"Buta" İncəsənət
Mərkəzi Fransada və İngiltərədə Növrəsli
qardaşlarının konsertlərinin təşkilatçılarından
biri olmuşdur
"Buta" İncəsənət Mərkəzi yarandığı gündən etibarən istedadlı musiqiçilər Şahin, Arslan, Nurlan və Tərlan Növrəsli qardaşları ilə əməkdaşlıq edir. Bu müddətdə "Buta" İncəsənət Mərkəzinin iştirakı ilə çox sayda maraqlı və uğurlu layihələr həyata keçirilmişdir.
İncəsənət mərkəzindən AzərTAc-a bildirmişlər ki, indiyədək qardaşların sənətinin dünyanın bir sıra ölkələrində təbliğində əsas rol oynamış "Buta" bu ilin fevralında Fransada Arslan Növrəslinin iştirakı ilə keçirilmiş iki konsertin həmtəşkilatçısı olmuşdur. Fevralın 7-də Parisdə "Abbatis" Teatrında gənc Azərbaycan istedadları fars radifi və Azərbaycan muğamından ibarət fyujn-konsertdə muğam ifa etmişlər. Konsertdə yenicə məşhurlaşan muğam ulduzları, solistlər Ehtiram Hüseynovun və Arzu Əliyevanın çıxışları rəğbətlə qarşılanmışdır. Onları Arslan Növrəsli (tar) və Elşən Mansurov (kamança) müşayiət etmişlər.
Paris konserti məşhur "France Musique" radiostansiyası tərəfindən lentə yazılmış və fevralın 23-də tanınmış fransalı aparıcı Fransuaza Dejorjun "Dünya rəngləri" ("Couleurs du monde") adlı radio verilişində səslənmişdir.
Arslan Növrəsli Londonda "Buta" İncəsənət Mərkəzinin yaranmasının 5 illiyi ilə əlaqədar təşkil etdiyi 100 günlük Beynəlxalq Azərbaycan incəsənəti festivalı çərçivəsində bir neçə konsertdə - İngiltərə paytaxtının ən məşhur kilsələrindən sayılan müqəddəs Martin-v-Polyax kilsəsində - muğam axşamı, "Charlie Wright''s International" bar-klubunda caz-muğam xeyriyyə konserti və "Royal Festival Hall"ın ən böyük konsert zalında füsunkar qala-konsertdə istedadını nümayiş etdirmişdir.
Arslan Növrəslinin London Kral Filarmonik Orkestri ilə birgə çıxış etdiyi qala-konsertdə orkestri məşhur dirijor Dmitri Sitkovetski idarə etmiş, əsas partiya isə əfsanəvi skripkaçı Şlomo Mintsın ifasında təqdim olunmuşdur. Proqramda, həmçinin Azərbaycanın klassik və müasir bəstəkarlarının əsərləri də səslənmişdir. İngilis solistlər Coan Rocers və Ceffri Lloyd Roberts ilk dəfə "Koroğlu" operasından Nigarın və "Sevil" operasından Balaşın ariyalarını Azərbaycan dilində ifa etmişlər. Avropalı tamaşaçılar Arslan Növrəsli və Kamal Nuriyevin müşayiəti ilə 11 yaşlı xanəndə Rəvan Qocayevin ifasında ənənəvi Azərbaycan muğamını alqışlarla qarşılamışlar.
Azərbaycan.- 2011.- 20 mart.- S. 12.