Şuşanın sənət
aşiqləri
Şuşa təkcə əsrarəngiz təbiəti ilə deyil, xalqımızın milli-mənəvi dəyərlərinin beşiyi kimi də daim əziz tutulub, qonaq-qaralı olub. Azərbaycanın mədəniyyət tacı sayılan Şuşanın başı daim dumanlıdır. Əsrlərin yadigarlarını sinəsində saxlayan Şuşa bir könül şüşəsi kimi həm də çox incə və zərif idi. Sındırılmasından ehtiyatlandığımızı qarı düşmən daim hiss edib və nə yazıqlar ki, elə torpaqlarımıza diş qıcayan vandallar bu əlçatmaz zirvəni məkrlə, çirkin siyasətlə öz caynağına almağa çalışıb.
Şuşada fəsillər sanki heç dörd olmayıb. Bəlkə də hər fəsildə bütün iqlim qurşağının ab-havası özünü göstərib. Bir günün ərzində gah açıq simalı, gah başı dumanlı olan Şuşada qırmızı koftalı qız-gəlinlər sallana-sallana səhəng çiynində İsa bulağına suya gedəndə təkcə gül-çiçəklər, məxmər örpəkli çəmənlər, yaşıl donlu ormanlar, moruqlu-çiyələkli quzeylər-güneylər, şiş qayalar deyil, coşqun çaylar da boylana-boylana qalar, şəlalər saçlarını yolub-tökərdilər... Cıdır düzündə Qarabağ atlarının kişnərtisi musiqinin ritminə köklənərdi. Onda Şuşanın və şuşalıların nə qəmi, nə kədəri, nə dərdi vardı. Hamı deyib-gülərdi, nənələr hər gələn Novruz bayramında xoş diləklər dilərdilər...
Nə gözəl çal-çağırlı günləri var idi Şuşanın. Gözə-nəzərəmi gəldi?!
Qəfildən "göy guruldadı, ildırımlar şaqqıldadı" ... Qala bürclərini əsrin o başından tuşlanan toplardan - erməni nəfsli, çirkin nəfəsli, şeytan əməlli düşmənlər atəşə tutdular. Şuşanı - könül şüşəmizi çilik-çilik etdilər.
20 ildir ki, Şuşaya həsrət qalan şuşalıların dilində olduğu kimi, bu mədəniyyət və mənəviyyat beşiyində laylalar çalınmır...
Şuşanın dağları, başı dumanlı,
Qırmızı qoftalı, yaşıl tumanlı,
Dərdindən ölməyə çoxdur gümanlı...
Heç də ötəri yerə deməyiblər ki, Şuşa Azərbaycanın mədəniyyət beşiyi olub.
Azərbaycan musiqi sənətinin banisi Üzeyir Hacıbəyli deyib: "Hər bir millətin bətnindən dünyaya elə övladlar gəlir ki, onlar sanki özləri üçün anadan olmayıblar, bəlkə bütün xalqa, hətta ümumi insaniyyətə xeyir gətirmək və tərəqqisinə səbəb olmaq üçün yaranıblar. İnsanlar indi də, onlardan mənfəət görməkdədir. Bu cürə adamlar nəinki sağlığında, bəlkə öləndən sonra da camaata mənfəət verirlər"...
Bu mənada Şuşada dünyaya göz açıb sənət aləminin korifeylərinədək yüksələnlərin xalqımızın mənəviyyatı və mədəniyyəti üçün özlərini fəda etmələri danılmazdır. Azərbaycanın mədəniyyət və incəsənətinə töhfə vermiş bu insanlar da Şuşa teatr mühitinin yetirmələridir ki, hər birinin adı mədəniyyət və incəsənət tarixinə ədəbi olaraq həkk edilib: Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir bəy Hacıbəyli, Mirzə Muxtar, Haşım bəy Vəzirov, Nəcəf bəy Vəzirov, Zülfüqar Hacıbəyli, Əhməd Ağdamski, Əfrasiyab Bədəlbəyli, Soltan Hacıbəyli, Bülbül, Niyazi, Mehdi Məmmədov, Şəmsi Bədəlbəyli, Barat Şəkinskaya, Süleyman Ələsgərov, Məhluqə Sadıqova, Cəlil Bağdadbəyov, Heydər Şəmsizadə, Zakir Bağırov, Əşrəf Abbasov, Məhərrəm Əlizadə, Nəsir Sadıqzadə, Firəngiz Mütəllimova...
Dağlar səltənətinin zirvəsində fəaliyyət göstərən mədəniyyət ocaqlarından biri də Şuşa Dövlət Musiqili Dram Teatrı olub. Bu gün də həmin kollektiv eyni həvəslə və bəlkə də bir qədər artıq sənətə məhəbbətlərini göstərməyə çalışır. Şuşanın 1992-ci il may ayının 8-də Ermənistan tərəfindən işğalından sonra Bakıda məskunlaşmağa məcbur olan bu kollektiv çox şeylərdən, ilk növbədə, şuşalı tamaşaçılarının sevgisindən uzaq düşüb. Daha geniş tamaşaçı auditoriyası qarşısında çıxış etsə, şuşalılarına sənət hesabatı vermək onlar üçün olduqca müşkülə çevrilib. Çünki sənətsevər şuşalılar respublikanın müxtəlif bölgələrinə səpələniblər.
Ötən il 135 illik tarixə malik Şuşa Dövlət Musiqili Dram Teatrı üçün də əlamətdar sayıldı. Şuşanın Ermənistan tərəfindən işğalından ötən 19 il ərzində özünün varlığını, bütün çətinliklərə baxmayaraq qoruyub saxlayan kollektiv sanki yubiley ilini deyil, imtahan dövrünü yaşadığını təsdiqlədi.
Teatrın tarixi keçmişinə nəzər saldıqda burada da erməni təxribatı və bəd niyyətlərini hiss edirsən. XX əsrdə bir neçə dəfə dövlət tərəfindən müxtəlif vaxtlarda açılıb-bağlanan, ictimai-siyasi ab-havanın, ideoloji basqının təzyiqlərinə məruz qalan Şuşa teatrı zamanın sınaqlarından həmişə çıxmağı bacarıb. Ona görə məcburi köçkünlük illərində də məhz bu mübarizlik, sənət yanğısı özünü göstərdi.
Yeri gəlmişkən, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin təşəbbüsü və rəsmi müraciətinə əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutu araşdırmalar apararaq, bir çox teatrların yaranma tarixini üzə çıxarıb. Aşkar edilən rəsmi sənədlərə əsasən, qədim tarixə malik və milli ənənələrə söykənən Şuşa teatrının da yaradılmasının tarixi müəyyənləşdirilib. Maraqlıdır ki, Azərbaycan teatrının yaranma tarixi bir neçə il əvvələ gedib çıxıb. Həmin mənbələrə görə, Şuşa teatrının tarixi daha qədimlərə təsadüf edir. Belə ki, 1848-ci ildə Şuşada teatr və sirk truppalarının fəaliyyət göstərməsi barədə rəsmi sənədlər üzə çıxarılıb. Bu faktın öz təsdiqini tapması təkcə Şuşa teatrını deyil, Azərbaycan səhnə sənətinin tarixini daha 25 il əvvələ aparıb çıxarır.
Mənbələrdə göstərildiyi kimi, hələ XIX əsrin ortalarından başlayaraq Şuşanın mədəni həyatında bir canlanma baş verib. Azərbaycan dramaturgiyasının banisi M.F.Axundov öz komediyalarını geniş şəkildə yaymaq məqsədi ilə 1852-ci ildə teatr tamaşalarının intişar tapdığı Şuşa qalasına gələrək, arzusunu reallaşdırır.
Daha iki fakt: V.Şekspirin "Otello"su Azərbaycanda ilk dəfə 1893-cü ildə şuşalı müəllim, dramaturq və jurnalist Haşım bəy Vəzirov tərəfindən tərcümə edilərək səhnələşdirilib. C.Məmmədquluzadənin "Ölülər" tragi-komediyasının ilk dəfə 1916-cı il avqust ayının 17-də Xurşudbanu Natəvanın qızı Xanbikənin evində yerləşən məktəbdə tamaşaya qoyulması barədə də dəqiq məlumat vardır.
Şuşanın teatr tarixi ilə bağlı belə faktlar yetərincədir. Bu isə öz növbəsində Azərbaycan professional teatrının indiyə kimi qeyd edildiyi 1873-cü ildən deyil, 1848-ci ildən təşəkkül tapmasını təsdiqləmək deməkdir. Şuşanın teatr tarixinin uzun illər müəmmalı şəkildə təqdim edilməsi məhz ermənilərin mədəniyyət və incəsənətimizi terrora məruz qoyma siyasətinin nəticəsidir. Beləliklə, erməni şovinizminin xalqımızın mənəviyyatına vurduğu zərbə teatr tarixindən də yan keçməyib. 1938-ci ildə Şuşada fəaliyyətə başlayan dövlət kolxoz-sovxoz teatrında dram və sirk truppaları fəaliyyət göstərib. Erməni millətçiləri dəfələrlə bu teatrın fəaliyyətsizliyi və lüzumsuzluğu barədə o zaman Mərkəzi Komitəyə, İncəsənət İşlər İdarəsinə ərizə-şikayət dolu məktublar göndərsələr də, çirkin niyyətlərinə nail ola bilməyiblər. Lakin Mərkəzi Komitədəki ermənilərin və onların havadarlarının vasitəsi ilə Moskva, rəsmi Kreml Azərbaycanın bir sıra mədəniyyət müəssisələrinin, o cümlədən 1943-cü ildə Şuşada açılan Ü.Hacıbəyov adına Şuşa Dövlət Musiqili Dram Teatrının fəaliyyətinə xitam verib. Bu, unudulmaz Üzeyir Hacıbəylinin vəfatından sonraya, 1949-cu ilə təsadüf edirdi. Onun əvəzində Xankəndidə (o zamankı Stepanakert) M.Qorki adına Stepanakert Dövlət Dram Teatrı fəaliyyətə başlayıb. Bu haqsızlıq 41 il davam edib. Nəhayət, haqqın və ədalətin bərpasında zamanın öz sözünü deməsi 1990-cı ildə bir daha təsdiqini tapıb: Şuşa Dövlət Musiqili Dram Teatrı özünün ikinci fəaliyyət dövrünə və iki ildən sonra isə məcburi köçkünlük ömrünü yaşamağa başlayıb.
Fəaliyyət göstərdiyi ötən 20 il ərzində teatrın kollektivi bir-birinin ardınca neçə-neçə böyük klassik əsərlərə müraciət edərək ənənələri yaşatdıqlarını təsdiqləyib. Belə ki, bu illərdə teatrda Ü.Hacıbəylinin "Arşın mal alan", S. Ələsgərov və Ş.Qurbanovun "Özümüz bilərik" musiqili komediyaları, E.Baxışın "Uzun Həsən" tarixi dramı tamaşaya qoyulub.
Teatrın 1992-ci ilin may ayından Bakı şəhərinin müxtəlif ünvanlarında müvəqqəti məskunlaşması yaradıcı kollektivin şuşalı tamaşaçılarına xidmət göstərməsinə mane olsa da, sənətsevərlərin dərin rəğbətini qazanıblar. 1992-2005-ci illərdə Azərbaycan Gənc Tamaşaçılar Teatrında fəaliyyətini bərpa edən kollektiv o vaxtdan, əslində, nəinki mədəni-kütləvi tədbirlər, adi yığıncaq keçirmək üçün belə, şəraiti olmayan, uçuq-sökük "Savalan" kinoteatrının binasında sığınacaq tapıb. Burda bütöv bir ansamblı xatırladan kollektivin heç bir üzvü şəraitsizlikdən nəinki gileylidir, əksinə, hazırladıqları yeni tamaşalarla torpağa, yurda, bir sözlə, Vətənə bağlılıqlarını nümayiş etdirməyə çalışırlar. Repertuarından görünür ki, peşəkarlıqla ənənəyə sadiqlik onlara tamaşaçı məhəbbəti qazandırıb. Bu qarşılıqlı ünsiyyət və məhəbbət isə hər bir aktyorun səhnədə yaşama və göstərmə məktəbinə sadiqliyini üzə çıxarıb.
Teatrın direktor müavini Azad Məmmədov da məcburi köçkün həyatı yaşayan kollektivin problemlərindən deyil, nailiyyətlərindən, tamaşaçı məhəbbəti qazandıqlarından və ən əsası isə dövlət tərəfindən onlara göstərilən qayğıdan söz açdı:
- 2009-cu ilin oktyabr ayından etibarən müntəzəm olaraq keçirdiyimiz "Bura Vətəndir" layihəsi qədim və zəngin Azərbaycan, o cümlədən Qarabağ mədəniyyətinin təbliği ilə yanaşı, gənc nəslə mədəni və mənəvi irsin aşılanmasıdır. 13 fevral 1993-cü il tarixdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində Ü.Hacıbəylinin "Arşın mal alan" musiqili komediyası ilə rəsmi açılış edən kollektivimizin 20 illik dövrdəki fəaliyyətini və keçdiyi sənət yolunu kəşməkəşli, həm də uğurlu saymaq olar. Teatrın repertuarı da bunu təsdiqləyir:
Ü.Hacıbəylinin "Arşın mal alan"ının, E.Baxışın "Uzun Həsən"inin, M.F.Axundovun "Hekayəti-Müsyö Jordan-həkimi nəbatət və ya Dərviş Məstəli şah cadukinü-məşhur"unun, V.Adıgözəlov və Ə.Kürçaylının "Nənəmin şahlıq quşu"nun, S.Qənizadənin "Ayının min bir oyunu"nun, C.Cabbarlının "Aydın"ının, F.Mustafanın "Ağıllı adam"ının, Ə.Nesinin "Sən qara deyilsən"inin, Elçinin "Şuşanın dağlarını duman bürüyüb"ünün, Aygün Həsənoğlunun "Adsız qadın" dramının və başqa əsərlərin hazırlanıb tamaşaçılara göstərilməsində nə qədər çətinlik çəkilibsə, bu, bizi yormayıb, əksinə, nailiyyətimizə, uğurlarımıza sevinmişik...
Haqqında söhbət açdığımız teatrın uğurları təkcə tamaşaların anşlaq keçməsi deyil. Kollektiv son 20 ildə 12 teatr festivalında iştirak edərək mükafatlarla təltif edilib, müxtəlif nominasiyalar üzrə prizlərin sahibi olub. Bütün uğur və nailiyyətlərə imza atmağa çalışmış səhnə fədailəri burada da az deyil. Əməkdar artistlərdən Yadigar Muradovun (teatrın direktoru), Loğman Kərimovun (baş rejissor), Şükufə Musayevanın, aktyor Azad Əşrəfoğlunun (adları çəkilən aktyorlar həmçinin Prezident təqaüdçüsüdürlər) və digərlərinin əməyinə müxtəlif formada verilən yüksək qiymət, təbii ki, ümumilikdə kollektivə dövlətin diqqət və qayğısının nəticəsidir.
Bu teatrın təkcə repertuarının zənginliyi barədə deyil, burada çalışan sənət fədailərinin yaşadıqları və yaşatdıqları obrazlar silsiləsindən danışmaq istərdik. Lakin onun keçdiyi yola bir məqalə həcmində nəzər salmaq o qədər də asan deyildi. Təkcə bu teatrın tarixində neçə-neçə vətənpərvər ömrü yaşayır. Teatrın kollektivi də məhz yaşamağa layiq ömürlərə ayna tutmaq üçün bütün çətinliklərə dözür və heç nədən narazı olmadıqlarını bildirirlər. Çalışırlar ki, tamaşaçılarına, Şuşaya qayıdanadək ürəklərində qoruduqları vətənpərvərliyi və bir də sənət aşiqliyini təqdim etsinlər.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.- 2011.- 20
mart.- S. 13.