Qafqaz Müsəlmanları İdarəsinin nümayəndə heyəti Rusiyanın Şimali Qafqaz regionunda səfərdə olmuşdur

 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti martın 15-dən 17-dək Rusiya Federasiyasının (RF) Şimali Qafqaz regionunda səfərdə olmuşdur.

QMİ-nin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, martın 15-də nümayəndə heyəti RF-in Kabarda-Balkar Respublikasının paytaxtı Nalçik şəhərində olmuşdur. Şeyxülislam A.Paşazadə burada dini-tədris kompleksinin təməlqoyma mərasimində iştirak etmişdir. Elə həmin gün nümayəndə heyəti Kabarda-Balkar Respublikası Müsəlmanlarının Dini İdarəsinin VI növbədənkənar qurultayında iştirak etmişdir. Qurultayda əsas məsələ respublikanın yeni müftisinin seçilməsi olmuşdur.

Qurultayda Qafqazın din xadimlərinin qarşısında duran vəzifələr və ümumi evimiz olan Qafqazın xoş gələcəyinin qurulması işində onların fəal iştirakının vacibliyindən danışan QMİ sədri A.Paşazadə Kabarda-Balkar Respublikası Müsəlmanları Dini İdarəsinin rəhbəri vəzifəsinə hazırda müfti vəzifəsini icra edən Həzrətəli Dzasejevin namizədliyini layiq bildiyini diqqətə çatdırmışdır. Müfti əvəzi H.Dzasejevin çıxışını dinlədikdən sonra onun namizədliyi səsə qoyulmuş və yekdilliklə qəbul edilmişdir. Qurultay başa çatdıqdan sonra Şeyxülislam A.Paşazadənin adından ehsan süfrəsi açılmışdır.

Martın 15-də Şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti RF-in Qaraçay-Çərkəz Respublikasının paytaxtı Çerkessk şəhərinə gəlmiş və səhərisi gün Qaraçay-Çərkəz müsəlmanlarının VIII hesabat-seçki qurultayında iştirak etmişdir.

Qurultayda Qaraçay-Çərkəz Respublikası Müsəlmanları Dini İdarəsinin sədri müfti İsmayıl Berdiyev məruzə ilə çıxış etmişdir. Sonra çıxış edən QMİ sədri Şeyxülislam A.Paşazadə İ.Berdiyevin Qaraçay-Çərkəz Respublikasının müftisi vəzifəsində fəaliyyətini davam etdirməsini təklif etmişdir.

Şeyxülislam A.Paşazadə ümumi Qafqaz əhəmiyyətli məsələlər, o cümlədən Azərbaycanın 20 faiz torpağının Ermənistan tərəfindən işğalının davam etməsi, Qarabağ torpağında hələ də dinc insanların qanının axıdılması barədə fikirlərini iştirakçılarla bölüşmüşdür. Qurultay İ.Berdiyevin növbəti 5 il üçün Qaraçay-Çərkəz Respublikasının müftisi seçilməsinə yekdilliklə səs vermişdir.

Martın 16-da QMİ nümayəndə heyəti Şimali Osetiya-Alaniya Respublikasına səfərə gəlmişdir. Hava limanından Azərbaycan nümayəndə heyəti 7 il bundan əvvəl Beslan şəhərində törədilmiş terrorun qurbanlarının uyuduğu "Mələklər şəhəri" xatirə abidəsini ziyarətə yollanmışdır.

Martın 17-də QMİ sədri Vladiqafqazdakı Cümə məscidini ziyarət etmiş, burada yaşayan azərbaycanlılarla görüşmüşdür.

Sonra QMİ sədri Şeyxülislam A.Paşazadə Şimali Osetiya-Alaniya müsəlmanlarının qurultayında iştirak etmişdir. Burada çıxış edən A.Paşazadə yeni müfti seçilməsi ilə bağlı Hacımurad Qatsalovun namizədliyini irəli sürmüşdür. Qurultay yekdilliklə Hacımurad Qatsalovu Şimali Osetiya-Alaniya müsəlmanlarının dini rəhbəri vəzifəsinə seçmişdir.

Martın 17-də QMİ sədri Şeyxülislam A.Paşazadə başda olmaqla Şimali Qafqazın din xadimlərini Şimali Osetiya-Alaniya Respublikasının başçısı Taymuraz Mamsurov qəbul etmişdir. Şeyxülislam A.Paşazadə səmimi qəbula görə din xadimləri adından Osetiya-Alaniya Respublikasının Prezidentinə minnətdarlığını bildirmişdir.

 

 

Azərbaycan.- 2011.-20 mart.- S. 5.