Parisdə azərbaycanlı deputat Avropada ali təhsilin inkişaf modellərini təqdim etdi

 

Avropa Şurası Parlament Assambleyası Mədəniyyət, Elm və Təhsil komitəsinin qurumun Fransa paytaxtındakı ofisində keçirilən növbəti toplantısı bir sıra ciddi məsələlərin müzakirəsi ilə diqqəti cəlb etmişdir. Yaz sessiyasının gündəliyində olan "Mədəniyyətlərarası dialoqun dini aspektləri" adlı məruzənin qətnamə layihəsi müfəssəl müzakirələrdən sonra qəbul edilmişdir. Elə həmin mövzunun davamı kimi bu ilin aprelində Bakıda keçiriləcək "Mədəniyyətlərarası dialoqa dair dünya forumu" ətrafında fikir mübadilələri aparılmışdır.

Müzakirələrdə çıxış edən AŞ PA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov son illərdə mədəniyyətlər və dinlərarası dialoq mövzusunda assambleyada ardıcıl surətdə geniş diskussiyalar aparılmasının son dərəcə əhəmiyyətli olduğunu vurğulamış və bəzi narahatedici məqamlara da toxunaraq demişdir: "Mədəniyyət xalqları bir-birinə yaxınlaşdıran başlıca vasitələrdəndir. Bəzən siyasi dialoqu çətin alınan tərəflərin də məhz mədəniyyətlərin təmasları nəticəsində yaxınlaşması baş verir. Mədəniyyətlər arasında anlaşma və yaxınlaşmaların başlıca fəlsəfəsi isə mahiyyətcə hamımızın bir-birimizə yaxın olduğumuzu, eyni mənəvi dəyərlər uğrunda çalışdığımızı nümayiş etdirməsidir. Lakin təəssüf ki, dünyada hansısa şər qüvvələr belə faydalı və zəruri yaxınlaşmalara süni əngəllər yaratmağa səy göstərirlər. Əslində, böyük dünya dinlərinin hər biri özünəməxsus mədəniyyətdir və Parlament Assambleyasının yaz sessiyasında bu məsələnin ayrıca müzakirəsi istəyi də həmin inamdan doğmuşdur. Amma bizim AŞ PA-da belə müzakirələrə qərar verdiyimiz ərəfədə üzv dövlətlərdən birində növbəti təxribat baş vermişdir. Məhəmməd peyğəmbəri (s.) karikaturalarda əks etdirmək kimi ikrahoyadıcı hadisə Şərq və Qərb təfəkkürlü insanlar tərəfindən qətiyyətlə rədd edildikdən uzun müddət keçməmiş İsveçdə buna oxşar daha bir hadisə baş verir. Daha pisi isə budur ki, İsveç məhkəməsi guya ifadə azadlığı prinsiplərini rəhbər tutaraq islam dünyasının ən mübarək səxsiyyətinin çılpaq təsvir edilməsinin qanunazidd olmadığını təsdiq edir. Mədəniyyətlər və dinlər arasında dialoqdan bəhs edərək, bu istiqamətdə irəliləyişlərə nail olmaq məramını ortaya qoyaraq belə arzuolunmaz halları da müşahidə etmək ağırdır. Ümid etmək istərdim ki, Avropanın ən müxtəlif ölkələrindən olan həmkarlarımız ümumi xeyirxah işlərimizə zərbə olan belə təzahürlərə qarşı ən sərt mövqelərini bəyan edəcəklər".

Komitənin bu toplantısında hazırda üzərində iş gedən yeni məruzələrlə bağlı da hesabatlar dinlənilmişdir. Deputat Rafael Hüseynov belə maraqlı mövzulardan birinin üzərində çalışmaqdadır. R.Hüseynovun məruzəsi "Avropa ali təhsil fəzasının bütün ölkələrə doğru genişlənməsi" adlanır. Komitənin toplantısında çıxış edən azərbaycanlı deputat demişdir: "Problemin nə qədər əhəmiyyətli olduğu elə məruzənin adından görünür. Çünki ən müxtəlif istiqamətlərdə cəmiyyətin inkişafının təməli olan ali təhsilin müasir yüksək standartlara uyğun şəkildə təşkili həm bütövlükdə Avropa, həm də üzv dövlətlərin hər birindən ötrü son dərəcə vacibdir. Keçən ilin martında təhsil nazirlərinin Budapeşt və Vyanada keçirilən, Bolonya prosesinin 10 illiyinə həsr edilən yubiley konfransı rəsmən Avropa ali təhsil fəzasının yaradıldığını elan etdi. Burada əsas məqsəd Avropada ali təhsilin rəqabətədözümlülüyü və cəlbediciliyini artırmaq, müxtəlif universitetlərin tələbə və müəllimləri üçün mübadilə proqramlarının genişləndirilməsi, habelə diplomların standartlaşdırılması vasitəsilə Avropa ölkələri arasında əmək bazarının yaradılmasını təmin etməkdir. Prosesin mövcud olduğu 10 il ərzində iştirakçı ölkələrin miqdarı 29-dan 47-yə çatmışdır. Bundan əlavə, Avropa Şurası da burada YUNESKO, Avropa Komissiyası kimi məşvərətçi üzvlər sırasındadır. Başqa sözlə, assambleyada həmin məsələnin dərindən təhlil edilərək ayrıca məruzə hazırlanması elə təşkilatımızın prosesə töhfəsi kimi dəyərləndirilə bilər.

Məruzədə başlıca olaraq bir neçə mühüm istiqamətə diqqət yönəldilir və bunlarla əlaqədar həm praktiki, həm nəzəri məqamlar mətndə əksini tapacaqdır. Mən özüm də təhsil işçisiyəm, universitet professoruyam və 25 ildən artıqdır ki, bilavasitə təhsil şəbəkəsində olan şəxs kimi bu problemlərlə daim üz-üzəyəm. Bu prosesin təməl müddəalarının hansının gerçəklikdə özünü doğrultduğunu, hansının təkmilləşməyə ehtiyacı olduğunu, eyni təhsil fəzasına birləşməkdə hansı ölkələrin, xüsusən, gənc demokratiya ölkələrinin hansında hansı korrektələri etməyin zəruriyyətini əyani şəkildə görür və hiss edirəm. Avropa ali təhsil fəzasının durmadan genişləndirilməsi bu gün əsas vəzifədir və 1997-ci il Lissabon konvensiyası ölkələr arasında belə əməkdaşlığı inkişaf etdirmək üçün möhkəm əsas yaradır. 2010-cu ildən etibarən bu prosesdə sədrliyi iki dövlət həyata keçirir. Bunlardan biri Avropa İttifaqına prezidentlik edən ölkənin, digəri isə əlifba sırası ilə, Avropa İttifaqına daxil olmayan ölkənin nümayəndəsi olur. 2012-ci ildə həmsədrlik Danimarka və Azərbaycana keçəcəkdir. Adətən, komitəmiz hazırlanan məruzələrlə bağlı mütəxəssislərin də iştirakı ilə kollokviumlar təşkil edir. Mən arzu edərdim ki, məruzəmlə bağlı belə bir kollokviumu məhz Azərbaycanın həmsədrlik funksiyasının icrasına başladığı, üzv dövlətlərdə təhsilə rəhbərlik edən nazirlərin toplantısının Bakıda keçiriləcəyi növbəti ildə Azərbaycan paytaxtında reallaşdıraq".

Mədəniyyət, Elm, Təhsil Komitəsinin rəhbərliyi və üzvləri R.Hüseynovun təklifini dəstəkləmiş, AŞ PA komitə iclasının və Avropada ali təhsil problemləri ilə əlaqədar kollokviumun Bakıda keçirilməsinin məqsədəuyğun olduğunu təsdiqləmişlər.

 

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Paris

 

Azərbaycan.- 2011.-20 mart.- S. 3.