirən bu düşərgə özünün "nicat yolunu" yalnız qarşıdurmalarda iğtişaşlar törətməkdə görür və bunun üçün hətta antiazərbaycan mövqedə dayanan xarici dairələrlə əməkdaşlıq edir. Sirr deyil ki, Azərbaycanın son bir neçə ildə keçdiyi dinamik inkişaf yolu, regionun lider dövlətinə çevrilməsi, insanların sosial rifahının yaxşılaşması, müstəqil siyasət yürütməsi bir sıra xarici siyasi dairələrdə olduqca narahatçılıq doğurur. Xüsusən, ermənipərəst mövqedə dayanan, o cümlədən müsəlman dünyasının tərəqqisində maraqlı olmayan dairələr zaman-zaman Azərbaycanda qarışıqlıq yaratmaq üçün müxtəlif üsullara əl atıblar. Bu dairələrin təhriki ilə müxtəlif vaxtlarda dövlət çevrilişi üçün edilən cəhdlər ölkəmizdə məhz xalq-hakimiyyət birliyi nəticəsində iflasa uğrayıb.

Radikal müxalifət deyəsən bəzi xarici dairələrlə yenidən bazarlığa gedib. Çünki dünənə qədər öz mətbuatında xüsusilə, Qərbi tənqid atəşinə tutmaqla məşğul idi. Bu gün isə həmin Qərbə mədhiyyələr qoşurlar. Son vaxtlarda ərəb ölkələrində baş verən hadisələr həm də müəyyən Qərb dairələrinin bütün müsəlman dünyasını qarışdırmaq, müsəlman cəmiyyətlərində ciddi qarşıdurma yaratmaq niyyətini ortaya qoydu. Bu gün radikal müxalifət bu cür dairələrin, o cümlədən antiazərbaycançı şəbəkənin tapşırığını yerinə yetirməyə başlayıb. İddia edirlər ki, guya ərəb ölkələrində baş verənlər Azərbaycanda da təkrar oluna bilər. Təbii ki, bu cəfəng iddialar cəmiyyətdə ciddi qəbul oluna bilməz. Ən azından ona görə ki, Azərbaycanda ictimai-siyasi vəziyyət tamamilə fərqlidir. Respublikamız demokratik yolla inkişaf edir, vətəndaşların hüquq və azadlıqları yüksək səviyyədə təmin olunub. Son dövrlərdə hakimiyyət dəyişikliklərinin baş verdiyi ölkələrdən fərqli olaraq Azərbaycanda demokratiyanın əsas göstəricilərindən sayılan söz azadlığı təsbit edilib. Elə bu azadlığın nəticəsidir ki, radikal müxalifət mətbuatı istədiyini yazır. Digər tərəfdən, Azərbaycanda vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılıb və bu, davam etdirilməkdədir. Bu mənada ərəb ölkələrində baş verənlərin Azərbaycanda da təkrarlanacağını iddia etmək gülüncdür.

Bir məsələni diqqətdən qaçırmamalıyıq. Əslində, bu gün radikal müxalifət dediyimiz partiyaların sıralarında kiçik bir qrupdan başqa kimsə qalmayıb. Çünki radikal düşərgəyə cəmiyyətdə inam yoxdur. Bu partiyalar qeyri-sivil mübarizə metodları seçdiklərindən ortaya aydın fəaliyyət proqramı qoya bilmirlər. Məram və məqsədi ölkədə vəziyyəti gərginləşdirməyə xidmət edən addımlar atmaqdan başqa bir şey deyil. Ona görə bu düşərgə özünü cəmiyyətdən tamam təcrid edib. Digər tərəfdən, ölkə vətəndaşlarının mütləq əksəriyyəti Prezident İlham Əliyevin siyasi xəttini dəstəkləyir. Məhz bu amil radikal müxalifətin sosial bazasının tükənməsinin əsas səbəblərindəndir.

Demokratik cəmiyyətlərdə qəbul olunmuş müxalifətçilik prinsipləri var. Təəssüf ki, Azərbaycan müxalifətinin radikal adlandırdığımız qanadı bu prinsipləri, xalq və dövlətçilik maraqlarını arxa plana keçirib. Bu yolla gedən partiyalar isə iflasa məhkumdurlar. Müsavat və AXCP kimi partiyaların timsalında bunu aydın görürük.

Çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir. Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil.

 

Cavanşir Feyziyev, Milli Məclisin deputatı:

 

- Hesab edirəm ki, müxalifətin radikal adlandırılan hissəsinin hər hansı mitinq və ya aksiya keçirməsi üçün ortada nə iqtisadi, nə sosial, nə də mənəvi amillər yoxdur. Ona görə də bütövlükdə ölkə ictimaiyyəti tərəfindən müxalifətin mitinq keçirmək istəyi normal qəbul edilmir. Bu cür yersiz mitinqlərin, ümumiyyətlə, mənası yoxdur.

Bu gün hər bir Azərbaycan vətəndaşı ölkəmizin uğurları, sosial-iqtisadi sferada qazandığı nailiyyətləri ilə fəxr edir. Ola bilər ki, hardasa çatışmazlıqlar var. Hansısa istiqamətdə həll olunmamış məsələ qala bilər. Amma bu, heç də əsas vermir ki, müxalifət aksiyalar, o cümlədən icazəsiz mitinqlər keçirsin. Heç kim şübhə etmir ki, Azərbaycan rəhbərliyi cəmiyyətdə olan neqativ halları dəqiqliyi ilə bilir. Azərbaycan hökumətinin bu çatışmazlıqların aradan qaldırılması üçün atdığı addımlar, neqativ halların yaranmasında günahkar olanların cəzalandırılması hər kəs tərəfindən təqdir olunur.

Bir məsələ xüsusilə diqqəti cəlb edir ki, radikal müxalifət hər dəfə hansısa ölkədə cərəyan edən siyasi proseslərdən sonra həvəsə düşür. Vaxtilə Gürcüstanda, Ukraynada, Qırğızıstanda baş verənlərdən sonra biz bunu gördük. Təbii ki, heç kim şübhə etmir ki, radikal müxalifət destruktiv fəaliyyətindən əl çəkmək istəmir. Onlar Azərbaycan cəmiyyətində qəbul olunmadıqlarını çox gözəl dərk edirlər. Buna baxmayaraq, ərəb ölkələrində baş verənlərdən sonra yenidən mitinq həvəsinə düşüblər. Görəsən, nə qədər imitasiya etmək olar? Nə qədər bəzi xarici, xüsusən, Azərbaycanı sevməyən siyasi dairələrlə əməkdaşlığa can atmaq olar? Nə qədər düşmən dəyirmanına su tökmək olar? Xalq istəməyəndən sonra nə üçün hakimiyyətə can atmalısan?!

Son vaxtlarda ərəb ölkələrində baş verən və tamamilə başqa səbəblərdən yaranan siyasi proseslədən, mitinqlərdən sonra həvəsə düşərək Azərbaycanda da onu təkrarlamaq çox yersizdir və sadəcə görüntü yaratmaqdan başqa bir şey deyil. Ərəb ölkələrində baş verən hadisələr öz mahiyyəti ilə tamamilə fərqlənir. Bu, tarixən onlarda formalaşmış şəraitlə bağlıdır.

Azərbaycanın inkişaf yolu inqilabların baş verdiyi ölkələrdən fərqlidir. Respublikamız demokratiya yolu ilə inamla irəliləyir. 1993-cü ildən bu yana ölkəmiz həm cəmiyyətdə demokratik dəyərlərin bərqərar olması, həm də hüquqi dövlət quruculuğu baxımından böyük inkişaf yolu keçib. Dövlətçiliyin bütün əsasları tam formalaşıb. İnsan hüquqları, mətbuat və söz azadlığı təmin olunub. Hər kəs cəmiyyətdə öz fikrini açıq şəkildə ifadə edə bilir. Azərbaycanda dediyi sözə görə heç kimə təzyiq yoxdur. Əlbəttə ki, bütün bunlar qanun çərçivəsində olmalıdır. Amma baxsaq, görərik ki, inqilabların baş verdiyi bir sıra ölkələrdə tamam başqa vəziyyətdir.

Respublikamızda hakimiyyət xalqın iradəsi ilə formalaşıb. Təbii ki, xalqın iradəsi ilə formalaşan hakimiyyət xalqın maraqlarını ifadə edir. Biz Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin mahiyyətində respublikamızın inkişafının, vətəndaşların sosial rifahının yaxşılaşdırılmasının, beynəlxalq imicinin daim yüksəldilməsinin dayandığını aydın görürük.

Ona görə ərəb ölkələrində baş verən hadisələrin Azərbaycana və bizim kimi dinamik inkişaf yolunda olan ölkələrə heç bir təsiri ola bilməz. Bu ölkələrin arasında paralellər aparmaq özü məntiqsizlikdir. Bu mənada həmin dövlətlərdə keçirilən mitinqləri ölkəmizdə də təkrar etmək sadəcə, imitasiyadır.

Bu gün radikal müxalifət partiyaları öz mitinqlərinə adam toplaya bilmirlər. Çünki onların sosial bazaları tamamilə tükənib, cəmiyyətdə olan-qalan dayaqları da çöküb. Azərbaycanda işsizlik problemi əhəmiyyətli dərəcədə öz həllini tapıb. Sosial problemlər böyük sürətlə həll olunur, hər bir vətəndaşın marağına cavab verən sığorta-pensiya islahatı həyata keçirilib. O cümlədən, azad sahibkarlıq fəaliyyəti üçün hər bir şərait yaradılıb. Bu mənada xalq kimin kim olduğunu daha yaxşı bilir və Azərbaycan hakimiyyətinin gördüyü işləri yüksək qiymətləndirir. Təbii ki, indiki radikal müxalifətin vaxtilə hakimiyyətdə olanda həyata keçirdiyi yarıtmaz siyasəti də unudulmayıb. Yaşlı və orta nəslin təcrübəsi daha böyükdür. Bu nəsil indiki radikal müxalifətin hakimiyyətdə olduğu dövrdə yaratdıqları ağrılı-acılı günlərin birbaşa şahidi olublar, o çətinlikləri gündəlik həyatlarında hiss ediblər. Ona görə indiki radikal müxalifət dediyimiz partiyalara inamları birdəfəlik itib. Odur ki, radikal müxalifət indi gəncləri hədəfə götürüb. Keçirməyə cəhd göstərdiyi mitinqlərdə onların imkanlarından yararlanmağa çalışır. Təbii ki, bu cür addımların heç bir faydası və səmərəsi olmayacaq. Çünki Azərbaycan dövlətinin həyata keçirdiyi gənclər siyasəti gənc nəslimizin vətənə, dövlətə sədaqətli vətəndaş ruhunda formalaşmalarına, cəmiyyətdə özlərini təsdiq etmələrinə xidmət edir. Azərbaycan gəncliyi dövlətin onlara yaratdığı imkanları yüksək qiymətləndirir. Gənclərimiz tarixdən hər şeyi gözəl bildikləri və hakimiyyətin siyasi xəttini dəstəklədikləri üçün ifrat radikal müxalifətin bu nəslin gücündən istifadə etmək niyyəti baş tutmayacaq.

 

 

Söhbəti yazdı: Rəşad Cəfərli

 

Azərbaycan.- 2011.-20 mart.- S. 3.