Əsrlərin əks-sədası

 

Təbiətindən gələn uca hissləri ilə insanpərvər, humanist epitetləri adının qabağında əbədi yarlıq olan Azərbaycan xalqı tarixinin ən qarışıq, çətin məqamlarında da beynəlmiləl tərkibə rəvac verən amilləri dəyişməyi düşünməyib, həmişə ona uzanan əldən tutub, sədaqəti əvəz ummadan "köynəyinin yaxasından keçirib", ocaq başına keçirdiklərinin "özümə yer eylərəm, gör bir sənə neylərəm" nankorluğundan başı bəlaya bağlanıb.

Elə bu gün, nankor erməni iddialarının faciəsini yaşasa da, torpaqlarımızın 20 faizi işğal olunsa, dünyada adambaşına düşən qaçqınlarının sayına görə birinci olsa da, Azərbaycan "etnik təmizləmə" hikkəsini, fikrən belə, yaşamayıb. Bu gün Azərbaycan neçə azsaylı xalqın, etnik qrupun dinc, əmin yaşadığı ölkədir. Onun qədim, gözəl Qubasının milli mənzərəsi bu fikrin təsdiqi ola bilər. Qubada 151 min əhalinin mindən çoxu azsaylı xalqın, etnik qrupun nümayəndəsidir. Bu gün Qubada 20 minə yaxın tat və ləzgi, 2 mindən çox məhsəti türkü, 4 mindən çox xınalıqlı, 3500 buduqlu, 2000 qırızlı, 1000 rus, tatar, gürcü, ukraynalı, belarus və 4 minə yaxın yəhudi yaşayır.

Bu azlıqlar burada bir ocaq başına yığışmış mehriban ailəni xatırladır. Bu qarışıq dünyada, mürəkkəb münasibətlər burulğanında əminlik yaxşı nizamlanmış ailə alicənablığının xoş mənzərəsinin məmnunluğunu gətirir. Necə deyərlər, ocaq da ürək kimidir. Hər qəlbə ürək qızdırmaq olmadığı kimi, hər ocağın istisinə də qızınmaq olmur. Ocaq istisi ocaq sahibinin geniş ürəyindən, təmiz münasibətindən, bir də bu ocağa sığınanların sadə niyyətindən yaranır. Qubada Novruz şənliklərinin hərarəti meydanlarda, küçələrdə çatılan bayram tonqallarının hərarətinə qarışan geniş ürəklərin və sadə niyyətlərin istisinə qarışır.

Novruzlu Quba bayram xonçasını xatırladır. Hər kəs bu xonçaya bir rəng qatır. Öz adətinin, mətbəxinin, inanc və sınamasının bir nemətini - naxışını qoyur. Qubada deyərlər ki, Novruz özünü yetirincə yeddi dəfə çölün-düzün, bağın-bostanın yaşıl nemətinin göy qutabını yemədinsə... onda heç. Səməni umacı, halvası çalıb, qapı-qonşuya, qohuma-yada paylamadınsa, bu, nə Novruz qarşılamaq oldu? Səməni halvasını bişirmək... təkbaşına əmələ gəlməz.

Quba mətbəxinin ən ləziz yeməkləri, ən lətif şirniyyatı, qax-qoz, löyün-löyün çərəzlə dolu xonçalar düzülər süfrəyə... Axır çərşənbədə, Novruz axşamında papaqatdıya çıxacaq uşaqların payının tədarükü əvvəldən yerbəyer edilir. Qubanın adla deyilən paxlavası, bükməsi də öz yerində. Nügədi kəndində bişirilən paxlavanı heç yerdə görməmişəm. El arasında buna pitik paxlava, üçkünc paxlava da deyirlər. Bu şirniyyat da əsl məharət, qabiliyyət tələb edir qadınlardan...

Buduqda bayram axşamında qovurmalı, yaxud cücəplovdan başqa, mütləq əriştəli plov da bişirərlər. Adətdir ki, bu xörək elə gecəykən paylanır, belə düşünürlər ki, həm ruzidir, həm də qoy hər kəsin evində bərəkət olsun. Buduqlular Novruzda şorqoğalı bişirmirlər, süfrəyə yalnız şirin nemətlər düzürlər.

Xınalıqlılar Axır çərşənbədə oğlan evindən nişanlı qız evinə yeddi pay göndərərlər. Buna Xınalıq dilində "yig tikə" deyirlər.

Qubada Novruz şənliklərinin sonunda, bayramın 13-cü günündə səməniatma mərasimi də keçirilir. Bu adətin, deyilənə görə, təqribən yarım əsrlik yaşı var. Həmin gün əllərində səməni olan insanlar Qudyalçayın sahilinə gəlir, səmənini axar suya buraxır və niyyət edirlər. Niyyət edirlər ki, gələn Novruzacan arzum çin olsun, gələn il də burada şirni paylayaram.

Bayramda qocaların, kimsəsizlərin qapısını açmaq, könlünü xoş etmək, əzizlərinin ruhlarını yad etmək təkcə adət yox, həm də düşüncə tərzidir. Qubada bir də ortası qırmızı lentlə bağlanmış Qara Daşlar-şəhid məzarları mütləq ziyarət olunur.

 

 

Südabə AĞABALAYEVA,

Bakı Slavyan Universitetinin baş müəllimi,

Prezident təqaüdçüsü

 

Azərbaycan.- 2011.-20 mart.- S. 6.