Azərbaycanın Tacikistandakı səfirliyi cəbhə bölgəsində erməni snayperinin qətlə yetirdiyi doqquz yaşlı azərbaycanlı Fariz Bədəlovla əlaqədar məlumatlar toplusu yaymışdır

 

Azərbaycanın Tacikistandakı səfirliyinin müşaviri İlham Zamanovun verdiyi məlumata görə, cəbhə bölgəsində erməni snayperinin qətlə yetirdiyi doqquz yaşlı azərbaycanlı Fariz Bədəlovla əlaqədar dövlət qurumlarına, səfirlik və beynəlxalq nümayəndəliklərə, KİV-ə və qeyri-hökumət təşkilatlarına məlumatlar toplusu göndərilmişdir.

Məlumatda bildirilir ki, bu il martın 8-də Orta Qərvənd kəndinin doqquz yaşlı sakini Fariz Bədəlov Ermənistan tərəfindən işğal olunmuş Ağdam rayonu ərazisindən erməni snayperinin atəşi nəticəsində öldürülmüşdür. Uşaqların qətlə yetirilməsi beynəlxalq aləmdə qeyri-insani hərəkət hesab olunur. Bu, beynəlxalq hüququn prinsiplərinin pozulması deməkdir və Ermənistanın dövlət səviyyəsində terrorçuluqla məşğul olmasına bariz sübutdur.

Topluda deyilir ki, Ermənistanın ölkəmizə qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal edilmişdir. 20 ilə yaxındır ki, öz torpaqlarımızda uşaqlarımız qətlə yetirilir. Xocalı və Qarabağlar faciələrində onlarca uşaq amansızlıqla öldürülmüşdür. Təəssüf ki, ermənilər tərəfindən belə qeyri-insani hərəkətlər hələ də davam edir.

Materialda deyilir ki, bu il martın 5-də Soçi şəhərində Azərbaycan, Rusiya Ermənistan prezidentlərinin keçirdikləri üçtərəfli görüşdən cəmi üç gün sonra bu qanlı hadisənin törədilməsi heç bir etik insani normalara sığmır. Bu gün dünya dövlətləri beynəlxalq təşkilatlar bu qanlı faciəyə diqətlə yanaşmalı, Ermənistanın cinayətkar əməllərini, xüsusən, uşaqların öldürülməsini qətiyyətlə pisləməlidirlər.

 

 

Qulu KƏNGƏRLİ,

AzərTAc-ın xüsusi müxbiri

Düşənbə

 

Azərbaycan.- 2011.-20 mart.- S. 10.