Daşkəsən belə təntənə görməmişdi

 

"Azərbaycanın Uralı" sayılan Daşkəsəndə martın 18-də hava da çox xoş idi. Çaparlar şəhər boyu dolaşır, insanları Novruz bayramına səsləyirdilər. Hər yandan mahnılar ucalır, şən gülüşlər eşidilir, adamlar dəstə-dəstə mərkəzi meydana axışırdılar.

Güllü-çiçəkli meydanda xonçalar düzülmüşdü. Milli ənənələrimizi əks etdirən məişət lövhələri diqqəti cəlb edirdi. Bir tərəfdə həvəskar rəssamların baharı vəsf edən şəkillərinin sərgisi. Qara zurna haray salır, aşıqlar yarışırdılar.

Gənc idmançılar, məktəbli oğlan qızlar öz hünərlərini nümayiş etdirirdilər.

Rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev bayram iştirakçılarını təbrik edib ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin xalqımızın milli adət-ənənələrini qorunub saxlanması, onların davam etdirilməsi, gələcək nəsillərə çatdırılması üçün gördüyü işlərdən ətraflı söz açdı. Sonra Novruz tonqalı alovlandı. Kütləvi şənliklər başlandı. Yerli ifaçılar, qonaqlar, saz söz ustaları öz məharətlərini göstərdilər. Ukraynadan gələn sirk ustalarının çıxışları xüsusi maraqla qarşılandı. "Aşıq Pəri" məclisinin üzvləri el şənliyinə yeni təravət gətirdilər.

Rayon ictimaiyyətinin nümayəndələri "N" hərbi hissəsinə mahnı töhfəsi, bayram sovqatını apardılar. Əsgərlərə televizor hədiyyə verildi.

 

 

Ə.İSAYEV

 

Azərbaycan.- 2011.-20 mart.- S. 5.