Daxili İşlər Nazirliyində orta rəis heyəti vəzifələrinə xidmətə qəbul üzrə müsabiqə komissiyasının iclası keçirilmişdir

 

Novruz bayramı ərəfəsində - martın 19-da daxili işlər naziri, general-polkovnik Ramil Usubovun iştirakı ilə nazirlikdə orta rəis heyəti vəzifələrinə xidmətə qəbul üzrə müsabiqə komissiyasının iclası keçirilmişdir.

DİN-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, müsabiqə komissiyasının sədri, nazirliyin baş kadrlar idarəsinin rəisi, polis general-mayoru İsmət Əliyev daxili işlər orqanlarında xidmətə qəbulun yekunları barədə tədbir iştirakçılarına məlumat vermişdir. O demişdir ki, xidmətə qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinin daha da genişləndirilməsi və səmərəsinin artırılması məqsədi ilə daxili işlər nazirinin "Daxili işlər orqanlarının orta rəis heyəti vəzifələrinə xidmətə qəbul üzrə müsabiqənin elan edilməsi haqqında" əmrinə əsasən respublikanın polis orqan və hissələrində vakant vəzifələrə qəbul üçün kütləvi informasiya vasitələrində, o cümlədən mərkəzi, yerli telekanallarda və qəzetlərdə, DİN-in internet saytında elanlar verilmiş, ötən ilin noyabr və dekabr aylarında sənədlərin qəbulu prosesi həyata keçirilmişdir.

108 namizədin sənədi müsabiqənin birinci mərhələsi olan test imtahanlarında iştirak etmək üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına göndərilmişdir. Test imtahanlarında 65-dən yuxarı bal toplayan 48 namizəd müsabiqənin 2-ci mərhələsinə buraxılmışdır.

Həmin namizədlər orta rəis heyəti vəzifələrində xidmətə qəbul üzrə keçirilmiş müsabiqənin ikinci mərhələsindən də uğurla keçmiş, daxili işlər nazirinin müvafiq əmrləri ilə bütün iddiaçılar polis leytenantı xüsusi rütbəsi verilməklə respublikamızın şəhər, rayon polis orqanlarında müxtəlif vəzifələrə təyin edilmişlər. Test imtahanlarında yüksək bal toplamış namizədlərin əksəriyyəti daxili işlər orqanlarının istintaq və təhqiqat xidmətlərindəki vakant yerlərə təyinat almışlar.

Gənc zabitlər adından çıxış edən Şabran RPŞ-nin İstintaq bölməsinin müstəntiqi vəzifəsinə təyin olunmuş polis leytenantı Muxtar Muxtarov gənclərə olan xüsusi diqqət və qayğıya görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirmiş və əmin etmişdir ki, gələcək xidməti fəaliyyətlərində onlara göstərilən yüksək etimadı layiqincə doğruldacaqlar.

Tədbirə yekun vuran Ramil Usubov həyatlarında ən əlamətdar günlərdən biri - zabit vəzifələrinə təyin olunmaları münasibətilə müsabiqənin qaliblərini təbrik etmiş, çətin və şərəfli xidmətlərində onlara uğurlar, polisin adını daim uca tutmağı arzulamışdır. Nazir əmin olduğunu bildirmişdir ki, gənc zabitlər qarşıya qoyulmuş tapşırıqları və vəzifələri yüksək məsuliyyətlə yerinə yetirəcək, dövlətçiliyə, anda sədaqətlə xidmət edəcək, cinayətkarlığa qarşı qətiyyətli və prinsipial olacaq, ölkəmizdə sabitliyin nümunəvi təminində öz səylərini əsirgəməyəcək, onlara göstərilmiş etimadı əməli fəaliyyətlə doğruldacaqlar.

 

 

Azərbaycan.- 2011.-20 mart.- S. 3.