Təbiət ildə,
"Tumurcuq" ayda çiçəkləyir
Uşaqlıq çağları böyüklərin ən çox yaddaqalan xatirələr dünyasıdır. Bütün hallarda uşaq dünyası özəllikləri ilə al-əlvan rənglərdən toxunmuş xalçaya bənzəyir: ilmələri göyqurşağından rəng alan minbir çeşnili, bənzəri olmayan naxışlı.
Uşaq dünyasını olduğu kimi oxuculara təqdim edən nəşrlərin arasında "Tumurcuq" qəzetinin öz yeri var. 15 il əvvəl mətbu orqanlar sırasına qoşulan bu uşaq dünyasının bir özgə aləmi var.
Mart ayının uşaqlar üçün əlamətdar olması, sevdikləri təbiətin oyanışı ilə yanaşı, sevimli "Tumurcuq" qəzetinin də onlarla on beş il öncə görüşə tələsməsidir. Yəqin ki, bahar libaslı olduğuna görə, balacalar onun hər ay "tumurcuqlanmasını" səbirsizliklə gözləyir. "Tumurcuq" qəzetinin hər sayında uşaqlar özlərini tapır, həmyaşıdlarının necə bədii təfəkkürə malik olduqlarını öyrənir, gələcəyə gərək bu günlərini tarixləşdirirlər.
Ulu öndər Heydər Əliyevin "Tumurcuq" uşaqlar üçün ən dəyərli və gərəkli mənbədir" - xeyir-duası ilə sevimli oxucularının görüşünə gələn qəzet, latın qrafikası ilə nəşr olunanların həm də qaranquşlarından biridir.
"Tumurcuq" dəfələrlə çadır düşərgələrindəki məktəblərdə, uşaq evlərində, məktəblilər arasında keçirilən idman yarışı meydançalarında qonaq olub. Ötən illər ərzində "Tumurcuğun kitabxanası" seriyasından olan 10-dan çox maraqlı kitab məktəbyaşlı oxuculara hədiyyə edilib.
Təbiət libaslı Novruz bayramı həm də artıq özünün gənclik dövrünə qədəm qoymağa hazırlaşan "Tumurcuq" qəzetinin və hər səhifəsindən boylanan bahar təravətli qönçələrin bayramıdır.
M. NƏRİMANOĞLU
Azərbaycan.- 2011.-20 mart.- S. 11.