Ordubadın memarlıq inciləri
Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən "Azərbaycanın incisi" adlandırılan Ordubad təkcə təbii gözəllikləri, relyefi, flora və faunası ilə öyünmür. Burada tarixilik baxımdan diqqəti cəlb edən qədim yurd yerləri və məskənlər, həmçinin tarixi abidələr rayonda məskunlaşmış etnosların yüksək mədəniyyətindən, mənəvi irsindən xəbər verir.
Qaynaqlarda Ordubad sözünün mənşəyi ilə bağlı müxtəlif fikirlər mövcuddur. Əsasən bu adın qədim türk dillərində "xan duşərgəsi", "iqamətgah", "qərargah" mənalarında işlədilən "ordu" və "abad" sözlərinin birləşməsindən əmələ gəldiyi göstərilir. Keçmişdə şəhərin adı Orduvar şəklində qeydə alınıb. Mahmud Kaşğari bu sözü "xaqanın yaşadığı yer, iqamətgah" mənasında işlədib. Tədqiqatçı Ə.Hüseyni isə bu toponimin əvvəl "Orduvad" adlanıb, "Bəyin qalası" mənasını ifadə etdiyini bildirir. Onun fikrincə, "Bəy qalası" sonralar böyüyərək şəhərə çevrilmişdir.
Yazılı qaynaqlarda Ordubadın orta əsrlərdə böyük şəhər olduğu göstərilir. Onun haqqında ərəb, türk, fars, gürcü, erməni və Avropa mənbələrində ətraflı məlumatlar verilir. Şəhərin salındığı tarix dəqiq müəyyənləşdirilməsə də, onun adı ilk dəfə VII əsrə aid mənbələrdə çəkilir. Yepiskop Sebeos həmin dövrdə ərəb istilalarından danışarkən "işğalçıların buradan keçməsini" göstərmişdir. Səfəvi tarixçisi İsgəndər Münşi Ordubadın gözəl meyvə bağları ilə əhatə olunduğunu qeyd edir. XIX əsrdə yaşamış etnoqraf və tarixçi, milliyyətcə fransız olan İ.İ.Şopen Qafqazın, o cümlədən İrəvan və Naxçıvan xanlıqlarının tarixinə həsr etdiyi əsərində buranı "bütün Qafqazın ən şairanə, dilbər guşələrindən biri" adlandırır.
Bu böyük şəhər orta əsrlərdən ərazisinə görə "Ambaras", "Kürdata", "Üçtürləngə", "Mingis", "Sərşəhər" kimi bir neçə böyük məhəlləyə bölünüb. Ancaq onu da qeyd edək ki, şəhərdə "Qaraçanaq", "Dilbər", "Əngəç", "Qarahovuz başı", "Əsgərxan", "Körpübaşı", "Bəylər", "Qoşqar" və bu kimi kiçik məhəllələr də mövcuddur.
Rayon ərazisi bəşər sivilzasiyasının ilkin insan məskənlərindən biridir. Buradakı Kilid mağarası Daş dövrünün abidəsi olmaqla o dövrdə insanların yaşayış yeri, sığınacağı olmuşdur.
Rayon ərazisində qeydə alınan 292 abidənin hər biri tariximizin dərin və sirli qatlarından soraq verir. Bu abidələrdən dördü dünya əhəmiyyətli hesab olunur. Muncuqlutəpə nekropolu Dəmir dövrünə aid arxeoloji abidədir, Xaraba Gilan və Plovdağda isə e.ə. II-I minilliklərə aid mədəniyyət qalıqları ilə zəngin olan yaşayış yerləri və nekropollar üzə çıxarılıb.
* * *
Dünyanın müqəddəs panteonlarından sayılan, dəniz səviyyəsindən 3900 metrdən də artıq hündürlükdə yerləşən Qapıcıq dağının ətəyində, fantastik görünüşü ilə insanı heyrətə gətirən Gəmiqaya abidəsi də Ordubad ərazisindədir. Ulu öndər Heydər Əliyevin sözləri ilə desək, "o, təkcə təbiətin böyük bir abidəsi olmayıb, eyni zamanda, min illərlə insan yaradıcılığının məhsuludur".
Minlərlə qayaüstü rəsmlərin həkk olunduğu ərazidə qədim yurd yerlərinin qalıqları aşkara çıxarılıb. Sərt və sıldırım qayaların üzərində insan və müxtəlif heyvan rəsmləri, yay-oxla keçi ovlanması səhnəsi, piktoqrafik xarakterli rəmzi işarələr və təsvirlər məharətlə həkk olunub. Türk xalqlarının totemlərlə bağlı təsvirləri də özünə geniş yer alıb. Səma cismləri ilə əlaqədar daş üzərində qazılmış təsvirlər ciddi maraq doğurur. Gəmiqaya təsvirləri eramızdan əvvəl VI-I minilliklərdə yaşamış tayfaların həyat tərzini və mədəni inkişaf yollarını hərtərəfli izləməyə imkan verir. O, bəşər sivilzasiyasının ilkin yaşayış məskənlərindən biri sayılır. Məkrli erməni iddialarında Gəmiqayanın adının tez-tez çəkilməsi də onların bu torpağa və tarixə "sahiblik" iştahalarından irəli gəlir.
Gilançayın sahilində, təpələr və dağlar üzərində yerləşən Xaraba Gilan ərazisində Antik dövrdə şəhər mədəniyyəti yaranmış, sonralar bu yaşayış yeri ölkəmizin mühüm ticarət və sənətkarlıq mərkəzlərindən birinə çevrilmişdir. Şəhər xarabalıqları yüz hektardan artıq ərazini əhatə edir. Arxeoloji qazıntılar nəticəsində daş, çiy və bişmiş kərpicdən tikilmiş yaşayış evləri, karvansaralar, türbələr, məscid, habelə sənətkarlıq ocaqları və digər tikinti qalıqları aşkar edilmiş, XII-XIV əsrlərə aid gil qab və memarlıq fraqmentləri üzərində kufi, nəsh xətlərlə yazılara rast gəlinir.
Onu da deyək
ki, Gilan sözünün etimologiyası haqqında da müxtəlif
fikirlər səslənməkdədir. Bu söz qaynaqlarda
"böyük", "möhtəşəm",
"giləklərin yaşadığı yer" kimi
göstərilsə də, böyük şərqşünas
alim, akademik Bartold Gilan adının kadusi tayfalarının bir
qolu olan "gellərin yaşadığı yer" mənasını
ifadə etdiyini yazmışdır. Deyilənlərə
görə, XIV əsrdə monqol istilaları zamanı şəhər
büsbütün dağıdıldığından onun
xarabalıqlarına yerli əhali tərəfindən Xaraba
Gilan adı verilib.
* * *
Ordubad qədim zamanlardan Şərqin memarlıq ənənələrini özündə yaşadan, zəngin milli ornamenti, özünəməxsus memarlıq üslubuyla ilə seçilən tarixi abidələri ilə də məşhurdur. Bölgə ərazisindəki dünya əhəmiyyətli abidələrdən biri də orta əsr Ordubad şəhəri olub. Necə deyərlər, bütöv şəhər ərazisi arxeoloji abidə kimi qeydə alınıb. Əldə olunan maddi mədəniyyət nümunələri də orta əsrlərdən bəri formalaşan şəhər mədəniyyətindən xəbər verir. Arxeoloji abidənin xeyli hissəsi müasir tikililərin altında qalsa da, Came məscidinin təmiri zamanı üzə çıxarılan bir kitabə onun VIII əsrdə mövcud olduğunu göstərib. Rayon mərkəzində orta əsrlərə aid yaşayış evlərinin və memarlıq abidələrinin bir qismi isə bugünədək qalmaqdadır.
Özünəməxsus memarlıq quruluşu və tarixi abidələri ilə fərqlənən Ordubad 1977-ci ildə Azərbaycan hökumətinin qərarı ilə qoruq şəhərə çevrilib. O vaxt bu cür statusa malik olan yaşayış yerləri sırasında İçərişəhər, Şuşa və Şəki şəhərləri də olub. Onların hər birində də rayon və ya şəhər mədəniyyət şöbələrinin tabeliyində tarix-memarlıq qoruğu yaradılıb. Bu qoruqların qarşısında duran başlıca vəzifə isə ərazidəki abidələrin mühafizəsi, onların təbliği ilə məşğul olmaqdan ibarət olub.
Rayon mərkəzinin
ümumi panoramı yaradan yaşayış binaları onu digər
şəhərlərdən xeyli fərqləndirir.
Küçələr boyu relyefdən asılı olaraq
müxtəlif yüksəkliklərdə iki-üç, bəzən
isə daha artıq meydan yerləşir. Hər bir meydan özündə
bir sıra elementləri əhatə edir. Bura Kiçik Məhəllə
məscidi, kəhrizlər və meydanı öz çətiri
ilə örtən çinarlar aiddir. Qoşaqanadlı
çinarlar, qiymətli su mənbəyi olan kəhrizlər də
buranın qədim tarixindən soraq verir. İlk
baxışdan sadə görünsə də, mürəkkəb
quruluşa, "unikal" hidrotexniki qurğulara malik kəhrizlər
əhalini təkcə içməli və təsərrüfat
suyu ilə təmin etməmiş, həmçinin onlar
memarlıq abidəsi kimi də tanınmışlar. Başqa
bölgələrdən fərqli olaraq, burada kəhrizlər
yeraltı tunellər şəklində tikilib. Onların bir
çoxu isə qırx pilləlidir. Vaxtilə Qafqaza
sürgün edilən böyük fransız
yazıçısı və səyyahı A.Düma bu
gözəlliklərə heyran qaldığını
bildirmişdir.
* * *
Ordubad şəhərində qürurla dayanan, qamətini itirməyən xeyli sayda tarixi-memarlıq abidələri var. Onların arasında məscidlər bir qədər çoxluq təşkil edir. Tariximizin orta dövrlərində yaradılan bu məscidlər yalnız namaz qılmaq üçün ibadətxana funksiyasını yerinə yetirməyib. Zaman keçdikcə məscidlərdə tədris müəssisələrinin açılması, onların mədəniyyət mərkəzləri funksiyalarını yerinə yetirməsi, dəftərxana işlərinin görülməsi və ədəbi məclislərin keçirilməsi deyilənləri təsdiqləyir. Tarix elmləri doktoru, professor Hacıfəxrəddin Səfərlinin sözlərinə görə, orta əsrlərdə Came məscidlərində sədəqə və hədiyyələr toplanılaraq elə oradaca ehtiyac içərisində yaşayanlara paylanmışdır.
Şəhərin mərkəzi meydanında, Bərəkə dağının sinəsində ucalan 7 min nəfərlik Cümə məscidi də bu cür funksiyaları yerinə yetirib. O, əzəmətli və nadir memarlıq abidəsi kimi indi də qonaqları heyrətə salır. Memarlıq görkəmi ilə diqqəti cəlb edən məscid XVII-XVIII əsrlərə aid abidələrin başlıca cəhətlərini özündə birləşdirir. Məscidin giriş qapısındakı lövhədə 1604-cü ildə Şah Abbasın nəsh xətlə farsca beş sətirlik fərmanının mətni yazılıb. Həmin fərmana əsasən, qəsəbənin əhalisi bütün vergilərdən azad edilir.
Vaxtilə Ordubadın hakimi-kələntəri olan Həmzə bəy buranı özünün iqamətgahına çevirib. Məscidin yaxınlığında karvansaralar, dükanlar fəaliyyət göstərib. Obyektin daxilindəki həndəsi formalı ornamentlər Naxçıvanın qədim abidələrindəki rəsmləri xatırladır. Ötən əsrin ilk illərində məsciddə təmir işləri aparılarkən tapılmış bir kərpic üzərindəki yazıdan onun əsasının 729-cu ildə qoyulduğu göstərilib. Ötən əsrin 80-ci illərinin sonlarında isə burada əsaslı təmir və bərpa işləri aparılıb.
Qədim şəhərin böyük ibadətxanalarından biri də Mingis məscididir. Mingis "min kəs" mənasındadır. Yəni, həmin məsciddə min nəfər eyni vaxtda ibadət edə, namaz qıla bilərmiş. Vaxtilə giriş qapısının baş tərəfində qoyulmuş lövhə üzərindəki kitabədən aydın olur ki, o, 1677-ci ildə Səfəvi hökmdarı I Şah Abbasın baş vəziri olan Hatəm bəy Ordubadinin qardaşı oğlu Məhəmməd Hadi tərəfindən bərpa etdirilmişdir. M.Hadinin atası da şah sarayında mühüm vəzifədə çalışıb. Zaman keçdikcə dağıntıya məruz qalan abidəyə 2001-ci ildə yeni nəfəs verilib.
Ambaras məscidi də Naxçıvan memarlıq məktəbinin ənənələri əsasında inşa olunub. Plan quruluşunun həllində, eləcə də fasad hissələrinin qurulmasında tətbiq olunan memarlıq kompozisiyası üsulları onun XVII-XVIII əsrlər tikililərinə uyğun gəldiyini göstərir. El arasında yerləşdiyi məhəllənin adı ilə adlandırılan Ambaras (yəni, çoxlu anbarların yerləşdiyi məhəllə) məscidində tədqiq edilən kitabədən aydın olur ki, bu məscid XVII əsrdə Ağa Mirzə Cəfər adlı şəxs tərəfindən inşa etdirilib.
Malik
İbrahim abidəsi isə bütöv bir abidə kompleksdir. Burada məscidlə
yanaşı, pir, qəbiristanlıq da var. El arasında
söylənilən fikrə görə, pirdəki qəbirdə
şiələrin üçüncü imamı İmam
Hüseynin Kərbəlada şəhid olmasından sonra onun
qisasını almaq üçün VII əsrin sonlarından
başlayan hərəkatın rəhbərlərindən biri
olmuş sərkədə İbrahim Əjdərin oğlu
Malik İbrahim dəfn olunub. Dini ədəbiyyatdan o da məlumdur
ki, İbrahim Əjdərin həlakından sonra onun övladları
təqib edilmiş, bəziləri Azərbaycana gələrək
məskən salmışlar. 2 hektardan artıq ərazini əhatə
edən Malik İbrahim qəbiristanlığında bu gün
də orta əsrlərə aid çoxlu sayda qəbirüstü
xatirə abidələri qalmaqdadır.
İnşa tarixi 1714-cü
ilə, Səfəvi hökmdarı Şah sultan Hüseynin
hakimiyyəti dövrünə aid olunan Ordubad mədrəsəsi
isə zəmanəmizədək salamat vəziyyətdə gəlib
çatmış yeganə klassik mədrəsə nümunəsidir.
Mədrəsə orta əsrlərdə ölkəmizin ən
mühüm mədəniyyət və təhsil müəssisələrindən
biri olmuş, dövlət aparatının yüksək vəzifəli
adamları tərəfindən himayə və idarə
edilmişdir. Fəaliyyət göstərdiyi bütün
dövrlərdə mədrəsə şəhərin
sosial-iqtisadi həyatında əhəmiyyətli rol
oynayıb. O, Naxçıvanda sovet hakimiyyəti qurulanadək
fəaliyyət göstərib. Akademik Məşədi
xanım Nemətin yazdıqlarına görə, orta əsrlərdə
Ordubad şəhərindən çıxmış və
"Ordubadi" nisbəsi ilə tanınmış bir
sıra görkəmli şəxsiyyətlər də bu mədrəsədə
təhsil almışlar ki, onlardan biri də böyük
yazıçı-publisist və ictimai xadim Məmməd Səid
Ordubadi olub.
* * *
Son illər regionların
sosial-iqtisadi inkişafına dair dövlət prqoqramları
çərçivəsində aparılan quruculuq tədbirləri
Ordubadda memarlıq incilərini də əhatə edib. Burada
aparılan quruculuq işləri şəhərin əsas
memarlıq üslubu saxlanılmaqla həyata keçirilir,
tarixi-memarlıq abidələri bərpa edilir. Bərpa olunan
tarixi-memarlıq abidələri ilə müasir abidələr
vəhdət təşkil edir, rayon mərkəzinə
xüsusi gözəllik gətirir. Bərpa və təmir
işlərindən sonra istifadəyə verilən obyektlərdən
biri "Qeysəriyyə" abidəsidir. O, XVII əsrə məxsus
tikilidir. Ümumi sahəsi 540 kvadratmetr olan bu abidə mərkəzi
səkkizbucaqlı zaldan, onun üzərini bağlayan dairəvi
günbəzdən, günbəzi künclərdə saxlayan
mürəkkəb quruluşlu dörd dayaqdan və dayaqlarla kənar
divar taxçaları arasında yerləşən keçidlərdən
ibarətdir. Böyük günbəzdən və ona
bitişik 16 kiçik günbəzdən ibarət olan bu bina
gözəl memarlıq üslubunda tikilib. Abidə
bişmiş kərpicdən inşa olunmuşdur. "Qeysəriyyə"nin
günbəzi də daxil olmaqla, ümumi
hündürlüyü 8,5 metrdir.
"Qeysəriyyə"
sözünün mənası şahlara məxsus
daş-qaş, ləl-cəvahirat satılması məqsədilə
tikilmiş örtülü Şərq bazarı deməkdir.
Sonrakı dövrlərdə bu abidədən Zorxana kimi
istifadə olunub. Burada idman yarışları keçirilərmiş.
Zalın döşəməsi nisbətən
aşağılı olduğu üçün döşək
əvəzinə dağlardan yığılmış gəvən
kollarını toplayıb üstünə narın torpaq
tökərmişlər. İran, Türkiyə, Həmədandan
gələn pəhləvanlar və yerli idmançılarla
birgə burada güclərini sınayarmışlar. Qalib gələn
hökmdardan mükafat alarmış.
"Qeysəriyyə"
çar Rusiyasının hakimiyyəti dövründə ipək
sarıyan sexə çevrilib. Sovet hakimiyyəti illərində
isə binadan müxtəlif məqsədlərlə istifadə
olunub. Bir hissəsi mağaza-anbar, digər tərəfi isə
aşxana kimi istifadə edilib. Ötən əsrin 70-ci illərinin
axırlarında aparılan təmir-bərpa işlərindən
sonra rayon TarixDiyarşünaslıq Muzeyi burada fəaliyyət
göstərib.
Ötən il aparılan əsaslı
təmir və bərpa işləri isə abidənin əvvəlki
görkəmini özünə qaytarıb. Binanın daxili
naxışlı kərpiclə bəzədilmiş, 200
kvadratmetr sahədə şəbəkə sistemi, daxili
divarları bərpa olunub. Ekspozisiya zalında müasir
işıqlandırma sistemi yaradılıb. Hazırda muzeydə
3919 eksponat nümayiş olunur. Ordubadın qədim tarixini əks
etdirən, arxeoloji qazıntılar nəticəsində
tapılan mühüm elmi və tarixi əhəmiyyət kəsb
edən əşyalar, dekorativ tətbiqi-sənət nümunələri
bura gələnlər tərəfindən maraqla
qarşılanır. Ümummilli lider Heydər Əliyevə həsr
olunmuş bölmədə ulu öndərin həyat və fəaliyyətindən
bəhs edən sənədlər, müxtəlif fotoşəkillər
var. "Ordubadın görkəmli elm xadimləri",
"Ordubadın yetirmələri" bölmələrində
300 nəfərdən artıq nüfuzlu şəxs
haqqında ətraflı məlumat verilir. Qeyd olunur ki, 150 nəfərdən
çox elmlər doktoru, professor yetirən bölgənin 19 nəfər
alimi AMEA-nın həqiqi üzvü seçilib. Yusif Məmmədəliyev,
İsmayıl İbrahimov, Müzəffər Abutalıbov, Rəhim
Rəhimov, Musa Rüstəmov, Əliqulu Fərəcov, Nəsib
Məmmədov da bu cür elm xadimlərindəndir. Qüdrətli
roman ustası M.S.Ordubadi, Əkrəm Əylisli,
yazıçı-publisist Əvəz Sadıq, naşir Əjdər
Xanbabayev, ilk türkoloq alimimiz Fərhad Zeynalov haqqında
toplanan materiallar muzeyə gələnlərdə xöş
ovqat yaradır.
"Heç kim unudulmur, hec
nə yaddan çıxmır" adlı guşə isə
İkinci Cahan müharibəsində şücaət göstərən
ordubadlıların qəhrəmanlıqlarından bəhs
edir. Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyev,
Buhenvaldın əfsanəvi döyüşçüsü Əkbər
Ağayev, Polşada fəaliyyət göstərən
"Avanqard" partizan dəstəsinin komandiri leytenant Məmmədhüseyn
Kərimov, Mehdi Hüseynzadənin "Ave" ləqəbli
silahdaşı Əvəz Əliyev və başqaları da
bu cür mərd, qorxmaz oğullardandır. Başqa bir sənəddən
isə aydın olur ki, qələbə naminə Sura
Sadıqova, Madər Nəsirova, Tutu və Sara Rəfiyeva kimi qəhrəman
qızlar da odlu-alovlu vuruşlarda kişilərlə
çiyin-çiyinə döyüşüblər.
* * *
Rayonda tarixi abidələrin
bərpası ilə yanaşı, tədqiqinə də
xüsusi diqqət göstərilir. Ötən il həyata
keçirilən tədqiqlər iki yeraltı abidəni üzə
çıxarıb. Həmin abidələr XIX əsrin ikinci
yarısında inşa olunub. Ordubadlı Mənsur Ağa tərəfindən
inşa olunan binadan çar Rusiyası dövründə
poçt binası, sovet hakimiyyəti illərində isə
bir tərəfi poçt binası, digər tərəfi
"Pionerlər evi" kimi istifadə edilib. Sonralar bu bina da
boş qalmış, uçub-sökülmək təhlükəsi
ilə üz-üzə dayanmışdır. Əsaslı təmir
və bərpa işlərindən sonra sahəsi 114 kvadratmetr
təşkil edən, dəhliz və iki otaqdan ibarət olan
abidə yenidən həyata qaytarılıb. Bərpa işlərindən
sonra burada kiçik xalçaçılıq sexi və
foto-satış-sərgi salonu fəaliyyətə
başlayıb. Xalçaçılıq sexində hədiyyə
məhsulları istehsal edilir. İstehsal olunan məhsulların
satış problemi də həllini tapıb.
İkinci yeraltı abidə
isə iri torpaq mülkiyyətçisi Tağı
Nağıyevin vəsaiti hesabına inşa olunub. Sovet dönəmində
bu binadan əvvəlcə yaşayış evi, ərzaq
anbarı kimi istifadə edilib, XX əsrin ikinci
yarısından isə musiqi məktəbi kimi fəaliyyət
göstərib. Ötən əsrin 90-cı illərindən
baxımsızlıq ucbatından bu tikili də dağılmaq
təhlükəsi ilə üzləşib. Amma nə
yaxşı ki, aparılan genişmiqyaslı quruculuq tədbirləri
bu abidəni də qoruyub. Hazırda burada xalq təbabəti
mağazası ilə yanaşı, nəqqaş Cabir Cabbarovun
dekorativ sənət nümunələrinin sərgi-satış
salonu fəaliyyət göstərir.
Ötən il bərpaçı
mütəxəssislər tərəfindən əvvəlki
görkəminə qaytarılan binalardan biri də qədim məbəd
binası olub. Ümumi sahəsi 110 kvadratmetr olan abidənin
daxilində, qüllə və günbəzlərdə
böyük həcmdə bərpa işləri
aparılmış, fasad hissəsi üzlənmiş, ətrafı
abadlaşdırılmışdır. Hazırda burada həvəskar
fotoqraf Rasim Bədəlovun rayonun təbiətinə, tarixi
abidələrinə və indiki gözəllik
ünvanlarına aid foto və rəsmləri nümayiş
etdirilir.
Bölgədə tarixi abidələrin
bərpası istiqamətində aparılan quruculuq tədbirləri
bunlarla bitmir. XVIII əsrə aid edilən, ümumi sahəsi
483 kvadratmetr olan "Şərq hamamı"nda aparılan əsaslı
təmir və yenidənqurma işləri obyektə ikinci həyat
bəxş edib. Obyekt iki zaldan, dörd otaqdan ibarətdir.
Burada iki gümbəz var.
Böyük ədib,
yazıçı-demokrat Məmməd Səid Ordubadinin,
görkəmli alim Yusif Məmmədəliyevin ev-muzeyləri
yenidən qurulub. Muzeylərin geniş ekspozisiyasında mindən
artıq eksponat nümayiş etdirilir. Şəhərin
ayrı-ayrı məhəllələrində yerləşən
3 kəhrizdə aparılan təmir işləri də sakinlərin
ürəyincə olub. Əhalinin içməli və suvarma
suyuna olan tələbatı daha da yaxşılaşıb.
Bir sözlə, ümummilli
lider Heydər Əliyev tərəfindən "Azərbaycanın
incisi" adlandırılan Ordubad təbiəti, relyefi, təbii
abidələri ilə bərabər, milli-memarlıq inciləri
ilə də öyünür.
Məmməd MƏMMƏDOV
Azərbaycan.- 2011.-20 mart.- S. 9.