Avropa Parlamentində
“Avropa İttifaqı-Azərbaycan
münasibətləri: mədəniyyətlərarası
dialoq” mövzusunda konfrans keçirilmişdir
Martın 17-də
Brüsseldə Avropa Parlamentində parlamentin Almaniyadan olan
üzvü İsmayıl Ərtuğun himayəsi və Azərbaycanın
Belçikadakı səfirliyinin dəstəyi ilə
Belçika-Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən
“Avropa İttifaqı-Azərbaycan münasibətləri: mədəniyyətlərarası
dialoq” mövzusunda konfrans keçirilmişdir.
Konfransa məruzəçi
qismində Azərbaycan Respublikası Dini Qurumlarla İş
üzrə Dövlət Komitəsinin sədr müavini
Gündüz İsmayılov, Azərbaycan Mədəniyyət
və Turizm Nazirliyinin qeyri-maddi irs şöbəsinin
müdiri Yaşar Hüseynli, Qafqaz Müsəlmanları
İdarəsinin nümayəndəsi Ziyad Əhmədov, Rus
Pravoslav Kilsəsinin Bakı-Xəzəryanı yeparxiyası dini
icmasının nümayəndəsi keşiş Mifodi, Azərbaycanın
Dağ Yəhudiləri dini icmasının sədr müavini
Semyon Şalmeyev, Avropa Aşkenaz Yəhudiləri dini
icmasının Bakı nümayəndəliyinin sədr
müavini Yevgeni Brenneysen və Azərbaycan Alban-udin xristian
icmasının başçısı Robert Mobili dəvət
olunmuşdular.
Millət vəkili
İsmayıl Ərtuğ konfransı açaraq, ilk dəfə
Avropa Parlamentində mədəniyyətlərarası dialoq
mövzusunda keçirilən konfransa ev sahibliyi etməkdən
şərəf duyduğunu qeyd etmiş və tədbirin
işinə uğurlar diləmişdir. Azərbaycanın
Belçikadakı səfiri və Aİ yanında
missiyasının rəhbəri Emin Eyyubov Azərbaycanın
din və mədəniyyətlərin birgə
yaşadığı və tolerantlığın ən bariz
nümunəsi olan nadir məkanlardan biri olduğunu qeyd
etmişdir. Səfir demişdir ki, Azərbaycandan gəlmiş
müsəlman, xristian, yəhudi və alban-udin dini
icmalarının nümayəndələrinin konfransda
iştirakı bunu bir daha sübut edir. Belçika-Azərbaycan
Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi azərbaycanlıların
zəngin mədəni irsə sahib olduqlarını, fərqli
mədəniyyətlərə və dinlərə hər
zaman hörmətlə yanaşdıqlarını qeyd
etmiş və konfransa ev sahibliyi etdiyi üçün İ.Ərtuğa
və Azərbaycandan gəlmiş qonaqlara təşəkkür
etmişdir.
Daha sonra məruzəçilər
Azərbaycanda dini icmaların vəziyyəti, qeydə
alınması və fəaliyyəti, dini
dözümlülük və tolerantlıq mühitinin
ümummilli lider Heydər Əliyevin din-dövlət
konsepsiyasına uyğun olaraq möhkəmləndiyini və bu
siyasətin Prezident İlham Əliyev tərəfindən davam
etdirildiyini, böyük tarixə malik dini məbədlərin
bərpası, bu sahədə YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər
Əliyev Fondunun mühüm rolu barədə məlumat
vermişlər.
Azərbaycanda
tolerantlıq ənənələrinin tarixi kökləri, Azərbaycan
torpaqlarında yəhudilərin sığınacaq
tapmaları, xristianlığın ilk
ardıcıllarının Azərbaycana pənah gətirmələri,
dövlət səviyyəsində bütün dini icmalara
göstərilən qayğı, kilsə və sinaqoqların
fəalıyyəti, Alban-udin xristian icması, alban mədəniyyətinin
və kilsələr də daxil olmaqla tarixi abidələrin
erməniləşdirilməsi cəhdləri, işğal
olunmuş ərazilərdə mədəni irsimizin ermənilər
tərəfindən dağıdılması, Azərbaycan
toponimlərinin erməniləşdirilməsi kimi məlumatlar
dinləyicilərin geniş marağına səbəb
olmuşdur.
Tədbirə
qatılmış Avropa Parlamentinin bir sıra millət vəkilləri
söz alaraq, Azərbaycanın doğrudan da tolerantlıq, dinlər
və mədəniyyətlərarası dialoqda digər
ölkələr üçün nümunə olduğunu və
bu təcrübədən yararlanmağın vacibliyini qeyd
etmişlər. Tədbirdə Avropa Parlamentinin üzvləri,
Belçika millət vəkilləri, diplomatlar, KİV,
ictimaiyyətin və yerli dini icmaların nümayəndələri
iştirak etmişlər.
Sonda məruzəçilər
konfrans iştirakçılarının suallarını
cavablandırmışlar.
Əsgər Əliyev,
AzərTAc-ın xüsusi müxbiri
Paris
Azərbaycan.- 2011.-20 mart.- S. 7.