Novruz bayramı Milanda da qeyd olunmuşdur

 

Azərbaycanın İtaliyadakı səfirliyi Novruz bayramı münasibətilə Milanda ziyafət təşkil etmişdir.

Azərbaycanın İtaliyadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, "Milan Marriott" mehmanxanasında keçirilmiş ziyafətdə diplomatik nümayəndəliyimizin dəvəti ilə 150-dək qonaq iştirak etmişdir. Onların arasında Milanın və şəhərin yerləşdiyi Lombardiya regionunun ictimaiyyətinin, diplomatik korpusun nümayəndələri, Azərbaycan diasporunun təmsilçiləri və s. vardır.

Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov qonaqları salamlayaraq, Novruzun xalqımızın ən qədim ənənəvi bayramlarından olduğunu qeyd etmiş, onun adət-ənənələrindən danışmışdır.

Novruzun, eyni zamanda bir çox ölkələrdə də qeyd edildiyini bildirən diplomat, bu bayramın artıq beynəlxalq səviyyədə tanındığını vurğulamışdır. V.Sadıqov Novruz bayramının YUNESKO-nun dünyanın qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini, habelə keçən il BMT-nin Baş Məclisi tərəfindən martın 21-nin "Beynəlxalq Novruz Günü" kimi qeyd edilməsi barədə qərarın qəbul olunduğunu demişdir.

Qonaqlara maraqlı konsert proqramı da təqdim edilmişdir. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil edilmiş konsertdə muğam üçlüyü və rəqs qrupu qonaqlara Azərbaycanın xalq musiqisi və milli rəqslərindən nümunələr göstərmişlər. Proqramda, həmçinin italyan incəsənət ustalarının ifasında Azərbaycan rəqsləri də nümayiş olunmuşdur.

Ziyafətdə Azərbaycana dair qısametrajlı film də göstərilmiş, ölkəmiz haqqında çap materialları qonaqlara təqdim edilmişdir.

 

 

Azərbaycan.- 2011.-20 mart.- S. 12.